Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4552/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması barədə” iddia ərizəsi ilə bağlı 2(010)-1179/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(106)-1112/2016 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulmalı olan 60 manat sabit pul məbləğində və aylıq qazancının ¼ hissəsi miqdarında alimentin məbləğinin azaldılması, həmin məbləğin aylıq qazancının 1/3 hissəsinin yarısı məbləğində (aylıq qazancın 1/6 hissəsi) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli qətnaməsi ilə 21 yanvar 2016-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay iddiaçıdan 100 manat miqdarında aliment tutularaq Cavabdeh verilməsi, alimentin tutulmasının 03 fevral 2016-cı il tarixdən hesablanması qət edilmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin 03 avqust 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli qətnaməsinin alimentin müəyyən edilməsi hissəsində dəyişdirilərək 21 yanvar 2016-cı ildə doğulmuş X1 üçün iddiaçıdan hər ay sabit pul məbləğində 60 manat və aylıq əmək haqqının ¼ hissəsinin alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra iddiaçının Cavabdeh ilə aralarındakı nikah qeydləri pozulmuş və bu barədə 05 oktyabr 2017-ci il tarixdə müvafiq qeydiyyat aparılmışdır. İddiaçı Lənkəran rayon sakini X3 ilə ailə həyatı qurmaqla onunla faktiki nikahından 24 mart 2021-ci il təvəllüdlü Əhmədov Məhəmməd adlı bir uşağı doğulmuşdur. Həmin qətnamə ilə iddiaçının aylıq qazancının ¼ -nin və əlavə 60 manat bir uşağa görə verilməsi müəyyən edilsə də, digər qadınla olan nikahından doğulmuş uşağın saxlanılması isə müəyyənləşdirilməmiş və bu vəziyyətdə həmin uşağın saxlanılması üçün əmək haqqı az miqdarda qalmışdır. Cavabdeh isə Lənkəran rayonu Kərgəlan kənd orta məktəbində riyaziyyat-fizika müəlliməsi işləməklə və əlavə olaraq repititorluq fəaliyyəti ilə məşğul olmaqla, həmçinin təhsillə bağlı kurslarda da işləməklə kifayət qədər yüksək qazanc əldə edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nə təqdim etdiyi aliment təyinindən sonra cavabdehin gəlirləri barədə, nə də ailə vəziyyətində olan dəyişikliyə dair sübütları nəzərə almamış, bununla bağlı bir çox sübutlarına ümümiyyətlə qiymət verməmiş, onları qəbul etməməsini əsaslandırmamış, cavabdehin iddiaçıdan hansı məbləğdə aliment almasını araşdırmamışdır. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın rədd edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azəbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76.1-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyində böyük məsləhətçi işləyir və aylıq əmək haqqı 505 manat təşkil edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, uşaqların maddi və mənəvi tələbatının ödənilməsində hər iki valideynin məsuliyyəti eynidir, uşaqlara diqqət və qayğı göstərilməsi dövlətin əsas məqsədlərindən biridir. İddiaçının yenidən ailə həyatı qurması və yeni övladının dünyaya gəlməsi onun yetkinlik yaşına çatmayan uşağına münasibətdə aliment öhdəliklərindən tam və ya qismən azad olunması üçün əsas kimi qəbul edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(010)- 1179/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4552/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4552/2022
28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver