Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4585/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərər, əsassız varlanma obyektinin qaytarılması, tapşırıq müqaviləsi, iddiaya cavab verməli olan şəxs) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil Vəliyəddin oğlunun iştirakı ilə İddiaçı X4 qarşı “borcun, habelə maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə X6 qonşudurlar və sonuncu, əvvəllər polis orqanlarında işləməklə hazırda təqaüddədir. İddiaçı Nəvail Quliyevin polis orqanlarında işləmiş olmasına görə hazırda da əlaqələrinin olduğunu güman edərək qızının DİN-nin “102 Xidməti”ndə işə düzəlməsinə köməklik göstərməsini xahiş etmiş, Nəvail Quliyev isə “X10”nda işləyən tanışının olduğunu, onunla söhbət edib cavab verəcəyini demişdir. Bir müddətdən sonra X11 Səfərəliyevə qızının DİN-nin “102 Xidməti”ndə işə düzəlməsi üçün 12 000 manat tələb olunduğunu bildirmiş, İddiaçı həmin pul vəsaitini Nəvai Quliyevə vermiş, sonuncu isə pulu Teymur Teymurov adlı şəxsə vermişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə, Teymur Teymurov Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək məhkum olunmuş, həm Nəvail Quliyev, həm də digər şəxslərlə bərabər İddiaçı də 12 000 manat pulunu ələ keçirməsi epizodu ilə bağlı ittiham irəli sürülmüş, iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, lakin məhkəmə baxışında Teymur Teymurova qarşı tələbinin olmadığını bildirmişdir. Göstərilən pul vəsaitinin 3000 manat hissəsi həmin cinayət işinin icraatı dövründə İddiaçı geri qaytarılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
2. Elxan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9000 manat qaytarılmayan borcun, 900 manat borcun gecikdirməsinə görə faizin, 5000 manat mənəvi ziyanın əvəzinin və 135 manat dövlət rüsumunun, yəni ümumilikdə 14 635 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, qonşusu olan cavabdehin uzun illər polis orqanlarında xidmət etdiyini bildiyindən və cavabdeh müxtəlif dövlət strukturlarında sözü keçən tanışlarının olduğunu söylədiyindən bir gün söhbət əsnasında ali təhsilli qızı Gültacın neçə illərdir işsiz qaldığını cavabdehə bildirmiş, cavabdeh demişdir ki, “X10”nda işləyən bir tanışı var və müəyyən haqq müqabilində uşağı işə düzəldə bilərlər. Qızının DİN-in “102 xidməti”ndə işləmək istədiyini bildirmiş, cavabdeh tanışı ilə söhbət edəcəyini və cavabını yaxın zamanda ona bildirəcəyini demişdir. Cavabdehin uzun müddət polisdə xidmət etdiyi üçün sözünə dürüst bir şəxs olduğuna inanıb onun vasitəçiliyi ilə qızını işə düzəltmək qərarına gəlmiş, növbəti görüşdə cavabdeh bildirmişdir ki, DİN-in “102 xidməti”nə işə düzəlmək üçün 12 000 manat pul tələb olunur. Bu pulu adını ona söyləmədiyi tanışı “X10”na köçürdükdən sonra qızını “102 xidməti”nə işə qəbul edəcəklər. Cavabdehin bu sözlərinə inanmış və tələb olunan məbləği düzəltmək üçün "xxxx" ASC-dən müəyyən məbləğdə kredit götürmüşdür. 2019-cu ilin aprel ayında 12 000 manatı şəxsən cavabdehə vermiş, cavabdeh pulu ondan qəbul etmiş və bildirmişdir ki, ondan cavab gözləsin. Üstündən uzun müddət keməsinə baxmayaraq qızının iş görüşməsinə dəvət olunmadığını cavabdehə bildirmiş, sonuncu onu sakitləşdirərək narahat olmamasını, pulu lazımı şəxsə çatdırdığnı, hər şeyin yaxşı olacağını bildirmişdir. 2020-ci ilin iyun ayının sonunda təkrarən cavabdehdən məsələ ilə maraqlananda o, bildirmişdir ki, pulu verdiyi adam onu aldadıb və həmin şəxs barəsində Xətai rayon Polis İdarəsinə şikayət edib, sonuncunun barəsində cinayət işi açılıb. O da Xətai Rayon Polis İdarəsinə gedərək ifadə vermiş və zərərçəkmiş şəxs qismində işə cəlb olunmuşdur. İstintaq zamanı ona bildirilmişdir ki, cavabdeh ondan aldığı pulu Teymurov Teymur adlı şəxsə verib və o da həmin pulları mənimsəyib, bu səbəblə də ona qarşı dələduzluq maddəsi ilə ittiham elan olunub. İstintaqın gedişi zamanı təxminən yanvar ayının əvvəllərində cavabdeh ona 3000 manat pul qaytarmış və demişdir ki, pulu ona Teymur verib, tutulmaq istəmir və yaxın vaxtlarda da qalan məbləği də qaytaracaq. Lakin müddət keçsə də, ona heç bir məbləğ qaytarılmamışdır. Cinayət işi baxılması üçün cari ilin fevral ayında məhkəməyə göndərilmiş, məhkəmə istintaqı zamanı təsirləndirilən şəxs Teymur Teymurov cavabdehin ittihamlarının heç bir hüquqi əsası olmadığını, ondan hər hansı bir məbləği, o cümlədən qızı Gültacı işə düzəltmək adı ilə 12 000 manatı almadığını bildirmişdir. Cavabdeh isə ondan aldığı məbləği Teymur Teymurova verdiyini sübuta yetirə bilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə mülki iddia təqdim edərək, təqsirləndirilən şəxs Teymur Teymurovdan ona dəymiş zərərə görə 56 500 manatın xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Teymur Teymurovun cinayətkar əməlləri nəticəsində ona 56 500 manat ziyan dəymişdir. Guya o, iş üzrə zərərçəkənlərdən aldıqları borcların hamısını, o cümlədən ondan aldığı 12 000 manatın hamısını qaytarmışdır. Deyilənlər ona münasibətdə həqiqəti əks etdirmir. Məhkəmə istintaqı zamanı da cavabdehin ondan aldığı 12 000 min manatı Teymur Teymurova verməsi epizodu öz təsdiqini tapmamışdır. Məhz bu səbəblə də cinayət işi ilə təqsirləndirilən şəxs X5 barəsində çıxarılmış Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə o, T.Teymurovun cinayətkar əməllərindən zərərçəkmiş şəxs qismində tanınmamışdır. Cavabdeh istər yuxarıda göstərilən cinayət işinin istintaqı zamanı, istərsə də məhkəmə istintaqı zamanı və eləcə də məhkəməyə təqdim etdiyi mülki iddiada ondan 12 000 manat aldığını etiraf etmişdir və həmin puldan 3000 manat qaytarmışdır. Cavabdehin hüquqazidd əməlləri nəticəsində ona 9000 manat ziyan dəymişdir. Bankdan götürdüyü krediti vaxtında qaytara bilmədiyi üçün əlavə 2000-3000 manat faiz ödəməli olmuşdur.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı pulu qızının işə düzəlməsi məqsədilə başqa bir şəxsə (Teymur Teymurova) çatdırmaq üçün cavabdehə vermiş, sonradan ona da bəlli olmuşdur ki, həmin pul cavabdeh tərəfindən X2 verilmiş, Teymur Teymurov isə digər şəxslərlə bərabər iddiaçının da pulunu mənimsədiyi üçün onun barəsində cinayət işi başlanmış və o, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə də təsdiq edilir ki, qızının işə düzəlməsi məqsədilə iddiaçının cavabdehə verdiyi 12 000 manat pulu sonuncu Teymur Teymurova vermişdir. Göründüyü kimi, iddiaçıya maddi zərəri vurmuş şəxs cavabdeh deyil, X3r. Teymur Teymurovun iddiaçıya maddi zərər vurulması ilə bağlı hərəkətinin qanunazidd olması, həmin zərərin vurulmasında onun təqsirli olması və Teymur Teymurovun iddiaçıya zərər vurmasına səbəb olan əməli ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqənin olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə öz təsdqini tapmışdır. Hətta iddiaçı, Teymur Teymurovun barəsində aparılan cinayət işi üzrə (qızının işə düzəlməsi məqsədilə iddiaçının cavabdehin vasitəsilə verdiyi 12 000 manat pula dair epizod üzrə) zərərçəkmiş şəxs qismində tanınmışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsi də tələb edir ki, mülki hüquq pozuntusu nəticəsində zərər onu vurmuş şəxsdən tələb edilməlidir. İddiaçıya maddi zərəri Teymur Teymurovun vurması ilə bağlı cinayət hadisəsinin olması isə qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə öz təsdiqini tapmışdır. ...Beləliklə şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, Teymur Teymurov iddiaçının 9000 manatdan ibarət pul vəsaitini (əvvəl 12 000 manat pul vəsaiti ələ keçirilsə də, sonradan 3000 manat hisssəsi qaytarılmışdır) dələduzluq yolu ilə ələ keçiriməklə ona maddi zərər vurduğundan, iddiaçı hazırkı iddia tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı deyil.
6. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, Mülki Məcəllənin385.1-ci, 386.1-ci, 1096.1-ci, 1096.2-ci və 1097.1-ci, habelə Mülki Prosessual Məcəllənin 82.4-cü maddələrinə istinad etmişdir.
7. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət belə əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmiş, onunla cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətin yarandığını və məhz, ona tapşırılan işi yerinə yetirməyən cavabdehin onun qarşısında məsuliyyət daşıdığını nəzərə almayaraq səhv nəticəyə gəlinmişdir.
b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar
8. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil Vəliyəddin oğlu apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
20. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
25. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından başlayır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
26. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
27. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
28. Kollegiyanın qənaətinə görə iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları (MM 1096, 1097) nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
29. İddiaçı, cavabdehlə arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətin yarandığını və cavabdehin bu münasibət çərçivəsində onun qarşısında məsuliyyət daşıdığını irəli sürsə də, kollegiya bununla razılaşmır. Belə ki, Mülki Məcəllənin 6.2-ci və 390.1-ci maddələrinin mənasına görə, şəxs məqsədinə qanuna zidd yolla (rüşvət verməklə) nail olmaq üçün müqavilə bağlaya bilməz – bu baxımdan, iddiaçının irəli sürdüyü həmin arqument qəbul edilsə idi belə, onun cavabdehlə bağladığı müqavilə əhəmiyyətsiz müqavilə olacaqdı. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının özünün bildirdiyi faktiki hala görə (iddia ərizəsində) o, iddiaçıya “tapşırdığı” işin başqa şəxs tərəfindən “icra ediləcəyini” və pul vəsaitinin həmin şəxsə verildiyindən məlumatlı olmuşdur.
30. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qızının işə düzəlməsi məqsədilə iddiaçının cavabdehə verdiyi 12 000 manatı sonuncunun Teymur Teymurova verdiyi, həmin pulun Teymur Teymurov tərəfindən mənimsənildiyi və beləliklə də iddiaçıya maddi zərəri vurmuş şəxsin cavabdeh deyil, məhz X5 olması, onun iddiaçıya zərər vurmasına səbəb olan əməli ilə zərər arasında səbəbli əlaqənin olduğu Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş, iddiaçı, Teymur Teymurovun barəsində aparılan cinayət işi üzrə (qızının işə düzəlməsi məqsədilə iddiaçının cavabdehin vasitəsilə verdiyi 12 000 manat pula dair epizod üzrə) zərərçəkmiş şəxs qismində tanınmışdır.
31. Qeyd olunmalıdır ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Şəxsin hüquqazidd əməli zərərin yaranmasına yalnız o halda səbəb ola bilər ki, bu səbəb birbaşa (bilavasitə) həmin nəticə ilə bağlı və əlaqəli olsun. Burada əhəmiyyət kəsb edən əsas və vacib məsələ odur ki, şəxsi məsuliyyətə cəlb etmək üçün kifayət edən, mühüm, zəruri və hüquqi əhəmiyyətə malik olan səbəbli əlaqə müəyyən edilsin.
32. Həmçinin qanunla konkret müəyyən edilmişdir ki, zərər yalnız onu vuran şəxsdən, yəni zərərin vurulmasında təqsirli olan şəxsdən tələb edilməlidir.
33. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1900/2022 saylı iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov