Məhkəmə qərarları › İş №2(103)-4640/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4640/2021

05.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4640/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Qarayev Rəşad Etibar oğlunun cavabdehlər Nadirov Ramis Mövlud oğluna və Bakı şəhəri 9 saylı notarial kontoruna qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-943/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Qarayev Rəşad Etibar oğlu cavabdehlər Nadirov Ramis Mövlud oğluna və Bakı şəhəri 9 saylı notarial kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nadirov Ramis Mövlud oğlu ilə Qarayev Rəşad Etibar oğlu arasında bağlanılmış 26.04.2017-ci il tarixli “kredit müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Nadirov Ramis Mövlud oğlu ilə aralarında 28.04.2017-ci il tarixdə «kredit müqaviləsi» bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Nadirov Ramis Mövlud oğlundan 3 ay müddətinə 27.07.2017-ci il tarixdə qaytarmaq şərti ilə pul alınmışdır. Cavabdeh Nadirov Ramis Mövlud oğlu ilə aralarında hər hansı bir münasibətlər olmamışdır. Belə ki, onun Nadirov Ramis Mövlud oğlu ilə nə şərikli işi, nə tanışlığı olmamış, nə də ondan hər hansı bir məbləğdə pul almamışdır. Hazırki mübahisələndirilən müqavilə Nadirov Ramis Mövlud oğlunun təşəbbüsü ilə alarında olan pul münasibətlərdən dolayı bağlanılmışdır. Lakin sonradan cavabdeh Nadirov Ramis Mövlud oğlu hazırki kredit müqaviləsini real qəbul edərək ondan vermədiyi pulu tələb edir. Mübahisələndirilən müqavilənin ləğv edilməsinin əsası onun tərəfindən müqavilə üzrə alınmış pul məbləğinin bir hissəsinin ödənilməsi və qalıq hissəsinin isə əmlak (torpaq sahəsi) təqdim edilməklə öhdəliklər tam şəkildə icra edilmişdir. Buna baxmayaraq, cavabdeh yenə də müqavilə öhdəlikləri üzrə ödəniş tələb edir. Onun tərəfindən müqavilənin ləğvi barədə bildirişə də heç bir münasibət bildirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-943/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə səbəbləri barədə məlumat vermədən gəlmədiklərindən işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan “Borc verən” qismində Nadirov Ramis Mövlud oğlu ilə “Borc alan” qismində Qarayev Rəşad Etibar oğlu arasında bağlanılmış və Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş 28.04.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Nadirov Ramis Mövlud oğlu Qarayev Rəşad Etibar oğluna 27.000 ABŞ dolları şəklində verilmiş, 28.04.2017-ci il tarixli manatla kurs üzrə (1 ABŞ dolları=1.75 manat) 47250 manat məbləğində borc pul vermiş, R.E.Qarayev krediti 27.07.2017-ci il tarixədək R.M.Nadirova qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan ünvan 1 ünvanlanmış 06.09.2017-ci il tarixli məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nadirov Ramis Mövlud oğlu və Qarayev Rəşad Etibar oğlu arasında 28.04.2017-ci il tarixli 3-M-468 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş kredit müqaviləsini borc qaytarmadığına görə icra qeydi aparılması üçün göndərilmişdir. İşdə olan Nadirov Ramis Mövlud oğlu tərəfindən 9 saylı notariat kontoruna yazılmış ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, 28.04.2017-ci il tarixdə rəsmiləşdirilmiş 3M-468 reyestr nömrəsi ilə kredit müqaviləsinə əsasən Qarayev Rəşad Etibar oğluna 27.000 ABŞ dolları, kurs üzrə manatla (1 ABŞ dolları=1,75 manat) 47.250 manat məbləğdə borc pul vermiş və Qarayev Rəşad Etibar oğlu 27.07.2017-ci il tarixədək həmin pul məbləğini qaytarmalı idi. Bu günə kimi həmin pul məbləğindən heç bir məbləğ qaytarılmayıb. Borc müqaviləsinə icra qeydinin aparılmasını xahiş etmişdir. İşdə olan ünvan 2 ünvanlanmış 03.08.2017-ci il tarixli məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 28.04.2017-ci il tarixdə rəsmiləşdirilmiş 3-M-468 reyestr nömrəsi ilə kredit müqaviləsinə əsasən 27.000 ABŞ dolları, kurs üzrə manatla (1ABŞ dolları=1,75 manat) 47.250 manat məbləğdə borc pulu götürüb 27.07.2017-ci il tarixədək həmin pul məbləğini qaytarmalı idi. 03.08.2017-ci il tarixdə Nadirov Ramis Mövlud oğlu kontora yazılı ərizə ilə müraciət edərək bu günə kimi həmin pul məbləğindən heç bir miqdarının qaytarılmadığını bildirmişdir. 30 gün müddətində borc götürdüyü pulu qaytarmasını xahiş etmişdir. Əks təqdirdə borc müqaviləsində icra qeydi aparılmasını göstərilmişdir. İş üzrə Qarayev Rəşad Etibar oğlu tərəfindən Nadirov Ramis Mövlud oğluna ünvanlanmış 01.10.2020-ci il tarixli təklifindən görünür ki, aralarında 28.04.2017-ci il tarixli «kredit müqaviləsi» bağlanılmışdır. Həmin müqaviləyə əsasən Ramis Nadirova müəyyən məbləğdə rəsmi və qeyri-rəsmi qaydada bir neçə dəfə pullar ödənilmişdir. Borcun qalıq hissəsini isə Ramis Nadirova təqdim edilmiş torpaq sahəsinin dəyəri tamamilə ödəyir. R.Qarayev aralarında bağlanılmış 28.04.2017-ci il tarixli «kredit müqaviləsi»nin ləğv edilməsi üçün 5 gün müddətində müqaviləni bağlamış notariat kontoruna gəlməsini təklif edir. Əks təqdirdə tələb məhkəmə qaydasında ediləcəyini göstərilmişdir. İşdə olan Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən Nadirov Ramis Mövlud oğluna ünvanlanmış 26.11.2020-ci il tarixli məktubun surətindən görünür ki, İsmayıllı rayon Notariat Kontorunun 7E-2172 nömrəli, 07.09.2017-ci il tarixli icra sənədinə əsasən borclu Qarayev Rəşad Etibar oğlundan 46.450 manat pul vəsaiti tutularaq tələbkar Nadirov Ramis Mövlud oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi 05.12.2017-ci il tarixdə icraata daxil olmuşdur və qeyd olunan icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icrası barədə borcluya bildiriş göndərilmişdir. İcra sənədlərində göstərilən tələbin ödənilməsini təmin etmək məqsədi ilə borclunun adına qiymətli əmlakların olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin tələbin yönəldilə biləcəyi hər-hansı bir əmlak aşkar edilməmişdir. 29.01.2018-ci il tarixdə borclu Qarayev Rəşad Etibar oğlu ərizə ilə şöbəyə müraciət edərək, səhhətində yaranmış problemlərlə bağlı müalicə aldığını və bu səbəbdən şöbəyə gələ bilmədiyini bildirərək, ona müalicəsi bitənə qədərə möhlət verilməsini xahiş etmişdir. 28.02.2018-ci il tarixdə borclu barəsində məcburi qaydada şöbəyə gətirilməsi ilə bağlı qərar qəbul edilərək məlumat üçün ünvanına göndərilmişdir. 19.03.2018-ci il tarixli qəbzə əsasən icra sənədi üzrə borc məbləğindən borclu Qarayev Rəşad Etibar oğlu tərəfindən Ramiz Nadirovun xeyrinə 2000 manat məbləğində ödəniş edilmişdir. 09.04.2018-ci il tarixdə borclu Qarayev Rəşad Etibar oğlu ərizə ilə şöbəyə müraciət edərək Nadirov Ramis Mövlud oğluna və Notariat Kontoruna qarşı «əqdin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi ilə Məhkəməyə müraciət etdiyini bildirmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-2890/2018 saylı, 11.06.2018-ci il tarixli qətnaməsi ilə Qarayev Rəşad Etibar oğlunun iddiası rədd edilmişdir. Nəsimi rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20.08.2019-cu il tarixli qərarı ilə Nəsimi rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 11.03.2020-ci il tarixdə borclu Qarayev Rəşad Etibar oğlu şöbəyə gələrək ondan izahat alınmış və o, izahatında icra sənədi üzrə tələb tam şəkildə ödəmək iqtidarında olmadığını bildirmişdir. Borclu barəsində məcburi qaydada şöbəyə gətirilməsi ilə bağlı qərar qəbul edilərək ünvanına göndərilmiş, həmin qərardan şikayət verilməmişdir. 15.10.2020-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimat yazılaraq, baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi rayon Məhkəməsinin 8(006)-317/2020 saylı 02.11.2020-ci il tarixli qərardadla icra məmurunun təqdimatı təmin edilmiş, qərardad məlumat üçün şöbəyə daxil olmuşdur. İcra sənədi üzrə borclu Qarayev Rəşad Etibar oğlu tərəfindən iddia qaydasında mübahisə qaldırıldığından 12.11.2020-ci il tarixdə «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən icra məmuru tərəfindən icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması barədə qərar qəbul edilmişdir. İşdə olan Nəsimi Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixdli qərardadı ilə iddiaçı Qarayev Rəşad Etibar oğlunun cavabdehlər Nadirov Ramis Mövlud oğluna və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” ilk, Nadirov Ramis Mövlud oğlunun Qarayev Rəşad Etibar oğluna qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi üzrə 2(006)-2890/2018 saylı mülki işin Nadirov Ramis Mövlud oğlunun Qarayev Rəşad Etibar oğluna qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə bağlı olan hissəsinin icraatına xitam verilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, əslində sözügedən məhkəmə aktları ilə iddiaçının hazırda mübahisələndirdiyi müqaviləyə dolayısıyla qiymət verilmiş və tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Digər tərəfdən kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə (iddiaçı müqavilənin ləğvini tələb etsə də, faktiki olaraq onun etibarsızlığını irəli sürməkdədir) dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. Müqaviləni bağladığından xəbərsiz olması, müqavilələri imzalamadığı barədə iddiaçının apellyasiya şikayətinin dəlillərini isə kollegiya əsassız hesab edir. Çünkü yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında daha əvvəl məhkəmə mübahisəsi olmuş, həmin mübahisəyə baxılarkən onun müqavilənin etibarsızlığına dair iddia tələbi təmin edilməmişdir. Həmçinin kollegiya qeyd edir ki, 28 aprel 2017-ci il tarixlikredit müqaviləsinin müddəti 3 ay müəyyən edilmişdir və bu müddət 27 iyul 2017-ci tarixdə başa çatmışdır. Kollegiya hesab edir ki, iddiaçının göstərilən müqavilə üzrə öhdəliyi mövcud olsaydı belə, həmin müqavilənin müddəti bitdiyindən onun məhkəmə qaydasında ləğv edilməsinə lüzum yoxdur. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-943/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar