Məhkəmə qərarları › İş №2(103)-4518/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4518/2023

10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4518/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), x oğlu və xc oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1727/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat

1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay 220 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh İddiaçı qarşı – Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2(103)- 6474/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1727/2023 nömrəli qərardadı ilə Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbi barədə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin aidiyyət qaydaları mübahisələndirildiyinə görə qarşılıqlı iddia ərizəsi ondan asılı olmayan səbəblərdən gec verilmişdir. Aidiyyət qaydalarının pozulması barədə ərizə ilə birlikdə qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edildiyi təqdirdə aidiyyət qaydalarının pozulması barədə ərizə təkzib edilmiş olardı.

6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

9. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Maddə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1727/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Mülki-prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə 20 gün ərzində verilməlidir.

12. İş materiallarından görünür ki, ilkin iddia xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, ilk məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilərək, Cavabdeh ünvanına (ünvan 1avə edilmiş sənədlərin surətləri məhkəmə bildirişi ilə birlikdə xəbərnaməli məktubla göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə həmin sənədlərin surətini qəbul etmişdir, lakin qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

13. Göründüyü kimi, cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. 14.Məhkəmə kollegiyası onu da qeyd edir ki, ərazi aidiyyətinin mübahisələndirilməsi cavabdehə qarşılıqlı iddia ilə vaxtında məhkəməyə müraciət edilməməsi üçün əsas ola bilməz. Belə ki, ilkin iddianın baxıldığı yerin məhkəməsi cavabdehə bəlli idi, sonradan mülki işin ərazi aidiyyəti üzrə başqa məhkəməyə veriləcəyi təqdirdə, qarşılıqlı iddiaya ilkin iddia ilə birlikdə həmin məhkəmə tərəfindən baxılacaqdı.

15. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

16. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1727/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar