Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-466/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 avqust 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) birinci instansiya məhkəməsində icraat barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 250 manat sabit pul məbləğində alıment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 2 övladları olsa da iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58521 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahın pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında qalmışdır. Uşaqların bütün maddi və mənəvi tələbatlarını iddiaçı təkbaşına ödəmişdir. Uşaqların ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı vardır. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini iddiaçı təkbaşına edə bilməz. Uşaqların maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər olsa da, cavabdeh, uşaqların xərclərinin qarşılanmasında iddiaçıya maddi köməklik etmir. Bu səbəbdən də, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə məhkəmə qaydasında aliment tutulmalıdır.
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, hər iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay, hər uşağa görə 193 manat, cəmi isə 386 manat sabit pul məbləğində alımentin tutularaq iddiaçıya ödənilməsini, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən başlanmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
4. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni xx.xx.2015-ci il təvəllüdlü uşağa görə alimentin tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçı ilə münasibətləri 2014-cü ildə pozulmuş və onlar ər-arvad münasibətlərini kəsərək, ayrılmışlar. Həmin vaxtdan etibarən onlar ayrı yaşayırlar. Bu səbəbdən də cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü uşağın mənşəyinin müəyyən olunması üçün “DNT” (“DNK”) testinin verilməsini iddiaçıya təklif etsə də, iddiaçı bundan imtina etmişdir. Bu hərəkəti ilə iddiaçı etiraf etmişdir ki, cavabdeh həmin uşağın bioloji atası deyil. Bu barədə Rayon Məhkəməsinə məlumat verilsə də, Rayon Məhkəməsi bu halı nəzərə almamış, bu halı araşdırmamış və mövqeyini onunla əsaslandırmışdır iş üzrə vəsatətlər, o cümlədən müvafiq ekspertizalarının keçirilməsi barədə vəsatətlər məhkəmə baxışı iclasında deyil, işin məhkəmə baxışına hazırlanması mərhələsində verilməlidir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, hazırlıq iclaslarının yeri və vaxtı barədə cavabdehə qanunda nəzərdə tutulmuş qaydada məlumat verməmişdir. Buna səbəb isə o hal olmuşdur ki, iddiaçı ilə münasibətləri pozulduqdan sonra cavabdeh qeydiyyatda olduğu ünvanı tərk etmiş və başqa ünvana köçmüşdür. İddiaçı həmin ünvanı bilsə də, iddia ərizəsində həmin ünvanını bilərəkdən göstərməmişdir.
b) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
6. Apellyatorun – cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 ərizə ilə Məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin xx.xx.2015-ci il təvəllüdlü uşağın atası olmaması faktının müəyyən edildiyini bildirmiş və həmin qətnamənin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini və işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
7. İş üzrə iddiaçı işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunların səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
8. Bu hallar işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
c) apellyasiya baxışının hədləri barədə məlumat
9. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
10. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnaməni qismən, yəni iddianın xx.xx.2015-ci il təvəllüdlü uşağa aid hissəsinin qismən də olsa təmin edilməsi hissəsini mübahisələndirmişdir. O, qətnamənin qalan hissəsini, yəni iddianın digər uşağa aid hissəsinin qismən də olsa təmin edilməsi hissəsini mübahisələndirməmişdir.
11. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır.
d) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir.
14. Belə ki, işə apellyasiya qaydasında baxılan zaman müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh hazırki iş üzrə iddiaçıya qarşı “atalığın mübahisələndirilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.
15. Bunu müəyyən etmiş Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla hazırki iş üzrə icraatın yuxarıda qeyd edilən mülki iş üzrə qəbul edilə biləcək yekun qərarın qüvvəyə minənədək dayandırılmasını qərara almışdır.
16. Həmin mülki iş üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamə (İş №: 2(004)-194/2023) iddianın təmin edilməsi, hazırki iş üzrə cavabdehin xx.xx.2015-ci il təvəllüdlü uşağın atasının olmamasını, həmin uşağın adına olan “Doğum haqqında şıhadətnamədə” ata qrafasında ata adının və soyadının ananın göstərişi ilə yazılmaqla, yeni “Doğum haqqında şəhadətnamənin” verilməsini qət etmişdir.
17. Hazırki iş üzrə iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qətnamə (İş №: 2(103)-3257/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır.
19. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi müəyyən edilmişdir ilə hazırki iş üzrə cavabdeh xx.xx.2015-ci il təvəllüdlü uşağın atası deyil.
20. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
21. Qeyd edilən prosessual hüquq normasının tələbindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2015-ci il təvəllüdlü uşağın valideyni olmaması hazırki iş üzrə mübahisəsiz hal kimi qəbul edilməlidir.
22. Qeyd edilən hala Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin, 34-cü maddəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin və bir sıra digər maddələrinin tələblərindən yanaşdıqda isə müəyyən edilir ki, hazırki iş üzrə cavabdeh həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya aliment ödəməli olan şəxs deyil. Həmin uşağa aid hissədə iddia tələbi əsassızdır.
e) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi barədə məlumat
23. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi həmin hissədə işin hallarını səhv müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlili əsaslıdır.
24. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
25. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
26. MPM-in 112.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
27. Apellyasiya baxışının predmeti olan hissədə iddianın qiyməti (193x12=) 2.316 manat təşkil edir.
28. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki iş üzrə apellyasiya baxışının predmeti olan hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddiadır.
29. Bundan başqa Məhkəmə qeyd edir ki, cavabdeh də hazırki qətnamədən kassasiya şikayəti verə bilməz, çünki onun təmin olunmamış tələbi qalmamışdır. MPM-in 403.1-ci maddəsinə görə isə, MPM-in 402-ci maddəsində nəzərdə tutulmuş qətnamələrdən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
30. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan, MPM-in 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 avqust 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 193 manat aliment tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək qeyd edilən iddia tələbi təmin edilməsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 avqust 2022-ci il tarixli qətnamənin qalan hissəsi, yəni “iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alımentin tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulma müddətinin 31 may 2022-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi” hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.