Məhkəmə qərarları › İş №2(103)-464/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-464/2022

25.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-464/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı tələbinə iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı tələbinə dair 2(004)-2905/2021 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 19 may 2020-ci il tarixli əmək müqaviləsinə əsasən işçi 19 may 2020-ci il tarixindən işəgötürən tərəfindən əsas iş yeri üzrə Tikinti Departamentində təmir tikinti işləri üzrə paket meneceri vəzifəsinə təyin edilmişdir.

2. Əmək müqaviləsi qısa müddətli layihə üçün, tərəflərin qarşılıqlı razılığı əsasında 19 may 2020-ci il tarixdən 19 noyabr 2020-ci il tarixinədək müddətli bağlanmış, aylıq əmək haqqı 34525 manat məbləğində müəyyən edilmişdir. 25 oktyabr 2020-ci il tarixində əmək müqaviləsi 6 ay müddətinə uzadılmışdır. Müqaviləyə əsasən, hər ay bu əmək müqaviləsinin bəndində göstərilən əmək haqqının 4000 AZN hissəsi (vergilər və çıxılmalar xaric olmaqla) işçinin AFB Bank hesabına, əmək haqqının qalan hissəsi isə işçinin Arab Bank PLC-də olan hesabına köçürülməlidir. Ödəniş günündə Azərbaycan Mərkəzi Bankının USD/AZN və AVRO məzənnəsi istifadə olunmalıdır.

3. İddiaçı 29 yanvar 2021-ci il tarixli 45/K saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir.

4. Məhkəmənin sorğusuna əsasən “AFB Bank" ASC tərəfindən təqdim edilmiş İddiaçı adına açılmış AZ72AZFİ40140US**********002 nömrəli hesabdan çıxarışdan görünür ki, iddiaçının hesabına 14 iyul 2020-ci il tarixində iyun ayı üçün 14102,23 Avro, 02 sentyabr 2020-ci il tarixində iyul ayı üçün əmək haqqı 11663,97 Avro, 08 sentyabr 2020-ci il tarixində avqust ayı üçün əmək haqqı 11462,64 Avro, 11 dekabr 2020-ci il tarixində iyul ayı üçün əmək haqqı 1345,22 Avro, 17 dekabr 2020-ci il tarixində oktyabr ayı üçün əmək haqqı 7658,97 Avro, 28 dekabr 2020-ci il tarixində noyabr ayı üçün əmək haqqı 11198,53 Avro, 03 fevral 2021-ci il tarixində 2020-ci il dekabr ayı üçün əmək haqqı 16252,49 Avro, 05 fevral 2021-ci il tarixində 2021-ci ilin yanvar ayı üçün əmək haqqı 13280,07 Avro və 05 fevral 2021-ci il tarixində işçinin son haqq-hesabı qismində 7702,15 Avro məbləğində pul vəsaiti köçürülmüşdür. Göstərilənlərə əsasən, iddiaçıya ümumilikdə 233551,26 manat pul vəsaiti ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 207150 manat əmək haqqının, hər gecikdirilmiş gün üçün 1% olmaqla cəmi 62100 manat məbləğində ödəncin, cəmi 269250 manat pulun tutularaq ona ödənilməsi və cavabdeh tərəfindən qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli 45/k saylı əmrin ona aid hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, Böyük Britaniya vətəndaşı olan iddiaçı 19 may 2020-ci il tarixində Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq, tikinti departamentində təmir tikinti işləri üzrə paket meneceri vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsi 6 ay müddətinə bağlanmaqla müqavilə üzrə əmək haqqı aylıq 34525 manat müəyyən edilmişdir. İlk əvvəl cavabdeh vaxtlı-vaxtında əmək haqqını ödəsə də, getdikcə ödənişlər gecikməyə başlamışdır. 25 oktyabr 2020-ci il tarixində əmək müqaviləsi daha 6 ay müddətinə uzadılmışdır. 2021-ci ilin yanvar ayında işəgötürənin ona külli miqdarda ödənilməmiş əmək haqqı borcu yaranmışdır. Dəfələrlə şirkət rəhbərliyinə və şirkətin HR menecerinə əmək haqqının ödənilməsi ilə bağlı iradlarını bildirsə də, heç bir nəticəsi olmamışdır. Faktiki olaraq işəgötürən 5 aydan artıq müddətdə ona əmək haqqı verməməklə, onu işdən kənarlaşdırmaqla əmək müqaviləsinin şərtlərini birtərəfli qaydada kobud surətdə pozmuş, əmək müqaviləsinə qanunsuz olaraq son qoymuşdur. Halbuki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Buna görə də ona ödənilməmiş əmək haqqı və hər gecikdirilmiş gün üçün 1% olmaqla ödənc verilməlidir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2905/2021 saylı mülki iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Toğrul Axundov)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı iddia ərizəsində işdən azad edilməsi barədə əmrdən məlumatının olmamasını, cavabdeh tərəfindən ona əmək haqqının ödənilmədiyini iddia etsə də, bu barədə iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, eyni zamanda, məhkəmə baxışı zamanı onun bu iddiaları araşdırılmış sübutlarla təkzib olunmuşdur. Müəyyən edilmişdir ki, İddiaçı öz xahişi ilə işdən azad edilmiş, ona son haqq-hesab ödənilmişdir. İddiaçının cavabdehlə əmək münasibətlərində olduğu dövr dünyada və ölkədə baş verən pandemiya dövrünə təsadüf etdiyindən, İddiaçı işlədiyi bütün aylara görə əmək haqqı və işdən çıxması ilə bağlı son haqq-hesab işəgötürənin təqsiri olmadan, pandemiya səbəbindən az müddətə olan gecikmələrlə tam olaraq ödənilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13, 45, 48, 68, 83, 154, 172-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 142, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz ərizəsi əsasında könüllü olaraq işdən çıxmışdır. Hərçənd iddiaçı belə bir ərizə verməsini ümumilikdə bilməmiş, ən əsası isə qanunvericiliyin tələblərinə əsasən işdən azad edilmə barədə əmrlə tanış edilməmiş, son haqq-hesab aparılmamışdır. Qanunvericiliyin tələblərinə əsasən qeyd edilən əmək haqqı hər ay ödənilməli olduğu halda işəgötürən əmək haqqını vaxtında ödəməmişdir. Məhkəmə isə gecikmə günlərini müəyyən edərək borc məbləğini müəyyən etməmişdir. Halbuki ödənişlərlə bağlı bütün bank sənədləri məhkəməyə təqdim edilmişdir. Eyni zamanda işəgötürən qanunsuz olaraq işçini işdən azad etmişdir. Belə olan halda iddia tələbləri ilə müəyyən edilmiş məbləğ cavabdehdən tutulmalı olduğu halda məhkəmə bunu etməmişdir. Məhkəmə qətnamə qəbul edərkən Əmək Məcəlləsinin 83, 154, 172, 175-ci maddələrini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

14. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi :

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 154-cü maddəsinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci və 2-ci hissələrinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə görə isə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı və iddia qismən təmin edilməlidir.

18. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı 19 may 2020ci il tarixli əmək müqaviləsinə əsasən həmin MMC-nin Tikinti Departamentində təmir tikinti işləri üzrə paket meneceri vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi qısa müddətli layihə üçün, tərəflərin qarşılıqlı razılığı əsasında 19 may 2020-ci il tarixdən 19 noyabr 2020-ci il tarixinədək müddətli bağlanmış, aylıq əmək haqqı 34525 manat məbləğində müəyyən edilmişdir. 25 oktyabr 2020-ci il tarixində əmək müqaviləsi 6 ay müddətinə uzadılsa da, İddiaçı işdən azad olunma barədə 18 yanvar 2021-ci il tarixli ərizəsinə əsasən Cavabdeh MMC-nin baş direktorunun 29 yanvar 2021-ci il tarixli 45/K saylı əmrinə əsasən, MMC-nin 6 nəfər əməkdaşı, o cümlədən İddiaçılə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulması hallarına yol verilmədiyindən, 29 yanvar 2021ci il tarixli 45/k saylı əmrin iddiaçıya aid hissədə ləğv edilməsi barədə iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 31 avqust 2022-ci il tarixli 9/2732 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə ona ödənilməmiş əmək haqqı, son haqq-hesab və məzuniyyət pulu müəyyən edilmədi. Lakin aylar üzrə ödənilməli əmək haqqı tarixlərində gecikmələr olmuşdur. Gecikdirilmiş əmək haqqının 1% faiz məbləğində ödəncin hesablanıb, hesablanmamasının müəyyən edilməsi hüquqi xarakterli olduğundan məhkəmə tərəfindən nəzərə alınmalıdır. İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə ona ödənilməmiş və gecikdirilmiş əmək haqqının 1% faiz məbləğində ödəncin hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə hazırkı ekspertiza zamanı hesablanmış 1% məbləğində ödəncin 28970 manat təşkil etdiyi müəyyən edildi. Göründüyü kimi, ekspertiza tədqiqatı nəticəsində cavabdehin iddiaçıya ödənilməmiş əmək haqqı borcunun olması müəyyən edilmədiyindən, cavabdehdən ödənilməmiş 207150 manat əmək haqqının tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi düzgün olaraq təmin edilməmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə isə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. İş materiallarında olan “AFB Bank" ASC tərəfindən təqdim edilmiş İddiaçı adına açılmış AZ72AZFİ40140US**********002 nömrəli hesabdan çıxarışdan və Cavabdeh MMCnin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, cavabdeh təşkilat əmək haqqının ödənilməsində gecikmələrə yol verilməsini etiraf etmiş və gecikmələrin səbəbinin pandemiya dövrü ilə bağlı olmasını bildirmişdir. (i.v.65-66) Göründüyü kimi, əmək haqqının ödənilməsinin gecikdirilməsi faktı cavabdeh təşkilat tərəfindən də etiraf olunmuş və tərəflər arasında fərdi əmək mübahisəsinə səbəb olmamışdır. “AFB Bank" ASC tərəfindən təqdim edilmiş İddiaçı adına açılmış AZ72AZFİ40140US**********002 nömrəli hesabdan çıxarışdan və iş materiallarından, habelə məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iddiaçının 2020-ci ilin iyul ayı üçün əmək haqqı həmin ilin sentyabr və dekabr aylarında, oktyabr ayı üçün əmək haqqı dekabr ayında, 2020-ci ilin dekabr ayı üçün əmək haqqı 2021-ci ilin fevral ayında ödənilmiş, bundan əlavə, əmək haqları təqvim aylarının müxtəlif günlərində ödənilmişdir. Cavabdeh MMC iddiaçının əmək haqqının gecikdirilməsinin pandemiya dövrü ilə bağlı olmasını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əmək münasibətlərinin mövcud olduğu dövrün pandemiya dövrünə təsadüf etməsi iddiaçıya (işçiyə) əmək haqqının ödənilməsinin gecikdirilməsinə üzrlü hal kimi hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilmiş və pandemiyadan əziyyət çəkən sahibkarlıq subyektlərinə kifayət qədər maliyyə dəstəyi göstərilmişdir. Bundan əlavə, Cavabdeh MMC iddiaçının əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmaması, yəni müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçinin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əmək haqqının vaxtında verilməməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla ödəncin verilməsi barədə iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Odur ki, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş əmək haqqının vaxtında verilməməsinə görə hər gecikdirilmiş günü üçün 1% olmaqla cəmi 28970 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2905/2021 saylı mülki iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi əmək haqqının vaxtında verilməməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla ödəncin verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. İddiaçı Cavabdeh MMC tərəfindən əmək haqqının vaxtında verilməməsinə görə əmək haqqının hər gecikdirilmiş günü üçün 1% olmaqla cəmi 28970 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilsin. Apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 200 manat pul Cavabdeh MMC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar