Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4604/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-845/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14.04.2022-ci il tarixli 2(002)-845/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə cavabdehin nümayəndəsi-vəkilinin elektron kabinetinə 21.04.2022-ci il tarixdə yerləşdirilmişdir. Həmin qətnamədən Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə2 ilə birgə) verdiyi apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsumu əlavə edilmədiyi üçün Qaradağ Rayon Məhkəməsinin eyni saylı, 20 may 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Daha sonra Cavabdeh dövlət rüsumu əlavə edərək yenidən apellyasiya şikayəti ilə müraciət etmiş, birinci instansiya məhkəməsi şikayəti baxılması üçün mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, Cavabdeh qətnamədən ilk dəfə 20.05.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş (dövlət rüsumu olmadığından şikayət geri qaytarılmış), sonradan dövlət rüsumu əlavə edərək 2-ci dəfə - 25.05.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh şikayəti 2-ci dəfə prosessual müddət buraxmaqla vermiş, bu səbəbdən də müddətin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə prosessual müddətlə bağlı cavabdehin apellyasiya şikayətində qeyd etdiklərinin əsaslı olub-olmaması məsələsinə münasibət bildirmədən apellyasiya şikayətini baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 133-cü maddəsində nəzərdə tutulmuş prosessual qaydalara riayət etməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətlə bağlı məsələyə münasibət bildirilmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-ə əsasən müvafiq olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır (maddə 133.4 -133.5). Prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi əgər tərəf apellyasiya şikayəti verməklə yanaşı, həmçinin müddətin bərpası haqqında ərizə verərək qanunla müəyyən edilmiş müddətin bərpa olunmasını xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə buraxılmış müddətin bərpası haqqındakı ərizəni tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd, yaxud müddətin buraxılmamış hesab edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Birinci instansiya məhkəməsi isə cavabdehin şikayətvermə müddəti ilə bağlı xahişini bu qaydada müzakirə etməli olduğu halda, bunu etməmiş, onun apellyasiya şikayəti vermə müddətini ötürüb-ötürmədiyi, ötürmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqularının olmasını nəzərə almadan şikayəti apellyasiya instansiyasına göndərmişdir. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur və mülki iş, cavabdehin müddətin bərpası haqqında vəsatətinə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-845/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və mülki iş Cavabdeh apellyasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatətinə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4604/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4604/2022
01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver