Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4631/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onunla cavabdeh LPO Cavabdeh ASC-nin Sumqayıt fililalı və Natiq Allahverdiyev arasında bağlanmış 24.09.2014-cü il tarixli, İS-1331-14 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh ASC-nin Sumqayıt filialı ilə Natiq Allahverdiyev arasında bağlanmış 24.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi o, həmin tarixli zaminlik müqaviləsi ilə borcalanın öhdəliklərinin icrasına təminat vermişdir. Həmin müqavilənin 6.20-ci bəndinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və öhdəlik tam yerinə yetirilənə qədər qüvvədə qalır. Halbuki, mülki qanunvericliyin tələblərinə əsasən, zaminliyə zaminlik müqaviləsinə göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Buna baxmayaraq, zaminlik müqaviləsinin bağlanması tarixindən 6 il 5 ay keçsə də, mülkiyyət hüququ ona məxsus olan mənzil ilə 6 ildir ki əsassız olaraq zamin qalmışdır. Bu isə onun kionsitutsion hüquqlarını əsassız yerə məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərinə uyğun izaht verərək, şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarına görə, Cavabdeh ASC-nin Sumqayıt filialı ilə Natiq Allahverdiyev arasında bağlanmış 24.09.2014-cü il tarixli, İS-1331-14 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 25 % olmaqla, 36 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. İddiaçı, həmin tarixli zaminlik və ipoteka müqavilələri ilə borcalanın öhdəliklərinin icrasına təminat vermişdir. Borclular tərəfindən öhdəlik icra edilmədiyindən Cavabdeh ASC, onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 28.09.2017-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, onunla Natiq Allahverdiyev arasında bağlanmış 24.09.2014-cü il tarixli, İS-1331-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Natiq Allahverdiyev və İddiaçı müştərək qaydada onun xeyrinə 15.518 manat əsas, 4.882 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 20.500 manat borcun tutulması, tutmanın ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi və açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin satışından əldə olunan vəsaitdən 20.500 manat Cavabdeh ASC-yə ödənilməsi, qalan vəsaitin isə İddiaçı qaytarılması və s. qət edilmişdir. Həmin qətnamədən Natiq Allahverdiyevin verdiyi apellyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin 23.10.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 28.09.2017-ci il tarixli, qətnaməsinin “Natiq Allahverdiyev və İddiaçı müştərək qaydada iddiaçı Cavabdeh ASC-nin xeyrinə 4.882 manat faiz borcunun tutulması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi» hissəsində dəyişdirilməsi, faiz borcunun 3812,45 manat, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin isə 100.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissələrində dəyişdirilmədən saxlanılması və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manatın 113,15 manat hissəsinin N.Allahverdiyev və İddiaçı müştərək qaydada, 6,85 manat hissəsinin isə Cavabdeh ASC-dən alınıb, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.06.2020-ci il tarixli qərarı ilə Natiq Allahverdiyev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsinin 23.10.2019-cu il tarixli qətnaməsi ona münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı, cavabdehlə aralarında zaminlik müqaviləsinin bağlanmasından 6 il keçdiyini bildirərək, həmin müqaviləyə xitam verilməsini tələb edir. Kollegiya, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək, aşağıdakılara əsasən, hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi qənaət əsaslıdır. Belə ki, işdən görünür ki, tərəflər arasında bağlanmış sözügedən zaminlik müqaviləsinə qanuni qüvvəsini almış məhkəmə aktı ilə hüquqi qiymət verilərək, İddiaçı məsuliyyəti müəyyənləşdirilmiş və həmin müqavilənin bağlı olduğu əsas – kredit müqaviləsi ləğv olunduğundan avtomatik olaraq sözügedən zaminlik müaqaviləsi də xətm olunmuşdur. Həmin hallar isə tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, qanuni qüvvəsini almış məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarları). Odur ki, qeyd olunanlara əsasən, Kollegiya, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-719/2021 saylı iş üzrə 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4631/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4631/2021
26.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver