Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4643/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1373/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə birgə nikahdan olan 17 yanvar 2010-cu il təvəllüdlü X3 və 12 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə birgə nikahlarından 17 yanvar 2010-cu il təvəllüdlü X3 və 12 yanvar 2011-ci il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 dekabr 2015-ci il tarixli 2(003)- 4287/2015 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaqların onun yanında qalması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 yanvar 2015-ci il tarixli 2(003)-3883/2015 saylı qətnaməsi ilə 17 yanvar 2010-cu il təvəllüdlü X3 və 12 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 70 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İndiki vaxtda uşaqların saxlanması üçün bu məbləğ çox azdır, ümumiyyətlə uşaqların maddi tələbatlarını ödəmir. Qeyd olunanlara əsasən, cavabdehdən onun xeyrinə birgə nikahdan olan 17 yanvar 2010- cu il təvəllüdlü X3 və 12 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1373/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 yanvar 2015-ci il tarixli 2(003)- 3883/2015 №-li qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 17 yanvar 2010-cu il təvəllüdlü X3 və 12 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin olunmuş hissəsində ləğv edilməsi və onun maddi, ailə vəziyyəti nəzərə alınaraq yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin onun 280 manat əmək haqqı almasını nəzərə almadığı arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışında qətnamənin qanuniliyi və əsaslılığı iddia tələbinin qismən təmin edilməsi hissəsində yoxlanılır. Belə ki, cavabdeh qətnamənin məhz həmin hissəsini mübahisələndirmişdir. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ilə Cavabdeh 2009-cu ildə faktiki nikaha, 17 dekabr 2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan iki uşaqları – 17 yanvar 2010-cu il təvəllüdlü X3 və 12 yanvar 2011-ci il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 yanvar 2015-ci il tarixli 2(003)-3883/2015 saylı qətnaməsinin surətindən görünür ki, 17 yanvar 2010-cu il təvəllüdlü X3 və 12 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşaq üçün 70 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 yanvar 2015-ci il tarixli 2(003)-3883/2015 №-li qətnaməsinə əsasən iddiaçıya ödəməli olduğu vəsait yetkinlik yaşına çatmayan uşaqların, 17 yanvar 2010-cu il təvəllüdlü X3 və 12 yanvar 2011-ci il təvəllüdlü X1 üçün onun minimum xərclərini ödəmir. Beləliklə, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Xəzər Rayon Məhkəməsi 07.01.2015-ci il tarixli qətnaməsi ilə onun xeyrinə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşaq üçün 70 manat sabit pul məbləğində alimentin tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və iddiaçının məhz həmin məbləğdə aliment tələb etməsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2020-ci il üçün 170 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər uşağa görə 150 manat, cəmi 300 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1373/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4643/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4643/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver