Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4526/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Muradov Əlizadə Xeybər oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1332/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Əkbərov Tərlan Xanəli oğlu Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə "xxxx" kəndli fermer MMC arasında bağlanmış 17 avqust 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 23 avqust 2005-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" kəndli fermer MMC arasında bağlanmış 17 avqust 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən, “Ata və Oğul Rzazadə! Kəndli fermer MMC-yə 5 il müddətinə illik 7 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmiş, kreditin qaytarılmasının təminatı kimi iddiaçıya məxsus ünvan 1 ünvanda yeləşən 14 nömrəli mənzil 23 avqust 2005-ci il tarixli ipoteka müqaviləsi ilə "xxxx" ASC-yə girov qoyulmuşdur. "xxxx" kəndli fermer MMC tərəfindən götürülən kredit üzrə müəyyən müddət ödəniş edilməsinə baxmayaraq, sonradan öhdəliklər vaxtında və lazımınca icra edilmədiyindən "xxxx" ASC kredit müqaviləsinin ləğvi və tələbin ipotekaya yönəldilməsi iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli 2(004)-1073/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" kəndli fermer MMC-dən ümumilikdə 31882,32 manat tutulması və tutmanın mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılması yolu ilə "xxxx" ASC-yə olan borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" kəndli fermer MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində 31 mart 2015-ci il tarixdə baxılaraq qətnamə qismən dəyişdirilsə də ümumi tələb mahiyyəti üzrə dəyişdirilmədən saxlanılmış və iddiaçıya məxsus mənzilə tələb yönəldilmişdir. "xxxx" kəndli fermer MMC-nin Ali Məhkəməyə verdiyi kassasiya şikayəti 22 sentyabr 2015-ci il tarixdə təmin edilməmişdir. İddiaçının "xxxx" kəndli fermer MMC-yə verilmiş kreditlə bağlı hər hansı marağı olmamış, mülkiyyətində olan mənzili ipoteka ilə yüklü etməyinə səbəb sadəcə tanışlığa söykənən etibar meyarı olmuşdur. Xətai rayon İcra Şöbəsinin xx/xx-6400/7 nömrəli 28 mart 2017-ci il tarixli sifarişinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzilinin açıq hərracda satılmasına dair Bakı Apelyasiya Məhkəməsinin 2(103)-959 saylı 31 mart 2015ci il tarixli icra vərəqəsi "xxxx" MMC-yə göndərilmişdir. Həmin mənzil 22 may 2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 85000 manat, 07 iyul 2017-ci il tarixdə təkrar hərracda 15 faiz endirimlə 72250 manata açıq hərraca çıxarılsa da sifarişçi olmadığından hərrac baş tutmamışdır. "xxxx" MMC "xxxx" ASC-yə 14 iyul 2017-ci il tarixli 214 nömrəli məktub göndərərək hərracın tutmamasına dair “Kaspi” qəzetində müvafiq elanın dərc edildiyi qeyd edilmiş və "xxxx" ASC-dən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinin tələbini rəhbər tutaraq ipoteka saxlayan kimi 30 təqvim günü ərzində ipoteka predmeti ilə əlaqədar münasibət bildirilməsi xahiş olunmuşdur. Lakin həmin məktubun üzərindən 30 gündən çox zaman keçməsinə baxmayaraq hal-hazıradək ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzil "xxxx" ASC tərəfindən əldə edilməmişdir. Məlum olduğu kimi Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmiş və Bakı Apelyasiya Məhkəməsinin30 aprel 2020-ci il tarixli qərarı ilə Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1332/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" ASC ilə "xxxx" kəndli fermer MMC arasında bağlanmış 17 avqust 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 23 avqust 2005-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, iddiaçı Əkbərov Tərlan Xanəli oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, hər hansı mötəbər sübutlara əsaslanmayan, maddi hüquq normasının pozulması ilə qəbul edilmiş qətnamədir. Belə ki, iddiaçının qənaətinə görə iddia etdiyi faktları, yəni, hərracın keçirilməsini, alıcı olmadığından mənzilin ipoteka saxlayana təklif edilməsini və ipoteka saxlayanın həmin mənzili əldə etməməsini, iş materiallarına qoşma edilmiş hərrac şirkətinin məktubu və açıq herracın keçirilməsinə dair bildiriş ilə təsdiq edildiyi bildirilmişdir Lakin iddia ərizəsinə qoşma olunan və iddiaçının qənaətinə görə iddia etdiyi faktları təsdiqləyən sənədlər arasında, yəni həm hərrac şirkətinin məktubunun, həm də açıq hərracın keçirilməsinə dair bildirişin ipoteka saxlayan Banka çatmasına dair mötəbər sübut aşkar edilməmişdir, yəni yoxdur. Qoşma olunan və iddiaçının dili ilə desək faktları təsdiqləyən sənədlərə nəzər yetirdik də, görmək olar ki, ipoteka saxlayan Bankın ünvanı kimi “ünvan 3 ki, 2017-ci ilin iyul-avqust ayları tarixində Bankın ünvanı “Az1022, ünvan 4yü kimi iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qüsurlu sənədləri qoşma edərək, hərracın keçirilməsini, herracda alıcı olmadığından mənzilin satılmamasını, həmin mənzilin ipoteka saxlayan Banka təklif edildiyini və Bankın mənzili əldə etməkdən imtina etdiyini sübuta yetirməyə çalışır, lakin bütün bunlar əsassız iddia tələbidir, hər hansi mötəbər subutla əsaslanmamışdır, yəni nə bildirişlərin, nə təklifin Banka çatmasına, onun tərəfindən alımasına dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Hətta bu qənaətə gəlmək olur ki, nə ipoteka saxlayanın, nə ipoteka qoyanın belə xəbəri olmamışdır. Bu hal iddia ərizəsinə qoşma edilən sənədlərdən açıq-aşkar görsənir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasen “İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir”. Göründüyü kimi ipotekaya xitam verilməsinin əsası kimi ipoteka predmetinin ipoteka saxlayan terefindən əldə edilməməsi hüquqi normanın tələbindən irəli gəlir və birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin Banka təklif edilsə də onun tərəfindən almaq istəməməsi kimi səhv nəticəyə gəlmiş, maddi hüquq norması olan “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə istinad etmiş və həmin normanı səhv tətbiq edərək ipotekaya xitam verilməsinə dair qətnamə çıxarmışdır. Bu da öz növbəsində ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun qanunla qorunan hüquqlarını kobud surətdə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-7875/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılımışdır. Qətnamədən cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2(102)-1449/2022 saylı qərarı ilə cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)- 7875/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Muradov Əlizadə Xeybər oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili İsmayılov Azər Salman oğlu apellyasiya şikayətlərinin dəlillərinə etriaz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı Əkbərov Tərlan Xanəli oğlu məhkəmə kollegiyasının sonuncu iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1332/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Əkbərov Tərlan Xanəli oğlunun cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fonduna qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin 01 avqust 2017-ci il tarixli, 01/15-2 saylı açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, sifarişçiyə (Xətai Rayon İcra Şöbəsinə), tələbkara ("xxxx" ASC-yə) və borclu (Əkbərov Tərlan Xanəli oğlu) 31 avqust 2017-ci il tarixdə saat 11:00-da baş tutacaq hərracın yeri və vaxtı barədə məlumat verilməsinə dair bildiriş verilmişdir. İşin araşdırılmış hallarından göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli qətnaməsi ilə 17 avqust 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 29317,62 manat, faiz borcu üzrə 2114,70 manat, cərimə üzrə 450 manat məbləğində pul vəsaitinin "xxxx" kəndli fermer MMC-dən tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetləri olan Ələkbərov Tərlan Xanəli oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin, 14 saylı və Hüseynova Gözəl Dəmir qızının mülkiyyətində olan Bakı şəhəri, Zərdabi küçəsi, 63 saylı evin 10 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdeh "xxxx" kəndli fermer MMCnin "xxxx" ASC-yə olan borcunun ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 12 faizi, yəni 2,45 manat iddiaçıya aid edilməsi, qalan 88 faizi, yəni 17,55 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" kəndli fermer MMC-dən tutularaq iddiaçının "xxxx" ASC-yə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərcinin 25 manatının iddiaçıdan, qalan 25 manatının isə cavabdeh "xxxx" kəndli fermer MMC-dən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2015-ci il tarixli qtənaməsi ilə Yasamal rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli qətnaməsi qismən yəni faiz borcu üzrə 2114,70 manat məbləğində pul vəsaitinin "xxxx" kəndli fermer MMCdən tutularaq "xxxx" ASC-yə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə yəni 17 avqust 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 29317,62 manat, cərimə üzrə 450 manat məbləğində pul vəsaitinin "xxxx" kəndli fermer MMC-dən tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetləri olan Ələkbərov Tərlan Xanəli oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin 14 nömrəli və Hüseynova Gözəl Dəmir qızının mülkiyyətində olan Bakı şəhəri, Zərdabi küçəsi, 63 saylı evin 10 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdeh "xxxx" kəndli fermer MMC-nin "xxxx" ASC-yə olan borcunun ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2015-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2015-ci il tarixli icra vərəqəsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. İddianın mahiyyətindən görünür ki, "xxxx" ASC ilə "xxxx" kəndli fermer MMC arasında bağlanmış 17 avqust 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 23 avqust 2005-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 14 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılmasını tələb etmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından sadalanan maddi hüquq normalarının tələblərinə cavab vermir. Halbuki, MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə 5 əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinin tələbinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 319.4-cü maddəsinin tələbinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanununun 53.3-cü maddəsinə görə əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Həmin Qanununun 61.1-ci maddəsinə görə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanununun 61.2-ci maddəsinə görə ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Həmin Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Həmin Qanununun 6.1-ci maddəsinə görə ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanununun 40-cı maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər. Həmin Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanununun 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Həmin Qanununun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanununun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanununun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanununun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi qətnamədə, ipoteka predmeti olan mənzilə dair ipoteka saxlayan "xxxx" ASC ilə hərracın yekunları haqqında 26 iyul 2017-ci il tarixli protokol, 26 iyul 2017-cü il tarixli alqı-satqı müqaviləsi bağlandığını, lakin onun mənzilin dəyərini ödəyərək əldə etmədiyini göstərsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, hərracın yekunları haqqında protokol və alqı-satqı müqaviləsi bu gün qüvvədədir və həmin sənədlər ipoteka qoyan Tərlan Əkbərov tərəfindən ümumiyyətlə mübahisələndirilməyib və borclu "xxxx" Kəndli Fermer MMC tələbkar "xxxx" ASC-yə olan kredit borcuna görə ipoteka predmeti olan sözügedən mənzil 54.187,50 manat qiymətlə ipoteka saxlayan "xxxx" ASC-yə təqdim edilib və sonuncunun nümayəndəsi həmin sənədlərə imza etməklə ipoteka predmetini qəbul edib və bu hal işə əlavə edilmiş “hərracın yekunları haqqında” protokolun, “alqı-satqı müqaviləsi”nin və digər sənədlərin surətləri ilə də təsdiq olunur. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına görə, borclu "xxxx" Kəndli Fermer MMC tərəfindən tələbkar "xxxx" ASC-yə sözügedən kredit müqaviləsi üzrə 29.767,62 manat pul ödənilməlidir. Məhkəmə qeyd olunan hallara diqqət yetirmədən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokolun, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun daşınmaz əmlak üzərində hüququn əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilməsini (Mülki Məcəllənin 139- 1.1.2-ci maddəsi), bu gün də borclu "xxxx" Kəndli Fermer MMC-nin tələbkar "xxxx" ASCyə ödənilməmiş borcunun olmasını nəzərə almadan, qanuni əsas olmadığı halda ipoteka saxlayan "xxxx" ASC-nin ipoteka predmetinin dəyərini ödəyərək əldə etmədiyi qənaətinə gələrək ipotekaya xitam verib. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinin mənasına görə, ipotekaya o vaxt xitam verilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsin. Göründüyü kimi qanun ipotekaya xitam verilməsinin əsası kimi ipoteka predmetinin dəyərinin ödənilməməsini deyil, məhz ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməməsini nəzərdə tutur. Bu baxımdan kollegiya hesab edir ki, “hərracın yekunları haqqında” protokolun və “alqı-satqı müqaviləsinin” mövcudluğu, ipoteka saxlayan "xxxx" ASC-nin təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi, başqa sözlə ipotekaya xitam verilməsi nəticəsinə gəlməyə əsas vermir. Həmçinin nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Azərbaycan Respulikası Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Bu normanın başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Eyni zamanda yaddan çıxarmaq olmaz ki, ipotekaya xitam verilməsi halları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsində göstərilib. Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilib (“İpoteka haqqında” Azərbaycan Respubikası Qanunun 48.1.1-48.1.5-ci maddələri). Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.5-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı kassasiya instansiyası məhkəməsi qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Kollegiya qeyd edir ki, hərrac prosedurlarının yekunu və təklif bildirişinin nəticəsi olaraq, bankın nümayəndəsi tərəfindən hərraca dair alqı-satqı müqaviləsi və protokolu imzalanmasına, yəni artıq əmlakın borc əvəzi olaraq balansa qəbul edilməsinə dair müqavilənin imzalanmasına baxmayaraq birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş və nəticədə düzgün olmayan qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC ilə "xxxx" kəndli fermer MMC arasında 17 avqust 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 23 avqust 2005-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və Əkbərov Tərlan Xanəli oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi üçün qanunla nəzərədə tutulmuş hər hansı əsas yoxdur. Ona görə də, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 11 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1332/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Əkbərov Tərlan Xanəli oğlunun cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fonduna qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1332/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Əkbərov Tərlan Xanəli oğlunun cavabdeh ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin sığortalanması Fonduna qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4526/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4526/2022
13.07.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver