Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4631/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4631/2025 (Açar sözlər: aliment və digər xərclərin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1958/2025 saylı, 05 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2021-ci ildə Cavabdeh Fəxrəddi oğlu ilə nikaha daxil olublar. Nikahları 5 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanıb.
2. İddiаçı ilə cavabdehin birgə nikahından 12 aprel 2022-ci il təvəllüdlü X8 və 20 oktyabr 2023-cü il təvəllüdlü X7 anadan olmuşlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 aprel 2022-ci il təvəllüdlü X8 və 20 oktyabr 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda onların hər birinə görə 246 manat manat məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2025-ci ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, onun öz evi, iş yeri və qazancı olmadığına görə uşaqlarına çox çətinliklə və yanlız valideynlərinin köməyi ilə saxlayır. Bu səbəbdən 20 oktyabr 2023-cü il təvəllüdlü X7 3 yaşına çatanadək cavabdehdən hər ay 100 manat alimentin tutulmasını əsaslı hesab edərək təmin edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci ildə Cavabdeh Fəxrəddi oğlu ilə nikaha daxil olublar. Nikahları 5 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanıb. Faktiki isə xx.xx.2021-ci ildə evləniblər və toyları həmin gün olub, lakin cavabdeh toydan sonra müxtəlif bəhanələrlə nikahlarını rəsmiləşdirilməsindən yayınıb. Evləndikdən sonra xx.xx.2021-ci ildə onlar yaşamaq üçün Rusiya Federasiyasına gediblər. Çünki cavabdeh Rusiya Federasiyasının Mariy EL Respublikasının Yoşkar Ola şəhərində yaşayırdı. Lakin o, orada qala bilmədiyi üçün cavabdehlə Bakı şəhərinə qayıdıblar Qeyd etdiyi kimi onlar 6 ay nikahsız yaşayıblar. Yalnız xx.xx.2021-ci ildə müraciətləri əsasında 5 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahları rəsmiləşdirilib. Cavabdeh Azərbaycanda yaşaya bilmədiyini bəhanə edib 2022-ci ilin yanvar ayında təkrarən Rusiya Federasiyasına qayıdıb. O isə qayınanası və qayınatası ilə onların ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşamağa başlayıb. 07 aprel 2022-ci ildə cavabdeh Azərbaycana Respublikasına qayıdıb və xx.xx.2022-ci ildə oğlu X8 doğulub. Sinan doğulduqdan sonra aprel ayının 20-də cavabeh yenidən Rusiya Federasiyasına qayıdıb. O isə körpə oğlu Sinanla onun valideynləri ilə birlikdə Ramana Südçülük sovxozunda yerləşən evdə yaşamağa davam edib. xx.xx.2022-ci ildə isə o, 3 aylıq övladı ilə Rusiya Federasiyasına cavabdehin yanında yaşamağa gedib. Çox yaxşı yaşayırdılar, xx.xx.2023-cü ildə qayınanası və anası Rusiya Federasiyasına onların yanlarına gəliblər. Hər şey yaxşı idi. Əri, qayınanası ilə də problemi yox idi. May ayının 8də anası ölkəyə geri qayıdıb. Qaynanası isə onlarla yaşamağa qalıb. Daha sonra qayını Samir, arvadı Könül və 3 övladı ilə yaşamaq üçün onların yanlarına Rusiya Federasiyasına gəliblər. Qayını Samir və arvadı Könül gələndən sonra problemlər başlayıb. Onu incitməyə, ona söz atmağa, onu təhqir etməyə və qayınanası Narını ona qarşı qoymağa başlayıblar. Hətta onun xəbəri olmadan evə gizli kamera yerləşdirib, onun şəxsi həyatını izləməyə başlayıblar. Bundan sonra ona qarşı hər-cür təhqirlər və sair alçaldıcı hərəkətlər etməyə başlayıblar. Qayınatası ilə aralarında heç-bir problem yox idi. Onlar, yəni qayını Samir, onun arvadı Könül və qayınanası Narın onlarla bir evdə yaşamağa imkan vermirdilər. 20 oktyabr 2023-cü il tarixdə Rusiya Federasiyasında oğlu X7 doğulub (doğum haqqında şəhadətnamədə onun adı X14 oqlı kimi yazılıb). Ailəsini dağıtmaq istəyən qayını Samirin, onun arvadı Könülün və qayınanası Narının hərəkətlərinə Sakit fikir bildirmirdi, eyni zamanda ona sahib də çıxmırdı. Bu arada öyrənib ki, əri ondan əvvəl evli olub və bir uşağı var. O, bunu da qəbul edib, lakin həmin şəxslərin əhatəsində yaşamaq mümkün olmadığından, onu qonaq adı ilə xx.xx.2024-cü ildə iki körpə uşaqla ölkəyə göndəriblər və bu gənə qədər ona sahib çıxmırlar və o, valideynlərinin yaşadığı yataqxanada onlarla birlikldə yaşamaq məcburiyyətində qalıb. Uşaqları atasız böyüyür. Cavabdeh onların saxlanılmasında iştirak etmir, onların heç-bir tələbatını və ehtiyaclarını ödəmir. Beləliklə, cavabcdeh iki körpə uşağı onun üstünə atıb. O isə uşaqları çox çətinliklə və yalnız valideynlərinin köməyi ilə saxlayır. Çünki uşaqlar balaca olduqlarından işləyə və ailəni dolandırmaq üçün qazanc əldə edə bilmir. Cavabdeh isə onu və uşaqları ehtiyac içində qoyaraq onlara heç-bir köməklik göstərmir. Bununla belə, qeyd edir ki, mediasiya prosesinin tətbiqi barədə cavabdehə göndərdiyi təklifə əsasən cavabdehlə ilkin mediasiya sessiyasında iştirak ediblər. Lakin cavabdeh uşaqların saxlanılması üçün könüllü olaraq aliment vermək niyyətində olmadığını bildirib. Cavabdehin uşaqlarının saxlanılması üçün könüllü surətdə aliment ödəmək niyyətinin olmaması alimentin ondan məhkəmə qaydasında tutulması əsasını yaradıb. 12 aprel 2022-ci il təvəllüdlü X8 və 20 oktyabr 2023-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı ilə bağlı qeyd etmək lazımdır ki, cavabdehin rəsmi iş yeri yoxdur. Odur ki, cavabdehdən uşaqların saxlanılması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Cavabdehdən tutulmalı olan alimentin miqdarına gəldikdə qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat (iki yüz qırx altı) manat məbləğində müəyyən edilib. Odur ki, istinad edilən Qanuna əsasən 12 aprel 2022-ci il təvəllüdlü X8 və 20 oktyabr 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa görə ayda 246 manat (iki yüz qırx altı) manat məbləğində aliment tutularaq onun xeyrinə ödənilməldir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1958/2025 saylı, 05 iyun 2025ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddianın qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına qədər hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 78.1, 78.2, 84.1, 84.2.2, 100.2-ci maddələrinə, “Uşaq hüquqlarına haqqında” AR Qanununun 5ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4 və 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, aliment kimi hər ay ondan 2 uşaq üçün minimum əmək haqqı məbləğinin 0.30 misli həcmində tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh də bir valideyn olaraq öz övladını saxlamaq, onun saxlanması üçün aliment ödəməkdən imtina etmir. Amma narazı qaldığı hissə onun maddi vəziyyətinin nəzərə alınmamasıdır. Hesab edir ki, birinci instansiya məhkəməsi onun əmək haqqının olmamasını, maddi durumunu, birgə bir ailə kimi yaşadıqları zamankı gəlirini nəzərə almalı idi. Belə ki, AM-nin 78-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin halları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, cavabdehin himayəsində əvvəlki nikah münasibətlərindən bir övladının da olmasını nəzərə almamışdır. Bu səbəbdən hazırki məbləğlə iddia tələbinin təmin olunması, cavabdehin maddi imkanları xaricindədir. Hazırki qazancı nəzərə alınmaqla, əmək haqqının 0,3 misli həddində alimentin müəyyən edilməsi daha məqsədəmüvafiqdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməmiş, şikayətin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
14. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
15. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
21. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
22. Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər:
23. Maddə 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;
“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
24. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı
25. Maddə 8.2. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
26. Maddə 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır.
27. Maddə 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
28. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
29. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
30. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
31. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası
32. Maddə 3.1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
33. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
34. Maddə 27.1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. 2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 7 saylı Protokol
35. Maddə 5. Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırki iş üzrə cavabdeh qətnamənin alimentin tutulması miqdarına münasibətdə dəyişdirilməsini istədiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.
45. Belə ki, AZ-T seriyalı 070657 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 05 dekabr 2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 5315 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir;
46. İ-EC seriyalı 807959 saylı doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X7 20 oktyabr 2023-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır;
47. Alimentin tutulmasına dair hissədə ilə bağlı kollegiya qeyd edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişəndirsə, habelə alimentin valideyinin gəlirinin bir hissəsi kimi tutulması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını qeyri-mümkün edirsə uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişinə əsasən aliment sabit pul məbləğində tutula bilər.
48. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Göründüyü kimi, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və ya az qazanca malik olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
49. Kollegiya yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi də bu halı özlüyündə nəzərə alaraq ölkə üzə minimum əməkhaqqının daha çox mislində deyil, 0,62 mislind təyin edilməsini məqbul bilmişdir və bu mövqe də işin hallarına məcmu halında qiymət verdikdə kifayət qədər ədalətli bir mövqedir.
50. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il 15 nömrəli qərarının “8.4-1-ci bəndinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
51. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanlanmış xx.xx.2025-ci il tarixli icmal məktubuna əsasən aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir.
52. İş materiallarından göründüyü kimi hazırki iş üzrə iddia ərizəsi 2025-ci ildə məhkəməyə təqdim olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqı 400 manat olmuş, hazırda kollegiyanın da işin yuxarıda qeyd edilən diqqətəlayiq hallarını nəzərə alaraq təyin etməyi məqsədəmüvafiq hesab etdiyi məbləğ 248 manat təşkil etmişdir.
53. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutan birinci instansiya məhkəməsi cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmasını haqlı olaraq ağlabatan hesab etmişdir.
54. İddianın təmin olunan digər hissəsi - Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına qədər hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması hissəsi ilə bağlı cavabdeh həm öz apellyasiya şikayətində, həm də apellyasiya baxışı zamanı məhkəmə iclasında buna dair hər hansı etiraz bildirmədiyindən kollegiya qətnamənin həmin hissədə yoxlanılmasına lüzum görmür.
55. Beləliklə, kollegiya yuxarıda qeyd edilən halları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
58. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1958/2025 saylı, 05 iyun 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev