Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4591/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(001)-1178/2021 saylı qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı oğlu X7 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadələrində olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 11N saylı evin, 111 saylı mənzilinə köçürülmələri və həmin mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 23 avqust 2017-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikah qeyd etdirərək evlənmiş və cavabdehlərin yaşadığı evə gəlin köçmüşdür. Birgə yaşayış dövründə 20 fevral 2019-cu ildə bir uşaqları doğulmuş, uşaq doğulduqdan sonra cavabdehlər onu Fatmayıda yerləşən bağ evinə aparmışlar. Həmin vaxtlarda münasibətləri yaxşı olmuş, ona görə də bağ evinə köçürülməsinin səbəbini bilməmişdir. Sonra yaranan anlaşılmazlıqlar nəticəsində münasibətləri tam pozulmuş və cavabdehlər onu azyaşlı uşağı ilə birlikdə 2020-ci ilin mart ayında həmin bağ evindən qovmuşlar. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(001)-1178/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(001)-1178/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qətnamədə iddiaçının mübahisəli mənzilə köçüb bir müddət orada yaşadığını göstərsə də, hansı səbəbdən yaşayış yerini dəyişdiyini və sonda valideynlərinin evinə köçməsini araşdırmamışdır. Məhkəmə qətnamədə həmçinin mübahisəli mənzilin özgəninkiləşdirildiyini qeyd etsə də, İddiaçı Cavabdeh1 ilə faktiki ayrıldıqdan sonra onu azyaşlı uşaqla birlikdə həmin mənzildə yaşamaq hüququndan məhrum etmək məqsədilə formal olaraq özgəninkiləşdirildiyini nəzərə almamışdır. Hazırkı iş üzrə iddiaçının 24 fevral 2021-ci il tarixdə qarlı-çovğunlu hava şəraiti ilə əlaqədar məhkəmə prosesinə gedə bilmədiyi və bu səbəbdən onun göstərilən cavabdehlərə qarşı olan əmlak tələbinə dair iddia ərizəsinin baxılması başqa tarixə təyin edildiyi halda evə köçürülmə tələbinə dair iddiası ilə bağlı iş üzrə dərhal qətnamə qəbul edilmişdir. Bununla da işə baxan məhkəmə mövcud qanunlara əməl etməyərək, heç bir araşdırma aparmadan iddianın təmin edilməməsi nəticəsinə gəlməklə işi yekunlaşdırmışdır. Halbuki işin bu vəziyyətdə yekunlaşdırılması iddiaçının və azyaşlı uşağının yaşayış sahəsindən istifadə hüquqlarının kobud şəkildə pozulması və onun azyaşlı uşaqla heç bir yaşayış yeri olmadan qalması deməkdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, 23 avqust 2017-ci ildə İddiaçı ilə rəsmi nikaha daxil olub ailə qurmuşlar. Birgə nikahlarından 20 fevral 2019-cu ildə bir uşaqları doğulmuşdur. İddia tələbində göstərilmiş mənzilin rəsmi ünvanı ünvan 1lar ailə qurduqdan sonra qısa müddət ərzində həmin mənzildə yaşalar da, sonradan başqa yaşayış sahəsinə köçmüşlər. Həmin mənzil onun adına nikahdan əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və Bakı şəhəri 27 nömrəli dövlət notariat kontorunda bağlanmış 09.01.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən başqa şəxsə satılmışdır. Hal-hazırda sözügedən mənzil başqa şəxsin xüsusi mülkiyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi 11, giriş 11, 111 saylı mənzil “xxxx” MTK-ın 22 nömrəli 04.07.2017-ci il tarixli protokolundan çıxarışa, 95 nömrəli 04.07.2017-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, Bakı şəhəri 27 nömrəli Dövlət Notariat Kontorunun 09.01.2020-ci il tarixli 4Ə-11 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarından 27 saylı notariat kontoru tərəfindən göndərilmiş alğı-satqı işindən görünür ki, Cavabdeh1 15 iyul 2017-ci il tarixdən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi 11, giriş 11, 111 saylı mənzili X2 89000 manata satmışdır. Tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi 11, giriş 11, 111 saylı mənzili 15 iyul 2017-ci ildən Cavabdeh1 mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh1 23 avqust 2017-ci ildə rəsmi nikah bağlayıb ailə qurmuş, nikahdan sonra İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi 11, giriş 11, 111 saylı mənzilə gəlin köçmüş, bir müddət həmin mənzildə yaşamış, tərəflər sonradan yaşayış yerlərini dəyişərək, bağ evinə köçmüş, ailə münasibətləri pisləşdiyindən İddiaçı həmin yaşayış yerini tərk edib valideynlərinin evinə qayıtmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya qeyd edir ki, İddiaçı 2017-ci ildə mübahisəli mənzilə (köçmək istədiyi) gəlin köçməklə həmin yerdə yaşasa da, yaşadığı həmin mənzildən məhrum edilməmiş, ailəsi ilə birlikdə 2019-cu ildə yaşayış yerini Fatmayı qəsəbəsində yerləşən başqa yaşayış sahəsinə dəyişib mübahisəli mənzildən könüllü olaraq köçüb getmişdir. İddiaçı tərəf bunun əksini sübut edə bilməmişdir. Məlum olduğu kimi, yaşayış sahəsinə köçürülmə barədə iddialar həll edilərkən iddiaçının köçmək istədiyi yaşayış sahəsində yaşayıb-yaşamadığı, yaşadığı halda həmin yaşayış sahəsindən məhrum edilib-edilmədiyi və məhrum edilmə müəyyən edildiyi halda isə onun qanuniliyi araşdırılmalıdır. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı köçmək istədiyi yaşayış sahəsində yaşamış, lakin yaşadığı həmin yaşayış sahəsindən məhrum edilməmişdir. Məhrum edilmə olmadığından onun qanuniliyinin araşdırılmasına da ehtiyac yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh1 xüsusi mülkiyyətində olmuş həmin mənzili 09.01.2020-ci ildə alğı-satqı müqaviləsi bağlamaqla X1 və hazırda sözügedən mənzil həmin şəxsin xüsusi mülkiyyətindədir. Tərəflərin izahatlarından mübahisəsiz qaydada görünür ki, nə iddiaçı, nə də ki cavabdeh mübahisəli mənzilin yeni mülkiyyətçisinin qanunda dairəsi göstərilmiş ailə üzvləri deyillər. Mülkiyyət hüququ əsas insan hüquq və azadlıqları sistemində, xüsusən də İnsan hüquqları haqqında ümumi Bəyannamənin 17-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı) protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlar sırasında mühüm yer tutur. Azərbaycan Respublikasında mülkiyyət və mülkiyyət hüququna münasibət beynəlxalq hüquq normalarına uyğun olaraq Konstitusiyanın 13 və 29-cu maddələrində ifadə olunmuşdur. Bu maddələrdə mülkiyyətin toxunulmazlığı, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunması, mülkiyyət hüququnun qanunla qorunması, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olması və s. müddəalar təsbit olunmuşdur. Konstitusiya müddəalarında həmçinin vurğulanır ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Konstitusiya hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi 11, giriş 11, 111 saylı mənzilə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan düzgün olaraq məhkəmə tərəfindən təmin edilməmişqdir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin yeni mülkiyyətçisini işə cəlb etməsə də, onun hüquqlarına aid olan məsələni onun hüquqlarının pozulması ilə nəticələnmiş qərar qəbul etməmişdir. Buna görə də, bu hal qətnamənin ləğv edilməsi üçün əsas yaratmır. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual pozuntu olsa da, bu hal düzgün olan qətnamənin ləğv edilməsinə səbəb olmur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(001)- 1178/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4591/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4591/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver