Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4540/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqına qarşı «qərarın etibarsız hesab edilməsi» tələbinə dair” Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-609/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqına qarşı «qərarın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin xx.xx.2020- ci il tarixli 13 saylı protokolu ilə rəsmiləşdirilmiş, tutduğu vəzifənin ixtisara salınmasına razılıq verilməsi barədə qərarının etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək müqaviləsi əsasında "xxxx" QSC-də müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi Cəmiyyətin təchizat və təmir-tikinti xidmət departamenti, təchizat anbarının YSM üzrə mütəxəssis vəzifəsi olmuşdur. Həmin müəssisədə 40 ildən çox qüsursuz işləmiş, işlədiyi müddətdə heç bir intizam tənbehi almamış, yalnız müxtəlif mükafatlarla mükafatlandırılmışdır. Cəmiyyətin 1/3 nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə ştat vahidinin ləğv edilməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilmişdir. Əmrdə həmkarlar təşkilatının qərarına istinad edilsə də, həmin qərarın tarixi kimi 23 sentyabr 2020-ci il göstərilmişdir. Həmkarlar təşkilatının qərarından 4 ay sonra onun işdən çıxarılması haqqında qərar qəbul edilmişdir. Həmkarlar təşkilatının üzvü olsa da, həmin qərarın qəbul edilməsi zamanı iclasda iştirak etməmiş, qeyd edilən iclasın keçrilməsi barədə onda məlumat olmamışdır. "xxxx" QŞC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin xx.xx.2020-ci il tarixli 13 saylı protokoluna əsasən "xxxx" QSC-nin işçisi həmkarlar ittifaqının üzvü olaraq barəsində olan təqdimata baxaraq, "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Cəmiyyətin Təchizat və təmir-tikinti xidməti departamentinin, təchizat anbarında mövcud olmuş 1 ştat vahidi «YSM üzrə mütəxəssis» vəzifəsini tutmuş həmkarlar ittifaqının üzvü olaraq onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv edilməsinə verilmiş razılıq qanuni əsaslarla olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndində təsbit olunmuşdur ki, Əmək Məcəlləsinin 70ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatnın qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qeyd olunan maddəni düzgün tətbiq etmək üçün işəgötürən və müəssisənin həmkarlar ittifaqı təşkilatı aşağıda qeyd olunanlara əməl etməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi ləğv edilərkən işəgötürən həmkarlar İttifaqı təşkilatına təqdimat göndərməklə əmək müqaviləsinə xitam verilməsini xahiş etməlidir. İşəgötürən işçinin əmək müqaviləsinə xitam verilməsinin əsasını təsdiq və sübut edən sənədləri təqdimata əlavə etməlidir. Təqdim edilmiş materiallar, müəssisənin həmkarlar ittifaqı komitəsinin sədri tərəfindən əsaslı öyrənilir və baxılması üçün təşkilatın həmkarlar ittifaqı komitəsinin işlasına çıxarılır. İclasa işəgötürənin nümayəndəsi, əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuş işçi, lazım gəldiyi halda şahidlər, mütəxəssislər əvvəlcədən rəsmi dəvət olunmalıdır. Həmkarlar ittifaqı təşkilatı məsələnin müzakirəsi zamanı əmək qanunvericiliyinin normalarının pozulmasına yol verməməli, işçilərin əmək hüquqlarını və qanuni mənafelərini müdafiə etməlidir. Həmkarlar ittifaqı təşkilatı işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürənin təqdimatına baxmaqla eyni zamanda, əmək qanunvericiliyinə riayət edilməsi sahəsində nəzarət funksiyasını həyata keçirmiş olur. Belə ki, yuxarıda qeyd etdiyi razılıq barədə cavadehin qərarı komitənin iclasında qəbul edilməmişdir. Özbaşına olaraq cavabdeh orqanın rəhbəri protokol tərtib etmişdir. Heç bir yetərsaya əməl etməmişdir. Bu barədə bir müddət əvvəl komitənin üzvlərindən şifahi məlumat almışdır. Dövlət Vergi Xidmətinin saytından cavabdeh "xxxx" QŞC işçilərinin «Limançı» həmkarlar ittifaqının ünvanı AZ1108 ünvan 2a iddia ərizəsini Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmənin qərardadı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlər ona geri qaytarılmışdır. Səbəb olaraq cavabdehin hüquqi ünvanının Bakı şəhəri Nəsimi rayonu ərazisində olması, eləcə də mediasiya qurumundan müvafiq arayışın ərizəyə əlavə edilməli olduğu bildirilmişdir. Əlavə olaraq qeyd edir ki, bu səbəbdən iddia müddətini bir aydan bir neçə gün çox olmaqla üzürlü səbəbdən ötürmüşdür. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-609/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi-vəkili şikayətə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətini təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən tənin ediləmli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-609/2022 saylı qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş olmuşdur. Həmin mülki iş üzrə iddiaçının tələbi rədd edilmiş, həmin qətnamə iddiaçı tərəfindən kassasiya instansiyasınadək mübahisələndirilmiş qətnamə dəyişdirilmədən saxlanılmışdır.( Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 2096/2021 saylı qətnaməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanmasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2(103)-5721/2021 saylı qətnaməsi və bu qətnamədən kassasiya şikayətinin icraata qəbul edilməsindən imtinaya dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli 2(102)-6315/2021 saylı qərardadı mövcuddur.) İddia tələbinədən göründüyü ki, hazırda iddiaçı "xxxx" QŞC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin xx.xx.2020-ci il tarixli 13 saylı protokolu ilə rəsmiləşdirilmiş qərarın etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbinə yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktlarında qiymət verilmişdir və beləliklə, məhkəmələrin araşdırma predmeti olmuşdur. Odur ki, hazırkı iddianın qaldırılması hüquqi müəyyənlik və preyudisiallıq prinsipləri ilə uzlaşmır. Belə ki, hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit cuna” (məhkəmə hüququ bilir) prinsipinə görə, məhkəmə tərəfin irəli sürdüyü hüquqi əsaslandırmaya bağlı deyil və iddianın hansı hüquqi əsasa görə haqlı olduğunu müəyyənləşdirmək, əgər tələb əsaslıdırsa onu tam və ya qismən təmin etmək məhkəmənin vəzifəsidir. Bu isə o deməkdir ki, işə bərpa tələbinə dair irəli sürülmüş iddia məhkəmə tərəfindən həll edildikdə, həmin qərar iddianın mümkün hüquqi əsasları yoxlanılmaqla çıxarılmış hesab edilir və "xxxx" QSC işçilərinin «Limançı» həmkarlar ittifaqı komitəsinin xx.xx.2020- ci il tarixli 13 saylı protokolu ilə rəsmiləşdirilmiş, tutduğu vəzifənin ixtisara salınmasına razılıq verilməsi barədə qərarının etibarlı olub-olmamasını müəyyən etmək də həmin yoxlamanın predmetinə daxildir. Qeyd olunmalıdır ki, əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən həmkarlar ittifaqı komitəsi tərəfindən qəbul edilmiş qərarın məhkəmə qaydasında ayrıca mübahisələndirilməsi nəzərədə tutulmamışdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 391 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-609/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4540/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4540/2022
18.07.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver