Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4635/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh, eyni zamanda digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “əqdin etibarsız hesab edilməsi, çıxarışların ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 806 K saylı torpaq sahəsini Cavabdeh2 bağışlama müqaviləsinin, Cavabdeh2 həmin torpaq sahəsini Cavabdeh1 satmasına dair xx.xx.2018-ci il tarixli, AN-1 N ******* saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, sözügedən torpaq sahəsi üzrə Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli, Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli və Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki,birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 806K saylı bağ sahəsi Cavabdeh3 adına dövlət reyestrində qeydə alınarkən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh3 sözügedən torpaq sahəsini Cavabdeh2 adına bağışlamış, sonuncu isə həmin torpaq sahəsini xx.xx.2018-ci ildə Cavabdeh1 satmışdır. Göründüyü kimi, Cavabdeh3 mübahisəli torpaq sahəsi üzərində qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında mülkiyyət hüququ əldə etdikdən sonra həmin əmlak üzərində sərancam verərək, həmin əmlakı Cavabdeh2 adına bağışlamış, o, da həmin əmlak üzərində olan mülkiyyətçi hüququndan istifadə edərək, əmlakı Cavabdeh1 satmışdır. Bu proseslər zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Cavabdeh1 də, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh1 və Cavabdeh2 mübahisəli 10 sot torpaq sahəsinin 30.000 manata alqı-satqı edilməsini aralarında razılaşdırmışlar. Razılaşmaya əsasən, ilkin olaraq 20.000 manatı nağd ödəyəcəyi, qalan 10.000 manatı isə hər ay üçün 200-300 manat olmaqla hissə-hissə ödənilməli idi. Bundan sonra, notariat orqanına gedərək həmin torpaq sahəsinə dair alıq-satqı müqaviləsi bağlanmış və həmin əmlaka dair Daşınamz Əmlakın Dövlət Reyestrindən onun adına çıxarış verilmişdir. Eyni zamanda, tərəflər arasında olan məhkəmə çəkişmələrindən onun məlumatı və xəbəri olmamışdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyi də əsas götürməklə hesab edir ki, o, mübahisəsi gedən əmlakla bağlı Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayarkən heç bir qanun pozuntusuna yol verməyib, satıcının mülkiyyətində olan əmlakı müvafiq əqd əsasında əldə etdiyi, bununla da həmin əmlaka qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ qazandığı üçün vicdanlı alıcı hesab edilməlidir. Belə ki, o, Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağladığı zaman əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbərdar ola bilməzdi, çünki dövlət reyestrinin o dövrdəki yazılarına əsasən mübahisəli əmlak sadəcə Cavabdeh2 məxsus idi və əmlak üzərində İddiaçı və ya digər üçüncü şəxslərin hüquq iddia etmələri ilə bağlı hər hansı şübhə mövcud deyildi. Sözügedən alqı-satqı müqavilələri bağlanan zaman mübahisəli əmlakın İddiaçı mülkiyyətindən məhkəmə qətnamələri əsasında çıxarılmış olması faktı isə onun ziyanına şərh edilməməlidir, çünki bu qətnamələr dövlətin adından qəbul edilməklə onların sonradan ləğv edilmiş olması, ləğv edildikləri ana qədər doğurduqları nəticələri ortadan qaldıra bilməz. Əks təqdirdə bu, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında vurğulandığı kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin şübhə altına alınması və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənliyə” gətirib çıxarardı. Ərərstun Qasımovla arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə də eyni prizmadan yanaşaraq qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Odur ki hesab edir ki, hazırki iş üzrə vicdanlı tərəfdir və həmin əmlakı vicdanlı olaraq əldə etmiş və qanuni əsaslarla həmin əmlak üzərində hüquqları yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2, özlərinin apellyasiya şikayətinin dəlillərini uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Həmçinin sədrlik edənin sualına cavab olaraq bildirdi ki,mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 806 K saylı torpaq sahəsi ilə 806 saylı torpaq sahəsi eyni torpaq sahələridir. İddiaçı isə, şikayətlərə etiraz edərək, həmçinin bildirmişdir ki, mübahisəli bağ sahəsini əldə etdikdən sonra 2004-cü ildə orada ev tikmiş, hasarlama işləri aparmış və yaşamışdır. Həmin vaxtdan məhkəmə mübahisələri yaranan vaxta kimi cavabdehlərdən heç biri torpaq sahəsi ilə heç vaxt maraqlanmamış, eyni zamanda, Muxtadir Bvaxşəliyev də alqı-satqı müqaviləsi bağlanarkən belə, torpaq sahəsinə baxmamış, heç vaxt ona sahiblik etməmişdir. X1 adlı şəxsi ona məxsus torpaq sahəsinin yaxınlığında belə görməmişdir. Odur ki, göstərilənlərə əsasən, şikayətlərin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər Cavabdeh1 və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansia məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 806 saylı, 0,10 ha bağ sahəsinə dair İddiaçı adına bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və cavabdehin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş 7.000 manat maddi, 4.000 manat mənəvi ziyan olmaqla, cəmi 11.000 manatın tutulması” barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, sözügedən bağ sahəsinə dair İddiaçı adına bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş və bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə Vaqif Kiçikbəyovun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 806K (yeni ünvan ilə) saylı bağ sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyetrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə razılaşmayan Vaqif Kiçikbəyov konstitusiya şikayəti vermiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Kiçikbəyovun şikayəti üzrə Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh3 və üçüncü şəxs Muxtadır Baxşəliyevin kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda işdən görünür ki, mübahisəli bağ sahəsi (806K saylı) Cavabdeh3 tərəfindən xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 bağışlanmış, sonuncu isə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 20.000 manata Cavabdeh1 satmış və xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına dövlət reyetrində qeydiyyata alınmışdır. Göründüyü kimi, Cavabdeh3 İddiaçı qarşı Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 806 saylı, 0,10 ha bağ sahəsinə dair İddiaçı adına bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair işə baxılmaqla, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə iddia rədd olunmuşdur. Odur ki, həmin hallar tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Hazırda isə iddiaçı, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama və Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini və cavabdehlərin hər birinin adına verilmiş çıxarışların ləğv edilməsini tələb edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçı, aşağıdakılara əsasən bu tələbini irəli sürməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Təsadüfi deyil ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, müqavilənin mühüm şərtləri barədə lazımi formada razılaşma olmadıqda müqavilə bağlanmamış hesab edilir. Bu hal, yoxluq səbəbilə əqdin etibarsızlığına dəlalət edir. Mülki Məcəllənin 567-ci və 666.1-ci maddələrinin mənasına görə, şəxsin hər hansı daşınmaz əşya barədə alqı-satqı və ya bağışlama mahiyyətində etibarlı müqavilə bağlaya bilməsi üçün ilk öncə onun həmin əşya üzərində mülkiyyət hüququ hüquqi baxımdan mövcud olmalıdır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmış və onlardan biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları göstərilmişdir. Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarında isə qeyd olunmuşdur ki, “....Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından sonra qüvvədə olmayan məhkəmə qərarının icra hərəkətləri dayandırılmalı olduğu halda və yaranmış vəziyyət iddiaçıya məlum olduğu halda sözügedən bağ sahəsi iddiaçı tərəfindən xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh2 bağışlanaraq, sonuncunun adına qeydiyyata alınmışdır. Lakin iddiaçı tərəf bununla kifayətlənməmiş, xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının olmasına və bu halın iddiaçı tərəfə bəlli olmasına baxmayaraq, iddiaçının nümayəndəsi tərəfindən qərəzli şəkildə xx.xx.2018-ci il tarixdə 4Ə-489 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi bağlanaraq 806K nömrəli bağ sahəsinin tələsik şəkildə xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Hazırkı işin halları baxımından həmin hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi və onlara hüquqi qiymət verilməsi mümkünsüzdür”. Məhkəmə kollegiyası Ali Məhkəmənin qeyd olunan mövqeyini preyudisial hesab edərək, hazırkı işın halları baxımından bu qənaətə gəlir ki, həm Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi, həm də Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi qarşılıqlı hüquq və öhdəlik yaratmağa yönəlmiş iradə ifadələri olmamaqla, görünüş üçün bağlanmış uydurma əqdlərdir. Belə əqdlər isə əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. MM-in 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Hazırkı işdən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 mübahisəli bağ sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatın aparılmasına əsas olmuş məhkəmə aktının ləğv olunduğundan, başqa sözlə mülkiyyət hüququnun rəsmi qaydada tanınmadığı və bununla bağlı məhkəmə mübahisəsinin davam etməsindən xəbərdar olduğu halda, qərəzli və tələsik şəkildə xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında həmin bağ sahəsini həyat yoldaşı Cavabdeh2 bağışlamış, sonuncu da xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Bu hallar isə ona dəlalət edir ki, həmin müqavilələr görünüş üçün tərtiblənməklə etibarsız əqdlərdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətlərində 806K saylı bağ sahəsinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra xx.xx.2017-ci il tarixdə Cavabdeh3 adına dövlət reyestrində qeydə alındığına istinad edərək, həmin bağ sahəsinə dair bağışlama və alqı-satqı müqavilələrinin qanunvericiliyə uyğun bağlandığını bildirsələr də, nəzərə almamışlar ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2016-cı il tarixli qərarları). Kollegiya, Cavabdeh1 alqı-satqı müqaviləsi bağlanarkən vicdanlı alıcı olması, buna görə də onun hüquqlarının qanunla qorunması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, işin hallarından görünür ki, mübahisəli bağ sahəsinə dair Cavabdeh2la onun arasında alqı-satqı müqaviləsi bağ sahəsi ilə bağlı məhkəmə mübahisələri davam etdiyi dövrdə tez-tələsik şəkildə bağlanmış onu adına dövlət reyestrində qeydiyyat aparılmışdır (müqavilənin bağlanmasından cəmi 4 gün sonra). Bu baxımdan Kollegiya, Cavabdeh1 Cavabdeh2 adına reyestrdəki qeydiyyatın etibarlı olmamasından və sözügedən bağ sahəsinə dair məhkəmə mübahisələrinin davam etməsindən xəbərdar olmamasını inandırıcı hesab etmir. Eyni zamanda, Kollegiya, Cavabdeh2 və Cavabdeh1 arasında tərtiblənmiş müqavilə üzrə ödənildiyi qeyd olunan 20.000 manat məbləğin həmin bağın sahəsi və coğrafi mövqeyi nəzərə alınmaqla onun həqiqi dəyərindən kifayət qədər aşağı olmasını, müqavilə bağlandıqdan sonra Cavabdeh1 həmin torpaq sahəsinə sahiblik etmədiyi faktını birlikdə qiymətlənirərək bu nəticəyə gəlir ki, mübahisə predmeti olan bağ sahəsinin alqı-satqısına dair tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə, görünüş üçün tərtiblənməklə uydurma (əhəmiyyətsiz) əqddir. Belə əqd isə hər hansı hüquqi nəticə yarada bilməz. Ona görə də, Cavabdeh1 vicdanlı əldə edən şəxs sayılmır. Kollegiya, həmçinin vurğulayır ki, Cavabdeh1 apellyasiya baxışında iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, yuxarıda qeyd olunan hallara dair məlumat və ya sübutları təqdim etməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 806K (yeni ünvan ilə) saylı bağ sahəsinə dair cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama, Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdehlərin hər birinə verilmiş çıxarışlar etibarsız hesab edilməli, reyestr qeydi Vaqif Kiçikbəyovun xeyrinə əvvəlki vəziyyətinə qaytarılmalıdır. Kollegiya, onu da vurğulayır ki, Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi uydurma əqd olduğu üçün müqavilədə göstərilən pul məbləğinin Cavabdeh1 qaytarılmasına (əqdin etibarsızlığının nəticələrinin tətbiqinə) dair Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi mümkün deyil. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-62/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-4635/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4635/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver