Məhkəmə qərarları › İş №2(103)-4566/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4566/2021

22.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4566/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(004)-321/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 28 fevral 2018-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, qeyri-rəsmi nikahda olduğu şəxs X3 hazırkı iş üzrə Cavabdeh qohumu X4 qarşı dələduzluq edərək, onun 10000 manat pulunu mənimsədiyinə görə N.Zülfüqarova qarşı cinayət işi başlanmış, həmin vaxt N.Zülfüqarov ondan xahiş etmişdir ki, S.Orucov şikayətini geri götürməsi və ondan şikayət etməməsi üçün sonuncunun qohumu Cavabdeh ilə kredit müqaviləsi bağlasın. N.Zülfüqarov ona bildirmişdir ki, cinayət məsuliyyətindən azad olunandan sonra həmin borcu özü ödəyəcək. O da inanıb Cavabdeh ilə 28 fevral 2018-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. N.Zülfüqarov cinayət məsuliyyətindən azad olunsa da, borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh ona qarşı pul tələbinə dair iddia tələbi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, iddia təmin olunmuşdur. Kredit müqaviləsində göstərilən 3000 manat məbləğində pul cavabdeh tərəfindən ona verilmədiyinə görə müqavilənin ləğv edilməsini tələb edir. O, cavabdehi tanımır. Ümumiyyətlə notariat kontorunda müqavilə bağlanarkən cavabdeh ona nağd pul verməmiş, nə də ki notariusun depozit hesabına pul köçürülməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(004)- 321/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə çıxarılarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X2 iddiaçının müxtəlif bəhanələrlə oğlu Şaiqə olan borcunu qaytarmaqdan boyun qaçırdığını, birinci instansiya məhkəməsinin qətnaməsinin düzgün, apellyasiya şikayətinin isə əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(004)-321/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, borcverən Cavabdeh ilə borcalan İddiaçı arasında 28 fevral 2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən borcverən borc alana 3000 manat məbləğində pul borc vermiş, borcalan isə həmin borcu 01 yanvar 2019-cu il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi Cavabdeh və borcalan İddiaçı tərəfindən imzalanmış, Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq olunaraq, reyestrdə 3M-180 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. Qusar Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(029)-205/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin olunaraq, cavabdehdən 3000 manat borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia ərizəsində kredit müqaviləsinin formal olaraq bağlandığını, cavabdeh tərəfindən ona pul məbləğinin verilmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı bunu sübut edə bilməmiş, məhkəmə iclasında iddiaçının qeyd etdiyi əsaslar aşkar edilməmişdir. Bundan əlavə, mübahisələndirilən kredit müqaviləsi tərəflər arasında pul tələbinə dair Qusar Rayon Məhkəməsində baxılmış iş üzrə iddia tələbinin əsasını təşkil edən sübut kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(004)- 321/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar