Məhkəmə qərarları › İş №2(103)-4565/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4565/2023

05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4565/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin məbləğinin alınma üsulunun dəyişdirilməsi və sabit pul məbləğində tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin alınma üsulunun dəyişdirilməsi və sabit pul məbləğində tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-791/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflər 25 aprel 2004-cü il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı övladları olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2385/2022 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanmaları üçün Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) ½ hissəsi məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2385/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin alınma üsulu dəyişdirilərək, Cavabdeh birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü Həsənin, xx.xx.2010-cu il təvəllüdlü Rəşidənin və xx.xx.2012-ci il təvəllüdlü Yusifin yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay uşaq üçün 250 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində aliment, habelə mediasiya prosesində ödədiyi 50 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü ildə Xaçmaz rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları anadan olmuşdur: xx.xx.2008-ci ildə Həsən, xx.xx.2010-cu ildə Rəşidə və xx.xx.2012-ci ildə Yusif. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)- 2385/2022 saylı qətnaməsinə əsasən Cavabdeh birgə nikahdan olan uşaqlarının saxlanılması üçün 01 iyul 2022-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment alınaraq ona verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsində mülki işə baxılan zaman cavabdehin rəsmi iş yeri mövcud idi və o stabil aylıq məvacib alırdı. Hal-hazırda cavabdehin iş yeri yoxdur və alimentin ödənilməsində problemlər yaranıb. Buna görə də, onun ona 1600 manat aliment borcu yığılıb. Bu formada davam etsə, aliment borcu hər ay artacaq. Bununla da, qətnamənin icra etmək mümkün olmayacaq və uşaqların qanunla qorunan hüquqları pozulacaqdır. Özü Xaçmaz şəhərində yaşayıb və orta məktəblərin birində müəllimə işləyir. Aylıq gəliri yalnız əmək haqqından ibarətdir. Ərzaqların və digər malların qiyməti günü-gündən artır. 3 uşağı təkbaşına böyütmək çox çətindir. Başqa heç bir köməyi yoxdur. Aylıq maaşı ilə yalnız kommunal xərcləri və cüzi miqdarda ərzaqların xərclərini qarşılaya bilər. Uşaqları isə böyüyür və onların tələbatları da artır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(009)-791/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2385/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin alınma üsulu dəyişdirilərək, Cavabdeh 02 oktyabr 2008-ci il təvəllüdlü X4, 02 fevral 2010cu il təvəllüdlü X2 və 13 mart 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin, mediasiya prosesində ödənilmiş 50 (əlli) manat rüsumun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X7 iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanunla 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin qismən təmin edilməsini, cavabdehdən tutulan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini zəruri hesab edir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(009)-791/2023 saylı qətnaməsinin “dəyişdirilərək alimentin azaldılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın ilə alimentin ödənilməsi hissəi ilə razı deyil. Birinci instansiyada iştirak edərək o hər ay uşaqlarının saxlanılması üçün 400 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmiş, qeyd etmişdir ki, əvvəl işləyirdi və hər ay aliment ödəyirdi. Sonra iddiaçı onun iş yerinə şikayət etdiyinə görə onu işdən çıxartdılar. Hazırda isə onun 400 manat məbləğində aliment pulu ödəməyə imkanı çatır. Məhkəmə iş üzrə ədalətsiz qərar qəbul edərək yüksək məbləğdə aliment kəsmiş, onun o pulu haradan ödəyəcəyini nəzərə almamış, icra edə bilməyəcəyi qətnamə qəbul etmişdir. Onun hər hansı bir obyekti yoxdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz ərizəsi daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin 2 mağazası vardır və mağaza qardaşının adınadır. Bu yaxınlarda cavabdeh yeni maşın almışdır. Cavabdeh nə alırsa, nə edirsə qardaşının adına edir. Öhdəliyində 3 uşağı vardır. O, müəllimədir, əmək haqqısı saata görə hesablanır. Bu il məktəbdə uşaq yoxdur deyə sinif yığılmır. Böyük uşağı 9-cu sinifdir, 10-cu sinifə keçir, ona müəllim tutmalıdır, bundan əlavə yeməyi, kommmunalı vardır, bu məbləğlə çatdıra bilmir. Cavabdehin Xaçmaz şəhərində bir qida mağazası və playstation zalı vardır. Cavabdeh əmək haqqı alan zaman da 1600 manat borc yığılmışdı, onu da verməmişdir. Onun əlavə gəlir yeri, hazırlığı da yoxdur. İxtisası coğrafiya müəllimidir, kənddə işləyir. Kənd əhalisi hazırlığa da gəlmir. Cavabdeh uşaqlarla maraqlanmır.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın qismən təmin olunmuş hissəsinin dəyişdirilməsi, iddianın 400 manat məbləğində qəbul edilməsi və müəyyən olunmuş alimenti həmin məbləğə qədər azaldılması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində, lakin cavabdehin aliment məbləğini qəbul etmədiyi həcmdə (220 manat) yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

17. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

18. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

19. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-nin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

21. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

22. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

23. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

24. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının”18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “tutulmuş alimentin məbləği” hissəsində dəyişdirilməlidir.

28. İş materiallarından göründüyü kimi məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın - iddiaçının himayəsinə verilməsini, cavabdehin isə heç yerdə işləməməsini nəzərə alaraq hesab etmişdir ki, tərəflərin ümumi uşaqlarının saxlanılmaları üçün cavabehdən iddiaçının xeyrinə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumuna uyğun sabit pul məbləğində aliment tutulmalıdır.

29. Ailə qanunvericiliyinin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişəndirsə, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması mümkündür. Bundan başqa, müvafiq maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür.

30. Məhkəmə kollegiyası cavabdehin mövcud vəziyyətdə heç yerdə işləməməsini nəzərə almış birinci instansiya məhkəməsinin alimentin sabit pul məbləğində tutulmalı olmasına dair qənaəti ilə razılaşsa da hesab edir ki, mübahisələndirilən qətnamə ilə müəyyən edilmiş alimentin məbləği kifayət qədər yüksəkdir və məhkəmə aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq bütün halların mövcudluğunu nəzərə almamışdır.

31. Halbuki ailə qanunvericiliyində sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halların araşdırılmalı olması müəyyən edilir, lakin bu zaman uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması həlledici amil kimi göstərilir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

32. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

34. Beləliklə məhkəmə uşaqların əvvəlki təminatının səviyyələrinin mümkün qədər maksimal saxlanması üçün ödəmələrin miqdarını müəyyənləşdirən halları, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-791/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.

35. Məhkəmə iddianı qismən təmin etməklə gəldiyi qənaəti iddiaçı tərəfin cavabdehin əlavə gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi və bununla da onun alimenti iddia ərizəsində göstərilən məbləğdə ödəmək imkanına malik olmasını sübuta yetirmədiyi ilə əsaslandırır. Bununla belə kollegiya qeyd edir ki, hazırda tutulması qət edilən aliment məbləği uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi baxımından ədalətlidir, bundan daha az məbləğdə aliment tutulması uşaqların mənefələrinin əhəmiyyətli dərəcədə pozulması hallarını yarada bilər.

36. Kollegiya eyni zamanda qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.

37. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

38. Digər tərəfdən məhkəmə kollegiyası cavabdehin iddianı 400 manat məbləğində qəbul etməsini və müəyyən olunmuş alimentin həmin məbləğə qədər azaldılmasını xahiş etdiyini nəzərə alaraq qeyd edir ki, hazırda qətnamənin mübahisələndirilən hissəsinin məbləği 2.640 (660-220*12) manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-791/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi “tutulmuş alimentin məbləği” hissəsində dəyişdirilsin. İddia bu hissədə qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində İddiaçı xeyrinə tutulan alimentin məbləği hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar