Məhkəmə qərarları › İş №2(103)-4637/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4637/2023

12.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4637/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMMC-in Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: binanın əmlakının saxlanılması üzrə borcların ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı "xxxx" MMMC-nin İdarə Heyətinin sədri Qanuni nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Quliyev Elxan Ağalar oğlunun iştirakları ilə, iddiaçı "xxxx" MMMC-in Cavabdeh qarşı “binanın əmlakının saxlanılması üzrə borcların ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2748/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş mülkiyyət hüquqlarının qeydiyyatı barədə qeydiyyat nömrəsi ******* olan xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********65-05301-093032 olan Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 43 Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş mülkiyyət hüquqlarının qeydiyyatı barədə qeydiyyat nömrəsi ******* olan xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********65-05301-093006 olan Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 20 Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən edilmiş çıxarışdan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2021-ci il tarixdə 1121-MM8-0219 nömrə ilə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 1ur. Cəmiyyətin fəaliyyət ərazisi Bakı şəhəri Nərimanov rayonu, 865-ci məhəllə Koroğlu Rəhimov, ev 2 A və 2 B müəyyən olunmuşdur.

4. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2021-ci il tarixli Nizamnaməsindən görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (bundan sonra - ‘‘Cəmiyyət’’ adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla ünvan 2 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.

5. 01.11.2022-ci il tarixli "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə yerləşən binalar üzrə ümumi əmlakın saxlanılması və idarəolunması ilə bağlı tariflər müəyyən edilmişdir

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu–xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2a binanın əmlakının saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2a №20 saylı mənzil üzrə yaranmış 283,60 manat borcun, 2a №21 saylı mənzil üzrə yaranmış 248,10 manat borcun, 2a №43 mənzil üzrə yaranmış 347,20 manat borcun, həmçinin, 30,00 manat məhkəmə rüsumu xərci olmaqla cəmi 908,80 manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilməsi, habelə Bina 2a №20 saylı 2 otaqlı, 2a №21 saylı 3 otaqlı, 2a №43 saylı 3 otaqlı mənzillərin mülkiyyətçisi olduğu dövrdə Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə yerləşən "xxxx" MMMC-nin (keçmiş "xxxx") balansında olan kooperativ 2a binanın (evin) № 20 saylı 2 otaqlı mənzili, 2a binanın (evin) № 21 saylı 3 otaqlı mənzili və 2a binanın (evin) 3 otaqlı №43 saylı mənzili mülkiyyət hüququnda Cavabdeh mənsubdur. Azərbaycan Respublikası DİN-nin BPQMİ MAPS şöbəsinin verdiyi arayışa əsasən, hazırda vətəndaş Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev (bina) 2a №43 saylı mənzildə qeydiyyatdadır. Cavabdehin xx.xx.2019-cu il – xx.xx.2021-ci il tarixlərində kooperativ 2a binanın əmlakının saxlanılması və idarə olunması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2a №20 saylı mənzil üzrə yaranmış 283,60 manat borc, 2a № 21 saylı mənzil üzrə yaranmış 248,00 manat borc, 2a №43 mənzil üzrə yaranmış 347,20 manat borc, həmçinin, 30,00 manat məhkəmə rüsumu ödəniş məbləğlərini, cəmi 908,80 manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" (keçmiş "xxxx") MMMC-yə ödənilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə ayrılmış 2855,2 kv.m ərazidə, hər biri 9 mərtəbəli, 2 bloklu, 54 mənzildən ibarət 2a, 2b yaşayış binaları Neftemaşınqayırma Kompleksində işləyən 108 payçısının vəsaitləri hesabına tikilmiş, 25 avqust 1989-cu il tarixində istismara qəbul edilmiş, Bakı şəhəri X7 İcrayyə Komitəsi 22 sentyabr 1989-cu il tarixli № 10/358 qərarı ilə "xxxx" MTK qeyri-kommersiya təşkilatı olaraq qeydiyyata almışdır. "xxxx" qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (DSK) №1835180 qeydiyyatda olmuş və müfaviq hesabatları təqdim etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (MM) 109.5 maddəsinə edilmiş dəyişikliyi (18 dekabr 2018-ci il tarixli 1394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu) nəzərə alaraq "xxxx"-nın 2a, 2b binalarının mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında "xxxx"-nın Mənzil Mülkiyyətçilərinin Məhdud Cəmiyyətinə (MMMC) çevrilməsi ilə bağlı qərar qəbul edilmişdir. "xxxx"-nın bazasında yaradılmış "xxxx" MMMC-nin qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat idarəsinə müraciət edilmişdir. Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsində Azərbaycan Resupublikasının, o cümlədən Bakı şəhərinin ərazasində yeni yaradılan MMMC-lərin inzibati rayonlar üzrə sistemləşdirildiyindən, "xxxx" MMMC-nin abbreviaturası "xxxx" MMMC abbreviaturasına dəyişdililərək 30 sentyabr 2021-ci il tarixində qeyri-kommersiya təşkilatı olaraq qeydiyyata alınmışdır. "xxxx" MMMC Qeyri- Kommersiya təşkilatı tərəfindən vətəndaş X4rşı məhkəməyə təqdim edilmiş iddia ərizəsinin predmetini 2019-2021-ci illər dövründə kooperativ 2a binasının əmlakın saxlanılması ilə bağlı yaranmış borcun məcburi ödənilməsi tələbi təşkil edir. Belə ki, Mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında 2019-cu il üzrə mənzil mülkiyyətçilərin xx.xx.2020-ci il tarixinə mövcud olmuş borcları təsdiq edilmişdir Borclular sırasında 2019-cu il üzrə xx.xx.2020-ci il tarixinə vətəndaş Cavabdeh İsrefiloviçin mülkiyyətində olan bina 2a №20 mənzil üzrə 115,60 manat borc, 2a №21 mənzil üzrə 58,40 manat borc, 2a № 43 mənzil üzrə 157,60 manat borc, cəmi 331,60 manat məbləğində borc qeydə alınmışdır."xxxx" mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında 2a və 2b binaların ümumi əmlakının saxlanılması və idarə olunması ilə bağlı məcburilik xüsusiyyəti daşıyan yeni tariflər təsdiq edilmişdir. 2019-2021ci il dövrlərində mütəmadi olaraq vətəndaş Cavabdeh mülkiyyətində olan bina 2a №20 mənzil üzrə, 2a №21 mənzil üzrə, 2a №43 mənzil üzrə borclarının yaranması ilə bağlı, online SMS, həmçinin şifahi formada məlumatlandırılmışdır. Lakin, vətəndaş Cavabdeh yaranmış borcların ödənilməsi ilə bağlı dəfələrlə yazılı (SMS), şifahi formada müraciətlər edilsə də, o keçmiş polis işçisi olmasını əsas gətirərək, aqressiv formada İdarə Heyyətinin üzvlərini hədələməklə yaranmış borcun məcburi ödənilməsindən imtina etmişdir. 07 dekabr 2021-ci il taixində vətəndaş Cavabdeh xx.xx.2021- ci il tarixinə yaranmış bina 2a №12 mənzil üzrə 276,00 manat borcun, bina 2a №21 mənzil üzrə 240,10 manat borcun, bina 2a №43 mənzil üzrə 339,00 manat borcun, cəmi 855,30 manat məbləğində borcunun olması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və yaranmış borcun məhkəməyədək icra (pretenziya) qaydasında ödənilməsi təklif edilmişdir. Vətəndaş Cavabdeh bu təklifə etinasız yanaşmış, hazırda məhkəmədə iddia qaldırılan tarixədək borcunun ödənilməsi ilə bağlı hərəkətsizlik edir, bununla da aşkar olaraq Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin imperiativ hüquq normalarının tələb və göstərişlərini yerinə yetirməkdən imtina edir.

8. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019–xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2a binanın əmlakının saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2a № 20 saylı mənzil üzrə yaranmış 283,60 manat borcun, 2a №21 saylı mənzil üzrə yaranmış 248,10 manat borcun, 2a № 43 mənzil üzrə yaranmış 347,20 manat borcun, həmçinin, 30,00 manat məhkəmə rüsumu xərci və notariat hərəkətləri üzrə ödənilmiş 44 manat olmaqla cəmi 952,80 manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMMCyə ödənilməsi, habelə Bina 2a №20 saylı 2 otaqlı, 2a №21 saylı 3 otaqlı, 2a № 43 saylı 3 otaqlı mənzillərin mülkiyyətçisi olduğu dövrdə Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

9. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019–xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2a binanın əmlakının saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2a № 20 saylı mənzil üzrə yaranmış 283,60 manat borcun, 2a №21 saylı mənzil üzrə yaranmış 248,10 manat borcun, 2a № 43 mənzil üzrə yaranmış 347,20 manat borcun, həmçinin, 30,00 manat məhkəmə rüsumu xərci və notariat hərəkətləri üzrə ödənilmiş 74 manat olmaqla cəmi 982,80 manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilməsi, habelə Bina 2a №20 saylı 2 otaqlı, 2a №21 saylı 3 otaqlı, 2a №43 saylı 3 otaqlı mənzillərin mülkiyyətçisi olduğu dövrdə Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2748/2022 saylı 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 20, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, mənzil 21 və Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 A, 43 saylı mənzillərə görə xx.xx.2021-il il tarixdən xx.xx.2022-ci il tarixədək mövcud olan kommunal xidmət haqqı üzrə 62.7 (altmış iki manat, yetmiş qəpik) manat məbləğində kommunal ödənişlərə görə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2.1 (iki manat on qəpik) manat olmaqla, cəmi 64.8 (altmış dörd manat, səksən qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi mövqeyi "xxxx" MMMC-nin "xxxx" MTK-nın hüquqi varisi olmasıdır. Bununla razılaşmayan məhkəmə bildirmişdir ki, məhkəmə araşdırması zamanı "xxxx" MTK-nın fəaliyyət dövrü üzrə cavabdehin müvafiq məbləğlərdə borcu olması MTK-nın iclaslarına dair iddiaçı tərəfindən təqdim edilmiş protokollardan müəyyən edilmişdir. Lakin "xxxx" MMMC xx.xx.2021-ci il tarixdə 1121-MM8-0219 nömrə ilə qeydiyyata alınmış və "xxxx" MMMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusuna malik olması cəmiyyətin Nizamnaməsi ilə müəyyən olunmuşdur. Lakin məhkəməyə təqdim edilmiş cəmiyyətin nizamnaməsində onun hüquqi varisliyi ilə bağlı hərhansı hal, habelə hüquqi varis olaraq hər-hansı vəzifə və səlahiyyət müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı cəmiyyətin hüquqi varisliyi ilə bağlı məhkəmə araşdırması zamanı təqdim etdiyi izahatlarda "xxxx"-nın İdarə Heyətinin xx.xx.2019-cu il tarixli 02 saylı protokol sənədi, həmçinin mənzil mülkiyyətçilərinin xx.xx.2020-ci il tarixli yığıncaq protokollarında "xxxx"-nın "xxxx" MMMC-yə çevrilməsi barədə qərar qəbul edildiyini bildirmişdir. Bununla bağlı olaraq məhkəməyə təqdim edilmiş sənədlər araşdırılan zaman "xxxx"-nın İdarə Heyətinin xx.xx.2019-cu il tarixli 02 saylı protokolunda "xxxx"-nın nizamnaməsinin mülki qanunvericlik sisteminə uyğunlaşdırılması və təkrar qeydiyyatdan keçririlməsi MTK-nın sədri səlahiyyətlərini həyata keçirən Qanuni nümayəndə həvalə edilməsinin qərara alındığı müəyyən olunmuşdur. Bunula yanaşı "xxxx" MTK-nın mənzil mülkiyyətçilərinin xx.xx.2020-ci il tarixli 01 saylı yığıncaq protokolunda gündəliyə çıxarılmış 2 nömrəli "xxxx" MTK-nın Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi ilə bağlı məsələ üzrə "xxxx" MTK-nın Nizamnaməsinin yeni redaksiyada qəbul edilməsi və qeyri-kommersiya qurumu kimi təkrar qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Hər iki protokol üzrə hazırda iddiaçının iki hüquqi şəxs arasında hüquqi varisliklə bağlı müvafiq əsaslandırması üzrə hallar öz təsdiqini tapmamışdır.

12. "xxxx" MMMC xx.xx.2021-ci il tarixdə 1121-MM8-0219 nömrə ilə qeydiyyat barədə çıxarışda "xxxx" MMMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması üzrə hüquqi əsasları sahə mülkiyyətçilərinin xx.xx.2021-ci il tarixli təsis yığıncağının və ümumi yığıncağın xx.xx.2021-ci il tarixli qərarları və digər sənədlər olması göstərilmişdir. Göründüyü kimi məhkəməyə təqdim edilmiş "xxxx" MTK-nın İdarə Heyətinin xx.xx.2019-cu il tarixli 02 saylı protokol sənədi, həmçinin mənzil mülkiyyətçilərinin xx.xx.2020-ci il tarixli yığıncaq protokolları üzrə baxılmış məsələlər və qəbul edilmiş qərarlar iddiaçı tərəfindən göstərilmiş müvafiq əsaslandırmaya ziddir.

13. Məhkəmə araşdırması zamanı "xxxx" MTK-ya və "xxxx" MMMC-yə dair sənədlərə baxış keçirilən zaman yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərini iddiaçı tərəfindən təmin edilməsi müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəfindən "xxxx" MMMC qeyri-kommersiya hüquqi şəxs yaradılan zaman "xxxx" MTK-nın hüquq və vəzifələrinin "xxxx" MMMC-yə keçməsini təsdiq edən təhvil aktı məhkəməyə təqdim edilməmişdir.

14. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən hüquqi şəxsin varisliyi ilə bağlı məhkəməyə təqdim edilmiş hazırki sənədlərdən “Neftmaş MTK”-nın fəaliyyəti dövründə binanın birgə əmlaklarının idarə olunması ilə bağlı aylıq ödənişlər üzrə borcunun Cavabdeh tələb etməsi üçün subyektiv hüququnun olması hər-hansı sübutla öz təsdiqini tapmamışdır.

15. Məhkəmə iddianın ikinci hissəsi ilə əlaqədar qüvvədə olan qanunvericliyə əsasən göstərmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Göründüyü kimi qanunverici mübahisə predmeti olan yığımların mənzil mülkiyyətçisi tərəfindən ödənilmədiyi halda cəmiyyətin mütləq ödəniş və haqlarının əvəzini məhkəmə qaydasında tələb edilməsi imkanını tanımışdır. Eyni zamanda iddiaçının dövlət qeydiyyatına alınmış xx.xx.2021-ci il tarixli Nizamnaməsinin 3.3 və 3.4-cü bəndlərində yuxarıda qeyd olunan münasibətlər tənzimlənmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1, 56.5, 442, 443.1, 445, 445.2.1, 448.1-ci maddələrinə; həmçinin Mənzil Məcəlləsinin 37.1, 120.5, 122.1.1, 122.1.6, 122.3, 128.0.4, 140.1, 140.2, 140.3, 141.3, 142.4, 142.10-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı "xxxx" MMMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2748/2022 saylı 03 noyabr 2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində dəyişdirilərək məhkəmə elektron sistemi və dəftərxana vasitəsilə təqdim edilmiş, həmçinin təqdim ediləcək sübutlar əsasında: xx.xx.2019-cu il –xx.xx.2021ci il tarixləri dövründə kooperativ 2a binaın əmlakın saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2a №20 saylı mənzil üzrə yaranmış 283,60 manat borcun, 2a №21 saylı mənzil üzrə yaranmış 248,00 manat borcun, 2a №43 mənzil üzrə yaranmış 347,20 manat borcun, 30,00 manat məhkəmə rüsumu xərcinin, həmçinin notariat hərəkətləri ilə bağlı ödənilmiş 44,00 manat və 30,00 manat, cəmi 982,80 manat məbləğində pulun Cavabdeh İsrafiloviçdən alınaraq "xxxx" MMMC-yə ödənilməsi; Bina 2a №20 saylı 2 (iki) otaqlı, 2a №21 saylı 3 (üç) otaqlı, 2a №43 saylı 3 (üç) otaqlı mənzillərin mülkiyyətçisi olduğu dövrdə Cavabdeh İsrafiloviçdən hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə yerləşən, hər biri 9 mərtəbəli 2 bloklu, 54 mənzildən ibarət çoxmənzilli kooperativ 2a, 2b yaşayış binaları Neftmaşınqayırma Kompleksində işləyən 108 payçısının vəsaitləri hesabına tikilmiş, 25 avqust 1989-cu il tarixində istismara qəbul edilmiş, Bakı şəhəri X7 İcrayyə Komitəsinin 22 sentyabr 1989-cu il tarixli № 10/358 qərarı ilə Xüsusi Mənzil fonduna aid olunan (Məvzil Məcəlləsi, maddə 17.2.1) "xxxx" MTK-nı Qeyri-Kommersiya Təşkilatı olaraq qeydiyyata almışdır. “Neftmaş MTK” Qeyri-Kommersiya Təşkilatı olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (DSK) №1835180 sayla qeydiyyatda olmuş və fəaliyyəti dövründə DSK-yə müfaviq hesabatları təqdim etmişdir. “Neftmaş MTK”-nın balansında olmuş çoxmənzilli yaşayış 2a, 2b binaların 27 mənzil mülkiyyətçisi MTK-nın İdarə Heyyətinin 27 yanvar 2019-cu il tarixli açıq iclasında “Neftmaş MTK”-nın fəaliyyətinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.5 maddəsinə edilmiş dəyişikliyə (18 dekabr 2018-ci il tarixli 1394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu) uyğun olaraq Nizamnaməsinin Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğunlaşdırılması və Qeyri-Kommersiya qurumu kimi təkrar qeydiyyatdan keçərək fəaliyyətinin davam etdirilməsi barədə qərar qəbul etmişlər. “Neftmaş MTK”-nın balansında olmuş çoxmənzilli kooperativ yaşayış 2a, 2b binaraın mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında "xxxx"MTK-nın Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC) çevrilməsi ilə bağlı qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının 18 dekabr 2018-ci il tarixli 1394-VQD nömrəli Qanununun tələbinə uyğun olaraq Qeyri-Kommersiya Təşkilatı olaraq fəaliyyət göstərmiş "xxxx" MTK-nın mənzil mülkiyyətçiləri xx.xx.2020-ci il tarixli ümumi yığıncağında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə (MMMC) çevrilməsi barədə qərar qəbul edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsinə Qeyri-Kommersiya Təşkilatı statusunda təkrar qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsində Azərbaycan Respublikasının, o cümlədən Bakı şəhərinin ərazasində yeni yaradılan MMMC-lərin inzibati rayonlar üzrə sistemləşdirildiyindən, "xxxx" MMMC-nin abreviaturasını "xxxx" MMMC abreviaturasına dəyişdirilərək 30 sentyabr 2021-ci il tarixində Qeyri-Kommersiya Təşkilatı olaraq qeydiyyata alınmışdır. Ədliyyə Nazirliyinin № 1121-MM8-0219 Qeydiyyat sənədində Bakı şəhəri Nərimanov rayonu K.Rəhimov küçəsi, 865-ci məhəllədə yerləşən kooperativ “Neftmaş MTK”-nın balansında olmuş çoxmənzilli kooperativ 2a, 2b yaşayış binaların "xxxx" MMMC-nin balansına verilməsi göstərilmişdir. Qeyri-kommersiya təşkilatı olaraq fəaliyyət göstərmiş "xxxx" MTK mənfəət əldə edilməsi məqsədilə sahibkarlıq fəaliyyəti həyata keçirməyən, xidmətlərin göstərilməsi istisna edilən hüquqi şəxs olmuşdur. Bu əsasda "xxxx" MTK Qeyri-Kommersiya Təşkilatı payçılarla (mənzil mülkiyyətçiləri ilə) hər hansı bir xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr bağlamamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.6-cı, Mülki Məcəllənin 55.1-ci, 56.5-ci, 57.3-cü maddələrinə uyğun olaraq "xxxx" MMMC Qeyri-Kommersiya Təşkilatının Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmasından imtina edilməmiş, Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Hazırda hüquqi varis olaraq fəaliyyət göstərən "xxxx" MMMC Qeyri-Kommersiya Təşkilatı mənfəət əldə edilməsi məqsədilə sahibkarlıq fəaliyyəti həyata keçirməyən, xidmətlər göstərilməsi istisna edilən hüquqi şəxsdir (Mənzil Məcəlləsi, maddə 119.2; Vegi Məcəlləsi, maddə 13.2.37). Bu əsasda hazırda "xxxx" MMMC Qeyri- Kommersiya Təşkilatı mənfəət əldə etmək məqsədilə mənzil mülkiyyətçiləri ilə hər hansı bir xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr bağlamır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.2-ci maddəsinə əsasən, Qeyri-Kommersiya Təşkilatı olaraq fəaliyyət göstərmiş "xxxx" MTK vergi ödəyicisi kateqoriyasına aid olmamış, həmçinin hazırda "xxxx" MTK-nın hüquqi varisi kimi fəaliyyət göstərən "xxxx" MMMC Qeyri-Kommersiya Təşkilatı vergi ödəyicisi kateqoriyasına aid deyil. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak "xxxx" MMMC-nin İdarə Heyətinin sədri Qanuni nümayəndə bildirmişdir ki, təşkilat mülki hüquq pozuntusundan əmələ gəlmiş borcla bağlı cavabdeh onların binasının balansında olan mənzil 20, 21 və 43–cü mənzillər üzrə əmlakın saxlanılması üzrə borcların ödənilməməsi barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 03 noyabr 2022-ci il tarixli məhkəmə qətnaməsi qəbul etmişdir. Həmin qətnamə əsassız və qanunsuzdur. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş iddianın predmeti fərqli olmuşdur, məhkəmə qətnaməsi isə onların iddiası ilə heç bir əlaqəsi olmayan bir sənəddir. Onlar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddianı təqdim edərkən iddianın predmetinə inzibati hüquq normaları əsasında əmlakın saxlanması ilə bağlı yaranmış borc qoymuşlar. Hesab edir ki, məhkəmə qətnaməsində iddianın predmeti əmlakın idarə olunması ilə bağlıdır. Onlar əmlakın idarə olunması məsələsini qaldırmamışlar. Birinci instansiya məhkəməsində iddianın predmetini, əsasını dəyişmək hüququ, yalnız iddiaçıya məxsusdur. İkinci isə onlar iddianı məhkəmədə borcla bağlı qaldırmış; məhkəmə isə hesab etmişdir ki, onlar kommunal xidmətlərlə bağlı iddia qaldırmışlar. Təşkilat heç bir kommunal xidmət göstərmir, yəni təşkilata qeyrikommersiya təşkilatı olaraq elə bir hüquq verilməmişdir. MTK 1989-cu ildə yaradılmış, 2019-2020-ci ilə qədər fəaliyyət göstərmişdir. 2018-ci ildə Mənzil Məcəlləsinə dəyişiklik edildikdən sonra MTK-lar ya ləğv edilməlidir, ya da MMMC-yə çevrilməlidir. Həmin qərarla bağlı iclas keçirmişlər və MTK MMMC-yə çevirilmişdir. "xxxx" MTK qeyri-kommersiya təşkilatı olaraq fəaliyyət göstərmişdir. Onlar müraciətdə xahiş etmişlər ki, ”Neftemaş” MTKnı MMMC-nin qeyri-kommersiya təşkilatına çevrilməsi ilə bağlı qeydiyyata alsınlar. Lakin Bakı şəhərində yeni yaradılan MMMC-i elektron qaydada sistemləşdirdiyindən onlara təklif etdilər ki, "xxxx" MMMC-i qeydiyyatda alırıq. Əvvəlcə məhkəmə qaydasında müraciət etsinlər və ”Neftemaş” MTK – kimi qalsınlar. Daha sonra fikirləşdilər ki, vaxt uzanacaq və razılaşıblar. Və bununla bağlı protokol və sənədləri Ədliyyə Nazirliyinə təqdim ediblər. Hesab edir ki, "xxxx" MMMC ”Neftemaş” MTK-nın hüquqi varisi kimi çıxış edir. MMMC qeyri-kommersiya təşkilatı olaraq, həmçinin MTK qeyri-kommersiya təşkilatı olaraq kommunal xidməti göstərmir. Kommunal xidmət anlayışı Nazirlər Kabinetinin qərarında göstərilmişdir. Onlar kommunal xidmətlər göstərmir. Nazirlər Kabinetinin qərarı ilə kommunal xidmətlərə su təchizatı, kanalizasiya təchizatı, istilik təchizatı bunlar aiddir. Belə məsələ qoyulmamışdır. Binada yaşayan mülkiyyətçilər kommunal xidmətlərin göstərən Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıblar. Onların fəaliyyətinin predmeti Ədliyyə Nazirliyinin qeydiyyat sənədində göstərilmişdir. Qanunsuzluqla bağlı bildirir ki, məhkəmə hakimi məhkəmə prosesini aparan zaman prosessual hüquq normalarını pozur, bu qanunsuzluq olur. Məhkəmə hakimi MPM-in 53-cü maddəsində göstərilən tələbləri pozduğundan bu qanunsuz hesab edilməlidir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, üç əsasları vardır. Belə ki, MMMC yarandığı dövrdən mənzil mülkiyyətçilərindən kirayə haqlarının yığılmasını həyata keçiribdir. MMMC qeydiyyata alındıqdan sonra onlarla müqavilə bağlamamışdır. Əslində kommunal xərclərlə bağlı onlarla müqavilə bağlanmalı idi. Həmin MMMC yarananda hüquqlarını müdafiə etdiyi şəxs mülkiyyətçi kimi çağırılmalı idi və onun səs hüququ vardır. Lakin bu barədə sənəd yoxdur. İkinci əsas odur ki, hüquqlarını müdafiə etdiyi şəxs özü oranın abadlıq işlərini görürür, şüşələrini dəyişir, təmir işlərini görür və bununla bağlı sənədlər təqdim olunmuşdur. Bu vaxta qədər "xxxx" MMMC yox idi. Onlar yox idi deyə hamısını hüquqlarını müdafiə etdiyi şəxs edibdir. Üçüncü tərəfdən isə hesab edir ki, iddiaçı iddia müddətini ötürübdür. Hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, vəkilinin dedikləri ilə razıdır, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsində hər şey aydınlaşdırıldı.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iddiaçı qətnamənin iddianın təmin olunmayan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

27.Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

28.44.1-ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 29.55.1-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 30.55.5-ci maddəsinə əsasən hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. 31.56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 32.57.3-cü maddəsinə əsasən nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. 33.59.1-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 34.111.3.5-ci maddəsinə görə kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. 35.113-cü maddəsinə əsasən, kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

36.37.1-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. 37.43.2.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir.

38. 87.5.4-cü maddəsinə əsasən cəmiyyətin yaradılması zamanı keçirilən təsis yığıncağında cəmiyyətin yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması ilə əlaqədar bu Məcəlləyə, digər qanunvericilik aktlarına və təsisçilər arasında bağlanılmış müqaviləyə zidd olmayan digər məsələlər həll edilir. 39.109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 40.120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 41.122.1.1-ci maddəsinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququdur. 42.122.1.6-cı maddəsinə əsasən cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququdur. 43.122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 44.128.0.3-cü maddəsinə əsasən müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. 45.128.0.4-cü maddəsinə əsasən, çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilələr bağlamaq Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. 46.138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. 47.138.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. 48.139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

49. 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 50.140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 51.141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 52.142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər.

53. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlərüzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

54.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 55.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 56.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Belə ki, mənzil qanunvericiliyinin imperativ göstərişinə əsasən müvafiq müddət ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməli və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir.

59. Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər.

60. Hazırki iş üzrə binaların sahə mülkiyyətçiləri yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmişlər. Belə ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Faktiki vəziyyətdə binanın idarəçiliyi məhz bu hüquqi şəxs tərəfindən həyata keçirilir. Belə ki, binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) MMMC tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir.

61. Belə olan halda kollegiya birinci instnasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, MMMC-nin səlahiyyətli olması müəyyən edilməyən müddət üçün kommunal xidmətlər üzrə yaranmış borcu tələb etməsinın hər hansı əsası yoxdur. Belə ki, iddiaçı tərəfindən əvvəlki dövr üçün müvafiq ödənişlərin tələb edilməsinə əsas verən, yəni MTK-nın hüquqi varisi olmasını, bununla da cavabdehdən əvvəlki dövr üzrə kommunal xidmətlərin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malik olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

62. Halbuki bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanı dəyişdikdə) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Qanunvericilik imkan verir ki, hüquqi şəxslər, iştirakçılarının ümumi yığıncağının qərarı ilə lakin Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydada başqa növlü təsərrüfat ortaqlıqları və cəmiyyətlərinə çevrilsin.

63. Bir növdən olan hüquqi şəxsin digər növdən olan hüquqi şəxsə çevrilməsi hüquqi şəxsin hüquq və vəzifələrinin təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçirilməsini tələb etdiyindən, qeyd olunan sənədlər isə məhkəməyə təqdim edilmədiyindən, nizamnaməsində də bunu təsdiq edən hər hansı qeydlər aparılmadığından yeni yaradılmış "xxxx" MMMC "xxxx" MTK-nın hüquqi varisi kimi çıxış edə bilməz. Beləliklə işin hallarından göründüyü kimi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti MTK-nın öz təşkilati-hüquqi formasını dəyişərək yeni statusda fəaliyyət göstərən hüquqi şəxs deyildir.

64. Məhkəmə iddianın ikinci hissəsi ilə əlaqədar qüvvədə olan mənzil qanunvericiliyinə əsasən qeyd edir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək imkanı tanınmışdır. Eyni zamanda iddiaçının dövlət qeydiyyatına alınmış xx.xx.2021-ci il tarixli Nizamnaməsinin 3.3 və 3.4-cü bəndlərində yuxarıda qeyd olunan münasibətlər tənzimlənmişdir. Qeyd edilən məsələnin müvafiq qaydada tənzimlənməsi mövcud olduğundan Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasına hər hansı əlavə zərurət müəyyən edilməmişdir.

65. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

66. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

67. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2748/2022 saylı 03 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar