Məhkəmə qərarları › İş №2(103)-4532/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4532/2022

27.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4532/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması, müqavilənin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” ilk və Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair” qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(007)-100/2022 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı MMC ilə X7 arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli A486 saylı X10 əsasən iddiaçının mülkiyyətində olan və müqavilə üzrə lizinq obyekti sayılan ** AZ *** dövlət qeydiyyat nişanlı Maserati Quattroporte avtomobilini ilkin öhdəliyi 28200 ABŞ dolları, 24 ay müddətinə lizinq alan X3 istifadəsinə və sahibliyinə verilmişdir.

2. İş materiallarında olan 13 noyabr 2018-ci il tarixli, A486 saylı lizinq obyektinin alqısatqı müqaviləsinə əsasən satıcı X9 ** AZ *** dövlət qeydiyyat nişanlı Maserati Quattroporte avtomobilini 68000 manata İddiaçı MMC-yə satmışdır.

3. İş materiallarında olan İddiaçı MMC ilə X4 arasında bağlanmış 21 iyul 2020-ci il tarixli, A486 saylı öhdəliyin ötürülməsi barədə X10 Əlavə razılaşmadan görünür ki, öhdəlik ötürən lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəlikləri borcunu öhdəlik götürənə verir. Lizinq müddəti xx.xx.2020-ci il tarixi müəyyən edilmişdir.

4. İş materiallarında olan AD seriyalı 374114 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** AZ *** dövlət qeydiyyat nişanlı Maserati Quattroporte avtomobili xx.xx.2018-ci il tarixdən İddiaçı MMC-nin mülkiyyətindədir.

5. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli, 0061/21 nömrəli arayışdan görünür ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli A486 saylı X10 əsasən ** AZ *** dövlət qeydiyyat nişanlı Maserati Quattroporte avtomobilinin alınması üçün 28200 ABŞ dolları ekvivalenti həcmində vəsait ayrılmışdır. Aylıq ödəniş 1075 Abş dolları müəyyən olunmuşdur. Qeyd olunan müqavilə üzrə öhdəliklər lazımınca yerinə yetirilməməkdədir və lizinq üzrə gecikmə, qrafik üzrə hesablanmış faiz borcu və hesablanmış cərimələr mövcuddur. Lizinq obyekti 7 aydan çox istifadədə olmuş və bu müddət ərzində 7525 ABŞ dolları borc hesablanmışdır. Bu məbləğdən indiyə kimi 1100 ABŞ dolları ödəniş olmuşdur. Hazırda A486 saylı daxili lizinq müqavilısi üzrə aylıq ödənişlərdən 6425 ABŞ dolları və 5671 manat hesablanmış cərimə, ümumilikdə 12096 ABŞ dolları öhdəlik mövcuddur.

6. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 dekabr 2021-ci il tarixli, 4/1606 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, “Ekspertizaya təqdim olunmuş,mülki işin 122-ci vərəqəsində olan xx.xx.2020-ci il traixli A486 saylı X10 əlavə razılaşmada (öhdəliyin götürülməsi haqqında) “öhdəlikgötürən” qrafasındakı imza, xx.xx.2020-ci il tarixli iltizamda(iş124) “iltizamı öz imzamla təsdiq edirəm”qrafasındakı imza və xx.xx.2020-ci il tarixli A486 saylı X10 3 nömrəli əlavədə (i.123) (qəbul və istifadəyə verilmə protoklu) “öhdəlik götürən qrafasındakı imza-X5 tərəfindən icra olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, A486 saylı X8 (əlavə Razılaşma) ləğv edilməsi, şirkətə dəymiş 29338 ABŞ dolları və 18100 manat məbləğində vəsait və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi üçün cavabdehin mülkiyyətində olan hər üç avtomobilə (Toyota Prius ** DY *** d.q.n, Toyota Prius ** ON *** d.q.n, Toyota Prius ** OT *** d.q.n) tutmanın yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2020-ci il tarixli, A486 saylı X8 (əlavə Razılaşma) ləğv edilməsi, cavabdehdən 28200 ABŞ dolları məbləğində əsas, 6425 ABŞ dolları məbləğində lizinq mükafatı və 5671 ABŞ dolları məbləğində cərimənin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə ilə manat ekvivalenti məbləğində borcun, 18100 manat məbləğində dəymiş ziyanın və 30 manat manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 13 noyabr 2018-ci il tarixdə “Maseratti Quattroporte” markalı avtomobilin alınması üçün iddiaçı ilə Cavabdeh arasında A486 saylı X14 bağlanıb. 2019-cu ilin avqust ayında avtomobilin mühərrikində ciddi nasazlıq yaranıb. Həmin tarixdə avtomobil servisə aparılıb, orada cavabdeh özünü xarici ölkələrdən ehtiyyat hissələri gətirən və təmir edən şəxs kimi təqdim edib, həmin avtomobilin yeni mühərrik ilə əvəz olunmasını bildirib və 18100 manat məbləği alaraq avtomobili yeni mühərriklə təmin edəcəyini öz öhdəsinə götürüb. Cavabdehlə əlaqə saxlanılıb avtomobilə baxış keçirəcəyini bildirsə də, cavabdeh yalan vədlər verərək mühərrikin qısa müddət ərzində gələcəyini və avtomobilin tam hazır olacağını bildirib. Lakin 2020-ci ilin iyul ayında avtomobilə baxış keçirilib bu zaman məlum olub ki, avtomobildə heç bir iş görülməyib, əksinə avtomobil tam yararsız hala salınıb. Bununla bağlı cavabdeh şirkətə dəvət olunub və yaranan vəziyyəti izah etməsi tələb olunub. Cavabdeh yenə də, müxtəlif bəhanələr gətirərək avtomobilin qısa müddət ərzində hazır olacağına söz verib və müqavilə üzrə öhdəliyi 21 iyul 2020-ci il tarixində öz üzərinə götürüb. Müqavilə şərtlərinə əsasən 27390 ABŞ dolları borc üzrə 36 ay 1075 ABŞ dolları ödəmək öhdəliyi götürülüb. Cavabdeh son 7 ayından ödənişlərində problemlər yaradıb, yəni 7527 ABŞ dollar ödəməli olduğu halda cəmi 1100 ABŞ dolları ödənilib. Bu müddət ərzində cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilib, lakin lizinq alan həmin dövrdə tezliklə gecikmələrini ödəcəyinə və avtomobili tam saz vəziyyətə gətirəcəyinə söz verib. İddia ərizəsi tərtib olunan zaman bəzi yanlışlıqlara yol verilmişdir. Ona görə də hesab edir ki, həmin yanlışlıq aradan qaldırılmaqla iddia tələbi dəqiqləşmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 28200 ABŞ dolları məbləğində əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə ilə manatla və 18100 manat dəymiş ziyanın və 30 manat məbləğində dövlət rüsumunun İddiaçıMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(007)- 1670/2021 saylı qiyabi qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia tələbi təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, A486 saylı X8 ləğv edilməsi, Cavabdeh 28200 ABŞ dolları məbləğində əsas, 6425 ABŞ dolları lizinq mükafatı və 5671 ABŞ dolları cərimənin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə ilə manat ekvivalenti məbləğində borcun, 18100 manat dəymiş ziyanın və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. 11 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(007)- 1670/2021 saylı qərardadı ilə 03 iyun 2021-ci il tarixli qiyabi qətnamə ləğv edilmişdir.

12. Məhkəmədə iş baxılarkən Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair” qarşılıqlı iddia vermişdir.

13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddiası qanunsuz və əsassızdır. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında ərizə yazaraq Cavabdeh 22200 ABŞ dolları əsas və 18000 manat dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ancaq həmin borcun hansı formada və nəyə əsasən yaranması iddia ərizəsində tam təsbit olunmur. İddiaçı iddia ərizəsində hətta lizinq obyekti olan “Maserati Quatroprte” minik avtomobilinin Cavabdeh təmir məqsədilə verdiklərini göstəriblər. İddiaçı buradan göründüyü kimi lizinq məqsədinin qanunsuz olduğunu özü etiraf edir. Sonradan avtomobil saz vəziyyətə gətirilmədiyindən Cavabdeh hüquqi savadsızlığından istifadə edərək həmin avtomobilə dair qanunsuz və əsassız olaraq 21 iyul 2020-ci il tarixli A486 saylı X10 əlavə razılaşma tərtib edərək imza etdirib və həmin razılaşmanın bəndində İddiaçı MMC ilə X7 arasında bağlanılan 13 noyabr 2018-ci il tarixli, A486 saylı Lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öhdəlik götürən kimi Cavabdeh üzərinə qoyub və hal-hazırda da avtomobili yox, həmin müqavilə üzrə yaranan borcu tələb edirlər. Ancaq 21 iyul 2020-ci il tarixli A486 saylı X10 X11 Şəhriyar 13 noyabr 2018-ci il tarixli, A486 saylı Lizinq müqaviləsi üzrə lizinq alan X3 götürdüyü öhdəliklər barədə razılığa gəlməyib, həmin razılaşma üzrə öhdəliyi ötürən şəxsin X6 olması qeyd edilib. Məhkəmə iclasında həmin şəxsin iş üzrə hansı formada və hansı öhdəliklərinin olması barədə iddiaçı tərəfə sual ünvanlasa da həmin şəxsin İddiaçı MMC ilə hər hansı bir hüquqi münasibətinin olması barədə sənəd təqdim edilməyib. xx.xx.2018-ci il tarixli, A486 saylı Daxili Lizinq X1 ilə bağlanıldığından Cavabdehla yalnız X3 öhdəlikləri ötürülə bilərdi. İddiaçı təşkilat dəyən ziyanı sığorta etmək üçün uydurma əqd bağlayaraq həmin əqdə əsasən də X6 öhədliklərinin öhdəlik götürən kimi Cavabdeh ötürülməsi barədə razılaşma tərtib edib. Halbuki, X6 A486 saylı lizinq müqaviləsi üzrə heç bir hüquqi bağlılığı yoxdur və həmin müqavilə üzrə heç bir öhdəlik götürməyib. İddiaçı MMC avtomobilin Cavabdeh olması barədə sənədləri təqdim edib, ancaq iddia ərizəsində avtomobilin qaytarılması tələbini irəli sürməyib. Cavabdeh xx.xx.2018-ci il tarixli, A486 saylı lizinq müqaviləsinin lizinq alan tərəfi olan X3 heç bir öhdəliyini üzərinə götürmədiyindən hal-hazırki ilkin iddia tələbinin rədd olunması, X8 xx.xx.2020-ci il tarixli, A486 saylı Əlavə Razılaşmasının (öhdəliyin ötürülməsi haqqında) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İlkin iddia üzrə İddiaçı MMC sonuncu dəfə iddia tələbinin dəqiqlədirilməsi barədə ərizə verərək, iş üzrə irəli sürülən iddia tələbi üzrə iddianın 6425 ABŞ dolları məbləğində lizinq mükafatı və 5671 ABŞ dolları məbləğində cərimə məbləği hissəsindən imtina edərək, məhkəmədən əsas borc üzrə 28200 ABŞ dolları məbləğində əsas borcun və 18000 manat dəymiş ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (İş vər. səh 164).

15. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 fevral 2022-ci il tarixli, 2(007)-100/2022 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 28200 ABŞ dollarının (ödəniş günü ABŞ dollarının manata olan məzənnəsi ilə manatla) İddiaçı MMC-nin xeyrinə tutulması, qalan hissədə ilk iddianın təmin olunmaması, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair” qarşılıqlı iddiasının təmin olunmaması qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 748-1.12, 748-1.12.4, 421.2, 424.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin qətnamədə Mülki Məcəllənin 748-1.12-ci və 748-1.12.4-cü maddələrinə istinad etməsi doğru deyil. Çünki bu mübahisədə cavabdeh lizinq alan yox, sublizinq müqaviləsi bağlayan şəxsdir. Bundan əlavə iddiaçının nümayəndəsi xx.xx.2022 ci il tarixli məhkəmə iclasında ərizə yazaraq 22200 ABŞ dolları əsas və 18000 manat dəymiş ziyanın ödənilməsini xahiş etmiş, məhkəmə isə iddia tələbindən kənara çıxaraq 28200 ABŞ dollları pulun tutulması qət edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

21. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatdırılmasına baxmayaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Kollegiya işə ilk iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər, bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

29. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

30. Maddə 522.3. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır.

31. Maddə 522.4. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur.

32. Maddə 522.5. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur.

28. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

29. Maddə 748-1.12, 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır.

30. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

31. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

32. Maddə 748-10.3. Əgər lizinq alan və lizinq verən arasında lizinq ödənişləri ilə bağlı hesablaşmalar lizinq obyekti vasitəsilə istehsal olunan məhsulla (natura formasında) aparılırsa, belə məhsulun qiyməti tərəflərin razılığı ilə müəyyənləşdirilir və lizinq müqaviləsində qeyd edilir.

33. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qətnamə ilkin iddianın təmin olunan, qarşılıqlı iddianın təmin olunmaması hissələrində mübahisələndirildiyindən hazrkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrdə qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - ilkin iddianın təmin edilən hissəsində dəyişdirilməli, qarşılıqlı iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

41. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, iddiaçının nümayəndəsi xx.xx.2022 ci il tarixli məhkəmə iclasında ərizə yazaraq 22200 ABŞ dolları əsas və 18000 manat dəymiş ziyanın ödənilməsini xahiş etmiş, məhkəmə isə iddia tələbindən kənara çıxaraq 28200 ABŞ dollları pulun tutulması qət edilmişdir.

42. Kollegiya qeyd edir ki, iş materiallarının 164-cü səhifəsində olan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçı məhkəmədən 28200 ABŞ dolları məbləğində əsas borcun və 18000 manat dəymiş ziyanın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

43. Göründüyü kimi məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iddia tələbindən kənara çıxılmamışdır.

44. Cavabdehin digər dəlili isə ondan ibarət olmuşdur ki, “məhkəmənin qətnamədə Mülki Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə istinad etməsi doğru deyil. Çünki bu mübahisədə cavabdeh lizinq alan yox, sublizinq müqaviləsi bağlayan şəxsdir.”

45. Bu dəlil də əsassız olmaqla təkzib olunur, belə ki, tərəflər arasında bağlanmış 21 iyul 2020-ci il tarixli, A486 saylı öhdəliyin ötürülməsi barədə X10 Əlavə razılaşmaya əsasən öhdəlik ötürən lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəlikləri borcunu öhdəlik götürənə verir. Göründüyü kimi tərəflər arasında lizinq münasibətləri yaranmış və məhkəmə aidiyyəti hüquq normalarına düzgün istinad etmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə ilk iddia üzrə cavabdehdən əsas borcun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan borcun miqdarını və xarici valyuta ilə tutulmalı olmasını düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməlidir.

47. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

49. Həmin Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alğı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alğı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir...Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur.

52. Kollegiya, şərh olunanları və Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin və Mülki Məcəllənin 439.1 və 439.2-ci maddəsinin imperativ tələbini, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, 13 noyabr 2018-ci il tarixli, A486 saylı X10 və 21 iyul 2020-ci il tarixli, A486 saylı öhdəliyin ötürülməsi barədə X10 Əlavə razılaşmaya əsasən “müqavilənin valyutasının ABŞ dolları müəyyən edilməsi şərti Mülki Məcəllənin 439.1 və 439.2-ci maddəsinin imperativ tələbinə ziddir. Birincisi ona görə ki, “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunur və Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsini nəzərdə tutur. İkincisi hazırkı müqavilə üzrə tərəflərdən hər hansı biri xarici fiziki və ya hüquqi şəxsi olmadığından onlar pul öhdəliyini xarici valyuta, o cümlədən ABŞ dolları ilə müəyyənləşdirə bilməzlər. Ücüncüsü müqavilə üzrə tərəflərdən hər hansı biri xarici fiziki və ya hüquqi şəxsi olmadığından onlar bu müqavilə üzrə müqavilənin qiymətini (dəyərini) ABŞ dolları ilə müəyyənləşdirib manatın ABŞ dollarına uyğun məzənnəsi üzrə tələb edə bilməzlər. Dördüncüsü tərəflər arasında bağlanmış müqavilənin predmetini xarici valyuta (ABŞ dolları) deyil, lizinq obyekti olan nəqliyyat vasitəsi təşkil etdiyindən cavabdeh həmin əşyanın ödənişini manatın ABŞ dollarına uyğun məzənnəsi üzrə tələb edə bilməz.

53. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5294 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixə olan əsas borcu 27166,58 ABŞ dolları, mükafat borcu 2933,99 ABŞ dolları, cəmi borcu 30100,57 ABŞ dolları (ekvivalenti 51171 manat) təşkil edir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, həmin ekspert rəyi əsaslıdır və rəyi şübhə altına alan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ona görə də iddia tələbinə uyğun olaraq xx.xx.2020-ci il tarixli, A486 saylı X10 (əlavə Razılaşma) əsasən Cavabdeh İddiaçı MMC-nə 27166,58 ABŞ dolları məbləğində əsas borcu xx.xx.2021-ci il tarixə olan ABŞ dollarının manata olan məzənnəsi ilə 46183,186 (27166,58 ABŞ dolları x 1,70) manat təşkil etdiyindən, cavabdehdən əsas borc üzrə iddiaçının xeyrinə 46183,19 manat məbləğində pul tutulmalıdır.

55. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin oluna bilməz. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı iş materiallarında olan xx.xx.2020-ci il tarixli, A486 saylı X10 əlavə razılaşmanın və xx.xx.2020-ci il tarixli, A486 saylı X10 3 nömrəli əlavənin onun tərəfindən imzalanmadığını bildirsə də bu hal iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1606 nömrəli rəyi ilə təkzib olunmuşdur. Qeyd edilən lizinq müqaviləsinin etibarsız hesab edilməsinə hər hansı qanuni əsaslar mövcud deyildir.

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

57. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.

58. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

59. Qeyd olunan maddələrin təfsirindən müəyyən olunur ki, etibarsız əqdlərin 2 növü vardır: mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər. Mübahisə edilən əqdin etibarsızlığını məhkəmə müəyyən edir. Əhəmiyyətsiz əqdlərin isə məhkəmə qaydasında etibarsızlığının müəyyən edilməsinə zərurət yoxdur. Yəni əgər əqd özü-özlüyündə əhəmiyyətsizdisə (məsələn, yalan və uydurma əqdlər) və bunun üçün əsaslar mövcuddursa, bu zaman həmin əqdin etibarsız hesab edilməsi ilə bağlı deyil, etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia qaldırılmalıdır. Çünki, həmin əqd özü-özlüyündə etibarsızdır.

60. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

61. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

62. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

63. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

64. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(007)-100/2022 saylı qətnaməsi ilk iddianın qismən təmin edilən “Cavabdeh 28200 ABŞ dollarının (ödəniş günü ABŞ dollarının manata olan məzənnəsi ilə manatla) İddiaçı MMC-nin xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh 46183,19 (qırx altı min yüz səksən üç manat on doqquz qəpik) manat məbləğində əsas borc İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan - iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair” qarşılıqlı iddiasının təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar