Məhkəmə qərarları › İş №2(103)-465/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-465/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-465/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 3.740 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.770 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" ASC arasında 06 noyabr 2019-cu il tarixdə MBK********** saylı sığorta müqaviləsi bağlanmış və «Mercedes Benz E280» markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı müvafiq sığorta növü üzrə təminat verilmişdir. Sığorta müqaviləsinə əsasən sığorta məbləği 24.000 manat, sığorta haqqı 633 manat, sığorta ili 06.11.2019-06.11.2020-ci il tarixi müəyyən edilmiş, sığorta haqqı isə vaxtında onun tərəfindən tam olaraq ödənilmişdir. 14 avqust 2020-ci il tarixdə saat 11.45-də idarə etdiyi «Mercedes Benz E280» markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə sığorta hadisəsi baş verməklə, onun idarə etdiyi avtomobilə 3.740 manat ziyan dəymişdir. Hadisə baş verdikdən dərhal sonra cavabdeh "xxxx" ASC-yə müraciət edərək, sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verməsi barədə məlumat vermiş, sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən ona ünvanlanmış 09.09.2020-ci il tarixli AS-20/1129 saylı məktubda onun Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş T****** saylı sürücülük vəsiqəsi ilə bir ay ərzində, yəni 02.07.2018-ci il tarixədək nəqliyyat vasitələrini idarə etmək hüququ olmuş və həmin tarixdən sonra nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı əsas gətirilərək sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Eyni zamanda, qeyd olunan məktubda Mülki Məcəllənin 935.1.8-ci maddəsinə istinad olunmuşdur və onların qənaətinə görə sığorta hadisəsi baş verməmişdir. Hesab edir ki, "xxxx" ASC-nin ona sığorta ödənişi verilməsindən imtina etməsi tamamilə əsassız və qanunsuz olmuşdur. Çünki, sürücülük vəsiqəsinin dəyişdirilməməsi onun sürücülük hüququnun olmaması, sığorta hadisəsinin baş verməməsi qənaətinə gəlinməsi və sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsindən göründüyü kimi, 02.06.2018-ci il tarixdən ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ verilmiş və o, bununla bağlı bütün sənədlərini "xxxx" ASC-yə təqdim etmişdir. Sığortaçı imtina məktubunda onun 02 iyul 2018-ci il tarixdən nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığını bildirdiyi, nədənsə onunla 06.11.2019-cu il tarixdə müqavilə bağlanmasına aydınlıq gətirməmişdir. O, qanunvericiliyin tələblərinə uyğun olaraq öz üzərinə düşən vəzifələri yerinə yetirmiş, müqavilə bağlandığı zaman özü barədə bütün məlumatları sığortaçıya bildirmiş, bütün bu hallardan isə sığortalının xəbəri olmuşdur. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin sadalanan normalarına istinad edərək hesab edir ki, "xxxx" ASC-nin ona sığorta ödənişini ödəməkdən imtina etməsi tamamilə əsassız olmaqla, cavabdehdən 3.740 manat avtomobilə dəymiş ziyan və 30 manat dövlət rüsumu alınaraq ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(006)-958/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunvericilik müddəalarına zidd və əsassız olduğu üçün ləğv edilməlidir. Apellyasiya şükayəti iddia ərizəsində qeyd edilmiş eyni əsaslarla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli qətnamədə onun hüquqlarının pozulmadığı, başqa sözlə, onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi barədə yanlış qənaətə gəlmişdir. Halbuki, o nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməmişdir. Odur ki, o nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmək üzrə təqsirsiz hesab edilir. Birinci instansiya məhkəməsi isə onu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmək üzrə təqsirli hesab etməklə, İnzibati Xətalar Məcəlləsinin 8-ci və 332.2-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Bundan başqa Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsindən göründüyü kimi, 02.06.2018-ci il tarixdən ona Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ verilmiş və o bununla bağlı bütün sənədləri "xxxx" ASC-yə təqdim etmişdir. Beləliklə, onun ən gec 02 iyul 2018-ci il tarixdə sürücülük vəsiqəsini dəyişdirməli olduğu halda dəyişdirmədiyi barədə məlumat 06 noyabr 2019-cu il tarixdə sığorta müqaviləsi bağlandığı zaman "xxxx" ASC-də olmuşdur. Buna baxmayaraq, "xxxx" ASC onun nəqliyyat vasitəsini idarə etmək hüququnun olduğunu qəbul edərək onunla sığorta müqaviləsi bağlamışdır. Əgər "xxxx" ASC-nin “onun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı” barədə mövqeyinin doğru olduğu fərz edilsə, bu halda cavabdehin ona ziyan vurmaq niyyəti ilə hərəkətlər etdiyi, həmçinin, "xxxx" ASC öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirdiyi aydın olar. Belə halları isə qanunvericilik, o cümlədən Mülki Məcəllə qadağan edir. Beləliklə, Atasığorta” ASC-nin onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı barədə mövqeyinin doğru olduğu fərz edilsə belə, bu halda "xxxx" ASC ona sığorta ödənişinin verilməsindən imtina etməklə hüquqlarından sui-istifadə etmiş olur. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə olan sübutları və xüsusatları əsasən pərdələmiş və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri pozaraq sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxılmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Türkiyə Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazə almışdır. İddiaçı Türkiyə Respublikasının səlahiyyətli orqanı (qurumu) tərəfindən T****** saylı sürücülük vəsiqəsi verilmişdir. Tərəflər arasında 06.11.2019-cu il tarixdə MBK********** saylı sığorta müqaviləsi bağlanmış, «Mercedes Benz E280» markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən müvafiq sığorta növü üzrə sığorta edilmişdir. 14.08.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı qeyd olunan halı sığorta hadisəsi kimi qiymətləndirərək, cavabdehə sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 09.09.2020-ci il tarixli AS-20/1129 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən İddiaçı müraciəti cavablandırılmışdır. "xxxx" ASC həmin məktubda qeyd etmişdir ki, İddiaçılə Cəmiyyət arasında 06.11.2019-cu il tarixdə MBK********** saylı sığorta müqaviləsi bağlanmış və «Mercedes Benz E280» markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cəmiyyət tərəfindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. İddiaçı şirkətə müraciət edərək, 14.08.2020ci il tarixdə sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verdiyini bildirməklə, sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Hadisə ilə bağlı Bakı şəhəri BPİ DYPİ tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş arayışda və digər sənədlərdə hadisənin 14.08.2020-ci il tarixdə baş verdiyi və hadisə vaxtı avtomobilin İddiaçı tərəfindən idarə edildiyi göstərilmişdir. Cəmiyyətə təqdim edilmiş 02.06.2018-ci il tarixdə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş DYİ0025117 saylı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, İddiaçı Türkiyə Respublikasının vətəndaşıdır. Sənədlər araşdırılarkən İddiaçı hadisə baş verdiyi vaxt avtomobili Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş T****** saylı sürücülük vəsiqəsi ilə idarə etdiyi müəyyən olunmuşdur. İddiaçı nəzərinə çatdırılmışdır ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 11 noyabr 2016-cı il tarixli 407-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununa yeni 35-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin İİ hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Qeyd olunanlardan göründüyü kimi, İddiaçı Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş T****** saylı sürücülük vəsiqəsi ilə bir ay ərzində, yəni 02 iyul 2018-ci il tarixinədək nəqliyyat vasitələrini idarə etmək hüququ olmuş və həmin tarixdən sonra nəqliyyat vasitələrini idarə etmək hüquqları olmamışdır. Mülki Məcəllənin 922.1, 935.1.8-ci maddələrinə istinad edən cavabdeh həmçinin qeyd etmişdir ki, 06.11.2019-cu il tarixli MBK********** saylı sığorta şəhadətnaməsinə əsasən nəqliyyat vasitəsi qanunvericiliklə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilən zaman baş verən zərərlər sığorta təminatına daxil deyildir. Bununla da, yuxarıda göstərilənlər nəzərə alınaraq hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. "xxxx" ASC belə hadisələrin təkrar olunmamasını arzu etməklə yanaşı, gələcəkdə baş verə biləcək hadisələrlə əlaqədar ortaya çıxacaq maddi zərərlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcəyinə təminat verir. Əlavə olaraq İddiaçı sürücülük vəsiqəsini ən qısa müddətdə dəyişməsi tövsiyə olunmuşdur. Əks halda gələcəkdə baş verəcək hər hansı hadisə zamanı eyni sürücülük vəsiqəsi ilə avtomobili idarə edəcəyi təqdirdə cavabdeh tərəfindən sığorta ödənişinin verilməsinin qeyri-mümkün olacağını nəzərə alması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmamışdır. İddiaçı Türkiyə Respublikasında verilmiş sürücülük vəsiqəsini qanunla müəyyən edilmiş müddət ərzində dəyişdirməmişdir. Halbuki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin 06 oktyabr 2020-ci il tarixli K/339 saylı arayışından görünür ki, İddiaçı 02 iyun 2018-ci il tarixdən 02 iyun 2023-cü il tarixədək daimi yaşamaq üçün icazə verilmişdir və o, 02 iyul 2018-ci il tarixədək sürücülük vəsiqəsini dəyişməli idi. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, 06 may 2016-cı il tarixli 221-VQ nömrəli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin 2-ci maddəsinə əsasən Tərəflər milli qanunvericiliklərinə müvafiq olaraq, digər Tərəfin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrini dəyişdirmək məqsədilə qarşılıqlı şəkildə tanıyırlar. Sürücülük vəsiqələri bu Sazişə Əlavədə göstərilmiş ekvivalentlik cədvəlinə müvafiq olaraq imtahanlar keçirilmədən dəyişdirilir. Həmin sazişin 3-cü maddəsinə əsasən tərəflərdən birinin səlahiyyətli orqanı tərəfindən verilmiş etibarlı, müvəqqəti olmayan sürücülük vəsiqələrinin sahibləri, digər Tərəfin dövlətinin ərazisində yaşamaq hüququna malik olduqda, bu Sazişin müddəalarına müvafiq olaraq həmin digər Tərəfin dövlətinin ərazisində nəqliyyat vasitəsini idarə etmək arzusunda olarsa, öz sürücülük vəsiqələrini həmin digər Tərəfin verdiyi sürücülük vəsiqəsinə dəyişmək üçün istənilən vaxt həmin digər Tərəfin səlahiyyətli orqanına müraciət edə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Göründüyü kimi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunundan daha üstün hüquqi qüvvəyə malik beynəlxalq müqavilə olan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişə əsasən Azərbaycan Respublikasının ərazisində yaşamaq hüququna malik olan Türkiyə Respublikasının vətəndaşları öz dövlətləri tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişmək üçün bir ay ərzində deyil, istənilən vaxt Azərbaycan Respublikasının səlahiyyətli orqanına müraciət edilə bilər. Beləliklə, birinci instansiya məhkəməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin İİ hissəsini düzgün tətbiq etməmiş, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin 3-cü maddəsinin tələblərini nəzərə almamışdır. Qeyd edilməlidir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsindən göründüyü kimi, 02.06.2018-ci il tarixdən iddiaçıya Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ verilmiş və o, bununla bağlı bütün sənədləri "xxxx" ASC-yə təqdim etmişdir. Beləliklə, iddiaçının sürücülük vəsiqəsinin dəyişdirilmədiyi barədə məlumat 06 noyabr 2019-cu il tarixdə sığorta müqaviləsi bağlandığı zaman "xxxx" ASC-də olmuşdur. Buna baxmayaraq, "xxxx" ASC iddiaçının nəqliyyat vasitəsini idarə etmək hüququnun olduğunu qəbul edərək onunla sığorta müqaviləsi bağlamışdır. Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, cavabdeh "xxxx" ASC sığorta hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina etməklə müqavilə şərtlərini pozmuş və iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan 2008-ci il buraxışlı “Mercedes Benz E-280” markalı, **-SP-*** qeydiyyat nişanlı avtomaşın "xxxx" ASC-də 06.11.2019-cu il tarixdən 06.11.2020-ci il tarixədək kasko növü üzrə sığortalanmışdır. 14.08.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və həmin avtomaşına ziyan dəymişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin alınması üçün cavabdehə müraciət etmiş, lakin sığorta şirkəti sığorta ödənişinin verilməsindən imtina etmişdir. Avtomobil müqavilənin müddəalarına uyğun olaraq hər hadisə üzrə şərtsiz azadolma 100 manat olmaqla tam sığortalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “Avtoservis-Qamışlıq MMC tərəfindən verilmiş 24.09.2020-ci il tarixli arayış ilə “Mercedes Benz E-280” markalı, **-SP-*** qeydiyyat nişanlı avtomobilə 3740,00 manat ziyan dəymişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli 9/8189 saylı ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan "xxxx" MMC-nin 24.09.2020-ci il tarixli qüsur aktındakı məlmatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxışlı “Mercedes Benz E-280” markalı, **-SP-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3390,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Belə olan halda, sığorta şirkəti, sığortalı ilə bağlanmış müqaviləyə əsasən öhdəliklərini yerinə yetirməlidir. Bundan əlavə, «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları»nın 22-ci maddəsindən görünür ki, bu Qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün görülən tədbir barədə sığortalıya yazılı məlumat verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində sığortalıya vurulmuş maddi ziyanın əvəzini ona ödəməlidir. Sığorta ödənişinin məbləği ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, iş materiallarında olan "xxxx" MMC-nin 24.09.2020-ci il tarixli qüsur aktındakı məlmatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxışlı “Mercedes Benz E-280” markalı, **-SP-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3390,0 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdeh "xxxx" ASCdən 3.740 manat sığorta ödənişi tələb etsə də, iş üzrə keçirilmiş ekspert rəyi ilə avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində vurulan maddi ziyanın 3390,0 manat olması müəyyən edildiyindən, sığorta şirkəti sığorta müqaviləsinə əsasən məhz ekspert rəyi ilə müəyyən edilmiş həmin ziyan məbləğini ödəmək öhdəliyi daşıyır. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, sığorta şəhadətnaməsinə əsasən azadolma məbləği 100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sığortalı avtomaşına dəymiş ziyan məbləğindən 100 manat azadolma məbləği çıxılmalı, yerdə qalan məbləğ isə 3290 manat sığorta ödənişi kimi sığorta şirkətindən alınaraq sığortalıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən 45 manat dövlət rüsmu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli 9/8189 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 45 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Kollegiya həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat cavabdeh "xxxx" ASC-dən tutularaq ərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(006)-958/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 3290 (üç min iki yüz doxsan) manat sığorta ödənişi və 45 (qırx beş) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3335 (üç min üç yüz otuz beş) manat pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(006)-958/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 3290 (üç min iki yüz doxsan) manat sığorta ödənişi və 45 (qırx beş) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3335 (üç min üç yüz otuz beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində məhkəmə xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab: AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar