Məhkəmə qərarları › İş №2(103)-4561/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4561/2021

14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4561/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6752/2019 saylı, 21 noyabr 2019cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.02.2010-cu il təvəllüdlü X2 və 14.02.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay üçün hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6752/2019 saylı, 21 noyabr 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkməsində məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməmiş, rayon məhkəməsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsinə bildiriş göndərmişdir, halbuki həmin vaxt o 17 saylı Cəzaçəkmə Müəssisəsində olmuşdur. Məhkəmə onun iştirakını təmin etmək üçün heç bir tədbir görməmiş, formal bildiriş göndərməklə kifayətlənmiş, bununla da o məhkəmədə dinlənilmə hüququndan məhrum olmuşdur. Qeyd olunanlara əsasən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin müdafiə edərək, qətnamə qəbul edilərkən cəzaçəkmə müəssisəsində olduğunu, məhkəmə iclasında iştirakının təmin olunmadığını, işsiz olduğunu, maddi çətinliyi olduğunu, həmçinin aliment barədə qətnamə qəbul olunandan sonra onun uşaqların atası olmasının müəyyən olduğunu bildirdi. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəməyə göndərdiyi ərizədə apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Ağdam Rayon Məhkəməsinin 28 aprel 2011-ci il tarixli 2(13)-230/2011 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh ilə qeyri-rəsmi nikahlarından doğulmuş 25 oktyabr 1995-ci il təvəllüdlü İsmayılova Ülkər Abbas qızı, 14 fevral 2010-cu il təvəllüdlü X3 və 14 fevral 2010-cu il təvəllüdlü X1 anası iddiaçı – İddiaçı Hüseyn qızının öhdəsində olamsı faktı müəyyən edilməsi qət etmişdir. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)- 164/2021 saylı, 05.05.2021-i il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və sair” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 14.02.2010-cu il təvəllüdlü X2 və X1 atası olması müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbləri təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya bununla bağlı qeyd edir ki, mülki işdə olan məhkəmə məktubu ilə müəyyən edilir ki, cavabdehin cəza şəkdiyi müəssisəyə məhkəmə iclası barədə müvafiq məktub göndərilmişdir (i/v 12, 15). Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, rayon məhkəməsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsinə bildiriş göndərmişdir, halbuki həmin vaxt o 17 saylı Cəzaçəkmə Müəssisəsində olmuşdur. Məhkəmə onun iştirakını təmin etmək üçün heç bir tədbir görməmiş, formal bildiriş göndərməklə kifayətlənmiş, bununla da o məhkəmədə dinlənilmə hüququndan məhrum olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, mülki iş materiallarına əsasən cavabdeh qətnamə çıxarılan vaxt, həqiqətən, cəzaçəkmə müəssisəsində olmuş, birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsinə cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məktub göndərməsinə baxmayaraq, cavabdehin məhkəmə iclasında iştirakı təmin etmək üçün hər hansı bir tədbir görməmiş, bununla, ədalət mühakiməsinin çəkişmə prinsipi əsasında həyata keçirilməsi tələbi pozulmuşdur və bu hal qətnamənin ləğv edilməsi üçün əsasdır. Bundan əlavə, İddiaçı tərəfindən məhkəməyə göndərilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-164/2021 saylı, 05.05.2021-i il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və sair” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 14.02.2010-cu il təvəllüdlü X2 və X1 atası olması müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-6752/2019 saylı, 21 noyabr 2019-cu il tarixli qətnaməsi qəbul olunan vaxt Cavabdeh 14.02.2010-cu il təvəllüdlü X2 və X1 atası olması müəyyən olunmamışdır ki, bu da maddi hüquq normasının pozuntusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, Kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdehin işləmədiyini, maddi imkanın aşağı olmasını əsas gətirməsi iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmin qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 19-cu maddəsinin tələbinə görə uşağın maddi və mənəvi tələbətlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Beləliklə, Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyindən qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, uşaqların üstün hüquqi mənafeyini və qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbləri təmin olunmalı, 14.02.2010-cu il təvəllüdlü X3 və 14.02.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsində göstərilmişdir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia tələbləri təmin olunmalı, 14.02.2010-cu il təvəllüdlü X3 və 14.02.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6752/2019 saylı, 21 noyabr 2019cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. 14.02.2010-cu il təvəllüdlü X3 və 14.02.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulma müddəti 21 oktyabr 2019-cu il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar