Məhkəmə qərarları › İş №2(103)-4629/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4629/2021

04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4629/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və “iddia ərizəsinə əlavə” adlı ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onu, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-571/2020 saylı, 13.08.2020-ci il tarixli qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə tutulmalı olan alimenti ödəməkdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli qətnaməsinə əsasən ondan hazırki iş üzrə cavabdehin xeyrinə 2 uşağın – 04.02.2008-ci il təvəllüdlü Mirnadirin və 03.05.2020-ci il təvəllüdlü Safinin yetkinlik yaşına çatanadək saxlanılması üçün 07.01.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat aliment tutulması qət edilmişdir. 2007-ci ilin aprel ayından 19.08.2019-cu il tarixinə kimi keçmiş arvadı və uşaqları onunla birlikdə yaşayıblar və 12 il ərzində tamamilə onun himayəsində olublar. Bir neçə ali təhsilinin və elmi dərəcəsinin olmasına baxmayaraq, qətnamə ilə müəyyən edilən həmin dövr ərzində, yəni 07.01.2020-ci il tarixdən 13.08.2020-ci il tarixədək hamıya bəlli olan səbəblərdən dünyada və ölkədə iqtisadiyyatda böhranın güclənməsi nəticəsində, əsasən enerji daşıyıcılarının qiymətlərinin kritik enməsi, əlavə olaraq koronovirus pandemiyası nəticəsində bütün fəaliyyətinin dondurulması səbəbindən, həmçinin yaşına görə işə düzələ bilməməsinə görə də heç bir gəliri yoxdur. Bu halın mövcudluğu həmçinin sözügedən məhkəmə qətnaməsində də öz əksini tapıb. Uşağın saxlanılması qanunla hər iki valideynin vəzifəsidir. Odur ki, göstərilənlərə əsasən, o hesab edir ki, məhkəmə qətnaməsi ilə ondan cavabdehin xeyrinə tutulmalı olan alimentin ödənilməsindən azad edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.02.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinin məzmununa uyğun olaraq əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Əvvəla məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi məlumat verilməmiş, iddiaçı özü hər dəfə məhkəmə ilə əlaqə saxlayaraq məhkəmə baxışı iclasları barə məlumat almışdır. Buna və alimentin tutulması barədə qanunsuz qətnamə də, məhz həmin hakim tərəfindən qəbul edildiyindən iddiaçı, işə baxan hakimə etiraz etmiş, lakin etiraz ilə bağlı qərardad qəbul edilməmişdir. İşə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, uşaqlarını saxlamaq hər iki valideynin bərabər vəzifəsidir. Rayon Məhkəməsi onun tərəfindən iddia tələbinin sübuta yetirilməməsini qeyd etsə də, bu halın ölkə iqtisadiyyatında baş vermiş dəyişikliklərlə yaranması hamıya məlumdur. Həmçinin gəlirinin olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq olunur. İş üzrə iddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O bildirdi ki, rəsmi iş yeri yoxdur. İki uşaq da onun himayəsindədir. Uşaqları saxlamaq üçün evdə toxuma əl işi ilə məşğul olur və onları sataraq aylıq 200-300 manat məbləğində gəlir əldə edir. Buna görə də o, iddiaçının alimenti ödəməkdən azad olunmasına razı deyil. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından müəyyən edilir ki, iş İddiaçı ilə Cavabdeh arasındakı nikah məhkəmə qaydasında pozulmuş, nikahdan doğulmuş 2 uşaq Cavabdeh yanında saxlanılmışlar. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli qətnaməsi (İş № 2(003)-571/2020) ilə İddiaçı Cavabdeh xeyrinə 2 uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün 07.01.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı, maddi vəziyyətində yaranmış dəyişikliklərlə, yəni işləməməsi və heç bir gəlirinin olmaması ilə əlaqədar həmin qətnaməyə əsasən ondan Cavabdeh xeyrinə tutulması qət edilmiş alimentin ödənilməsindən azad edilməsini xahiş edir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı maddi vəziyyətinin pisləşməsini ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqələndirir və bildirir ki, işə baxan Rayon Məhkəməsi maddi vəziyyətinin pisləşməsinə dair sübutların olmamasına əsaslanmaqla səhv nəticəyə gəlmişdir. Çünki ölkədə baş vermiş hadisələr ilə əlaqədar insanların maddi vəziyyətinin pisləşməsi hər kəsə məlumdur. İddia tələbinin və apellyasiya şikayətinin bu dəlili ilə əlaqədar Məhkəmə qeyd edir ki, aliment ödəyən şəxsin maddi vəziyyətinin pisləşməsi özlüyündə onun aliment ödəməkdən azad edilməsi üçün əsas ola bilməz. Bununla yanaşı Məhkəmə tərəflərin diqqətəlayiq başqa maraqlarını, məsələn, aliment ödəyən şəxsin əmək qabiliyyətini itirməsini və ya ağır xəstələnməsini, müflis elan olunmasını, on səkkiz yaşına çatanadək uşağın əmək fəaliyyəti ilə məşğul olmasını və s. nəzərə alır. Lakin hazırki iş üzrə belə hallar mövcud deyil, iddiaçı bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, iddiaçı maddi vəziyyətinin pisləşməsini ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqələndirir ki, bu hal hazırda rəsmi iş yeri olmayan olmayan, öz evində müəyyən iş görərək uşaqlarını saxlamağa çalışan cavabdehə (anaya) münasibətdə də keçərlidir. İddiaçının digər bir dəlili ondan ibarətdir ki, uşaqların saxlanılmasında hər iki valideyn bərabər iştirak etməlidir, lakin Rayon Məhkəməsi bu tələbə də riayət etməmişdir. Məhkəmə bu dəlillə bağlı bildirir ki, uşaqlar cavabdehin yanındadır və cavabdeh ana uşaqların qayğısına qalır və onların maddi tələbatlarının təmin edilməsində iştirak edir. Odur ki, Məhkəmə hesab edir ki, uşaqların maddi tələbatlarının təmin edilməsindən iddiaçının azad edilməsi əksinə digər valideynə (anaya) münasibətdə bərabərliyin pozulması ilə nəticələnər. İddiaçının başqa bir dəlili ondan ibarətdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmənin prosessual qaydası pozulmuş, bu məlumatları özü məhkəməyə müraciət edərək əldə etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, işə Rayon Məhkəməsində baxılan zaman iddiaçı məhkəmə iclaslarında iştirak etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının işdə iştirak etmək və izahat vermək hüququ pozulmamış və məhkəmə prosesi çəkişmə prinsipinin tələblərinə riayət etməklə aparılmışdır. Apellyasiya şikayətinin növbəti dəlili ondan ibarətdir ki, iddiaçı hazırki işə baxmış hakimə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işə baxan hakim R.Xəzri məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi məlumat verməmiş və alimentin tutulması barədə qanunsuz qətnamə də məhz həmin hakim tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq etiraz ilə bağlı qərardad qəbul edilməmişdir. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə hakim tərəfindən iddiaçıya məhkəmə bildirişləri göndərilmişdir. İşdə olan telefonoqramdan görünür ki, hakim köməkçisi tərəfindən iddiaçıya məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Məhkəmə qeyd edir ki, “aliment tələbi barədə” iddiaya dair mülki işə baxmış hakimin həmin alimentin məbləğinin dəyişdirilməsi və ya alimentin ödənilməsindən azad edilməsi ilə iddia tələbinə baxılmasını istisna etmir. Çünki, bu hal MPM-nin 19-cu maddəsində nəzərdə tutulmuş hakimə etirazın əsaslarına daxil deyil. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı tərəfindən işə baxan hakimə etiraz verilmiş və etiraz Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Odur ki, Məhkəmə hesab edir ki, işə baxmış hakim etirazı MPM-nin 21.3-cü maddəsinə əsasən baxılmamış saxlamaqda haqlı olmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar