Məhkəmə qərarları › İş №2(103)-4666/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4666/2021

18.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4666/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evinə köçürmə və yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)-541/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 qeydiyyatda olmaqla aldığı ünvan 1 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evindən istifadəsinə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərinin Nərimanov rayonu Daş Karxanası küçəsindəki 34V ünvanındakı fərdi yaşayış evinin satılmasını eşidib 2019-cu ilin dekabr ayının ortalarında həmin ünvana gəlmiş, özünü Cavabdeh1 kimi təqdim edən şəxs onları həmin evin həyətinə, sonra da evə dəvət edərək məqsədlərini bildikdən sonra bu evin ona məxsus olduğunu, həmin evi real alıcısı olduğu təqdirdə satacağını bildirmişdir. Onunla həmin fərdi yaşayış evinin kiçik həyətinə, dəhlizinə, qonaq otağına, zal adlandırılan 2-ci otağa, mətbəx, sanitar-qovşaq hissəsinə, kiçik dükan hissəsinə baxdıqdan sonra bu evi Cavabdeh1 ona 48500 manata satacağı barədə şifahi olaraq razılaşmışlar. Razılığa əsasən Cavabdeh1 evin çıxarışının olmamasına baxmayaraq, evin sənədləşməsinin özü tərəfindən aparılacağını bildirməklə, onun qeydiyyatını həmin evin ünvanına saldıracağını, özünün isə qısa müddətdə (2-3 günə) həmin evin qeydiyyatından çıxacağını və evi ona ailəsi ilə köçüb yaşamaqlarından ötrü açarları ilə birgə təhvil verəcəyini demişdir. Bundan bir neçə gün sonra, 27 dekabr 2019-cu il tarixdə o, tanışları X6 və X2 ilə birgə alacaqları həmin ünvandakı evə gəlmiş, orada ev sahibi Cavabdeh1 onları qarşılayaraq evə dəvət etmiş və evdə "ASAN" Xidmət Mərkəzindən aldığı arayışları ona göstərərək onun artıq həmin evə qeydiyyata salındığını göstərmişdir. Ona görə o, Aqilə inanaraq onunla razılaşdıqları 48500 manat pulu yuxarıda adlarını qeyd etdiyi şəxslərin yanında sayaraq Cavabdeh1 vermişdir. Həmin vaxt Aqil ona demişdir ki, 2-3 gün ərzində o bu evdəki əşyalarını toplayıb başqa bir yerə aparacaq və özü də bu evin qeydiyyatından çıxıb gedəcəkdir. Aqil ona 2-3 gün möhlət verilməsini xahiş edib evin giriş qapısının açarlarını da həmin gün ev ilə birgə ona təhvil verəcəyini, iki gündən sonra gəlib açarları ondan təhvil alaraq evə köçüb yaşamağa başlaya biləcəklərini bildirmişdir. Bundan iki gün sonra iddiaçı həmin ünvana gəlmişdir ki, Aqillə görüşüb ondan evin açarlarını götürüb evə köçsünlər və burada yaşamağa başlasınlar. Lakin iddiaçı dəfələrlə sözügedən ünvana getməyinə, Aqili tapıb evin açarlarını ondan almaq istəməyinə və aldığı evə köçüb rahat yaşamaq istəməyinə baxmayaraq, Cavabdeh1 tapa bilmir, onun özlərini Cavabdeh1 dayıları kimi təqdim edən Cavabdeh2 Məhəmmmədəli oğlu və Cavabdeh3 adlı şəxslər isə həmin evdə yaşamamalarına, bu evin onlara heç bir aidiyyətinin olmamasına baxmayaraq, onun həmin yaşayış evinə köçməyinə imkan vermirlər, evin açarlarını da ona verməkdən imtina edir, özbaşınalıq edərək onun hüquqlarını pozurlar. Halbuki, onların hər biri həm qeydiyyat baxımından, həm də faktiki olaraq başqa-başqa evlərdə yaşayırlar və hər bir həyət evinin özünün ayrı giriş-çıxışı vardır. Belə ki, Cavabdeh2 oradakı 33 saylı evə, Mirzəəli isə 31B saylı evə qeydiyyatdadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)- 541/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)-541/2021 saylı qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* və ******* nömrəli arayışların surətindən görünür ki, Cavabdeh1 19 iyun 2019-cu il tarixdən, İddiaçı isə 27 dekabr 2019-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. ******* saylı arayışın surətindən görünür ki, Cavabdeh1 25 dekabr 2019-cu il tarixdə ünvan 3 ünvanına qeydiyyata düşmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3, X6 və X2 ifadələrində göstərmişlər ki, İddiaçı ünvan 1 ünvanında yerləşən iki otaqlı yaşayış evini almaq üçün 2019cu ilin dekabr ayında Aqil adlı şəxsə 48500 manat pul ödəmişdir. Hal-hazırda özlərini Aqilin dayısı kimi təqdim edən Nurəli və Mirzəəli adlı şəxslər onu həmin evə buraxmırlar. İşin hallarına bütövlükdə nəzər yetirdikdə iddiaçının sözü gedən ünvana köçüb yaşaması ilə qanuni mənafeyi olduğu, ona maneə olanların isə, qadağan edilmiş özbaşınalıq etdikləri nəticəsinə gəlinir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 27 dekabr 2019-cu il tarixində ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh1 mübahisəli yaşayış sahəsinə faktiki sahiblik etmişdir və məhz onun (yəni faktiki sahib Cavabdeh1) sayəsində və iradəsi ilə İddiaçı həmin yaşayış sahəsinə daimi yaşamaq məqsədilə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Bu isə öz növbəsində iddiaçı İddiaçı ünvan 1-yə olan sahibliyi məhz əvvəlki faktiki sahib olan Cavabdeh1 iradəsilə əldə etdiyini göstərir. Yaşayış yeri və olduğu yer üzrə qanunvericiliyə görə, şəxsin bir yerdən qeydiyyatdan çıxıb başqa bir yaşayış yerinə qeydiyyata düşə bilməsi üçün yeni yaşayış yerinə köçməsinə əsas verən faktı təsdiq edən sənəd olmalıdır. Başqa sözlə yaşayış yerini dəyişdirmiş bir vətəndaşın yeni yaşayış yeri üzrə qeydiyyata alınması aktı özü-özlüyündə həmin vətəndaşın yeni yaşayış yerinə köçüb yaşamasının hüquqi əsası olduğunu göstərir. İddiaçının yaşayış yerini dəyişdirərək sözü gedən mübahisəli yaşayış sahəsinə yaşayış yeri üzrə daimi qeydiyyata düşməsinə dair inzibati akt qanunsuz hesab edilmədiyi və ya ləğv olunmadığı müddətdə qüvvədə və əsaslı hesab olunur. Bu səbəblə də iddiaçının həmin yaşayış yerində yaşamasına müqavimət göstərərək fiziki maneə törədən şəxslərin bununla bağlı çox ciddi hüquqi əsasları olmalıdır. Əks halda iddiaçının mübahisəli mənzilə köçməsinə fiziki maneə törətmək aşkar şəkildə qadağan edilmiş özbaşınalıq hesab olunur. Mülki qanunvericiliyə görə, şəxs öz qanuni mənafeyini yalnız saxlama (Mülki Məcəllənin 468-ci maddəsi), zəruri müdafiə (563-cü maddə), son zərurət (564-cü maddə), özünəyardım (565-ci maddə) və sahibliyin müdafiəsi (164-cü maddə) hallarında fiziki güc tətbiq etməklə müdafiə edə bilər. Halbuki hazırkı iddia icraatı üzrə məhəkəmə işində cavabdehlər baxımından bu hallardan hər hansı birinin mövcudluğu ilə bağlı heç bir sübut və hətta etiraz mahiyyətində bir iddia irəli sürülməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08.01.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Nərimanov rayonu Daş karxanası küçəsi, 34V saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evə ünvan verilmiş, habelə iddiaçı həmin evə pasport qeydiyyatına alınmışdır. Beləliklə, dövlət faktiki olaraq həmin fərdi yaşayış evinin mövcudluğunu tanımışdır. Kollegiya hesab edir ki, evin özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, İddiaçı həmin evi qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun şəkildə əldə etməməsi onun həmin evə köçürülməsi və cavabdehlərin həmin evdən iddiaçının istifadəsinə maneçilik törətməsinin qadağan edilməsi barədə iddia tələbinin təmin edilməməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Yenə həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)- 541/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülsün. Onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın, gələcəkdə hər hansı bir maneələrin yaradılması cavabdehlərə qadağan edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 manat və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 5 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar