Məhkəmə qərarları › İş №2(103)-4651/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4651/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4651/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli 2(006)-2296/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-dən 1500 manat sığorta ödənişinin və gecikdirilmiş hər gün üçün Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq hesablanmaqla faiz məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli 2(006)-2296/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsmış, iddiaçıya izah edilmişdir ki, qeyd olunan məsələ ilə əlaqədar olaraq iflas proseduru çərçivəsində Bakı Apelyasiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 05.04.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın ləğv edilməsi xahiş edilərək, göstərilmişdir ki, qərardad qanunsuzdur, məhkəmənin istinad etdiyi qanun bankların ləğv prosesi zamanı prosessual hərəkətləri tənzimləyir. Sığorta Şirkətlərinin ləğv prosesi isə “Müflisləşmə və İflas haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunları ilə tənzimlənir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının tələbi yalnız «Banklar haqqında» Qanunun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürülə və iflas proseduru çərçivəsində ödənilə bilər, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə həmin müraciətə iflas haqqında qərarı qəbul etmiş məhkəmə tərəfindən baxılması mümkündür. Göstərilən tələbə iflas proseduru çərçivəsində Bakı Apelyasiya Məhkəməsi tərəfindən baxılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnışdır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 112-ci maddəsinə görə Sığortaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, həmçinin bu Fəsildə nəzərdə tutulmuş əlavə tələblər nəzərə alınmaqla, sığortaçının lisenziyası bu Qanunun 107.1.1-ci maddəsinə əsasən ləğv edildikdə səhmdarların qərarı ilə (könüllü qaydada ləğvetmə); sığortaçının lisenziyası bu Qanunun 107.1.2-107.1.7-1ci maddələrinə əsasən ləğv edildikdə maliyyə bazarlarına nəzarət orqanının iddiası əsasında məhkəmənin qərarı ilə (məcburi qaydada ləğvetmə) ləğv edilir. Həmin Qanunun 118.2-ci maddəsinə əsasən məhkəmə sığortaçının iflası proseduruna başlanmasına dair iddia ərizəsinə yalnız bu maddədə göstərilən əsasları təsdiq edən sənədlər mövcud olduqda baxır. Sığortaçının iflası haqqında iddia ərizəsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildikdə ona verilmiş lisenziyanın ləğvi haqqında müvafiq qərarın surəti həmin ərizəyə əlavə edilməlidir. 118.3-cü maddəyə əsasən Sığortaçı qanunvericiliklə müəyyən edilmiş qaydada, maliyyə bazarlarına nəzarət orqanının rəyi nəzərə alınmaqla, məhkəmənin qərarı əsasında müflis elan edilə bilər. Həmin Qanununun 119-cu maddəsinə görə Sığortaçı ləğv edildikdə onun kreditorlarının qanunvericiliklə müəyyən edilmiş qaydada sığortaçı tərəfindən qəbul edilən tələbləri aşağıdakı qaydada ödənilir: birinci növbədə, icbari sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər; ikinci növbədə, şəxsi sığorta üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər; üçüncü növbədə, əmlak sığortası üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər; dördüncü növbədə, müddəti başa çatmamış sığorta müqavilələri üzrə sığorta haqqının müvafiq hissəsinin bu Qanuna uyğun olaraq qaytarılması ilə bağlı tələblər; beşinci növbədə sığortaçının əmlakının ipoteka və ya girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş tələbləri; altıncı növbədə, sığortaçının fəaliyyəti nəticəsində həyatına və ya sağlamlığına zərər dəymiş fiziki şəxslərin belə zərərlə bağlı tələbləri; yeddinci növbədə, işdənçıxarma müavinətlərinin verilməsi, əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin, həmçinin müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar; səkkizinci növbədə, vergilər, rüsumlar və dövlət büdcəsi ilə bağlı digər icbari ödənişlər üzrə, həmçinin dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar; dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar istisna olmaqla, bu tələblər sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində yaranmış öhdəlikləri əhatə edir; doqquzuncu növbədə digər qalan kreditorlarla hesablaşmalar. Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Sığortaçının ləğvetmə prosesi ilə bağlı xərcləri və onun əmlakının ipoteka və ya girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə həmin təminatın məbləği həddində kreditorların tələbləri növbədənkənar ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir. Eyni növbəyə aid olan tələblər ödənilərkən, vəsaitlər həmin tələblər arasında onların məbləğlərinə mütənasib olaraq bölüşdürülür. Kreditorun razılığına əsasən onun tələbi pul ilə və (və ya) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə zidd olmayan üsullarla, hesablamalarda nisbət gözlənilməklə tələbin əmlaka yönəldilməsi yolu ilə natura formasında ödənilə bilər. Göründüyü kimi ləğv prosesində olan Sığorta Şirkətlərinə qarşı olan iddia tələbləri məhkəmənin istinad etdiyi “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydada tənzimlənmir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda sığortaçıların ləğv edilməsi və onlara qarşı tələblərin baxılması qaydası müəyyənləşdirilmişdir. Məhkəmə qeyd olunan halları araşdırmadan yalnış nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli 2(006)-2296/2021 saylı qərardadı ləğv edilsin və İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar