Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4582/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkidə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1959/2022 saylı, 07.04.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 avqust 2007-ci il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2016-cı il tarixli, 2(103)- 7859/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, minimum miqdarda sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1959/2022 saylı, 07.04.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası şikayəti mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək belə hesab edir ki, iddiaçı tərəfindən verilən şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 108.1.7-ci maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (maddə 361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.2). Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə apelyasiya instansiyası iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hazırkı halda iddiaçı tərəfindən rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu ödənilməmişdir, iddiaçı apellyasiya şikayətində qeyd edir ki, şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar rüsumdan azaddır. Kollegiya qeyd edir ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən, dövlət rüsumundan azad olunmasına istinad etmişdir, lakin hazırkı iddia tələbi həmin maddənin təsiri altına düşmür. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətinə ümumi xəstəlik (gözdən) ikinci qrup əlil olması barədə 022317 saylı vəsiqənin surətini əlavə etmişdir (i/v 143). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsində göstərilir ki, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər rüsumdan azaddır. Qeyd olunan normadan məlum olur ki, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər rüsumdan azad hesab olunur. Hazırkı halda, iddiaçının 022317 saylı vəsiqəsindən müəyyən olunur ki, onun əlilliyi ümumi xəstəliklə bağlı olduğundan həmin maddənin təsiri altına düşmür. Mülki iş materiallarından da görünür ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmiş, birinci instansiya məhkəməsi isə şikayəti geri qaytarmaq əvəzinə, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Yaranmış bu hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qanunverciliyin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Binəqədi Rayon Məhkəməsinin 2(001)-1959/2022 saylı, 07.04.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4582/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4582/2022
07.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver