Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-455/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi, artıq hesablanmış borcun silinməsi və ilkin müqavilənin şərtlərinin davam etdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlundan və X3 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və”Muğan Bank” ASC-yə qarşı icra qeydinin ləğv edilməsi, artıq hesablanmış borcun silinməsi və ilkin müqavilənin şərtlərinin davam etdirilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(005)-1796/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 13 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ləğv prosesində olan "xxxx" ASC ilə xx.xx.2011-ci ildə bağlanmış kredit müqaviləsinə əsasən borcalan İddiaçı illik 8%-lə 300 ay müddətinə 45200 manat məbləğində ipoteka krediti verilmişdir. "xxxx" ASC ləğv olunduğuna görə həmin kredit xx.xx.2015-ci ildə “X5 (CDB)” ASC-yə xidmətə verilmiş, “X5 (CDB)” ASC öz növbəsində 2017-ci ilin aprel ayında hazırda ləğv prosesində olan "xxxx" ASC-yə qoşularaq yenidən təşkil edilmişdir. "xxxx" ASC-nin ləğv edilməsi səbəbindən xx.xx.2020-ci ildə müvafiq kredit Cavabdeh1 ASC-yə xidmətə ötürülmüşdür. Kredit öhdəliklərinin icra edilməməsi nəticəsində xx.xx.2020-ci il tarixində həmin kredit üzrə tələb hüquqları Cavabdeh1 ASC tərəfindən Fonddan geri alınmış və təhvil-təslim aktı ilə kredit dosyesinə daxil olan sənədlər Cavabdeh1 ASC-yə təhvil verilmişdir.
2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 8İ-935 nömrəli icra qeydindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 36826,35 manat əsas borc, 1953,37 manat faiz borcu və 3906,74 manat dəbbə pulu, ümumilikdə 42686,46 manat borc üzrə tələb ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 Zeytun sovxozu, Zeytun küçəsi, 134 B saylı ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməlidir.
3. ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli 8İ/935 reyestr nömrəsi ilə icra qeydi aparılmış Cavabdeh1 ASC və İddiaçı arasında rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli, 4Ə/390 reyestr saylı Alqı-satqı və ipoteka müqaviləsini icra edilməsi üçün göndərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-yə qarşı icra qeydinin ləğv edilməsi, artıq hesablanmış borcun silinməsi və ilkin müqavilənin şərtlərinin davam etdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan ünvan 1 Zeytun sovxozu, Zeytun küçəsi, 134 B saylı fərdi yaşayış evinə dair verilmiş xx.xx.2022-ci il tarixli tutmanın yönəldilməsi barədə icra qeydinin ləğv olunması, şişirdilərək cavabdehlər tərəfindən qanunsuz hesablamaqla artıq məbləğ olaraq yazılmış 36826,35 manat əsas borc, 1953,37 manat faiz borcu və 3906,74 manat dəbbə pulu, ümumilikdə 42686,46 manat borc məbləğinin silinməsi, həmçinin aylıq ödənişlərdən yayınmadığına və imtina etmədiyinə görə ilkin müqavilə şərtlərinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 Zeytun sovxozu, Zeytun küçəsi, 134 B saylı 90000 manat dəyərində olan mülkiyyətində olan evi xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən ipoteka yolu ilə girov qoyaraq "xxxx" ASC-dən pul götürmüşdür. Artıq 11 ildir ki, hər ay 400 manat olmaqla bank qarşısında müqavilə üzrə olan öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirmişdir. Dünya ölkələrində, eləcədə Azərbaycan Respublikasında «Covid-19» pandemiyası ilə əlaqədar gəlirlərinə mənfi təsir etdiyindən bir neçə ay ödənişlərində gecikmələr baş vermişdir. Yaranmış bu vəziyyəti iddia üzrə cavabdehlər "xxxx" ASC və "xxxx" ASC fürsət bilərək Bakı şəhəri 9 saylı notariat ofisi ilə xidməti müqavilələrindən istifadə edərək bu günə qədər ödədiyi pulları nəzərə almadan şişirdilmiş əsas borc, faizlər və dəbbə pulunu üzərinə yazaraq, borcu ipoteka predmeti olan qiymətini dəyərindən aşağı yazdıqları evinə yönəltməklə borcu bağlamağa cəhd edirlər. Bütün bu proseduralardan xəbəri olmamış və yalnız Xətai rayon İcra şöbəsinin icra məmurları tərəfindən İcra şöbəsinə dəvət edilərkən xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 1 həftə olar ki, icra qeydinin verilməsindən xəbər tutmuşdur. Həmin tarixli icra qeydi verilərkən ümumiyyətlə onun banka ödədiyi məbləğlər düzgün hesablanmamış, müqavilə üzrə yazılan 36826,35 manat əsas borc, 1953,37 manat faiz borcu və 3906,74 manat dəbbə pulu, ümumilikdə 42686.46 manat borcunun olması həddin artıq şişirdilmişdir. Çox vaxt kredit üzrə ödəmələrini artıq ödəmiş, heç vaxt müqavilə üzrə ödənişlərini ödəməkdən imtina etməmiş və artıq Azərbaycan Respublikasında iş yerlərində «Covid-19» pandemiyası ilə bağlı məhdudiyyətlər aradan qaldırıldığından ödənişlərini də vaxtında davam edəcəkdir.
6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(005)- 1796/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8İ-935 nömrəli icra qeydinin ləğv edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən tərəflərindən sənədlər toplanılaraq icra qeydinin çıxarılması üçün müvafiq notariat kontoruna müraciət edilmişdir. Lakin məhkəmə iş materiallarında olan arayışa əsasən əsas borca görə hesablanmış dəbbə pulunun mütənasib olmadığından şübhə doğurdu qeyd olunmuşdur. Bildirmək istəyirlər ki, kredit müqaviləsinin müvafiq bəndinə əsasən və borcalanın üzərinə götürdüyü öhdəlikləri pozduğuna görə kredit borcu tərəflərindən düzgün hesablanmışdır. İddiaçı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozaraq 12 ay ərzində dəfələrlə 60 (altmış) gündən çox alaraq kredit ödənişlərini gecikdirmişdir. Hesab edirlər ki, iddiaçı tərəfindən kredit müqaviləsində üzərinə götürdüyü öhdəlikləri pozması müqavilənin birtərəfli xitam veriləsi üçün əsasdır. Məhkəmə tərəfindən qeyd olunan halların araşdırılmadan kredit borcunun düzgün hesablanmaması qənaətinə gələrək icra qeydini ləğv etməsi əsassız və qanunsuzdur. Bildirmək istəyirlər ki, məhkəmə iş materiallarında olan sübutlar əsasında kredit borcunun hesablanması zamanı qeyd edilən 3906,74 manat dəbbə pulunun 36826,35 manat məbləğə mütənasib olmadığını, məhkəmədə şübhə doğurduğunu qeyd etmişdir. Bununla bağlı qeyd etmək istəyirlər ki, məhkəmədə şübhə doğuran xususi bilik tələb edən halların araşdırılması üçün mühəkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda, edilməmiş və məhkəmədə şübhə doğuran halları əsas gətirərək icra qeydinin ləğv edilməsini mümkün hesab etmişdir. Hesab edirlər ki, məhkəmə ekspertiza təyin etməli olduğu halda təyin etməyərək yekun məhkəmə aktının qəbul etməsi əsassız və qanunsuzdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı, digər cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən:
13. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.
14. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.
15. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
16. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
17. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər.
18. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər.
19. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
20. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.
21. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 425.1. Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
25. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
26. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
27. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin olunmamalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş icra qeydində qeyd edilən 3906,74 manat dəbbə pulu borcu əsas borc 36826,35 manat məbləğə mütənasib olmadığından, məhkəmədə şübhə doğurur. Qeyd edilənlərdən görünür ki, tələbkar tərəfindən notariat ofisinə təqdim olunan sənədlərdə borcun mübahisəsiz olduğu əks edilməmişdir. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsindən göründüyü kimi, icra qeydinin ləğv edilməsinə dair iddiaçının tələbi əsaslıdır.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və qeyd edir ki, apellyasiya baxışı zamanı iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1700 nömrəli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 21 fevral 2020-ci il tarixdən sonra aparılmış ödənişlər nəzərə alınaraq İddiaçı Cavabdeh1 ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: Sualda qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə: - əsas borc üzrə - 36849,20 manat, - faiz borcu üzrə - 2.585,98 manat. Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə: - əsas borc üzrə - 34.088,82 manat, - fazi borcu üzrə - 2.105,93 manat. Qeyd: İş materiallarından göründüyü kimi İddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablanmamışdır. Buna görə də hazırki tədqiqatdala İddiaçı cərimə hesablanmır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən, borcalan bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kreditin və faizinin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir.
41. Göründüyü kimi, ekspertiza rəyi ilə notariusun icra qeydində əks olunmuş kredit borcunun düzgün hesablandığı müəyyən edilmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir.
43. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçıdan tutulmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(005)- 1796/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi, artıq hesablanmış borcun silinməsi və ilkin müqavilənin şərtlərinin davam etdirilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.