Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-621/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X2rşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, kompensasiya ödənişinin verilməsinin gecikdirilməsinə görə 7.585 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145,85 manat məbləğində pulun cavabdeh “İcbari Sığorta Bürosu” X4 (bundan sonra – cavabdeh Təşkilat) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının övladı X10 vəfat etmişdir. Hadisəni törətmiş X1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü (iş № 1(101)-464/2013) ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinmiş və son nəticədə o, qəti olaraq 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı, övladının ölümü ilə əlaqədar sığorta (kompensasiya) ödənişinin verilməsi üçün 2017-ci ilin iyun ayında bütün zəruri sənədləri təqdim edərək cavabdeh Təşkilata müraciət etsə də, xx.xx.2017-ci il tarixdə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur imtina qanunsuzdur. Ona görə iddiaçı 2021-ci ilin avqust ayında eyni sənədlərlə cavabdeh Təşkilata müraciət etmiş və xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya 5.000 manat məbləğində kompensasiya ödənilmişdir. Göründüyü kimi sığorta ödənişinin verilməsi 4 il 1 ay 26 gün gecikdirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsində qeyd olunur ki, sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İddiaçı hesab edir ki, gecikdirilmiş 1.517 günlük müddət üçün cavabdeh Təşkilat tərəfindən ona 7.585 manat pul ödənilməlidir. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdeh Təşkilatın iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı, 3 illik sığorta tələbini ötürdüyü üçün onun xx.xx.2017-ci il tarixli müraciətinin təmin edilməsindən imtina olunmuş və o, bu imtinanı məhkəmə qaydasında mübahisələndirmiş, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə imtinanın əsaslı olduğu müəyyən olunmuşdur. 3 illik iddia müddətini nəzərdə tutan “İcbari Sığortalar haqqında” Qanunun 74-cü maddəsi xx.xx.2013-cü il tarixdə ləğv edildiyindən iddiaçının sığorta ödənişi barəsində təkrar (xx.xx.2021-ci il tarixli) müraciəti Büronun xx.xx.2021-ci il tarixli, 1-116/2021 nömrəli qərarı ilə təmin edilmiş və təkrar müraciətə baxılma zamanı sığorta ödənişinin gecikdirilməsi halına yol verilməmişdir. İddiaçının təkrar müraciətin xx.xx.2021-ci il tarixində daxıl olmasına baxmayaraq, ödənişin həyata keçirilməsi üçün zəruri olan son sənəd (hadisə vaxtı xəsarət almış digər şəxs - X5 ailə üzvləri barədə müvafiq Mənzil-Kommunal İstismar Sahəsinin arayışı) 06.08 2021-ci il tarixdə təqdim edilmişdir. Beləliklə, ödənişinin gecikdirilməsi halına da yol verilməmişdir. Belə olan halda, iddia tələbi əsassız hesab olunmalıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ödənişin gecikdirilməsi halı, o cümlədən iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi iddiaçının 2017-ci ildə cavabdehə müraciət edən zaman iddia müddətini nəzərdə tutan “İcbari Sığortalar haqqında” Qanunun 74-cü maddəsinin artıq xx.xx.2013-cü il tarixdə ləğv edildiyini nəzərə almamış, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat
8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Cavabdeh Təşkilat apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.
10. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin Təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, işdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, xx.xx.2012-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X8 xəsarət almış, iddiaçının övladı X10 isə aldığı xəsarətlə nəticəsində vəfat etmişdir. Hadisəni törətmiş X1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü (iş № 1(101)-464/2013) ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinmiş və son nəticədə o, qəti olaraq 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
13. İddiaçı, övladının ölümü ilə əlaqədar sığorta (kompensasiya) ödənişinin verilməsi üçün 2017-ci ilin iyun ayında İcbari Sığorta Bürosuna müraciət etsə də, “Kompensasiya ödənişinin verilməsindən imtina olunmasına haqqında” xx.xx.2013-cü il tarixli, 1-99/2017 saylı qərarı ilə iddiaçıya yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının övladının ölümü ilə əlaqədar kompensasiya ödənişinin verilməsindən imtina edilməsi qərara alınmışdır.
14. İddiaçıya ünvanlanmış “Kompensasiya ödənişinin verilməsindən imtina olunmasına haqqında” xx.xx.2017-ci il tarixli, **-VM-***4/17 nömrəli bildirişində qeyd edilmişdir ki, “İcbari Sığortalar haqqında” Qanunun 74-cü maddəsinə əsasən, sağlamlığa və əmlaka vurulan zərərə görə sığorta tələbi, belə tələb hüququ yaranmış sığortalının, sığorta olunanın və ya üçüncü şəxsin sığorta hadisəsinin baş verməsini bildiyi və ya bilməli olduğu tarixdən 3 il müddətində irəli sürülə bilər. Qanunun həmin maddəsi yolnəqliyyat hadisəsi baş verdiyi xx.xx.2012-ci il tarixdə qüvvədə olduğundan və iddiaçının tələb hüququnun müddəti bitdiyindən, kompensasiya ödənişinin verilməsindən imtina edilmişdir.
15. İşdə olan məhkəmə aktlarından görünür ki, iddiaçı həmin imtinanı məhkəmə qaydasında mübahisələndirmiş, onun iddiası Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi (iş № 2(004)-6754/2017) ilə əsassız hesab olunaraq təmin edilməmiş, onun həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə (iş № 2(103)-11731/2017) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı (iş № 2(102)-3518/2018) ilə dəyişdirilmədən saxlanılmışdır.
16. Qüvvəyə minmiş həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İcbari Sığorta Bürosunun kompensasiya ödənişinin verilməsindən imtinası qanuni və əsaslı olmuşdur.
17. İşdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, qeyd edilən məhkəmə aktları qəbul edildikdən sonra, iddiaçı, xx.xx.2021-ci il tarixdə təkrarən cavabdeh Təşkilata müraciət etmiş və xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya 5.000 manat məbləğində kompensasiya ödənilmişdir.
18. Bu hala istinad edən iddiaçı hesab edir ki, onun ilk dəfə sığorta ödənişinin verilməsi ilə bağlı müraciətindən 4 il 1 ay 26 gün (cəmi 1.517 gün) gecikdikdən sonra onun təkrar müraciətinə əsasən kompensasiyanın ödənilməsi əsas verir ki, həmin müddət sığorta ödənişinin geçikdirilməsi kimi qiymətləndirilsin və “İcbari sığortalar haqqında” Qanununun 18-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu, yəni 7.585 manat məbləğində pul cavabdeh Təşkilatdan tutularaq ona ödənilsin.
19. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
20. MPM-in 82.3-cü maddəsinin tələbini və həmin maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında təsbit edilmiş hüququ mövqeyi nəzərə alan Məhkəmə bildirir ki, yuxarıda artıq qeyd edildiyi kimi, qüvvəyə minmiş həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İcbari Sığorta Bürosunun sığorta ödənişinin verilməsindən (xx.xx.2013-cü il tarixli) imtinası qanuni və əsaslı olmuşdur.
21. Cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsinin əsaslı hesab edilməsi barədə qətnamələr mövcud olduğu halda, cavabdehin iddiaçının təkrar müraciəti əsasında xx.xx.2021-ci il tarixdə həmin ödənişi etməsi, ödənişin gecikdirilməsi kimi qiymətləndirilə bilməz. Çünki ödənilməli olmayan ödənişin edilməsi cavabdeh Təşkilatın iradəsindən asılı olmuş, o, üzərində olmayan öhdəliyi icra etmişdir. Bu hala Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Öhdəlik hüququnun ümumi hissəsi” adlı Vİ bölməsinin və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələbləri baxımından yanaşdıqda isə müəyyən edilir ki, iddia əsassızdır. g) apellyasiya baxışının nəticəsi
22. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddiaçı tərəfindən cavabdeh Təşkilata qarşı irəli sürülmüş iddianı əsassız hesab edərək, təmin ediləməməsi barədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
23. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh Təşkilat hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
25. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbinin qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən, iddiaçı, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
26. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.