Məhkəmə qərarları › İş №2(103)-4564/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4564/2021

04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4564/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 qarşı «cehiz əmlakının və qızıl-ziynət əşyalarının qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(004)-2425/2021 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 qarşı «cehiz əmlakının və qızıl-ziynət əşyalarının qaytarılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, iddiaçı iddianın təmini tədbiri barədə ərizə verərək, gəlin köçdüyü ünvan 1 2A nömrəli evin 22 nömrəli mənzilində yerləşən özünə məxsus olan iddia ərizəsində göstərilən əmlakların özgəninkiləşdirilməsi və satılmasının qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(004)- 2245/2021 saylı qərardadı ilə (hakim Vahid Hacıyev) ərizə təmin edilmiş, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmə tədbiri kimi cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 1 2A nömrəli evin 22 nömrəli mənzilində yerləşdiyi iddia edilən adları iddia ərizəsində göstərilən və İddiaçı məxsus olduğu iddia edilən aşağıdakı əmlakların siyahıya alınması, özgəninkiləşdirilməsinin və satılmasının cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh2 həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Cavabdeh şikayəti – qərardadın əsassız olması, mübahisə predmeti olan əşyaların iddiaçıya məxsus olmaması, onların əksəriyyətinin onun vəsaiti hesabına alınması, həmçinin iddia olunan əşyaların hamısının iddiaçıya hədiyyə olunmaması, qiymətlərinin şişirdilməsi, iddia olunan əşyaların başqa mənzildə yerləşməsi kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi şikayəti müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçı ünvan 1 2A nömrəli evin 22 nömrəli mənzilinə deyil, ünvan 1 12 nömrəli evin 170 nömrəli mənzilinə gəlin köçmüşdür və bəzi əşyaları həmin ünvanda yerləşir. İddiaçı isə əsassız olaraq ünvan 1 2A nömrəli evin 22 nömrəli mənzilini qeyd etmişdir. Həmçinin qeyd edirlər ki, qərardad faktiki olaraq icra edilmiş, icra məmurları tərəflərin iştirakı ilə ünvan 1 12 nömrəli evin 170 nömrəli mənzilində yerləşən əmlakları siyahıya almışlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti əsassız sayaraq təmin olunmamasını xahiş etmiş, həmçinin göstərmişdir ki, iddia etdiyi əşyalar ünvan 1 2A nömrəli evin 22 nömrəli mənzilində deyil, cavabdehə məxsus digər mənzildə, yəni ünvan 1 12 nömrəli evin 170 nömrəli mənzilində yerləşir. O, texniki səhv olaraq ünvanı yanlış göstərmişdir. Lakin bu hal qərardadın ləğvinə əsas ola bilməz. Həmçinin qeyd edir ki, qərardad faktiki olaraq icra edilmiş, icra məmurları cavabdeh tərəfin iştirakı ilə ünvan 1 12 nömrəli evin 170 nömrəli mənzilində yerləşən, ona məxsus əmlakları siyahıya almışlar. Mülki iş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra ünvanla bağlı dəqiqləşdirmə təqdim edəcəkdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edçən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in 158.1 və 158.1.2-ci maddələrinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İşdən görünür ki, mübahisə predmeti olan əşyalar (cehiz və qızıl-zinət əşyaları) iddia tələbinin obyektini təşkil edir ki, iddiaçı da həmin əmlakların cavabdehlərin qanunsuz sahibliyindən alınmasını (vindikasiya barədə iddia) tələb etmişdir. Cavabdehin şikayətdə göstrədiyi dəlillər isə əsasən iddia tələbinin mahiyyətinə (mübahisə predmeti olan əşyaların iddiaçıya məxsus olmaması, onların əksəriyyətinin cavabdehin vəsaiti hesabına alınması, qiymətlərinin şişirdilməsi və s.) aid olmaqla, onlara hazırki icraat çərçivəsində deyil, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışında hüquqi qiymət verilə bilər. Bununla yanaşı, cavabdeh şikayətdə iddia olunan əşyaların qərardadda göstərilən ünvanda deyil, başqa mənzildə yerləşməsini göstərmişdir. İddiaçı ünvan barədə texniki səhvə yol verdiyini, lakin qərardadın faktiki olaraq aidiyyəti ünvan üzrə icra olunduğunu, əmlaklarının siyahıya alındığını göstərmişdir. Eyni zamanda, cavabdeh tərəf bu halı təsdiq edərək qərardadın icra məmurları tərəfindən onların iştirakı ilə faktiki olaraq icra edilməsini, ünvan 1 12 nömrəli evin 170 nömrəli mənzilində yerləşən əmlakların siyahıya alınmasını göstərmişdir. Göründüyü kimi, iddianın təmin olunması barədə qərardad faktiki aidiyyəti ünvan üzrə icra olunmuşdur. Qərardadda ünvanın fərqli göstərilməsi isə yanlışlığın aradan qaldılıması və s. prosessual əsasla aradan qaldırıla bilər. Bu hal qərardadın ləğvinə əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları, habelə iddianın təmini tədbinin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 qarşı «cehiz əmlakının və qızıl-ziynət əşyalarının qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(004)-2425/2021 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(004)- 2425/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar