Məhkəmə qərarları › İş №2(103)-4586/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4586/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4586/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh İcbari Sığorta Bürosu X5rşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2909/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı cavabdeh İcbari Sığorta Bürosu X5rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7585 manat, dövlət rüsumuna görə ödənilmiş 95 manat 85 qəpik, ümumilikdə 7680 manat 85 qəpik məbləğində pulun cavabdeh İcbari Sığorta Bürosu X6 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2909/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh İcbari Sığorta Bürosu X5rşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 261.0.2, 262.1, 262.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6754/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi ilə iddiaçılar X3 və İddiaçı Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasını üçüncü şəxs qismində cəlb etdikləri cavabdeh İcbari Sığorta Bürosuna qarşı cavabdehdən iddiaçı X2 xeyrinə 5000 manat, İddiaçı xeyrinə 5000 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumun tutulması barədə iddialarının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11731/2017 saylı, 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6754/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar X3 və İddiaçı və onların vəkili X12 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11731/2017 saylı, 13 dekabr 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3518/2018 saylı, 01 iyun 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11731/2017 saylı, 13 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı yenə də, eyni cavabdehə qarşı eyni əsaslarla pul tələbinə dair iddia qaldıraraq, sığorta ödənişinin ona ödənilməsini tələb edir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İcbari Sığorta Bürosu X5rşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi: İddiaçı şikayət vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli e-2(004)-2909/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386,390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı oğlunun ölümü ilə əlaqədar kompensasiya ödənişinin verilməsi üçün 2017-ci ilin iyun ayında bütün zəruri sənədləri təqdim edərək, İcbari Sığorta Bürosuna müraciət etmişdir. xx.xx.2017ci il tarixdə ona kompensasiya verilməsindən imtina edilmişdir. İddiaçı sonradan öyrənmişdir ki, ona kompensasiya verilməlidir, ödəniş edilməsinə qanunsuz imtina veriblər. Ona görə 2021-ci ilin avqust ayında təkrar müraciət etmiş və 18 avqust 2021-ci ildə ona 5000 manat kompensasiya ödənilmişdir. İddiaçının ilk müraciəti ilə sonuncu müraciətində hər hansı bir dəyişən hal olmamış, eyni sənədləri təkrar təqdim etmiş, birinci dəfə qanunsuz olaraq kompensasiya verilməsindən imtina edilmiş, təkrar müraciət zamanı isə ödəniş verilmişdir. Göründüyü kimi iddiaçıya kompensasiya ödənişinin verilməsi 4 il 1 ay 26 gün gecikdirilmişdir. Qərardadda cavabdehin etirazına istinad olunuraq qeyd olunur ki, iddia müddətini nəzərdə tutan Qanunun 74-cü maddəsi 14 may 2013-cü il tarixdə ləğv edildiyindən İddiaçı etibarnamə əsasında nümayəndəsi olmuş X1 ödənişi barəsində xx.xx.2021-ci il tarixli müraciəti Büronun xx.xx.2021-ci il tarixli, № 1-116/2021 nömrəli qərarı ilə təmin edilmiş və təkrar müraciətə baxılan zaman sığorta ödənişinin gecikdirilməsi halına yol verilməmişdir. Kompensasiya ödənişi barədə müraciət xx.xx.2021-ci il tarixində daxil olduğuna baxmayaraq, ödənişin həyata keçirilməsi üçün zəruri olan son sənəd xx.xx.2021-ci ildə təqdim edilmişdir (iş üzrə digər faydalalan şəxsin təqdim etdiyi X7 ailə üzvləri barədə 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi M.Məmmədli tərəfindən tərtib edilmiş Arayış). Beləliklə, ödənişinin gecikdirilməsi halına da yol verilməmişdir. İddia ərizəsinə diqqət yetirsək görürük ki, iddiaçı oğlunun ölümü ilə əlaqədar kompensasiya ödənişinin verilməsi üçün 2017-ci ilin iyun ayında bütün zəruri sənədləri təqdim edərək, İcbari Sığorta Bürosuna müraciət etmişdir. Yəni iddiaçı 2017-ci ildə cavabdehə müraciət edəndə iddia müddətini nəzərdə tutan Qanunun 74-cü maddəsi 14 may 2013-cü il tarixdə ləğv edilmişdir. yəni ödənişi verməli idi, amma imtina etdi. Sual yaranır niyə ödəniş verilməsindən imtina edilmişdir? Cavabdehin imtina qərarı qanunsuz olmuşdur. Ödənişi məhkəmə qətnaməsi, qərarı əsasında verməmişdir deməsi də bəhanədir. Çünki, iddiaçının məhkəməyə müraciəti onların qərarı əsasında olubdur. 2021-ci ildə müraciət edəndə dəyişən nəsə olmuşdurmu, olmamışdır. Belə vəziyyətdə nə olur? Cavabdeh ödənişin verilməsini gecikdirmişdir. Deməli iddiaçının tələbi haqlı olmasına baxmayaraq, məhkəmə əsassız və qanunsuz olaraq iddia ərizəsi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Belə ki, iddia tələbi kompensasiya ödənişinin verilməsi ilə deyil, sığortaçı tərəfindən sığorta ödənişinin qanunla müəyyən olunmuş müddətdə ödəmədiyinə görə hər gecikdirilmiş gün üçün yaranmış dəbbə pulu ilə bağlıdır. Çünki sığorta ödənişi gecikdirilməklə verilmişdir. Məhkəmə iddianı təmin etmək əvəzinə, səhv nəticəyə gələrək, qətnamədə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğunu qeyd edərək, işin icraatına əsassız olaraq xitam vermişdir. Birinci instansiya məhkəməsi Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 261.0.1. və 261.0.2-ci maddələrinə istinad edib, işin icraatına xitam verməklə hüququn tətbiq edilməsində səhv buraxdığından maddi hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qərardadda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2909/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 1.3. Mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 261-262, 385, 387, 397ci maddələrinə istinadən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, hazırki münasibətlərə aid prosessual qanunvericiliyin düzünə uyğun olmayan istinadlar əsasında tərtib edilmiş qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Bu yöndə diqqətə çatdırılmalıdır ki, qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Diqqətə çatdırılmalıdır ki, İddiaçının mövqeyinə görə iddia tələbi kompensasiya ödənişinin verilməsi ilə deyil, sığortaçı tərəfindən sığorta ödənişinin qanunla müəyyən olunmuş məbəğdə və vaxtında ödəmədiyinə görə hər gecikdirilmiş gün üçün yaranmış dəbbə pulu ilə bağlıdır. Belə olan halda, tərəflər aarasında münasibətlərin səciyyəsi dəyişmiş, hazırda iddiaçıya sığorta ödənişi gecikdirilməklə verilməsi əsası ilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsi ilə (fərqli əsasla) fərqli tələb irəli sürülmüşdür. Birmənalı olaraq, buna icraatın mümkünlük mərhələsində qiymət verilməsi prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir, münasibətlər məhkəmənin istinad etdiyi dispozitiv şərti yaratmır və işin mahiyyəti üzrə araşdırılaraq qiymət verilməsini tələb edir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməliidr. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2909/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar