Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4630/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2(006)-1226/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, 2020-ci ilin may ayının 1-dən həmin ilin 28 dekabr tarixinə kimi olan müddət üçün əmək haqqına dair cəmi 30560 manat, 8 aylıq gecikmə üçün cəmi 15000 manat faiz forcunun və son-haqq hesabının cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkməyə müraciət edərək, iddia ərizəsinin ikinci səifəsində 4-cü abzasında 3800 manat sözləri əvəzinə 2020-ci ilin may ayına 3820 manat sözləri kimi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi "xxxx" ASC-də çalışmışdır. 28 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Cavabdeh1 ASC-yə verilmiş bank lisenziyası ləğv edilmişdir. Bunun da nəticəsi olaraq Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarı ilə bankın iflas proseduruna başlanmış və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin olunmuşdur. Bundan sonra bankın bütün əməkdaşları Əmanətlərin Sığortalanması Fondunun tabeliyinə keçmişdir və o, da 28 dekabr 2020-ci il tarixinə kimi LPO Cavabdeh1 ASC-də iş fəaliyyətini davam etdirmişdir. İşlədiyi həmin dövrdə dəfələrlə müraciət etməyinə baxmayaraq ona əmək haqqı ödənilməmişdir. O, LPO Cavabdeh1 ASC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi işlədiyi dövrdə ona çatacaq əmək haqqının və hesablanmış son haqq-hesabının ona ödənilməməsi barədə teleqramla müraciətlər etmiş, cavab olaraq LPO Cavabdeh1 ASC tərəfindən ona xx.xx.2021-ci tarixli **********803 saylı cavab məktubu göndərilmiş, əmək haqqının ödənilməməsinin səbəbi kimi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Cavabdeh1 ASC-yə təyin olunmuş müvəqqəti inzibatçının 27 aprel 2020-ci il tarixli 1/M-1- 2020 saylı əmrinə əsasən bankın Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin guya işdən kənarlaşdırılması əsas gətirilmişdir. Lakin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə təyin olunmuş müvəqqəti inzibatçı tərəfindən yuxanda qeyd olunan əmrdə bankın Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin işdən kənarlaşdırılması yox, onların ancaq bütün səlahiyyətlərinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçıya həvalə olunması qeyd olunmuşdur ki, (Əmrin surəti əlavə olunur) bu da əmək haqqının verilməməsinə əsas deyildir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi LPO Cavabdeh1 ASC-də öz iş fəailiyyətini davam etdirib və 28 dekabr 2020-ci il tarixdə öz tərəfindən Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun adına öz xahişi ilə işdən azad olunmağı barədə ərizə ilə müraciət edilmişdir. Müraciətə əsasən də 28 dekabr 2020-ci il tarixdə LPO "xxxx" ASC tərəfindən tərtib olunan 232/k saylı əmrə əsasən xx.xx.2020-ci il tarixi onun sonunucu iş günü olmaqla LPO "xxxx" ASC-nin Müşahidə Şurasının üzvü Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə işdən azad olunmuşdur. Çalışdığı müddət ərzində onun əmək haqqının miqdarı Əmək müqaviləsinə və tutduğu vəzifəyə əsasən aylıq 3820 manat olmuş, buna baxmayaraq, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən bu məbləğ ona ödənilməmişdir. Hal-hazırda cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona 2020-ci ilin may ayına 3800 manat, iyun ayına 3820 manat, iyul ayına 3820 manat, avqust ayına 3820 manat, sentyabr ayına 3820 manat, oktyabr ayına 3820 manat, noyabr ayına 3820 manat, dekabr ayına 3820 manat, cəmi 30560 manat məbləğində əmək haqqı borcu və son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) aparılmamış olmasına dair borcu yaranmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc olaraq ümumi 8 aylıq gecikmə üçün cəmi 15000 borc yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2(006)- 1226/2022 saylı qətnaməsi ilə (hakim Cəmilə Susayeva) iddia qismən təmin olunmuş, 30560 manat məbləğində pulun LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının müşahidə şurasının üzvü kimi səlahiyyətlərinin olmaması, müvafiq səlahiyyətlərin ləğvediciyə keçməsi, iddiaçıya əmək haqqının ödənilməli olmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyniməzmunlu izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. ƏM-nin 154-cü maddəsinin 1-ci bəndinə əsasən Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mərkəzi X2 28 aprel 2020ci il tarixli qərarına əsasən "xxxx" ASC-yə verilmiş bank lisenziyasının ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-130/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməsi, barəsində iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun ləğvedici təyin edilməsi, iddiaçının isə həmin vaxtı bankın Müşahidə Şurasının üzvü olması işin mübahisə olunmayan hallarıdır. İddiaçı tələbinin əsası kimi – bankın ləğv proseduruna başlamasından və ləğvedicinin təyin olunmasından sonra da bankın Müşahidə Şurasının üzvü kimi fəaliyyətinin davam etdirməsini, vəzifəsindən yalnız 28 dekabr 2020-ci il tarixdə öz xahişi ilə azad olunmanı, keçən müddət ərzində (8 ay) isə ona əmək haqqının ödənilməməsini, bu halın əmək qanunvericiliyinin tələblərinə zidd olmasını və s. göstərmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının bankın Müşahidə Şurasının üzvü kimi ləğv proseduru çərçivəsində hər hansı səlahiyyətinin və fəaliyyətinin olmamasını, Müşahidə Şurasının bütün səlahiyyətlərinin ləğvediciyə keçməsini, bu səbəbdən də iddiaçıya iddia olunan dövr ərzində hər hansı əmək haqqının ödənilməli olmamasını və s. bildirmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə isə - iddiaçının işdən kənarlaşdırılması barədə Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada hər hansı rəsmiləşdirmənin aparılmamış, tutduğu vəzifədən 8 ay sonra, yəni 28 dekabr 2020-ci il tarixdə azad olunmuş, bu səbəbdən də 2020-ci ilin may ayının 1-dən 28 dekabr 2020-ci il tarixədək olan müddət ərzində iddiaçıya əmək haqqının ödənilməməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarə edilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsipləri, qaydaları və normaları “Banklar haqqında” Qanunla müəyyən edilmişdir. Həmin Qanunun 61-ci maddəsində bankın ləğvi əsaslarından biri olaraq müflis elan edilməsi halında iflas proseduruna başlanılmasının əsasları müəyyən edilmişdir. Bu əsaslar bankın maliyyə (kapital) çatışmazlığının olması, habelə maliyyə öhdəliklərini icra edə bilməməsi ilə bağlıdır. “Banklar haqqında” Qanunun 68-ci maddəsinə görə, bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. “Banklar haqqında” Qanunun 71.3-cü maddəsinə görə, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. “Banklar haqqında” Qanunun 71.7 və 71.7.1-ci maddələrinə əsasən bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici həmçinin bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir. “Banklar haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir. Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, bank müflis elan olunduqdan və ləğvedici təyin olunduqdan sonra ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. İddiaçı isə həmin vaxtı bankın Müşahidə Şurasının üzvü olduğundan və Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bildiyindən, sonuncunun ləğvedicidən əmək haqqı tələb etməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır. Bununla yanaşı, iddiaçı Müşahidə Şurasının üzvü kimi müvafiq dövrdə hansı səlahiyyətləri yerinə yetirməsini də əsaslandıra bilməmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, bütün müvafiq səlahiyyətlər məhz ləğvedicidə olmuşdur. İddiaçının tutduğu vəzifədən məhz 28 dekabr 2020-ci il tarixdə azad olunması faktı isə vəziyyəti dəyişdirmir. Yəni, iddiaçının Müşahidə Şurasının üzvü vəzifəsindən qeyd edilən tarixdə azad olunması onun həmin tarixədək səlahiyyətlərini həyata keçirməsi və buna görə də əmək haqqı almalı olması anlamına gələ bilməz. Göründüyü kimi iddia tam olaraq əsassızdır. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddia tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin tam ləğvinə əsasdır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2(006)-1226/2022 saylı qətnaməsi ləğv olunmalı, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2(006)-1226/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2(006)- 1226/2022 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4630/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4630/2022
26.07.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver