Məhkəmə qərarları › İş №2(103)-4631/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4631/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4631/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh ləğv prosesində olan “xxxx” KB QSC-ninnümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” KB QSC-yə qarşı “ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onunla "xxxx" KB QSC arasında bağlanmış xx.xx.2007-ci il tarixli KMFŞ/080 saylı kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq xx.xx.2007-ci il tarixli GMFŞ/080 saylı ipoteka müqaviləsi üzrə Bankın tələb etmək hüququna Mülkü Məcəllənin 550-ci maddəsinə əsasən xitam verilməsi, ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Tərlan Şirinov küçəsində yerləşən 43 saylı evin 1 saylı mənzili üzərində olan ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iddianın əsaslarına düzgün hüquqi qiymət verməmiş, hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, qətnamə qəbul edilən zaman məhkəmə, Mülki Məcəllənin 550-551-ci maddələrini tətbiq etməli olduğu halda, bu normaları tətbiq etməmiş, MM-in 337-354-cü maddələrinə istinad etmiş, bununla da, düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı müqavilələrin etibarsız hesab edilməsi və ya ləğv edilməsi barədə tələb irəli sürməmiş, müqavilə üzrə "xxxx" KB QSCnin tələb hüququna xitam verilməsini tələb etmişdir. "xxxx" KB QSC ilə arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı bütün ödənişləri həyata keçirmiş, öhdəliyi tam olaraq yerinə yetirmişdir. Buna baxmayaraq, ipoteka müqaviləsinə əsasən ona məxsus mənzil üzrərinə qoyulmuş ipotekaya xitam verilməmiş, daşınmaz əmlakın dövlət reyestrində həmin mənzilin Bank qarşısında ipoteka ilə yüklülüyü barədə qeydiyyat ləğv edilməmişdir. Bununla da, o, cavabdehin bu qanunsuz hərəkəti nəticəsində sərəncam vermək hüququndan məhrum olmuşdur. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən kreditin verilməsi müddəti 24 ay təyin edilmişdir. Yəni həmin kredit üzrə tələb etmə müddəti xx.xx.2009-cu ildən hesablanmalıdır. Belə ki, kredit müqaviləsinin icra müddəti xx.xx.2009-cu il tarixdə bitdiyinə görə, müddətin axımı həmin tarixdən hesablanmalı və həmin tarixdən 10 il çox müddət keçdiyinə görə bankın həmin müqavilə üzrə tələb etmək hüququna xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə, şikayətə etiraz edərək, rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" KB QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, KMFŞ/080 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə bağlanmış ipoteka müqaviləsi ilə İddiaçı xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Tərlan Şirinov küçəsində yerləşən 43 saylı evin 1 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edərək, "xxxx" KB QSC-nin tələb hüququna təminat vermişdir. Hazırda iddiaçı, bank qarşısında öhdəliklərini tam yerinə yetirdiyinə və qanunla müəyyən edilmiş müddətin keçdiyinə istinad edərək bankın tələb hüququna və ipotekaya xitam verilməsini, bu barədə dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı onunla "xxxx" KB QSC arasında bağlanmış kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq ipoteka müqaviləsi üzrə bankın tələb etmək hüququna Mülkü Məcəlləinin 550-ci maddəsinə əsasən xitam verilməsini, mənzil üzərində olan ipotekanın dövlət qeydiyyatının ləğv edilməsini və ipotekaya xitam verilməsini tələb etsə də, müqavilənin MM-in 337-354-cü maddələrində əqdin etibarsız sayılması üçün müəyyənləşdirilmiş hansı şərtləri pozmaqla bağlandığını, eyni zamanda MM-in 421-422-ci maddələrdə müqavilənin ləğv edilməsi üçün cavabdeh tərəfindən müqavilələrin hansı şərtlərinin əhəmiyyətli dərəcədə pozulduğunu sübut edə bilməmişdir. Kollegiya, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək, aşağıdakılara əsasən, birinci instansiya məhkəməsinin bu qənaətini əsaslı saymır. Belə ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci, 551.1-ci və 552.1-ci maddələrinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Göründüyü kimi, qanunverici öhdəliyə xitam verilməsi əsaslarından biri kimi məhz müddətin keçməsini nəzərdə tutmaqla, qanunla müəyyən edilmiş müddətlər keçdiyi halda kreditorun tələb hüququnun da aradan qalxdığını təsbit etmişdir. Baxılan işdən görünür ki, tərəflər arasında xx.xx.2007-ci il tarixdə 24 ay müddətinə kredit müqaviləsi bağlanmış və onun təminatı kimi iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Tərlan Şirinov küçəsində yerləşən 43 saylı evin 1 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. "xxxx" KB QSC əsas öhdəliyin icrası müddəti çatdığı gündən (xx.xx.2009-cu il) 10 ildən artıq müddət keçməsinə baxmayaraq, iddiaçıya qarşı tələb hüququndan istifadə etməmişdir. Bununla da, qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyə, başqa sözlə, bankın tələb hüququna, avtomatik olaraq da, həmçinin əlavə öhdəliyə, başqa sözlə, bankın ipoteka hüququna qanuna əsasən xitam verilmişdir. Belə ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 1.0.1-ci və 1.0.6-cı maddələrinə əsasən, ipoteka, öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Göründüyü kimi, ipoteka, əsas öhdəliyə bağlı olan əlavə öhdəlikdir. Yəni ipoteka, əsas öhdəliyə bağlı olmaqla, həmin öhdəlik üzrə kreditorun tələb hüququnun təminatıdır. Yəni, borclu tərəfindən öhdəliyin icrası gecikdirildikdə ipoteka saxlayan, ipoteka predmetinin məcburi satılaraq əldə olunan vəsait hesabına tələbinin təmin olunmasını istəyə bilər. Məhdud əşya hüququ kimi əmələ gəldikdən sonra onun bağlı olduğu əsas öhdəliyə xitam verildikdə ipotekaya da avtomatik olaraq xitam verilir. Məhkəmə kollegiyası, onu da nəzərə alır ki, İddiaçı hazırkı tələbləri irəli sürməkdə məqsədi, yəni təmin etmək istədiyi mənafe "xxxx" KB QSC qarşısında öhdəliyinə qanuna əsasən xitam verildiyini təsbit etməklə, ipotekanın dövlət qeydiyyatının ləğv olunması, bununla da bankın xeyrinə yüklü edilmiş mənzilini ipotekadan azad etməkdir. İddiaçı, bunu apellyasiya baxışında da açıqca ifadə etmiş və “bankın tələb hüququna və ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilsin” tələbi də əslində bu mənafeyi təmin etməyə yönəlmiş təsbitetmə iddiasıdır. Ona görə də, Kollegiya iddiaçının tələbini və haqlı mənafeyini, habelə yuxarıdakı mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək, "xxxx" KB QSC-nin xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı qarşı tələb hüququna və Z.İparovaya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Tərlan Şirinov küçəsində yerləşən 43 saylı evin 1 saylı mənzili üzərindəki ipoteka yüklülüyünə xitam verilməklə, daşınmaz əmlakın dövlət reyestrində həmin mənzilin ipoteka ilə yüklü edilməsi barədə qeydiyyat da ləğv edilməlidir. Çünki, daşınmaz əmlakın dövlət reyetsrində ipotekanın qeydə alınmasının hüquqi səbəbini ipoteka müqaviləsi təşkil edir. Başqa sözlə, qeydiyyat orqanının əşya üzərində yüklülük qeydi aparmasının əsası ipoteka müqaviləsinə əsasən, ipoteka saxlayanın həmin əşya üzrərinə ipoteka hüququnun olmasıdır. Baxılan işdə isə, sözügedən mənzilin ipotekasının hüquqi əsası olan xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" KB QSC-nin ipoteka hüququna xitam verildiyindən, həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində ipoteka kimi qeydə alınmasının (yüklülüyünün) hüquqi səbəbi aradan qalxmışdır. Buna baxmayaraq, iddiaçı, mənzilin ipotekadan azad edilməsinə nail ola bilməmişdir. “İpoteka haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Beləliklə, qeyd olunanlara əsasən, Kollegiya, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək işin faktiki hallarına uyğun nəticəyə gəlməməklə, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də, qətnamə ləğv olunaraq iddia təmin olunmalı, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-62/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunsun. xxxx" KB QSC ilə İddiaçı Ramazan qızı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, KMFŞ/080 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan “xxxx” KB QSC-nin tələb hüququna, eyni zamanda İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Tərlan Şirinov küçəsində yerləşən 43 saylı evin 1 saylı mənzili üzərindəki ipoteka yüklülüyünə xitam verilsin və daşınmaz əmlakın dövlət reyestrində həmin mənzilin ipoteka ilə yüklü edilməsi barədə qeydiyyat ləğv edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi ləğv prosesində olan “xxxx” KB QSC-dən alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul ləğv prosesində olan “xxxx” KB QSC-dən tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzinin hesabına) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar