Məhkəmə qərarları › İş №2(103)-4640/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4640/2023

07.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4640/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: alimentin artırılması, yaşayış minumumu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X3, digər nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından xx.xx.2011-ci il tarixdə Tamerlan adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulması, xx.xx.2011-ci il təvəllüdlü X1 İddiaçı himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2012-ci il tarixindən başlayaraq hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2012-ci il tarixindən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

3. İddiaçı “alimentin məbləğinin artırılması tələbi” Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutulması müəyyən edilən alimentin miqdarı artırılaraq 136,60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

4. Cavabdeh Hafiz oğlu xx.xx.2016-cı il tarixdə X5 ilə nikaha daxil olmuş, həmin nikahından xx.xx.2018-ci il tarixdə Şahnaz, xx.xx.2020-ci il tarixdə Ceyla adını verdikləri uşaqları doğulmuşdur.

5. Cavabdeh xx.xx.2022-ci il tarixindən etibarən "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir.

6. İddiaçı "xxxx" ASC-də işləyir və aylıq əmək haqqı 1500 manat təşkil edir.

7. İddiaçı mülkiyyətində xx.xx.2021-ci il tarixdən “Hyundai Tucson” markalı avtomobil vardır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2011ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən xeyrinə hər ay 220 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından xx.xx.2011-ci il tarixdə Tamerlan adlı uşaqları doğulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulması, xx.xx.2011-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2012-ci il tarixindən başlayaraq hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2012-ci il tarixindən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun “alimentin məbləğinin artırılması tələbi” qismən təmin edilmiş, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutulması müəyyən edilən alimentin miqdarı artırılaraq 136,60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bu günə kimi ölkədə qida məhsullarının və əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal v.s. qiymətləri bir neçə dəfə artmışdır. Bunun nəticəsində onun maddi durumu dəyişmişdir və hazırda himayəsində olan azyaşlı uşağın saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 136,60 manat sabit pul məbləğində aliment uşağın normal inkişafı və qidalanması üçün kifayət etmir.

10. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmiş, etirazında aşağıdakıları göstərmişdir: “İddiaçı iddia ərizəsinin hüquqi əsası kimi Azərbaycan Republikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etsə də, ailə və maddi vəziyyətində nə kimi dəyişiklik olması ilə bağlı məhkəməyə ümumiyyətlə sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ilə boşandıqdan sonra 11 may 2016-cı il tarixdə yeni nikaha daxil olmuş, həmin nikahdan iki övladı 2018-ci il təvəllüdlü Şahnaz İbadullayeva və 2020-ci il təvəllüdlü Ceyla İbadullayeva doğulmuşdur. Uşaqlar körpə olduğundan yoldaşı heç bir yerdə işləmir, uşaqlara qulluq edir. Özünün aldığı məvacib isə cəmi 345 manat təşkil edir. "xxxx" MMC-dən alınmış 03 fevral 2023-cü il tarıxli arayışdan görünür ki, 21 dekabr 2022-ci il tarixdən etibarən "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Ayrıca yaşamağa evi yoxdur, anası ilə birlikdə yaşayır. Yaşlı və xəstə anası da onun himayəsindədir. İddiaçı maddi vəziyyəti əksinə ondan qat-qat üstündür. "xxxx" MMC tərəfindən verilmiş 28 mart 2023-cü İl larixli arayışından görünür ki, İddiaçı “Art Baget MMC-də satış meneceri vəzifəsində işləyir və orta aylıq əmək haqqı 507 manatdır. Uşağı saxlamaq hər iki valideynin borcudur. Uşaqların saxlanılmasında valideynlər bərabər məsuliyyət daşımaqla onların maddi və mənəvi tələbatlarının ödənilməsində də eyni həcmdə öhdəlik daşıyırlar. İkinci dəfə ailə həyatını qurmasını, həmin nikahdan iki uşağın olmasını və aldığı məvacib nəzərə alınmaqla təyin olunmuş alimentin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi valideyn kimi onun maddi imkanı xaricində olmaqla gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınma kimi dəyərləndirilərək onun və uşaqlarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına (alimentin tam həcmdə icra olunmaması uşaqların mənafeyinə ziyan vuracaq, qətnamənin icra olunmaması həm də onun barəsində məsuliyyət yaradacaq) səbəb olacaqdır.

11. Birinci instansiya məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-3729/2017 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

13. Məhkəmə vurğulamışdır ki, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişikliklər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq, göstərilən hal, o cümlədən cavabdehin hazırda maddi qazancının tələb olunan miqdarda alimenti ödəmək üçün kifayət etməməsi, yenidən ailə qurması, həmin nikahdan 2 uşağının olması, onun əvvəlki nikahından olan övladının saxlanılmasında və getdikcə artan tələbatının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay 185 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır.

14. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75-ci və 112-ci, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına istinad etmişdir.

15. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasının tələbini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəs edən halları aydınlaşdırmadığını, ölkədə yaşayış indeksində baş verən dəyişiklikləri nəzərə almadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

16. Qətnamədən cavabdehin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla, cavabdehin maddi vəziyyətinin, ikinci dəfə ailə həyatı qurmasının, iddiaçının özünün "xxxx" ASC-də 1500 manat əmək haqqı ilə işlədiyinin və onun maddi vəziyyətinin cavabdehin maddi vəziyyətindən qat-qat üstün olmasının nəzərə alınmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətlərinə etiraz

17. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi (vəkili) ərizə göndərərək xarici ölkədə olacağı ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, kollegiya işin hallarını və şikayətlərə işdə olan sübutlar əsasında mahiyyəti üzrə qiymət verilməsinin mümkünlüyünü nəzərə alaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri (vəkili) cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

20. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

21. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

22. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Qanun

24. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanun

25. Maddə 1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Çünkü qətnamə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirilmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 23).

39. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

40. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Nəsimi Rayon Məhkəməsi xx.xx.2017ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən 136,6 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatı artmış, həm uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuş, həm də cavabdehin qazancı çoxalmışdır. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

41. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

42. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları (§ 22) alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini əsas götürərkən tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin yüksək olmayan aliment öhdəliyi daşımış olmasını əsas götürərək ədalətli nəticəyə gəlmişdir.

43. Bu kontekstdə kollegiya, iddiaçının şikayətini də əsaslı hesab etmir; belə ki, onun özünün 1500 manat əmək haqqı aldığı müəyyən edilmişdir və valideynlərin hər ikisinin uşağın saxlanmasında iştirak etməli olması prinisipinin tətbiqi baxımından bu hal cavabdehdən tutulan alimentin məbləği müəyyənləşdirilərkən nəzərə alınmalıdır.

44. Cavabdehin, ikinci dəfə nikaha girməsi və bu nikahından uşaqlarının olması dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal onu iddiaçı ilə nikahından olan uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

45. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1432/2023 saylı iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar