Məhkəmə qərarları › İş №2(103)-4632/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4632/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4632/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxx” ASC, Cavabdeh2, 3-cü şəxs Mazda avtomobil Mərkəzinə qarşı “dəymiş zərərin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-616/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxx” ASC, Cavabdeh2, 3-cü şəxs Mazda avtomobil Mərkəzinə qarşı “dəymiş zərərin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2019-cu il tarixində yol sığorta hadisəsi nəticəsində **-HN-*** dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılış ili olan “Mazda” markalı avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-616/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, iş № 84517 saylı qiymətləndirmə barədə hesabatı özlərinin də iştirakı ilə avtomobilə baxış keçirərək müqayisəsi zamanı kəskin uyğunsuzluqlarının olduğu aşkar edildi. Hansı formada hesablamaların tərtib edildiyi, hansı oxşar faktiki məlumatlar əsasında tərtib edildiyi qeyri müəyyən olaraq qalır. Hər bir detalın və ya təmir xərcinin orta bazar qiyməti vardır. Detalların təmiri və əvəzlənməsinin sığortalanmış riskin nəticəsində baş verib-vermədiyi bəlli olmasada xx.xx.2019-cu il tarixli, iş № 84517 -saylı hesabata daxil edilib. Hadisə ilə vizual heç bir əlaqəsi olmadığının əsasları mövcuddur ki, bunun üçün xüsusi bilik və bacarığı olan ekspert qiymət verməsi hesab edir daha dəqiq olardı. Tədricən baş vermiş amortizasiya olmuş, deformasiya olmuş hissələrin də dəyişilməsi təbii ki, qəbul edilməzdir. “xxxxxxxxxxxx” ASC-nin əməkdaşlarının da dediyi kimi avtomobil Servisə daxil oldusa Servis artıq üstün mövqeyindən istifadə edir və istədiyi xidmət qiymətini müəyyən edir. Qəbul edilmiş avtomobilin çıxarılması qeyri mümkündür. Hadisə zamanı və avtomobilə baxış keçirərəkən kifayət qədər fotogörüntülər götürülüb, ustaların da qənaətindən görünür ki, avtomobilin motoru da daxil olmaqla əsas operativ işləyən hissələrinə heç bir zərər dəyməyib, müəyyən hissələrin kosmetik təmir əvəzlənməsi üçün avtomobilin ümümi qiyməti 25000-31000 manat olan, təmiri üçün isə 26597.66 manat xərcin çəkiləcəyi təbii ki, real deyil və hədsiz fantastik qaydada hesablanmış məbləğidir. MBNP-dan qeydiyyatdan keçmiş müstəqil ekspertiza mərkəzindən əldə etdiyi 03333-saylı xx.xx.2019-cu il tarixli əmtəşünaslıq və avtotexniki ekspertizanın nəticəsi barədə Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi rəyə əsasən bütün detallar və dəyişilmə xərci cəmi 13793 manat həcmində olması müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin tərtib etdiyi məbləğlər arasında kəskin fərq mövcuddur. Dəfələrlə zərərin müəyyən eılilməsi barədə rəsmi vəsatətlər versə də Nəsimi Rayon Məhkəməsində proses zamanı nədənsə münasibət bildirilməmişdir. Həmin əmlakın təmirinin real bazar qiymətinin müəyyən edilməsi üçün yenidən əmtəşünaslıq və avtotexniki ckspertiza.sı təyin edilməli idi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında özlərinin və ya nümayəndələrinin iştiraklarını təmin etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının birinci instansiya məhkəməsinin tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, şəxsin məhkəmə müdafiəsindən istifadə etmək hüququ o, halda yaranır ki, onun qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları pozulmuş olsun. İddiaçı Cavabdeh2 məxsus Mazda 6 markalı ** HN *** avtomobilə dəymiş zərərin müəyyən edilməsi tələb etməsinə baxmayaraq, özü bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını nəzərə alıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, “xxxxxxxxxxxx” ASC tərəfindən xx xxxxxxxx 2019-cu ildə tərtib edilmiş “Mazda” markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, material və ehtiyat hissələri üçün yekun məbləğ 29261,91 manat təşkil edir. X3 Palatasının müstəqil eksperti X4 tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli 03333 nömrəli ekspert rəyindən görünür ki, ekspert baxışına təqdim olunan Mazda 6 markalı **-HN-*** avtomobilə hazırki vəziyyətə ümumi qiymət təxminən 13792 manat müəyyən olunur. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin icraatında “xxxxxxxxxxxx” ASC-nin İddiaçı qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş vardır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən «Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər». Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olduğu halda birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Bu səbədən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bundan başqa kollegiya qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin icraatında “xxxxxxxxxxxx” ASC-nin İddiaçı qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş olduğundan hazırkı iddia tələbinin təmin edilməsi, qeyd olunan mülki iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsini məhdudlaşdırmış olacaq. Belə ki, qeyd olunan mülki işin predmetini eyni zamanda zərər məbləğinin müəyyən edilməsi təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi rədd edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-616/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-616/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar