Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4620/2024 02.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdehnə, X14 və X7 qarşı iş üzrə (Açar sözlər:maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 02 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı oğlu Adil Rzazadə xx.xx.2018-ci il tarixdə qəflətən yıxılıb ayağını sındırdığından, xx.xx.2018-ci il tarixdə iş üzrə Cavabdeh MMC-də iş üzrə digər cavabdehlər olan həkim-travmatoloqlar Emil Kazim və İra Dalivalova tərəfindən cərrahiyyə əməliyyatı olunmuşdur. Lakin əməliyyatdan uzun müddət keçsə də, uşaq yeriyə bilməmiş, ağrıları qalmışdır. Bununla bağlı iddiaçı cavabdeh Emil Kazıma müraciət etdikdə, həkim milin çıxarılması üçün yenidən əməliyyat edilməli olduğunu bildirmiş, ikinci dəfə oğlunu “Medika Hospital”da əməliyyat etmişdir. Həmin vaxt həkim oğlunun ayağında “ostemelit” xəstəliyi aşkar etmişdir. Xəstənin ayağında aşkar olunmuş mikroblar onun ayağının sümük nahiyyəsini əritmişdir. Aylarla müalicə olunmasına baxmayaraq, xəstənin sağlamlığında heç bir irəliləyiş olmamışdır. 2019-cu ilin fevral ayında xəstə İstanbul şəhərində yerləşən “Acıbadəm” xəstəxanasına müayinə olunmaq üçün aparılmışdır. Oradakı müayinələr nəticəsində, “Osteomielit sümük iliyinin iltihabı” diaqnozu qoyulmuş və xəstənin dərhal əməliyyat olunmalı olduğu və ona irinləmiş hissəyə sümük köçürülməsi (transplantasiyası) aparılacağı bildirilmişdir. Daha sonra xəstə “X21” klinikasında yenidən əməliyyat olunaraq irinli hissələr təmizlənmiş və sümüklər birləşdirilərək “İllizarov aparatı” qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-də aparılan yoxlamalar zamanı müəyyən edilmişdir ki, sözügedən tibb müəssisəsi tərəfindən tibb xidmətləri göstərilərkən universal təhlükəsizlik tədbirləri (sterilizasiya qaydaları) pozulmuş, xx.xx.2019cu il tarixdə Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdehnə, X14 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğluna göstərilmiş keyfiyyətsiz tibbi xidmətə və universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə, sağlamlığına vurulmuş zərərlə bağlı ona dəymiş 65.000 ABŞ dolları maddi ziyanın, 1.000.000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının övladı X15 xx.xx.2018-ci il tarixdə qəflətən yıxılmış və ayağını sındırmışdır. Uşağı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "xxxx" adlı özəl xəstəxanaya aparmışlar. Onları ilk olaraq xəstəxananın həkimtravmatoloqu İra Dalivalova adlı həkim qəbul etmiş və oğlu Adil Rzazadəyə qəlpəli yerdəyişməli sınıq diaqnozu qoyulmuş və dərhal əməliyyat olunmalı olduğunu bildirmişdir. Bundan sonra həkim İra Dalivalova bildirmişdir ki, oğlunu Emil Kazım adlı həkimlə birlikdə əməliyyat etsə yüksək nəticə əldə olunacaqdır. X24 həmin xəstəxananın həkimi olmamış və dəvətlə bütün özəl klinikalarda əməliyyatlar etmişdir. Onlar həm həmin anda təlaşlı olduqları üçün, həm də İra Dalivalovanın həkim olaraq məsləhətinə olan inamlarından Emil Kazım adlı həkimin uşağı əməliyyat etməsinə razılıq vermişlər. X25 görüşlərində bildirmişdir ki, oğlunun ayağına mil qoyulacaq və gələcəkdə bu sınıqdan irəli gələn hər hansı bir zərərin olmaması üçün yüksək səviyyəli əməliyyat keçiriləcəkdir. Sonda isə həkim bildirmişdir ki, bu əməliyyat üçün onlar "xxxx" klinikasına 2500 manat pul ödəməlidirlər. İddiaçı ana olaraq oğlunun sağlamlığı üçün tələb olunan məbləğin həddindən çox yüksək olmasına baxmayaraq, təklif edilən qiymətlə razılaşmış və ödəmişdir. Beləliklə, oğlu xx.xx.2018-ci il tarixdə "xxxx"da Emil Kazim və İra Dalivalova tərəfindən əməliyyat olunmuşdur. Lakin iddiaçının oğlu əməliyyatdan müəyyən müddət keçməsinə baxmayaraq, yeriyə bilməmiş, ayağının ağrıları keçmədiyindən, yataq xəstəsinə çevrilmiş və hərarəti yüksək olmaqla bərabər, ayağından çirk gəlmişdir. Onlar isə mütəmadi olaraq X25 və İra Dalivalova ilə əlaqə saxlayaraq, səbəbini soruşduqda hər dəfəsində onları əmin etmişlər ki, əməliyyat uğurlu keçmişdir, uşaq ağrımır, sadəcə simulyasiya edir və tezliklə oğlu ayağa qalxacaqdır, sadəcə səbirli olaraq bir müddət gözləmək lazımdır. Lakin oğlunun əməliyyat olunmasından təxminən 4 ay keçdikdən sonra onun hələ də yeriyə bilməməsi və sağalmaması onlarda əsaslı şübhələr yaratmışdır. Bundan sonra onlar yenidən həkim-travmatoloq Emil Kazımın qəbuluna getmişlər. Həkimlə bu dəfə “Medika Hospital” adlı klinikada olan görüşlərində, həkim oğlunda təkrar müayinələr aparmış və bildirmişdir ki, oğlunun ayağına qoyulmuş milin başlığı (platin mil) yeriməsinə mane olduğundan, milin çıxarılması üçün yenidən əməliyyat edilməlidir. O isə yaranmış vəziyyətdən çox narahat olduğu və azyaşlı oğlunun həyatının məhv olmaması üçün oğluna təkrar əməliyyat keçirilməsinə razılıq vermişdir. X25 bu dəfə də ondan oğlunun əməliyyatı üçün 1400 manat pul ödəməli olduğunu bildirmişdir. İddiaçı bu dəfə də razılıq vermiş və həkimin tələb etdiyi məbləği ödəmişdir. Beləliklə, X25 ikinci dəfə oğlunu “Medika Hospital”da əməliyyat etmiş və oğlu 15 gün müddətində oranın stasionar şöbəsində müalicə olunmuşdur. Qeyd edir ki, əməliyyatın ortasında həkim onları əməliyyatxanaya dəvət edərək bildirmişdir ki, əməliyyat nəticəsində oğlunun ayağında “ostemelit” aşkar etmiş və həmin mikroblar oğlunun sümüyünü 10 sm uzunluğunda əritmişdir. Həmçinin, həkim bildirmişdir ki, bu mikroblar onun səhvi ucbatından deyil, məhz "xxxx" klinikasının əməliyyatxanasında olan anti-sanitariya şəraiti ucbatından düşmüşdür. Həmin mikroblar müayinə olunmuş və “clipsiella” və “enterekok” mikrobu olduğu müəyyən edilmişdir. Qeyd edir ki, həmin klinikanın əməliyyatxanasından başqa xəstələrə də bu mikroblardan düşmüşdür. Xüsusilə, “clipsiella” mikrobu əməliyyatxana mikrobudur və həmin mikrob əməliyyatxanadan başqa yerdə düşə bilməz. Uşağın ayağında aşkar olunmuş mikroblar iddiaçının oğlunun ayağını 10 sm uzunluqda sümük nahiyyəsini əritmişdir və artıq həmin irinləri təmizləmişdir. Bu dəfə də onları əmin etmişdir ki, artıq oğlunun ayağında olan bütün mikroblar və irinlər onun tərəfindən tamamilə təmizlənmişdir, oğlunun sağlamlığı qısa zamanda geri qayıdacaqdır. Bu dəfə də o, həkimin bu vədlərinə inanmışdır. Oğlu iki ay müddətində müalicə olunmasına baxmayaraq, sağlamlığında heç bir irəliləyiş olmamışdır. Nəzərə çatdırılır ki, ikinci əməliyyatdan və sonrakı müalicəsindən sonra da X25ın tibbi müdaxiləsinin bir nəticə verməməsi, oğlunun ayağında heç bir inkişaf olmaması və yenidən ayağa qalxaraq yeriyə bilməməsi onu məcbur etdmişdir ki, oğlunun müalicəsini artıq Azərbaycanda deyil, xaricdə davam etdirsin. Qeyd edir ki, Azərbaycandan oğlunun hər iki əməliyyat və dərman xərclərinə ümumilikdə 10.000 ABŞ dolları məbləğində pul xərclənmişdir. Lakin həm həkim səhlənkarlığı, həm də klinikanın anti-sanitariya şəraiti ucbatından iddiaçının azyaşlı oğlu sağalmaq əvəzinə, ayağının sümüyündə ərimə baş vermişdir. Beləliklə, təxminən 3 ay sonra 2019-cu ilin fevral ayında o, məcburiyyət qarşısında qalaraq bütün mülklərini satıb oğlunu Türkiyə Cümhuriyyətinə aparmışdır. İddiaçı oğlunu xx.xx.2019-cu il tarixdə X3 şəhərində yerləşən “Acıbadəm” xəstəxanasına müayinə olunmaq üçün aparmışdır. Müayinələrin nəticəsi isə çox acınacaqlı olmuşdur. Oradan iddiaçıya bildirmişlər ki, oğlunun ayağında aprılan hər iki əməliyyat uğursuz olmuş və artıq oğlunun ayağında olan irinlər ayaq sümüyünü daha 5 sm olmaqla, ümumilikdə 15 sm hissədə çürütmüşdür. Tək orada oğlunun müayinə olunması və biopsiya əməliyyatının aparılması üçün iddiaçı 2400 ABŞ dolları məbləğində pul xərcləmişdir. Orada aparılan müayinələrdən sonra “Osteomielit sümük iliyinin iltihabı” diaqnozu qoyulmuş və bildirilmişdir ki, oğlunun ayağı artıq məhv olmaq üzrədir. Müayinənin nəticəsinə görə isə oğlunun dərhal əməliyyat olunmalı olduğunu və ona irinləmiş hissəyə sümük köçürülməsi (transplantasiyası) aparılacağını, bunun qiymətinin isə 17.000 ABŞ dolları məbləğində olduğunu bildirmişlər. O isə həm maddi imkanının yaxşı olmaması, həm də Azərbaycanda olan müalicələrə həddindən çox pul xərclədiyi üçün həmin məbləği qarşılaya bilməmişdir. Lakin oğlunun taleyinə biganə yanaşa bilmədiyindən, yaxın qohumlardan və dostlardan borc alaraq oğlunun əməliyyat olunması üçün tələb olunan 17.000 ABŞ dollarını toplamışdır. Beləliklə, xx.xx.2019-cu il tarixdə oğlu orada əməliyyat olunmuş, ona 15 sm uzunluqda sümük köçürülmüş və plastinka qoyulmuşdur. Əməliyyatdan sonra xəstəxanadan ona bildirilmişdir ki, oğlunun ayağından mikrobların təmizlənməsi üçün əməliyyatdan sonrakı proseduralara görə hər 3 gündən bir VAC aparatı (ayağına yığılmış irini mütəmadi təmizləməsi üçün) qoyulmalıdır. Qeyd edir ki, həmin VAC aparatının yerləşdirilməsi narkozlu əməliyyatdır və onun bir proseduru 900 ABŞ dollara olmaqla, ümumilikdə dərmanlarla birlikdə 1200 ABŞ dollarına başa gəlir. Yenidən o, çarəsiz vəziyyətdə qaldığı üçün bununla da razılaşmışdır. Beləliklə, oğlunun ayağına ümumilikdə 22 ədəd VAC aparatı qoyulmuş və o, bunun üçün ümumilikdə 26.400 ABŞ dolları pul ödəmişdir. Bunun xərcindən başqa, hər 3-4 gündən bir oğluna narkoz vurulmuş və bu, oğlunun səhhətinə çox ağır nəticələr vermişdir. Onun yalnız Türkiyə Cümhuriyyətində oğlunun əməliyyat və müalicə xərclərinə 45.800 ABŞ dolları məbləğində xərci çıxmışdır. Bundan sonra Bakı şəhərində “X21” klinikasında yenidən əməliyyat olunaraq irinli hissələr təmizlənmiş və sümüklər birləşdirilərək illizarov aparatı qoyulmuşdur. Uşağın ayağı bundan sonra da 8 ay həmin aparatda qalaraq yataq xəstəsi olmuşdur. Ən acınacaqlısı da odur ki, oğlunun ayağı 4 sm kiçilmişdir. Bu əməliyyatla bağlı 15.000 manat xərci çıxmışdır. Bu günə kimi isə ümumilikdə 65.000 ABŞ dollarıdan çox pul xərcləmiş və xərcləməkdə də davam edir. Oğlu sağalsa belə, “clipsiella” mikrobu onun immunitetinin zəiflədiyi anda yenidən aktivləşə bilər ki, bu da oğlunun daim həkim nəzarətindən yaşamasına səbəb olacaqdır. Eləcə də 17 yaşından sonra oğlunun ayağının uzadılması əməliyyatı icra edilməlidir ki, onun bir ayağı digərindən qısa olmasın. Qısası, tibb işçilərinin səhvləri ucbatından oğlunun sağlamlığına ağır zərər vurulmuş, aylarla yataq xəstəsi olmağa məcbur edilmiş, bütün bunlardan başqa, illərdir ki, keçirdiyi ağrılar səbəbindən gecələr ancaq dərmanla yata bilir, gündüzlər isə ölmək istədiyini bildirir. Göründüyü kimi, "xxxx"ın əməliyyatxanasında olan anti-sanitar rejim, həkimlərin isə əməliyyatxananın gigiyenasına fikir verməmələri səbəbindən oğlunun ayağına irin gəlmiş, Emil Kazımın səhlənkarlığı ucbatından irinin gəlməsi yalnız 4 aydan sonra bilinmiş və nəticədə 10 sm sümüyü çürümüş və yenə Emil Kazımın onları aldadaraq sağaltmasını vəd etməsi ilə daha 5 sm ölçüdə sümüyü çürümüşdür. Bütün bunların nəticəsində, oğlu aylarla yataq xəstəsi olmaqla ağrılardan yata bilməmiş, təhsilindən geri qalmış, sağlamlığına ağır zərər dəymiş və dəfələrlə əməliyyatlar keçirmiş və keçirəcəkdir. Azyaşlı oğlu Adil Rzazadənin keçirdiyi çox ağır əməliyyatlar onun sağlamlığını və gələcək həyatını məhv etmişdir. Baş verən hadisələri həkim klinikanın, klinika isə həkim üstünə ataraq məsuliyyətdən yayınmağa çalışırlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-də aparılan yoxlamalar zamanı müəyyən edilmişdir ki, sözügedən tibb müəssisəsi tərəfindən tibb xidmətləri göstərilərkən universal təhlükəsizlik tədbirləri (sterilizasiya qaydaları) pozulmuşdur. Buna görə də, xx.xx.2019-cu il tarixdə Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(008)- 2361/2019 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsinə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" da belə anti-sanitar vəziyyətin olması iddiaçının oğlu Adil Rzazadədə osteomielit xəstəliyinin yaranmasına səbəb olmuşdur.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-141/2024 saylı qətnaməsi ilə (hakim H.Mahmudova) iddia qismən təmin edilmiş, Cavabdehndən iddiaçının xeyrinə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla maddi zərərə görə 65.000 (altmış beş min) ABŞ dolları, mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul vəsaitinin tutulması, iş üzrə ödənilməli olan 405,50 (dörd yüz beş manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, Adil Rzazadə üzərində Cavabdeh və “Medika Hospital”da aparılmış cərrahiyyə əməliyyatlarının aparılmasının düzgün seçim olması, “Osteomielit” xəstəliyinin aşkar olunmasının aparılmış ilkin cərrahiyyə əməliyyatının texniki icrası ilə əlaqəli olmaması barədə ekspertlərin gəldiyi nəticəni nəzərə alaraq, Adil Rzazadədə “Osteomielit” xəstəliyinin aşkar olunmasında həkim təqsiri sübuta yetirilmir. Ona görə də, X14 və X7 aid hissədə iddia təmin edilə bilməz. Lakin “Osteomielit” xəstəliyinin yaranmasının səbəblərindən biri kimi əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmaması barədə ekspertlərin gəldiyi nəticəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-də aparılan yoxlamalar zamanı sözügedən tibb müəssisəsində tibb xidmətləri göstərilərkən universal təhlükəsizlik tədbirləri (sterilizasiya qaydaları) pozulmasının müəyyən edilməsi və bu səbəbdən, məhkəmənin qərarı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi ilə əlaqəli şəkildə təhlil edərək, eləcə də X13 xx.xx.2019-cu il tarixli izahatını (X12 əməliyyatına başlamazdan əvvəl keçirilmiş müayinələr zamanı uşaqda hər hansı bir virus aşkar edilməmişdir. İnfeksiyanın yara kanalına keçməsi tərəfindən aparılmış əməliyyatla əlaqəli olmamış, çox güman ki, həmin infeksiya klinikanın əməliyyatxanasında olan alətlərin sterilizasiyasının zəifliyindən qaynaqlanmışdır) nəzərə alaraq, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh "xxxx" MMC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, törətdiyi mülki-hüquq pozuntusuna görə məsuliyyət daşımalıdır. Dəymiş maddi ziyanın miqdarı ilə bağlı məhkəməyə təqdim edilmiş “X9 ve Ticaret Anonim Şiketinin” elektron arxiv qəbzlərinə əsaslanaraq, məhkəmə vurulmuş maddi ziyanın iddia tələbində göstərilən miqdarda, yəni 65.000 ABŞ dolları (hazırkı məzənnə ilə 110.500 Azərbaycan manatı) olması ilə razılaşır. Cavabdehndə əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmaması nəticəsində, iddiaçının övladı X2 vurulmuş ziyanla bağlı azyaşlı uşağın və ailə üzvlərinin uzun müddət mənəvi sarsıntılar, iztirablar keçirdiyini, maddi məhrumiyyətlərə məruz qaldığını nəzərə alaraq, iddiaçı cavabdehdən mənəvi zərər tələb etməkdə haqlıdır. Lakin məhkəmə, tələb olunan mənəvi zərərin məbləği ilə razılaşmayaraq, hesab ki, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 5000 manat məbləğində mənəvi zərərin tutulmasının qanuni, əsaslı və işin hallarına uyğun saymışdır.
6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh MMC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının klinikada əməliyyat olunma tarixi xx.xx.2018-ci il olmuşdur. Lakin yuxarıda qeyd edilən pozuntu ilə bağlı qəbul edilmiş məhkəmə qərarı isə xx.xx.2019-cu il tarixində olmuşdur. Yəni, əməliyyatın edilməsi tarixi ilə inzibati xəta haqqında məhkəmə qərarı arasında 1 il 3 ay vaxt fərqi mövcuddur. Yəni, bu o deməkdir ki, 1 il 3 ay sonra aşkar edilmiş inzibati xətaya görə şəxsin həmin tarixdən 1 il 3 ay əvvəl baş vermiş hadisədə də təqsirli bilinməsi nə hüquqa, nə də heç bir məntiqə sığa bilməz və məhkəmə adına belə nəticəyə gəlinməsi absurd və yolverilməzdir. Bundan başqa həmin iş məhkəmə qaydasında tələb edilərək araşdırılmışdır. Həmin materialda isə birbaşa öz təsdiqini tapır ki, klinikanın inzibati məsuliyyətə cəlb edilməsinə səbəb əməliyyatxanada olan pozuntularla bağlı deyil, məhz klinikanın zirzəmi qatında olan əməliyyatxana tullantılarının saxlanıldığı yerdə tullantıların saxlanılma müddətindən artıq saxlanılması ilə baş vermiş pozuntuya görə olmuşdur. Bununla bağlı həmçinin məhkəmə iclasında dindirilmiş ekspertə də müvafiq sual verilərək klinikanın zirzəmi qatında olan əməliyyatxana tullantılarının saxlanıldığı yerdə tullantıların saxlanılma müddətindən artıq saxlanılması əməliyyatxanada əməliyyat olunan şəxsə hər hansı infeksiyanın düşməsinə səbəb ola bilər?! sualına ekspert X4 tərəfindən “belə bir halın baş verməsi mümkün deyil”cavabı alınmışdır. Nümayəndəyə prokurorluqda verilmiş izahatla bağlı sual verildikdə o bu izahatı təsdiq etmədiyini və izahatda onun təmsil etdiyi şəxsin imzasının olma səbəbinə baxmayaraq orada nə üçün qeyd edilən izahatla razılaşmaması soruşulduqda o həmin izahatda yazılanlardan cavabdeh Kazım Emilin məlumatlı olmaması, məhz müstəntiqin öz mülahizəsinə əsasən elə yazması və cavabdehin onu oxumadan müstəntiqin təkidi ilə həmin izahatı imzalaması barədə məhkəməyə izahat vermişdir. Lakin bunların heç biri qətnaməyə qeyd edilməyərək tərəfin təsdiq etmədiyi lakin onun adından əvvəllər yazılmış izahatı məhkəmə mötəbər sübut kimi qiymətləndirmişdir. Lakin məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi izahata baxdıqda əvvəlcə görünür ki, orada cavabdeh çox guman ki, sözlərindən istifadə etmişdir. Yəni cavabdeh orada konkret olaraq bu virusun iddiaçıya məhz klinikada baş vermiş sterilizasiya problemlərindən qaynaqlanmasını göstərməmişdir. Ümumiyyətlə dəfələrlə keçirilmiş ekspert rəyləri üzrə bir neçə ekspert həkimin gələ bilmədiyi nəticəyə bir həkimin özbaşına olaraq konkret fikir bildirməsi nə mümkün deyil nə də ki, qəbuledilən deyildir. xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli ekspert rəylərindən görünür ki, qeyd olunan xəstəlik müxtəlif səbəblərdən, yəni əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmamasından, yaranın düzgün işlənməməsindən, immunitetin zəifliyindən və s. yarana bilər. Osteomielit müxtəlif səbəblərdən yarandığından, patoloji prosesin əmələ gəlməsində hansı amilin həlledici olması barədə konkret olaraq fikir söylənilməsi mümkün olmamışdır. İş materiallarında olan xəstəlik tarixçəsinə nəzər saldıqda xəstənin əməliyyatdan sonra sarğılarının edilməsi üçün xəstənin əməliyyatdan sonra sarğılarının edilməsi üçün klinikaya müraciət etmədiyi görünür. Nəzərə alsaq ki, xəstənin anası İddiaçı tibb bacısı işləmişdir və çox guman ki, elə uşağının sarğılarını da özü etmişdir. Belə olan təqdirdə elə rəylərdə göstərilən xəstəliyin real olaraq yaranma səbəblərindən biri olan sarğının düzgün edilməməsi halı qeyd olunan məsələdə olan şübhələrin haqlı olmasına deməyə əsas verə bilər. Lakin buna baxmayaraq ekpsertlər belə bu məsələ barədə konkret fikir bildirə bilmədikləri halda hakimin həmin sahədə xüsusi biliyə malik olan şəxs kimi fikir bildirərək ekspertlətin gələ bilmədikləri nəticəyə gəlməsi tamamilə qəbuledilməz və absurddur. Cavabdeh X16 heç bir zaman klinikanın həkimi olmamışdır. Lakin buna baxmayaraq məhkəmə tərəfindən belə əsassız məlumatlar qeyd edilmişdir. Cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarı ilə də qeyd olunan hadisədə nə həkim səhlənkarlığının, nə də başqa pozuntuların olmadığı müəyyən edilmişdir. O biri məsələlərdə olduğu kimi məhkəmə tərəfindən buna da əhəmiyyət verilməmişdir. Bundan başqa həmin material araşdırılarkən izahatı alınmış digər cavabdeh olan X6 xx.xx.2019-cu iltarixli izahatında onun X12 yalnız birinci əməliyyatında iştirak etməsi, həmin əməliyyatda heç bir problemin olmaması və uşağa virusun hansı şəraitdə düşməsi barədə heç bir məlumatının olmaması barədə dediklərinə də məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. İddiaçının əmisi də həmin ərəfələrdə həmin klinikada əməliyyat olunmuşdur. Lakin onda hər hansı infeksiya olmamışdır. Bu məlumat da iddiaçı tərəfindən gizlədilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh MMC-nin nümayəndəsi ərizə göndərərək cinayət işinin istintaqında iştirak edəcəyini və bu səbəbdən hazırkı məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etmədiyindən məhkəmə kollegiyası onun məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etmədiyi qənaətinə gəldi. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq həm Cavabdeh MMC-nin nümayəndəsinin, həm də digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarı
mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh MMC tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı həmin cavabdehə qarşı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin göstərilən hissədə ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Apellyasiya şikayətinin əsas dəlilləri iddiaçının övladının sağlamlığına ziyan vurulmasında Cavabdeh MMC-nin təqsiri olmadığı və buna görə də törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımadığı barədədiur.
18. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdkıları qeyd edir.
19. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
20. İddiaçı iddia edir ki, övladına cavabdehlər tərəfindən keyfiyyətsiz tibbi xidmət göstərilmiş və universal təhlükəsizlik tədbirləri pozulduğundan övladının sağlamlığına zərər vurulmuşdur.
21. İddiaçı tələbini təsdiq edən sübutlar qismində məhkəməyə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(008)-2361/2019 saylı qərarını, Bakı şəhəri Sabunçu Rayon X1 müraciəti əsasında toplanmış 418C-17 nömrəli materiallardan çıxarışları təqdim etmişdir.
22. Cavabdeh MMC isə iddiaya etiraz edərək iddiaçı tərəfindən təqdim olunmuş sübutların məhkəmə tibbi ekspertizasının rəyi ilə birmənalı təsdiqlənmədiyini, iddiaçının da tibb işçisi olduğundan sözügedən mikrobun yaranın xəstəxanadan kənar iddiaçı tərəfindən də işlənməsi nəticəsində də düşə biləcəyini bildirmişdir.
23. Birinci instansiya məhkəməsində işə baxılarkən iki dəfə məhkəmə tibbi-ekspertizası təyin edilmişdir.
24. “Məhkəmə-Tibbi Ekspertiza və X11” X17 xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X12 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Cavabdehda X12 adına tərtib olunmuş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona xx.xx.2018-ci il tarixdə “Sol bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli yerini dəyişən sınığı” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq onun üzərində xx.xx.2018-ci il tarixdə “Sol bud sümüyünün kilidli intramedulyar osteosintezi” cərrahiyyə əməliyyatının aparılması düzgün seçim olmuşdur. Adil Rzazadə xx.xx.2018-ci il tarixdə “Medikal Hospital”a daxil olmuş və ona “Sol bud sümüyünün intramedulyar metaloosteosintezdən sonrakı irinləmiş bitişməmiş vəziyyəti” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “Metal fiksatorların çıxarılması, irinliyin sanasiyası, İlizarov aparatı ilə “osteosintez” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün icra edilmişdir. Adil Rzazadənin təkrar cərrahiyyə əməliyyatına məruz qalmasına səbəb osteomielitin inkişafı ilə əlaqədar olmuşdur. Bu da müxtəlif səbəblərdən, yəni əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmamasından, yaranın düzgün işlənməməsindən, immunitetin zəifliyindən və s. yarana bilər. Osteomielit müxtəlif səbəblərdən yarandığından, patoloji prosesin əmələ gəlməsində hansı amilin həlledici olması barədə konkret olaraq fikir söylənilməsi mümkün olmadı. Adil Rzazadəyə aparılmış müayinə və müalicələr onun vəziyyətinə uyğun olmuşdur.
25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X17 xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Medika Hospital”da təkrar aparılmış cərrahiyyə əməliyyatına səbəb ilkin müdaxilədən sonra inkişaf etmiş irinli proseslə əlaqəli sümük fraqmentlərinin bitişməməsi olmuşdur. Bu da aparılmış ilkin cərrahiyyə əməliyyatının texniki icrası ilə deyil, əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmamasından, yaranın düzgün işlənməməsindən, immunitetin zəifliyindən və s. yarana bilər. Adil Rzazadəyə qeyd edilən “Osteomielit” xəstəliyi müxtəlif səbəblərdən yarandığından, patoloji prosesin əmələ gəlməsində konkret olaraq hansı amilin həlledici olması barədə fikir söylənilməsi mümkün deyildir. Yəni, ehtimal olaraq hansı faktorun daha çox və ya daha az olması məhkəmə-tibbi baxımından qiymətləndirilə bilməz. Müalicələrin effektivliyi orqanizmin kompensator və immun sistemi ilə bağlıdır. İltihabi prosesin müalicəsinin erkən vaxtlarda aparılması daha effektiv hesab edilir. Adil Rzazadənin “Sol bud sümüyündə osteomielit” xəstəliyinin inkişafına “klebsiella pneumaniae” və “enetrobacter cloacae” mikrobları səbəb olmuşdur. Qeyd olunan mikroblara hansı şəraitdə, o cümlədən "xxxx"da yoluxması haqqında bir əsasın olması müəyyən edilməmişdir.
26. Göründüyü kimi, ekspert rəyləri ilə Adil Rzazadədə “Osteomielit” xəstəliyinin üç əsas səbəbdən - əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmamasından, yaranın düzgün işlənməməsindən, immunitetin zəifliyindən yarana biləcəyi nəticəsinə gəlinmiş, bunun aparılmış ilkin cərrahiyyə əməliyyatının texniki icrası ilə bağlı olmadığı, lakin patoloji prosesin əmələ gəlməsində konkret olaraq hansı amilin həlledici olmasını müəyyənləşdirilməsinin mümkün olmadığı qeyd olunmuşdur.
27. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, tibbi xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsinə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir.
28. Bundan əlavə Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun 418C-17 nömrəli X8 müraciəti əsasında toplanmış materiallarında olan cavabdeh X13 xx.xx.2019-cu il tarixli izahatından görünür ki, X12 əməliyyatına başlamazdan əvvəl keçirilmiş müayinələr zamanı uşaqda hər hansı bir virus aşkar edilməmişdir. İnfeksiyanın yara kanalına keçməsi tərəfindən aparılmış əməliyyatla əlaqəli olmamış, çox güman ki, həmin infeksiya klinikanın əməliyyatxanasında olan alətlərin sterilizasiyasının zəifliyindən qaynaqlanmışdır. Ostemelit xəstəliyi əməliyyatdan ən azı 4-5 ay keçəndən sonra sümüklərdə öz fəsadlarını göstərir ki, o da həmin fəsadları aşkar edən kimi dərhal tədbir görüb ikinci əməliyyatı icra etmişdir.
29. Kollegiya “Osteomielit” xəstəliyinin yaranmasının səbəblərindən biri kimi əməliyyat zamanı istifadə olunan alətlərin düzgün sterilizasiya olunmaması barədə ekspertlərin gəldiyini nəticəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-də aparılan yoxlamalar zamanı sözügedən tibb müəssisəsində tibb xidmətləri göstərilərkən universal təhlükəsizlik tədbirləri (sterilizasiya qaydaları) pozulmasının müəyyən edilməsi və bu səbəbdən, məhkəmənin qərarı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi ilə əlaqəli şəkildə təhlil edərək, eləcə də X13 xx.xx.2019-cu il tarixli izahatını (həmin infeksiyanın klinikanın əməliyyatxanasında olan alətlərin sterilizasiyasının zəifliyindən qaynaqlanması ilə bağlı) nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh "xxxx" MMC-nin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən törətdiyi mülkihüquq pozuntusuna görə məsuliyyət daşımalı olduğuna dair mövqeyi əsaslıdır.
30. Qeyd edilənlərə əsasən Kollegiya mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayaraq bu qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 10 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.