Məhkəmə qərarları › İş №2(103)-4617/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4617/2025

06.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4617/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3196/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 85/2023 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350(üç yüz əlli) manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilir.

2. İddia tələbi verildiyi zaman müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri (marketinq) olaraq 2219 manat, “X14 Evi” Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri (marketinq) olaraq 1102 manat əmək haqqı alır.

3. İddiaçı isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 85/2023 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutulmasını xahiş edir.

4. Cavabdeh isə mediasiya mərhələsində aliment məbləğinin 500 manat həddində ödənilməsinə razı olduğunu, lakin iddiaçının daha çox məbləğ istədiyini, ipoteka və digər xərclərinin olduğunu bildirməklə iddiaya etiraz edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, tutulan alimentin Cavabdeh əmək haqqınının və digər gəlirlərinin 1/3 hissəsinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-85/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilməklə tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350(üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Buna baxmayaraq, cavabdeh aliment öhdəliklərinin icrasından yayınmaqla öz validynlik vəzifələrinin icrasında boyun qaçırmışdır. Uşaqların maddi təminatı və tərbiyəsi ilə özüm məşğul oluram. Cavabdeh ana kimi uşağı ilə bu günədək bir dəfə də olsun maraqlanmamışdır. Halbuki, hazırda cavabdeh eyni zamanda iki iş yerində - "xxxx" MMC-də işləməklə hər ay 2200 AZN və X14 evi” MMC-də isə hər ay 1100 AZN əmək haqqı əldə etməklə müntəzəm gəlirə malikdir. Odur ki, alimentin cavabdehin əmək haqqına yönəldilməsi zərurəti yaranmışdır. Əlavə olunmuş 18 saylı Mediasiya Təşkilatının verdiyi xx.xx.2024-cü il tarixli Mediasiya Arayışına əsasən cavabdehin alimnetin əmək haqqına yönldilməsi məsələsinin könüllü həllindən imtina etməsi təsdiq edilmişdir.

7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, birgə nikahdan olan övladları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi əsasında onun yanında saxlanılmışdır. İndiki zamanda uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh əlavə xərclərdə iştirak etmir. 175 manat məbləğində alimenti belə vaxtında ödəmir. 1100 manat məbləğində özü əmək haqqı alır. Valideynlərinin pensiyalarını da uşaqlara xərcləyir. Uşaqlar hazırlıqlara gedirlər.Qızı müalicə alır. Bununla bağlı xərclər çox olur. İddiaçı bunların heç birində iştirak etmir. Mediasiyada 600 manat məbləğində alimentlə razılaşmadılar. Cavabdeh ipoteka ödədiyini iddia edir, lakin bunun heç bir əhəmiyyəti yoxdur. Cavabdeh uşaqlarla görüşə özü gəlmir.

8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, uşaqlarla görüşmək üçün şərait yaratmır. Bu səbəbdən uşaqların əlavə xərclərində iştirak etmir. Onun özünün də, xərcləri çoxdur. Əmək haqqı öz xərclərinin ödənilməsinə kifayət etmir. "X14 Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə olan əmək müqaviləsi gələn ay başa çatır. Onun ipoteka ödənişi və digər xərcləri var. Əmək haqqı kifayət etmir. Pandemiya vaxtı idi və həmin vaxt görüşlə bağlı məhdudiyyətlər var idi. Mediasiyada onunla əlaqə saxlayanda bildirmişdir ki, ilkin olaraq uşaqlarla görüşmək istəyir. 950 manat məbləğində əmək haqqı bir iş yerindən, 1950 manat məbləğində əmək haqqı isə bir digər iş yerindən alır. 1000 manat məbləğində ipoteka ödənişi edir. 230 manat məbləğində kredit ödənişi edir. 200 manat məbləğində bir şəxsə borcu var. Ev alan zaman külli miqdarda borc götürmüşdür. 500 manat məbləğində aliment ödəməyi təklif etsə də, lakin qarşı tərəf razılaşmadı.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3196/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-85/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdehn hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına görə 2023-cü il tarixdə alimentin tutulması barədə qətnamə qəbul edilərkən cavabdeh bir yerdə işləmiş və iddiaçı sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. Lakin hazırda cavabdeh iki yerdə işləyir və iddiaçı alimentin əmək haqqından hissəvi tutulmasını xahiş edir. Göründüyü kimi iddiaçı sabit pul məbləğində tutulan alimentin hissəvi müəyyən edilməsini tələb etməklə faktiki olaraq cavabdehin maddi vəziyyətində dəyişiklik olduğuna görə alimentin artırılması hüquqi nəticəsini arzu edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının tələbi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşır. Odur ki, iddiaçının tələbi Ailə Məcəlləsinin 112 və 76-cı maddələrinin tələbi baxımından əsaslıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1.2, 78.1, 78.2, 112.1-ci; “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119, 124 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının “cavabdeh aliment öhdəliklərinin icrasından yayınması, ana kimi uşaqlarla bir dəfə də olsun maraqlanmaması” barədə arqumentləri tamamilə əsassızdır. Çünki, iddiaçı “uşaqla ünsiyyət barədə iddia tələbi” təmin edilmiş cavabdehə uşaqlarla görüşmək üçün şərait yaratmır. Bu səbəbdən də cavabdeh uşaqların əlavə xərclərində iştirak edə bilmir. Həmçinin cavabdehin özünün də, xərcləri çoxdur. Həmçinin cavabdeh artıq iki deyil, bir iş yerində çalışır. Eyni zamanda, iddiaçının maddi vəziyyəti kifayət qədər yaxşıdır və alimentin artırılması barədə iddianı irəli sürməklə o sadəcə olaraq cavabdehə qarşı aqressiv münasibəti davam etdirmək məqsədi güdür. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-674/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edildiyi zaman və həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə apellyasiya instansiyasında mübahisələndirilidiyi dövrdə iş materiallarında əks olunmuş ifadə və izahatlarında iddiaçı bildirmişdir ki, hər iki uşağın onda saxlanılması doğrudur və hər iki uşağın lazımi həyat səviyyəsinin təmini üçün onun maddi təminatı vardır. Hazırki iddia ərizəsində isə iddiaçı bildirmişdir ki, uşaqların maddi təminatı və tərbiyəsi ilə özü məşğul olsa da, alimentin cavabdehin əmək haqqına yönəldilməsi zərurəti yaranmışdır. Ona görə də hesab edir ki, iş üzrə doğru olmayan nəticəyə gəlinmişdir və aliment ödənişi artırılmalı deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, cavabdehin gətirdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri (marketinq) olaraq 2219 manat, “X14 Evi” Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri (marketinq) olaraq 1102 manat əmək haqqı alır. Qeyd edir ki, övladları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 böyüdükcə onların xərcləri artmaqdadır. Belə ki, oğlu xx.xx.2008-ci il təvəllüdlü X7 bu il ali məktəbə qəbul olmuş, onun illik təhsil haqqı 2300 manat iddiaçı tərəfindən ödənilir. X1 aylıq hazırlıq kurslarına hər ay 300 manat da onun tərəfindən ödənilir. Bundan başqa Fidanın belində skalioz olduğuna görə altı aydan bir, ildə iki dəfə müalicəyə gedir, 14 günlük kurs 50 manatdan olmaqla, dərman və digər ləvazimatlara ən azı 1000 manat xərclər tərəfindən ödənilir. Odur ki, cavabdehin gətirdiyi dəlilləri əsassız olduğundan rədd edilməlidir.

Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, sədrlik edənin sualına cavab olaraq iddia tələbində dəyişiklik etmək istəmədiyini bildirdi.

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh izahatında və ona verilən suallara cavab olaraq bildirdi ki, hazırda işsizdir. İddiaçı uşaqları götürdü ki, baxa bilir. Onda nəyə görə aliment istəyir. Səhhətində problem olduğu üçün 2 ay gecikdirdi. İddiaçı deyir ki, maaşı çoxdur, amma belə hal yoxdur. Uşaqları iddiaçı götürüb saxladı, sonra da geri vermədi. Uşaqlar da ona uyğunlaşdılar. Düşmənçilik münasibətini davam etdirirlər. Dəfələrlə iddia qaldırmışdır. Uşaqların psixologiyası sarsılıb. Alimenti ödədikdən sonra səhhəti ilə, yaşayış xərci ilə bağlı özünə pul qalmır. 2000 manat kredit üçün ödəyir, yaşayış məsələləri üçün də pul lazımdır. İddiaçı qərəzli iddia qaldırıb. Uşaqları ona qarşı böyüdüb. Onu görmək istəmirlər. 5 ildir onunla qalırlar. Uşaqlara təzyiq göstərməmişdir. Müqaviləsi dünən bitdi. Müddəti bitdiyi üçün bildirildi ki, ərizə yazıb, özü çıxsın ki, gələcəkdə problem olmasın. Həftədə 7 gün işləyirdi, yorulurdu, uzadılmasını istəmədi. İşsizlik barədə arayışı əldə edə bilər

Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

19. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

20. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

21. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

22. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

28. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

29. Hazırkı mübahisə üzrə iddiaçı alimentin cavabdehin əmək haqqından hissəvi tutulmasını tələb edərək prinsipcə aliment miqdarının artırılmasını, müəyyənləşdirilmiş alimentin yetərli olmaması, himayəsində olan övladlarını təkbaşına böyütməsi, cavabdehin 2 iş yerində işləyərək aylıq müntəzəm gəlirə malik olması ilə əsaslandırır.

30. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş uşaqlar iddiaçının himayəsindədir.

31. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehin maddi vəziyyətində dəyişiklik olması müəyyən olunmuşdur. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılan dövrdə müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri (marketinq) olaraq 2219 manat, “X14 Evi” Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri (marketinq) olaraq 1102 manat əmək haqqı alır.

32. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 85/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment qət edilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur. 2025-ci ildə isə bu məbləğ 246 manat təşkil edir.

33. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

34. Qanuna əsasən alimentin məbləğinin sonradan dəyişdirilməsi üçün əsas meyar tərəflərdən birinin maddi və ailə vəziyyətində dəyişikliyin olmasıdır.

35. Bu baxımdan kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq, cavabdehin 3000 manatdan şox əmək haqqı almasını əsas götürərək xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması qənaətinə gəlmişdir.

36. Cavabdeh apellyasiya baxışında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən hazırda qüvvədə olan əmək müqaviləsinin olmaması barədə Çıxarış təqdim edərək hazırda işləməməsini qeyd etmişdir.

37. Buna baxmayaraq iddiaçı izahatında qeyd etmişdir ki, iddia tələbində dəyişiklik etmək istəmir.

38. Kollegiya cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında cavabdeh əmək müqaviləsinin müddətinin dünən bitdiyini, həftədə yeddi gün işləmək istəmədiyini, ərizə yazaraq işdən çıxdığını bildirmişdir.

39. Cavabdeh özü birinci instansiya məhkəməsində verdiyi izahatında qeyd etmişdir ki, xərcləri çoxdur, ayda 1000 manat ipoteka ödənişi edir, 500 manat aliment ödəməyi təklif etmişdir. Kollegiya cavabdehin xərclərinin çox olmasına rəğmən onun öz istəyinə əsasən işdən azad edilməsini cavabdehin alimentin dəyişdirilməsinə olan etirazı kimi qəbul edir. 40.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun olaraq qəbul edildiyindən hazırda apellyasiya baxışında cavabdehin əmək müqaviləsinə öz istəyinə əsasən xitam verilməsi halı qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3196/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar