Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4550/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehlərin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qəbul etdiyi 2(007)-2647/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə yazılmış əlyazma qəbzinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20677 ABŞ dollarının və təmir üçün xərclədiyi 7700 manatın, bank uçot dərəcəsi 6.874 ABŞ dollarının və 5928 manatın, əldən çıxmış fayda kimi 10.000 ABŞ dollarının və 3.000 manatın, cəmi 37.551 ABŞ dollarının və 16.628 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 ildir ki, Bakı şəhərində tikinti sahəsində işləyir. O, X2 təxminən 5 ildir ki, tanıyır və Möhləti tanıyanlar ona Şöhrət adı ilə də müraciət edirlər. 2013-cü il tarixdə Möhlət ona Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki çimərlikdə yerləşən “Marina Beach” istirahət mərkəzinin 5 ədəd kotecinin Amil adlı şəxs tərəfindən satılmasını demişdir. O, hər hansı bir ticarət məntəqəsi olsa həmin yeri alıb işlətmək istədiyini Möhlətə əvvəlcədən demiş və buna görə də Möhlət ona belə bir yerin olması barədə məlumat vermişdir. Həmin koteclərə baxmaq üçün Möhlətlə birlikdə Mərdəkanda çimərlikdə yerləşən “Marina Beach” istirahət mərkəzinə getmış, orada kassada oturmuş Cavabdeh1lə tanış olub söhbət etmişdir. Möhlətdən Amili hardan tanıması barədə soruşmamış və buna görə də bu barədə məlumatı yoxdur. Söhbət zamanı “Marina Beach” istirahət mərkəzinin 5 ədəd kotecini ümumilikdə 60.000 manata alacağı ilə razılaşmış və Amil ondan beh kimi pulun bir qismini istəmişdir. Onun Amillə razılaşması şifahi formada olmuş və Amil istirahət mərkəzini işlətdiyi üçün həmin istirahət mərkəzinin özünə məxsus olduğunu ona demişdir. X5 gedəcəyini dediyi üçün pulu oğlu Cavabdeh2 verməyi bildirmişdir. Həmin pulları verdiyi yeri və məbləği dəqiq olaraq xatırlamadığı üçün bu barədə məlumat verə bilmir. Sonuncu dəfə xx xxxxxx 2014-cü il tarixdə Xətai rayonu metronun “Əhmədli” stansiyasının yaxınlığında Amilin oğlu İsa ilə görüşdükdə İsa idarə etdiyi "KiaCerato” markalı ** GM *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və həmin görüşdə Möhlət də iştirak etmişdir. O, İsanın avtomobilində Möhlətin iştirakı ilə İsaya xatırlamadığı məbləğdə pul vermiş və ümumilikdə ona verdiyi cəmi pul barədə qəbz yazmağı istəmişdir. Buna görə də İsa öz xətti ilə rus dilində atası Amilin 60.000 manata ona satdığı obyektə görə cəmi 20.677 ABŞ dollar pul alması barədə öz xətti ilə qəbz yazıb vermişdir. Həmin əlyazma qəbzini o, İsa və Möhlət öz imzaları ilə imzalamışlar. Bundan sonra o, həmin 5 ədəd kotecləri təmir etdirməyə başlamış və tam təmir etdirmişdir. Təmir başa çatdıqdan sonra Amil ona demişdir ki, obyektin sahibi onların obyektdən çıxmasını tələb edir. O, isə Amilə niyə obyektin sahibi kimi özünü təqdim etdiyini soruşub ondan verdiyi 20.677 ABŞ dollar pulu və koteclər üçün təmir üçün xərclədiyi ümumilikdə 10.000 manat miqdarında pulların qaytarılmasını tələb etmişdir. Amil də ona həmin pulları qaytaracağını demiş, lakin çətinliklə də olsa Amildən təmirə xərclədiyi puldan 2.300 manat ala bilmişdir. Bundan sonra Amil ondan qaçmağa başlamış, telefon zənglərinə cavab verməmiş və ondan aldığı 20.677 ABŞ dollar və 7.700 manat pulu qaytarmayaraq ələ keçirib mənimsəmişdir. Dəfələrlə o, bu pulu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istəsə də, onlar müxtəlif bəhanələrlə həmin pulları ona qaytarmamışlar. O da məcbur olub onların qanunsuz hərəkləri barədə hüquq mühafizə orqanlarına yazılı ərizə ilə şikayət etmişdir. Ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılmış və bu fakta görə xx xxxxx 2016-cı il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi cinayət işi başlanılaraq istintaqa aparılmışdır. İstintaq zamanı şahid qismində dindirilərkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2014-cü ildə ondan 20677 (iyirmi min altı yüz yetmiş yeddi) ABŞ dollar aldıqlarını ifadələrində təsdiq etmişlər. xx xxxxxxx 2016-cı il tarixli qərarla həmin cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarla əlavə olaraq mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müracət etmək hüququ ona izah olunmuşdur. Sonradan Bakı şəhər Prokurorluğunda həmin cinayət işi öyrənilərək xx xxx 2019-cu il tarixli qərarla Cinayət işi üzrə icraata xitam verilməsi barədə xx xxxxxxx 2016-cı il tarixli qərar ləğv edilmiş və cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx xxx 2019-cu il tarixli qərarı ilə yenə də həmin cinayət işinin icraatına xitam verilmiş və mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixdə yazdığı qəbzə əsasən ondan 20.677 ABŞ dolları nağd pul almışdır. O da cavabdehi tanıdığına görə həmin pulları ona vermişdir. O, etiraf etdi ki, Cavabdeh1 20677 ABŞ dollarından 3000 manat pulu geri qaytarmışdır. Lakin geri qalan pulu verdiyi tarixdən 5 ildən artıq vaxt keçməsinə baxmarayaq cavabdehlər ondan aldıqları pulu qaytarmamış və bu öhdəliyi yerinə yetirməmişlər. Lakin bütün bunlara baxmayaraq, dəfələrlə xəbərdarlıq etsə də cavabdehlər öhdəliklərini yerinə yetirməmiş, apardığı danışıqlar heç bir nəticə verməmiş və ona olan borclarını qaytarmamışlar. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2647/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 16852 ABŞ dolları borcun, bank uçot dərəcəsinə görə 2207 ABŞ dollarının, ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul olunduğundan qanunsuz və əsassızdır. Qətnamə ilə razılaşmırlar. Belə ki, qətnamə çıxarılarkən onların iştirakı təmin olunmamışdır. İddianı qəbul etmirlər. İddiaçının məhkəmədə verdiyi ifadələr tamamilə yalandır. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi obyekt, yəni Marina Beach istirahət mərkəzinin qiyməti 9.000.000 manatdan çoxdur və həmin obyekt Cavabdeh1 icarəyə verilmişdir. 9.000.000 manatlıq və cavabdehin icarəsində olan obyekti necə 60.000 manata sata bilər? Cavabdehlər iddiaçıya hər hansı bir əmlak satmamışlar. Cavabdeh1 icarə əsasında ona verilmiş Marina Beach istirahət mərkəzini ili 60000 manat olmaqla Şöhrət adlı şəxsə icarəyə vermişdir. Lakin onlar Cavabdeh1 60.000 manatı nəğd qaydada verməmişlər. Hissə-hissə olmaqla cəmi 20667 ABŞ dolları pul ödəmişlər. Onlar da həmin obyekti icarədə işlətməyə başlamışlar. Həmin obyektin bütün personalını özləri yığmış və cavabdehlərin xəbəri olmadan üç ədəd kotteci sökmüşlər. Obyektin transformatorunu yandırmışlar. Bundan sonra Cavabdeh1 da onlardan icarə pulunu tam ödəməyi tələb elməyə başlamışdır. Onlar da icarə haqqını vermədiyinə görə, obyekti təxminən doqquz ay onların istifadəsində qalandan sonra işlətməyə başlamışdır və onlar dərhal gəlib obyekti işləyərkən icarə haqqını vermələrini tələb elmişdir. Lakin, onlar icarə haqqını vermədiyinə və obyekti yararsız vəziyyətə saldıqları üçün Cavabdeh1 oturub hamısını iddiaçı ilə haqq-hesab elmişdir və onlara verilməli olmadığı halda yerdə qalan pulu onlara vermişdir. Apelyasiya baxışı zamanı cavabdehlərin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək ona istinad etmişdi ki, birinci instansiya məhkəməsində cavabdehlərin iştirakı təmin edilməmişdir. Mübahisələndirilən obyektin qiyməti 9 milyon manat olduğu halda, onu necə 60000 manata satmaq olar? Həmin obyekt Şöhrət adlı şəxsin bir illik icarəsinə verilmiş və o da şəriki ilə birlikdə 60000 manata həmin obyekti icarəyə götürmüşdür. İcarə pulu da tam deyil, hissə-hissə verilmişdir. 2014-cü ilin may ayında icarə pulu verilmədiyindən Cavabdeh1 Şöhrət adlı şəxslə və İddiaçılə əlaqə saxlamışdır. Təxmini 3000 manat məbləğində pul iddiaçıya qaytarılmışdır. Yararsız vəziyyətə düşmüş obyekti Cavabdeh1 özü təmir etdirmiş, transformatoru düzəltdimiş və özü işlətməyə başlamışdır. Lakin sonradan o, təmir pulunu və icarə pulunu qaytarmağı və obyekti yenidən işlətməsini təklif etsə də, İddiaçı bununla razılaşmamışdır. Əslində obyekt satılmamış, icarəyə verilmiş və tərəflər arasında alqı-satqı müqaviləsi deyil, kirayə münasibətləri olmuşdur. Bununla bağlı cavabdehlərin nümayəndəsi və vəkili apellyasyia şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirmişdi ki, ona cavabdehlər tərəfindən koteclər kirayəyə verilməmişdi, satılmışdı. Həmin koteclərə görə də 60000 manat məbləğində pul ödəmişdir. Koteclərin təmirə ehtiyacı var idi. O, kotecləri təmir etdirmişdi. Lakin transformator digər obyektin səhvi ucbatından yandığından kotecləri heç bir saatlıq da işlədə bilməmişdir. Transformator onların təqsiri ucbatından yanmamışdır. Lakin obyektdən çıxarılmış və ödədiyi pul vəsaiti də geri qaytarılmamışdır. O, Şöhrəti daha əvvələdən tanıdığını, ona həmin ərazidə obyekt tapmaqda Şöhrətin köməklik göstərdiyini, yəni cavabdehlərlə onu tanış etdiyini, lakin sonradan Şöhrətin cavabdehlərlə əlbir olduğunu bildirmişdir. Şöhrətlə onun arasında heç bir anlaşma olmamış, o, pulu cavabdehlərə şəxsən vermiş və belə razılaşmışdılar ki, pulun qalan hissəsi tam ödənildikdən sonra obyektlərə dair onun adına çıxarış sənədi veriləcəkdir. Lakin bildirdiyi kimi, sonradan o, obyektləri işlədə bilməmiş, pulunun isə cavabdehlər yalnız 3000 manatını qaytarmışlar. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya şikayəti cavabdehlər tərəfindən verilib, birinci instansiya məhkəməsinin qətnaməsinin təmamilə ləğv edilərək, iddianın rədd edilməsi barədə olsa da, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdehlər qətnaməni onlardan iddiaçının xeyrinə 16852 ABŞ dolları məbləğində pulun tutulması ilə bağlı olan hissədə mübahisələndirir. Belə olan halda qətnamənin qanuniliyi və əsaslılığı iddianın “16852 ABŞ dolları məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması” hissəsində yoxlanılır. Həmçinin qətnamə iddiaçının iddiasının təmin olunmadığı hissələrdə də iddiaçı tərəfindən mübahisələndirməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, xx.xx.2014cü il tarixli qəbzə (i.v.34) əsasən Cavabdeh2 atası Cavabdeh1 60.000 manata satdığı obyektə görə 20.677 ABŞ dolları miqdarında pulu İddiaçı almışdır. Xətai RPİ-nin İstintaq şöbəsinin xx.xx.2016-cı il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı ilə ********* saylı cinayət işi üzrə başlanmış cinayət təqibinə və cinayət işinə xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2016-cı il tarixli məktubunun surətindən görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən 160116162№-li cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş və qəbul edilmiş qərarın surəti İddiaçı göndərilmişdir. İşdə olan “cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 şahid qismində dindirilərkən istintaqa verdiyi ifadəsində göstərmişdir ki, özü Moskva şəhərində olduğu üçün oğlu İsa vasitəsilə İddiaçı 20677 ABŞ dolları pulu hissə-hissə almışdır. Həmin pul “Marina Beach” istirahət mərkəzinin İddiaçı icarəyə verilməsi qarşılığında onun tərəfindən təmirə qoyulmuş pul idi. Onlar arasında razılıq pozulduğundan 2014-cü ilin iyul ayında 1200 manat, avqust ayında 800 manat, sonra isə oğlu İsa vasitəsilə 1000 manat pul olmaqla, cəmi 3000 manat pulu İddiaçı qaytarmışdır. Cavabdeh2 da şahid qismində dindirilərkən istintaqa verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı hissə-hissə aldığı 20677 ABŞ dolları pulu həmin vaxt Rusiya Federasiyasının Moskva şəhərində olan atası Amilə Bank vasitəsilə göndərmişdir. Bundan sonra bilmədiyi səbəbdən atası ilə onların razılaşması baş tutmamış və Ahmet verdiyi pulu tələb etmişdir. Bundan sonra atası müəyyən məbləğdə pulu qaytarmış, hətta atasının verdiyi 1000 manat pulu o, təxminən 2014-cü ilin avqust ayında İddiaçı vermişdir. Xətai RPİ-nin İstintaq şöbəsinin xx.xx.2019-cu il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı ilə də ********* saylı cinayət işi üzrə başlanmış cinayət təqibinə və cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarda da Cavabdeh1 və Cavabdeh2 eyni məzmunlu ifadələr vermişlər. Beləliklə, iş üzrə müəyyən olunmuşdu ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixdə 20677 ABŞ dolları məbləğində pul vermiş, Cavabdeh1 həmin pulun 3000 manatını 2014-cü ilin iyul-avqust aylarında geri qaytarmış, qalan məbləğ isə hal-hazıradək iddiaçıya qaytarılmamışdır. Qeyd olunan hallar cinayət işinin icraatına xitam verilməsi barədə qərarlarda da öz təsdiqini tapmışdır. Həmin qərarlarda yuxarıda da göstərildiyi kimi, cavabdehlər iddiaçıdan göstərilən məbləğdə pul alındığını və bunun 3000 manatının iddiaçıya qaytarıldığını etiraf etmişlər. Lakin sözügedən pul məbləğinin qaytarılmaması ilə bağlı iddiaçı ona dəymiş ziyanın ödənilməsi barədə hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası həmin hissədə qismən təmin olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın “16852 ABŞ dolları məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması” hissəsi üzrə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biri kimi təsbit edilmişdir (14.2.6). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki işdə iddiaçı Cavabdeh1 sonuncunun oğlu İsa vasitəsilə 20677 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə verdiyindən, bu pulun verilməsi iş materiallarında olan cinayət işinin icraatına xitam verilməsi barədə qərarlarda da öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi həmin pulun 3000 manat hissəsinin qaytarıldığı və bu faktın da etiraf olunduğuna əsaslanaraq qalan 16852 ABŞ dolları məbləğində pulun (Azərbaycan manatına olan məzənnə ilə) cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Bundan başqa apellyasiya baxışı zamanı cavabdehlərin nümayəndəsi və vəkili Xəqani Musayev tərəfindən “X4 və onun qardaşı Gündüzün şahid qismində dindirilməsi və ********* saylı cinayət işinin materiallarının Xətai rayon Polis İdarəsindən götürülməsi” barədə vəsatətlər verilmişdir. Məhkəmə kollegiyası tərəfindən şahid qismində dindirilməsi tələb olunan şəxslərin verəcəkləri ifadələrin hazırki mübahisə ilə bağlı müvafiq qərarın qəbul edilməsində mühüm əhəmiyyət kəsb etməyəcəyi, mülki işin içərisində ********* saylı cinayət işi üzrə başlanmış cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsi barədə qərarın mövcud olub, əhəmiyyətli olan faktiki halların da həmin qərarın məzmununda əks olunduğuna görə qeyd olunan cinayət işinin materiallarının tələb olunmasına zərurətin olmadığı nəzərə alınaraq vəsatətlər təmin edilməmişdir. O ki qaldı cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən apellyasiya baxışı zamanı verilmiş “iddia müddətinin tətbiqi” barədə ərizəyə, bu barədə qeyd olunmalıdır ki, hazırki iddia iddiaçının cavabdehlərə verdiyi pul vəsaitinin qaytarılmaması ilə bağlı ona vurulmuş ziyanın ödənilməsi barədədir ki, belə tələblər üzrə də mülki qanunvericilikdə xüsusi iddia müddəti müəyyən olunmamış, ümumi iddia müddəti olan 10 illik müddət isə iddiaçı tərəfindən ötürülməmişdir. Apellyasiya şikayətinin “cavabdehlər tərəfindən iddiaçıya hər hansı bir əmlakın satılmadığı, adı çəkilən obyektlərin icarəyə verilməsi və razılaşdırılan pul məbləğinin də icarə haqqı olaraq müəyyənləşdirildiyi” barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil cavabdehlər tərəfindən bu halları təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilməməsi səbəbindən əsassızdır və qəbul edilməməlidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi MPMnin 385.2-ci maddəsinin tələbləri baxımından mübahisələndirilən- “16852 ABŞ dolları məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması” hissəsində qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyantlara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2647/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- “cavabdehlərdən müştərək qaydada qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 16852 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən X.A.Cəmilova
Məhkəmə qərarları › İş №2(103)-4550/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4550/2020
04.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver