Məhkəmə qərarları › İş №2(103)-4537/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4537/2022

05.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4537/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(007)-883/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini, Cavabdeh birgə nikahlarından doğulan, 25 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin və 108 manat 50 qəpik sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 22 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuş, birgə nikahlarından 25 sentyabr 2014-cü il təvəllüdlü X2 adlı bir uşaqları vardır. Ailə həyatlarının ilk vaxtlarında normal yaşasalar da, sonradan münasibətləri kəskin pisləşmiş və nəticədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2016- ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, cavabdehdən uşağın saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq, hər ay 154 manat sabit pul məbləğində müəyyən edilmiş, lakin Bakı Apelliyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə alimentin tutulma forması dəyişdirilərək hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən edilmişdir. X3 adına Respublika Gənclər Kitabxanasında dülgər vəzifəsində işləyən və işdən asudə vaxtlarında, daim Netbookların və Kompüter avadanlıqlarının satışı, formatı və təmiri ilə məşğul olub, yaxşı qazanc-gəlir əldə edən cavabdeh mübahisənin mediasiya qaydasında həlli üzrə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında da iştirak etməməklə yanaşı, məhkəmə qətnaməsi əsasında iddiaçının xeyrinə ödənilməli olan alimenti də qəsdən olaraq, vaxtı-vaxtında ödəmir, həmçinin uşağın gündəlik və s. tələbatlarının qarşılanmasında da ümumiyyətlə heç bir maddi köməklik də göstərmir. Hesab edir ki, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-cü il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyindən, tutulması müəyyən olunan "hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında'’ alimentin məbləği hədsiz olaraq çox azdır və Respublikanın hazırki iqtisadi vəziyyətinə qəti olaraq uyğun deyildir.Həmin məbləğ, nəticə etibarı ilə azyaşlı uşağın fiziki, əqli, mənəvi və sosial nöqteyi nəzərdən inkişafı və layiqli həyat tərzinə olan hüquqlarını kəskin pozur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(007)-883/2022 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, əvvəlki qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının uşağın saxlanılması üçün yetərli olmaması, dolanışıq xərclərinin, yaşayış minumumunun məbləğinin artması, yeni qətnamə ilə cavabdehin fəaliyyət qabiliyyətli sayılması, bu halların nəzərə alınmaması və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Bakı Apelliyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə alimentin tutulma forması ona görə dəyişdirilərək alimentin miqdarı hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən edilmişdir ki, cavabdeh fəaliyyət qabiliyyəti olmayan sayılmışdır. Lakin, sonradan elə iddiaçının özünün müraciətinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh fəaliyyət qabiliyyətli hesab edilmiş, onun üzərində olan qəyyumluq ləğv edilmişdir. Belə olan halda isə cavabdehin hər ay cəmi qazancının ¼ hissəsi miqdarında, yəni 75 manat aliment ödəməsi azyaşlı uşağın saxlanılması üçün yetərli olmamaqla, qanunvericiliyin tələblərinə də ziddir. Birinci instansiya məhkəmə isə bu halları nəzərə almamış, əsassız olaraq iddiasını rədd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti ilə razılaşmayaraq birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyətli hesab edilmiş, onun üzərində olan qəyyumluq ləğv edilmişdir. Lakin bu hal alimentin miqdarının artırılmasına əsas ola bilməz. Çünki, cavabdeh Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında dülgər vəzifəsində işləyir və hazırda 338 manat əmək haqqı alır və həmin məbləğin ¼ hissəsini aliment kimi ödəyir. Almentin miqdarı artırılarsa cavabdehin özünün yaşayış vəziyyəti pisləşəcəkdir. Bu səbəbdən də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin 22 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmaları, birgə nikahdan bir azyaşlı uşaqlarının olması, nikahın Nizami Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli qətnaməsi ilə pozulması, uşağın ananın yanında saxlanılması və cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul miqdarında 117 manat alimentin tutulmasının qət edilməsi, sonradan Bakı Apelliyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə alimentin tutulma formasının dəyişdirilərək alimentin miqdarının hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən edilməsi işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qeyd olunmalıdır ki, qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi qaydasını da nəzərdə tutmuşdur. Belə ki, AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə kollegiyası, işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını və azyaşlının üstün mənafeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsinin mövcudluğuna və cavabdehin məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslansa da, nəzərə almamışdır ki, cavabdehin özünün müraciətinə (xüsusi icraat qaydasında verdiyi ərizə) əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh fəaliyyət qabiliyyətli şəxs hesab edilmiş, onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv olunmuşdur. Eyni zamanda cavabdeh tərəf də bu halı təsdiq etmiş, cavabdehin sağaldığını, fəaliyyət qabiliyyətli olmasını, işləməsini bildirmişdir. Qeyd edilməlidir ki, keçən müddət ərzində dolanışıq xərcləri, ölkə üzrə yaşayış minimumu artmışdır. Halbuki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. Belə olan halda isə alimentin hazırki miqdarı kifayət qədər az olmaqla, azyaşlının saxlanılmasına və üstün maraqlarına uyğun deyildir. Belə ki, işdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasıın 14 mart 2022-ci il tarixli arayışından görünür ki, cavabdeh dülgər vəzifəsində işləməklə orta əmək haqqı 338 manat təşkil edir. AM-in 76.1 və 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə – qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. AM-nin 78.1-ci maddəsinə əsasən … alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə kollegiyası, işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını və uşaqğın mənafeyini nəzərə alaraq, hesab edir ki, cavabdehdən əlavə olaraq hər ay 90 manat sabit pul məbləğində də aliment tutulmalıdır. Çünki, hər iki növdə (həm qazancın müəyyən hissəsi, həm də sabit pul məbləğində) tutulacaq alimentin ümumi məbləği hazırki vəziyyətdə ölkə üzrə yaşayış minimumu həddinə yaxın olacaqdır ki, bu da ilk növbədə yetkinlik yaşına çatmamış uşağın hüquqları və mənafeyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının dəyişdirilərək cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, əlavə olaraq 90 manat sabit pul miqdarında müəyyən olunması qanuni və əsaslıdır, həmçinin azyaşlının üstun mənafeyinə də uyğundur. Cavabdehin etirazı və apellyasiya şikayətinin dəlilləri (qazancının az olması və s.) isə onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsində azad etmir. Həmçinin, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən olunması barədə əvvəllər müvafiq qətnamənin qəbul edilməsini və həmin qətnamənin qüvvədə olmasını istinad etsə də, nəzərə almamışdır ki, qanunverici müvafiq zərurət yarandığı təqdirdə alimentin miqdarının dəyişdirilməsi barədə yenidən məhkəməyə müraciət olunmasını istisna etməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarı dəyişdirilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.14-cü bəndindəki mövqeyinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. MPM-in 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(007)-883/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(007)- 883/2022 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(103)-1929/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək, Cavabdeh 25 sentyabr 2014-cü il təvəllüdlü uşağı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, əlavə olaraq 90 (doxsan) manat sabit pul miqdarında aliment tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar