Məhkəmə qərarları › İş №2(103)-4588/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4588/2022

28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4588/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1690/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədii Rayon Məhkəməsinə müraciət edərək, onun cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Ə/D, Xocəsən qəsəbəsi, Sulutupə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi 117b, ev 13, mənzil 25 ünvanına istifadə hüququnun tanınması və iki azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 09 yanvar 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Rəsmi nikahlarından 08 may 2018-ci il təvəllüdlü X4 və 28 sentyabr 2020-ci il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Toylarından sonra o, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Ə/D, Xocəsən qəsəbəsi, Sulutupə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi 117b, ev 13, mənzil 25 ünvanına gəlin gəlmiş və bütün cehiz əmlakları da həmin mənzilə yığılmışdır. Bu gün də cehizləri həmin ünvandadır. O, 27 sentyabr 2021-ci il tarixdə saat 11:00 radələrində azyaşlı övladlarını uşaqlar evinə yerləşdirmək adı ilə cavabdeh ona hədə qorxular gələrək təhdid etdikdə və 40-cı Polis Bölməsinin hərəkətsizliyi nəticəsində köməksiz qaldığından qorxaraq Bakı şəhərinin 20 Yanvar ərazisində uksus məhlulu içərək özünü öldürməyə cəhd göstərmişdir. Həmin vaxtdan da o yaşadığı evdən qovulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1690/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutupə y/s, R.Allahverdiyev küçəsi, 13 saylı evin 25 saylı mənzilinə istifadə hüququnun tanınması və iddiaçının uşaqları - 08 may 2018-ci il təvəllüdlü X4 və 28 sentyabr 2020-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçının qeyd etdiklərinə cavabdeh tərəfin təqdim etdiyi sübutlara nisbətən üstünlük verilməsi bərabərlik prinsiplərini və faktlar əsasında həyata keçirilən prinsipləri pozmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. Tərəfindən təqdim olunan sübutlara məhkəmə tərəfindən qərəzli, eyni zamanda obyektiv yanaşılmamış, qətnamənin əsasına işin halları və faktlarla uyğunlaşmayan fərziyyələr qoyulmuşdur. İddiaçı ilə ailə münasibətlərinin dağılmasının səbəbi iddiaçının ona xəyanət etməsi olmuşdur. Belə olan halda hazırki iddianın təmin edilməsi xoşagəlməz hadisələrə zəmin yarada bilər. Artıq bir ildir ki, ayrı yaşayırlar. Onların arasındakı münasibətlər gərgin olduğundan onların birlikdə yaşamaları qeyri-mümkündür. Belə ki, məhkəmə hal-hazırda onların ailə üzvü olmadığını, tez bir zamanda nikahlarının pozulacağını, onun qətiyyən barışıq fikrinin olmadığını nəzərə almamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1690/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1690/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1690/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, hazırki işdə iddiaçı cavabdehin rəsmi nikahda olan arvadı olmaqla onun ailə üzvləri sırasına daxildir və onunla birgə mübahisəli evdə yaşamışdır. Ona görə də, Mənzil Məcəlləsinin tələbləri baxımından onun mübahisəli evdən istifadə hüququ yaranmışdır və gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və Mülki Məcəllənin 27.2-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən 18 dekabr 2021-ci il tarixdə verilmiş AZ-T № 026725 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında 09 yanvar 2018-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin yanvar ayının 09 günündə 02 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir.(İ.vər. 14) İş materiallarında olan, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kəndi üzrə İcra nümayəndəliyi tərəfindən 14 may 2018-ci il tarixdə verilmiş AZ-İV № 093388 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X4 08 may 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2018-ci ilin may ayının 14 günündə 20 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X2r.(İ.vər. 9) İş materiallarında olan, 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 16 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İV № 534003 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X5 28 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin noyabr ayının 16 günündə 7291 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır.(İ.vər. 10) İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanladığı **********17 saylı, 28 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanı Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.(İ.vər. 16) Birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən olunmuşdur ki, tərəflər 09 yanvar 2018-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 08 may 2018-ci il təvəllüdlü X4 və 28 sentyabr 2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutupə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, ev 13, 25 saylı mənzildə yaşamışlar. Sonradan tərəflər arasında münasibətlər pozulmuş, faktiki ayrı yaşamağa başlamışlar. Həmçinin o da müəyyən olunmuşdur ki, məhkəmə icraatında tərəflər arasında olan nikahın pozulması barədə işə baxılsa da, aralarında olan nikah hazırda pozulmamışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində ailə üzvlərinin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün şəxsin mülkiyətçinin ailə üzvü olması və ailə üzvünün mülkiyyətçi ilə birgə yaşaması əsas şərt kimi göstərilmişdir. Odur ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutupə y/s, R.Allahverdiyev küçəsi, 13 saylı evin 25 saylı mənzilinə istifadə hüququnun tanınması və iddiaçının uşaqları - 08 may 2018-ci il təvəllüdlü X4 və 28 sentyabr 2020-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması, işin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmaması, tərəfindən təqdim olunan sübutlara məhkəmə tərəfindən qərəzli, eyni zamanda obyektiv yanaşılmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1690/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1690/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar