Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4610/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2(001)-279/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 27 iyul 2010-cu il tarixli nikahın pozulması, 21 oktyabr 2011-ci il təvəllüdlü X3, 06 dekabr 2012-ci il təvəllüdlü X4 və 07 oktyabr 2016-cı il təvəllüdlü X2 onun himayəsinə verilməsi və uşaqların saxlanılmaları üçün cavabdehin qazancının (gəlirlərinin) yarısı miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh 27 iyul 2010-cu il tarixində Bakı şəhərində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 dünyaya gəlmişdir. Evləndikləri zaman münasibətləri yaxşı olsa da, son zamanlar onunla cavabdeh arasında münasibətlər korlanmağa başlamış və belə problemlər getdikcə daha da gərginləşmişdir. Onlar arasında mübahisələr get-gedə pisləşmiş, nəticədə o, son dövrlər bir ailə kimi yaşayış tərzi dözümsüz olduğundan qəti şəkildə boşanmaq qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia əriəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2(001)- 279/2022 saylı qətnaməsi ilə (hakim Fərid Həsənzadə) iddia qismən təmin edilmiş, tərəflər arasında 27 iyul 2010-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış, 1038 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları – 21 oktyabr 2011-ci il təvəllüdlü X7, 06 dekabr 2012-ci il təvəllüdlü X8 və 07 oktyabr 2016-cı il təvəllüdlü X2 iddiaçının yanında saxlanılması, 21 oktyabr 2011-ci il təvəllüdlü X3 cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi, 06 dekabr 2012-ci il təvəllüdlü X4 və 07 oktyabr 2016-cı il təvəllüdlü X1 üçün alimentin tutulmasının əvvəlinin 23 iyun 2021-ci il tarixdən hesablanmaqla, qətnamə qanuni qüvvəyə mindiyi günədək Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulması, qətnamənin həmin alimentin tutulması hissəsində dərhal icra edilməsi, 21 oktyabr 2011-ci il təvəllüdlü X7, 06 dekabr 2012-ci il təvəllüdlü X8 və 07 oktyabr 2016cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin iddiaçının xeyrinə tutulması və həmin alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni uşaqların iddiaçının yanında saxlanılması və alimentin tutulması hissələrində ləğv olunması, 21 oktyabr 2011-ci il təvəllüdlü X3 və 06 dekabr 2012-ci il təvəllüdlü X4 cavabdehin yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - qətnamənin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, qəyyumluq və himayə orqanının və psixoloji ekspertizanın rəylərinin nəzərə alınmaması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, 21 oktyabr 2011-ci il təvəllüdlü X3 onun yanında qalmaqla ona bağlı olması, 21 oktyabr 2011-ci il təvəllüdlü X3 və 06 dekabr 2012-ci il təvəllüdlü X4 onun yanında saxlanılmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni qismən, yəni uşaqların ananın yanında saxlanılması və aliment hissəsində mübahisələndirdiyindən, hazırki vəziyyətdə apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin 27 iyul 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaları, birgə nikahdan üç yetkinlik yaşına çatmayan uşaqlarının (21 oktyabr 2011-ci il təvəllüdlü X3, 06 dekabr 2012-ci il təvəllüdlü X4 və 07 oktyabr 2016-cı il təvəllüdlü X6) olması, ailə münasibətlərinin pozulması işin mübahisə olunmayan hallarıdır. Həmçinin işin faktiki hallarına əsasən 06 dekabr 2012-ci il təvəllüdlü X4 və 07 oktyabr 2016-cı il təvəllüdlü X6 iddiaçının, 21 oktyabr 2011-ci il təvəllüdlü X7 isə cavabdehin yanında qalır. Məhkəmə kollegiyası, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58.2.-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Məhkəmə kollegiyası işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahlarından olan azyaşlı uşaqlarının iddiaçının (ananın) yanında saxlamaqda haqlı olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, həmin hissədə işin faktiki hallarına əsasən 06 dekabr 2012-ci il təvəllüdlü X4 və 07 oktyabr 2016-cı il təvəllüdlü X6 iddiaçının, 21 oktyabr 2011-ci il təvəllüdlü X7 isə cavabdehin yanında qalır. Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2011-ci il təvəllüdlü X7 bildirmişdir ki, hazırda atası ilə birlikdə yaşayır, boşanma olacağı təqdirdə də atasının yanında qalmaq istəyir. Lakin o, bacı və qardaşı ilə birlikdə qalmaq istəyir. Anası isə adi səbəblərə görə ona və bacı-qardaşına əsəbləşir. Ona hal-hazırda nənəsi ilə bibisi baxır. Birinci instansiya məhkəməsində icraat zamanı fikri dinlənilmiş xx.xx.2012-ci il təvəllüdlü X8 bildirmişdir ki, hazırda bacısı ilə birlikdə anasının yanında yaşayır və boşanma olacağı təqdirdə də anasının yanında qalmaq istəyir. O, həm bacısı həm də qardaşı ilə birlikdə atasının deyil, anasının yanında yaşamaq istəyir. Lakin atasıgil qardaşını öyrətdiyi üçün, qardaşı anası ilə birgə qalmaq istəmir. Birinci instansiya məhkəməsi tərəflərin münasibətlərinin mövcud vəziyyətini, uşaqların hər üçünün yaşını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2022-ci il tarixli məhkəmə psixoloji ekspertizasının rəyini və Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini qismən nəzərə alaraq hesab etmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş 21 oktyabr 2011-ci il təvəllüdlü X7, 06 dekabr 2012-ci il təvəllüdlü X8 və 07 oktyabr 2016-cı il təvəllüdlü X6 analarının, yəni iddiaçının yanında qalmalıdır. İlk növbədə qeyd edilməlidir ki, yetkinlik yaşına çatmayan uşaqların analarından ayrı yaşamaları üçün heç bir əsas yoxdur. Eyni zamanda bununla əlaqədar ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Buna görə də, uşaqların üstün mənafeləri nəzərə alınmaqla, boşanmadan sonra uşaqların yaşayış yerinin anasının yanında saxlanılması onların maraqlarına zidd deyildir və bu, həmin uşaqların mənafeyinə və üstün maraqlarının qorunmasına xidmət edəcəkdir. Belə ki, uşaqlar bacı-qardaşları ilə öz vərdiş etdikləri şəraitdəki kimi birlikdə yaşamaları onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişaflarının təmin olunması istiqamətində daha da məqsədə müvafiq olacaqdır. Lakin, işin hallarından görünür ki, hal-hazırda 06 dekabr 2012-ci il təvəllüdlü X8 və 07 oktyabr 2016-cı il təvəllüdlü X6 iddiaçının yanında olsalar da, 21 oktyabr 2011-ci il təvəllüdlü X7 cavabdehin yanındadır. Ona görə də, 21 oktyabr 2011ci il təvəllüdlü X7 Cavabdeh alınaraq İddiaçı verilməlidir. Cavabdeh apellyasiya şikayətində qəyyumluq və himayə orqanlarının rəyinin nəzərə alınmamasını göstərmişdir. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 02 dekabr 2021-ci il tarixli rəyinə əsasən - 21 oktyabr 2011-ci il təvəllüdlü X3 və 06 dekabr 2012-ci il təvəllüdlü X4 Cavabdeh, 07 oktyabr 2016-cı il təvəllüdlü X2 isə İddiaçı yanında qalması məqsədəmüvafıq hesab edilmişdir. Lakin həmin rəydən görünür ki, uşaqların üstün maqarları və işin diqqətəlayiq digər halları nəzərə alınmamış, rəy əsaslandırılmadan, yalnız tərəflərin mülahizələri əsas götürülməklə müvafiq nəticəyə gəlinmişdir. Halbuki, "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarının 7.1-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 7.3-cü maddəsinə əsasən nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Həmin Qərarın 7.6-cı bəndində nəzərdə tutulmuşdur ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Qeyd edilməlidir ki, uşaqların cəmiyyətdə, ailədə xoşbəxt, məhəbbət və anlaşma şəraitində sağlam böyüməsini təmin etmək dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir (“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 6 saylı qərarı) Göründüyü kimi, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların üstün maraqları daima diqqət mərkəzində saxlanılmalı, eyni zamanda hər hansı müstəsna hal yoxdursa, uşaqların eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Bununla yanaşı, uşaqların gələcəkdə bir-birinə bağlılığının təmin olunması, onların fiziki və psixoloji cəhətdən sağlam inkişafının və s. bu kimi halların təmin olunması istiqamətində onların birlikdə yaşamaları zəruridir (uşaqların yaşının kifayət qədər az olması nəzərə alınmaqla məhkəmə kollegiyası psixoloji ekspertizanın təyin olunmasını zəruri hesab etməmişdir). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2022-ci il tarixli məhkəmə psixoloji ekspertizasının rəyindən görünür ki,21 oktyabr 2011-ci il təvəllüdlü X3 atası Cavabdeh və anası İddiaçı bağlılığı üzə çıxmaqla, hal-hazırda atası X5 bağlılığı daha çoxdur. 06 dekabr 2012-ci il təvəllüdlü X4 anası İddiaçı bağlılığı üzə çıxmaqla, atası Cavabdeh bağlılığı müəyyən olunmur. İddiaçı və Cavabdeh fərdi psixoloji xüsusiyyətlərində azyaşlı uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin müəyyən olunması məhkəmə psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. 21 oktyabr 2011-ci il təvəllüdlü X7 və 06 dekabr 2012-ci il təvəllüdlü X8 əqli və psixi inkişafına, yaş və fərdi psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrini sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik ollmaqla, onların psixikası və davranışında hansı valideynin yanında qalmasını seçmələri ilə bağlı kənar psixoloji təzyiq əlamətləri müəyyən olunmur. Beləliklə, işdə olan sübutlardan göründüyü kimi, uşaqlardan ikisi ananın yanında qalmaqla ona bağlıdırlar, faktiki atanın yanında qalan uşaq isə bacı qardaşlarına bağlı olmaqla onlarla birlikdə yaşamaq istəyir, həmçinin anasına laqeyd deyildir, ona da bağlılığı müəyyən olunmaqla, onun ünsiyyətdə olmaq istəyir. Eyni zamanda məhkəmə araşdırması zamanı uşaqların bir-birindən ayrı şəraitdə qalması ilə bağlı hər hansı müstəsna hal da müəyyən olunmamışdır. Qəyyumluq və himayə orqanının rəyi isə məhkəmə üçün məcburi əhəmiyyətə malik deyildir, o məhkəmə tərəfindən uşaqların üstün mənafeyi əsas götürülməklə MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Yuxarıda da qeyd edildiyi kimi qəyyumluq və himayə orqanının rəyi bu istiqamətdə ümumiyyətlə əsaslandırılmamışdır, həmçinin rəydən uşaqların bir-birindən ayrı qalmalarının onların üstün maraqlarına uyğun olması da görünmür. Halbuki, istər AM-nin 73-cü maddəsinin tələblərinə əsasən, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən 28 mart 2016- cı il tarixli qərarındakı mövqeyinə əsasən qəyyamluq və himayə orqanı əsaslandırılmış qaydada rəy veriməyə borcludur. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan nikahın pozulmasından sonra uşaqların iddiaçının (ananın) yanında saxlamaqda haqlı olmuşdur. İddiaçı apellyasiya şikayətində qətnaməni aliment hissədə də mübahisələndirsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Çünki, AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması iləəlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Analoji hüquqi mövqe, həmçinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarında da göstərilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-cu il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-cu il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. AM-nin 76.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi və 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Birinci instansiya məhkəmə alimentin miqdarını AM-nin 76.1-ci maddəsinə əsasən müəyyən etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə onu bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsində azad etmir. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını və uşaqların mənafeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas ola bilməz. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2(001)-279/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e- 2(001)-279/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4610/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4610/2022
19.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver