Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4672/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qızıl-zinət və cehiz əşyalarının tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(010)-563/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 14 noyabr 2018-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X1 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il 2(012)- 2345/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuş, uşaq iddiaçının himayəsində saxlanılmış, cavabdehdən xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
2. ünvan 1 ünvanda olan İddiaçı məxsus cehiz əşyaları Cavabdeh1 tərəfindən S.Nağıyevə təhvil verilmiş, bu barədə xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı tərtib edilmişdir.
3. İddiaçı tərəfindən tələb edilən və qızıl olduğu bildirilən əşyaların fotoşəkilləri təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəyəri 3200 manat, çəkisi 40 qram olan sep-qolbaq dəsti, dəyəri 2100 manat, çəkisi 26 qram olan üzük sırğa dəsti, dəyəri 1300 manat, çəkisi 6 qram olan brilliant qaşlı tək üzük, dəyəri 1890 manat olan Bosch markalı paltarqurudan maşın, dəyəri 1300 manat olan Bosch markalı qabyuyan maşın, dəyəri 1200 manat olan ASUS markalı kompyuter (notebook), dəyəri 500 manat olan Bosch markalı mikropeç, dəyəri 60 manat olan elektrik sac, dəyəri 230 manat olan Bosch markalı blender, dəyəri 500 manat olan elektro qazan, dəyəri 650 manat olan 10 kq-lıq xəmir yoğuran maşın, dəyəri 700 manat olan Çexiya istehsalı nahar dəsti, dəyəri 800 manat olan 10+5 şamdanlı çıl-çıraq, dəyəri 200 manat olan gəlincik pokrival, dəyəri 215 manat olan Dantella markalı yataq örtüyü, dəyəri 260 manat olan Kütahya yemək dəsti, dəyəri 350 manat olan Korkmaz markalı qranit qazan dəsti, dəyəri 110 manat olan tort üçün kürək, dəyəri 210 manat olan Zebra Casa markalı yataq dəsti, dəyəri 235 manat olan Cavalli markalı yataq dəsti, dəyəri 200 manat olan Laura Grand markalı yataq dəsti, dəyəri 900 manat olan təmiz yun əl işi xalça, dəyəri 270 manat olan elektrik çaydan, onlar olmadıqda, onların dəyərinin, 50 (əlli) manat ilkin mediasiya sessiyasından keçirilmə barədə ödənilən pul vəsaitinin, 93 (doxsan üç) manat ödənilmiş dövlət rüsumunun, cəmi 17523 (on yeddi min beş yüz iyirmi üç) manat pulun Cavabdeh1 alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikaha daxil olduqdan sonra özü ilə cehiz əşyalarını cavabdehin yaşadığı, yəni ünvan 2 ünvanına aparmış, həmçinin ona toy hədiyyəsi olaraq qızıl-zinət əşyaları alınmışdır. O, cavabdehlə nikaha daxil olarkən dəyəri 3200 manat, çəkisi 40 qram olan sep-qolbaq dəsti, dəyəri 2100 manat, çəkisi 26 qram olan olan üzük sırğa dəsti, dəyəri 1300 manat, çəkisi 6 qram brilliant qaşlı tək üzük ona toy hədiyyəsi olaraq yuxanda göstərilən ümumi dəyəri 6600 manat olan qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. 2019-cu ilin dekabr ayında hamiləliklə əlaqədar olaraq xüsusi qayğıya ehtiyac olduğuna görə iş üzrə Cavabdeh1 onu ata evinə gətirmişdir. Həmin vaxtdan etibarən ata evində yaşayır və ata evinə gələnə qədər cavabdehlə aralarında hər hansı münaqişə olmamışdır. Ata evində olduğu müddətdə qızı dünyaya gəlmişdir və uşağın bütün doğum xərclərini onun atası qarşılamışdır. Cavabdeh doğum xərclərinə heç bir məbləğ sərf etməmişdir. Ata evində olduğu müddətdə cavabdeh nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Nikahın pozulması ilə bağlı məhkəmə icraatı barədə ona məlumat verilmədiyi üçün heç bir məhkəmə proseslərində iştirak edə bilməmişdir. Bir müddət sonra cavabdeh cehiz əşyalarının onlardan götürülməsini demişdir. xx.xx.2021-ci il tarixdə bəzi cehiz əşyalarını cavabdehin yaşadığı ünvandan götürmüşdür. Lakin cavabdeh yuxarıda qeyd olunan qızıl-zinət və cehiz əşyalarını təhvil verməkdən boyun qaçırmışdır.
6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(010)-563/2022 saylı qətnaməsi ilə (hakim T.Məmmədov) iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsində ümumilikdə 23 adda olan həm qızıl-zinət əşyaları, həm də məişət əşyalarının siyahısı göstərilmişdir. İddiaçı tərəfin təbirincə, ümumi dəyəri 17.380 manat olan çoxsaylı əşyaların təhvil-təslim zamanı nəzərdən qaçırılması, onların varlığı ilə bağlı aktda hər hansı qeyd-şərtin aparılmaması, həmçinin aktın imzalanmasından qısa müddət sonra yox, iki aya yaxın vaxt keçdikdən sonra məhkəməyə müraciət edilməsi inandırıcı deyildir və bu hallar məhkəmədə iddia tələbinin əleyhinə daxili inam formalaşdırır. Məhz bu səbəbdən, məhkəmə iş üzrə şahid ifadələrinə tənqidi yanaşır. Çünki, şahid ifadələri işin hallarına uyğun deyil və daha çox qohumluq münasibətlərinə əsaslanır. Təqdim edilmiş fotoşəkillərə gəldikdə isə, onlar özüözlüyündə iddia tələbinin əsaslılığını sübut etmir.
8. Məhkəmə hesab etmişdir ki, hazırkı tələbin təmin edilməsi üçün mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda, tələb sübut edilmir və təmin edilə bilməz.
9. Məhkəmə öz mövqeyini AR Mülki Prosessual Məcəlləsinin sübutetmə ilə bağlı maddələrinə, Avropa Məhkəməsinin “X2rşı” və “Broniovski Polşaya qarşı” qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-563/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qızılzinət əşyalarının iddiaçı tərəfindən aparılmadığını, yəni həmin qızıl-zinət əşyalarının cavabdehdə qalmasını sübut etmək vəzifəsinin iddaçının üzərinə düşməsi və iddiaçının bunu sübut edə bilməməsi nəticəsinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə səhvdir və sübutetmə prinsiplərinə ziddir. Belə ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olmasını, cavabdeh tərəf isə həmin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmasını sübut etmək vəzifəsini daşıyır. Hazırkı halda məhkəmə iddiaçı tərəfin həm qızıl-zinət əşyalarının mövcud olması, həm də qızıl-zinət əşyalarının cavabdehdə qalmasını, yəni hər iki halı sübut etmək vəzifəsi daşıması nəticəsinə gəlməklə, cavabdehi ümumiyyətlə istinad etdiyi halı (iddiaçının qızıl-zinət əşyalarını aparması) sübut etmək vəzifəsindən azad etmişdir. Məlumdur ki, ər evinə gəlin gedən qadınlar qızıl-zinət əşyalarını adətən ər evində saxlayırlar. Hazırkı işdə də belədir, iddiaçı özünə məxsus olan zinət əşyalarını ər evində saxladığını bildirir, cavabdeh bunu inkar etmir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından belə halda qızıl-zinət əşylarının saxlanıldığı yerdən (ər evindən) aparıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəf zinət əşyalarının saxlanıldığı yerdən götürüldüyünü təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı evi tərk etdikdən sonra qızıl-zinət əşyalarının saxlanıldığı yer cavabdehin sahibliyində qalmış, nəticədə zinət əşyaları da cavabdehin sahibliyinə keçmişdir. İddiaçının həmin fərdi yaşayış evinə yenidən geri dönüşü olmamışdır. İşin faktiki hallarında göründüyü kimi, ailə münasibətləri həmin vaxtlarda ( evi tərk edilən zaman) normal olmuşdur. Buradan belə məntiqi nəticə hasil olunur ki, iddiaçının qızıl-zinət əşyalarını özü ilə aparmağı qeyrimümkün haldır. İş materiallarında olan təhvil-təslim aktından müəyyən olunur ki, tələb olunan cehiz əşyaları və qızıl-zinət əşyaları iddiaçıya təhvil verilməmişdir. Bu halda məhkəmə cavabdehin üzərinə tələb olunan qızıl-zinət və cehiz əşyalarının qaytarılması vəzifəsini qoymalı və iddia tələbinə bu əsasla hüquqi qiymət verməli idi. Lakin məhkəmə bu iş üzərində araşdırma aparmadan, şahidlərin ifadələrini məhkəmə qətnaməsində qeyd etmədən (ətraflı şəkildə), qızıl-zinət əşyalarının dəyərini müəyyən qiymətləndirmə aktına hüquqi qiymət vermədən, özünün şəxsi mülahizəsi əsasında və iş materiallarında olan sms yazışmalarına nəzər yetirmədən qərar qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12.Cavabdeh1 apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-563/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir 13.Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi arqumentlər tamamilə yalan və cəfəngiyyatdır. Əvvəla, o və vəkili tərəfindən məhkəmə iclasında iddia ərizəsində qeyd edilən adda və dəyərdə qızıl-zinət və eyni zamanda cehiz əşyalarının mövcudluğunu və iddiaçıya məxsus olduğunu etiraf edəcək hər hansı bir ifadə, söz işlədilməmişdir. Lakin iddiaçı apellyasiya şikayətində guya onun belə bir ifadə işlətdiyini qeyd etmiş və bunu da mübahisəsiz hal kimi qələmə vermişdir. 03 oktyabr 2021-ci il tarixində iddiaçı özünə məxsus cehiz əşyaları kimi qeyd edilmiş 43 adda məişət əşyalarını təhvil-təslim aktına imza etməklə evdən götürmüşdür. Həmin akt tərtib edilərkən aktda adları keçən heç kəsə hər hansı bir müdaxilə olunmamış, sərbəst və rahat şəkildə evdə olan cehiz əşyalarının götürülərək daşınması üçün mübahisəsiz ortam, səsküysüz şərait mövcud olmuşdur. Bu da onu deməyə əsas verir ki, cehizlərin götürülməsi prosesində iştirak edən şəxslər əşyaların çeşidi və görünüşü ilə tam tanış olmaları üçün kifayət qədər imkanları, vaxtları olmuşdur. Əgər çatışmayan cehiz, qızıl-zinət əşyaları mövcud idisə, bu barədə ətraflı məlumatları, ən azından adlarını belə müvafiq aktda qeyd etmək imkanları olmuş və imkanları əllərindən alınmamışdır. Ən azından ona görə ki, cehiz əşyalarının evdən aparılması prosesi zamanı iddiaçını hal-hazırda təmsil edən vəkili və eyni zamanda etibarnamə üzrə səlahiyyətli nümayəndəsi şəxsən iştirak etmiş, aktı sonuncu tərtib etmiş və imzalamışdır. Qeyd olunmalıdır ki, təhvil-təslim aktına münasibətdə iddiaçı tərəfin dəlili ondan ibarətdir ki, güya “onlar əşyaların bəzilərini cavabdehdən götürsələr də, çatışmazlıq yalnız, götürülmüş əşyalar incələnərkən müəyyən edilmişdir”. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçının bu arqumenti açıqaşkar uydurma, əsassızdır və mövcud iddianın müdafiəsi məqsədi ilə düşünülmüş ifadələrdir. Axı necə ola bilər ki, zibil qutusunu (aktın 43-cü bəndi), tavandan lüstru belə açıb götürdükləri (aktın 42-ci bəndi) bəndi, gülləri (aktın 38-ci bəndi), ən xırda qabqaşıqları (aktın 18-ci bəndi) belə götürdükləri halda, dəyəri yüksək olan əşyalar götürülməsin və həmin əşyalar mövcud olmadığı təqdirdə isə aktda bu barədə hər hansı bir qeyd-şərt aparılmasın?! Bu inandırıcı və ağlabatan deyil! Hazırki mübahisə ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində qeyd edilənləri sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 17.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Ailə Məcəlləsi 18.Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 19.Maddə 34.2. Zinyət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 20.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 23.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 25.Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
26. İşin mübahisəsiz hallarına görə, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikahda olmuşlar. Tərəflər rəsmi nikahdan sonra birlikdə yaşamış, iddiaçı müalicə olunmaq üçün valideynlərinə məxsus evə getmiş, bundan bir müddət sonra, yəni xx.xx.2020-ci il tarixdə onların X1 adlı uşağı doğulmuşdur. Sonradan tərəflərin münasibətləri pozulmuş və cavabdeh nikahın pozulması barədə iddia qaldırmış, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə özünə məxsus cehiz əşyalarının bir qismini aparmış, iddia ərizəsində sadalanan digər cehiz əşyalarının və qızıl-zinət əşyalarının cavabdehdə qaldığına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
28. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). 30.Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, cehiz əşyalarının nikaha daxil olarkən iddiaçı tərəfindən cavabdehin yaşadığı evə aparıldığı və orada qaldığı, həmçinin tələb olunan qızıl-zinət əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir.
31. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi o halda əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir ki, həmin etiraf məhkəmə iclasının protokoluna yazılsın və bu barədə etiraf edən tərəf protokola imza etsin və ya faktın etiraf edildiyi yazılı ərizə işə tikilmiş olsun.
32. Hazırkı iş üzrə iddia tələbi iki hissədən - cehiz əmlaklarının və qızıl-zinət əşyalarının qaytarılması hissələrindən ibarətdir.
33. Kollegiya iddia tələbinin birinci hissəsi ilə bağlı birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşır.
34. Belə ki, mülki qanunvericiliyin sübuetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi cehiz əmlaklarının mövcudluğu, cehiz əşyalarının nikaha daxil olarkən iddiaçı tərəfindən cavabdehin yaşadığı evə aparıldığı və orada qaldığını sübut etmək yükü iddiaçının üzərinə düşür.
35. İddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, cavabdehlər isə belə bir əşyaların mövcudluğunu etiraf etməmiş, iddiaçıya məxsus bütün cehiz əmlakların ona qaytarıldığını bildirmişlər.
36. Kollegiya, həmçinin onu da nəzərə alır ki, xx.xx.2021-ci il tarixdə iddiaçı tərəf cavabdehlərə məxsus evdən ona məxsus cehiz əşyaları kimi qeyd edilmiş 43 adda olan məişət əşyalarını təhvil-təslim aktına imza etməklə götürmüşdür.
37. Təhvil-təslim aktına münasibətdə iddiaçı tərəfin dəlili ondan ibarətdir ki, onlar əşyaların bəzilərini cavabdehdən götürsələr də, bu ona məxsus cehiz əşyaların hamısı olmayıb, cehizlərin götürülməsində onun tərəfindən iştirak edən şəxslər isə əşyaların çeşidi və görünüşü ilə tam tanış olmadıqlarına görə, çatışmayan əşyaları da tələb etməmişlər. Həmin əşyaların qaytarılmaması yalnız götürülmüş əşyalar incələnərkən müəyyən edilmişdir.
38. Kollegiya ümumi dəyəri yüksək olan və ölçü etibarı ilə kifayət qədər qabaritli olan (məs. qabyuyan maşın, çil-çıraq, xəmir yoğuran maşın, elektrik sac və s.) çoxsaylı əşyaların təhvil-təslim zamanı nəzərdən qaçırılmasını və aktın tərtib edilməsindən yalnız iki aya yaxın vaxt keçdikdən sonra məhkəməyə müraciət edilməsini inandırıcı hesab etmir. Belə ki, iddiaçı bu müddət ərzində həmin əşyaların qaytarılması ilə bağlı cavabdehlərlə hər hansı danışıqların olması barədə də məhkəməyə sübut təqdim etməmişdir.
39. Kollegiyanın qənaətinə görə, həmin əşyaların ümumiyyətlə mövcud olması və onların cavabdehlərə məxsus ünvanda olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır.
40. Yuxarıda qeyd edilənlərə əsasən Kollegiya iddia tələbinin cehiz əmlakların qaytarılması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
41. İddia tələbinin ikinci - qızıl-zinət əşyalarının qaytarılması hissəsi ilə bağlı isə kollegiya hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə həmin hissədə ləğv edilməlidir.
42. Belə ki, işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçı həqiqətən də, cavabdehlə birgə yaşadıqları evi tərk edib hamiləliyi ilə əlaqədar müalicə olunmaq üçün valideynlərinə məxsus evə gedərkən onunla cavabdehlər arasında münasibətlər normal olmuş, heç bir mübahisələri olmamış, həmin vaxt onların boşanmaq niyyəti olmamışdır. Cavabdehlər də bu halı mübahisələndirməmişlər.
43. Mülki işin məhkəmə baxışı zamanı iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qaldığını bildirmişdir.
44. Kollegiya hesab edir ki, hazırkı iddianın qızıl-zinət əşyalarının tələb edilməsi ilə bağlı hissəsində iddianın əsaslı olması ilk növbədə iddiada göstərilən zinət əşyaların mövcud olmasının, həmin əşyaların iddiaçıya məxsus olmasının və bu əşyaların cavabdehlərdə olmasının müəyyən edilməsi ilə bağlıdır.
45. Qanunun tələbinə əsasən qeyd edilən qızıl-zinət əşyalarının hal-hazırda həqiqətən cavabdehlərdə olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür.
46. İddiaçı öz tələbini təsdiq edən sübut qismində birinci instansiya məhkəməsinə tərəflərin nikaha daxil olması münasibətilə təşkil edilmiş mərasim zamanı çəkilmiş fotogörüntüləri və iki nəfər şahid (anası və digər qohumu) təqdim etmişdir. Həmin fotoşəkillərdə iddiaçının üzərində həqiqətən də bəzək əşyalarının taxıldığı görünür.
47. Şahidlər də ifadələrində iddiaçıya qızıl-zinət əşyalarının evdə keçirilən məclisdə taxıldığını və hazırda cavabdehlərə məxsus evdə olduğunu bildirmişlər. 48.Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarında tələb olunan qızıl-zinət əşyalarını iddiaçı evdən gedərkən özü ilə apardığını, digər Cavabdeh2 isə birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının təqdim etdiyi fotoşəkillərdəki aksessuarların qızıl olmadığını bildirmişdir. Apellyasiya baxışında icraat zamanı isə Cavabdeh1 iddiaçıya ümumiyyətlə qızıl-zinət əşyaları hədiyyə etmədiyini, iddiaçının üzərində olan qızılların isə onun əvvəlki nikahından qalan qızıllar olduğunu, onların evlənməsi ilə bağlı iddiaçının əmisinə məxsus evdə yığıncaq keçirilən zaman onları taxdığını, məclisdən sonra isə onları anasının evində qoyduğunu bildirmişdir. 49.Kollegiya cavabdehlərin birinci və apellyasiya instansiyası məhkəməsi iclaslarında bir-birinə zidd ifadələr verməsini nəzərə alaraq hesab edir ki, həmin izahatlar onların səmimiliyini şübhə altına qoyur. Belə ki, cavabdehlər gah qızılların iddiaçı tərəfindən aparıldığını, gah tələb edilən zinət əşyalarının qızıl olmadığını, gah da ümumiyyətlə ona qızıl hədiyyə etmədiklərini bildirirlər. 50.Məhkəmə kollegiyası işin hallarını, işdə olan fotoşəkillər, video görüntü, habelə tərəflərin izahatları və şahid ifadələrini, nikaha daxil olarkən gəlinə qızıl zinət əşyalarının hədiyyə edilməsi ilə bağlı cəmiyyətdə formalaşmış adət-ənənələri nəzərə alaraq qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edilmədiyi barədə cavabdehlərin izahatlarına tənqidi yanaşır. 51.Kollegiya cavabdehlərin belə izahat vermələrinin tərəflər arasında nikahın pozulması ilə bağlı olduğunu və iddianın təmin edilməməsinə yönəldiyini hesab edir. 52.Göstərilənlərə əsasən bu qənaətə gəlmək olur ki, mübahisələli qızıl-zinət əşyaları həqiqətən də mövcud olmuş və onlar iddiaçıya hədiyyə edilməklə, ona məxsus olmuşdur.
53. İddiaçı həmin qızıl-zinət əşyalarının o, valideynlərinə məxsus evə getdikdən sonra cavabdehlərə məxsus evdə qaldığını bildirmiş, cavabdehlər isə buna etiraz edərək, yuxarıdada da qeyd edildiyi kimi, gah iddiaçının həmin əşyaları özü ilə apardığını, gah da ümumiyyətlə özü ilə onlara gətirmədiyini bildirmişlər.
54. Lakin iddiaçının evdən getdiyi şərait belə nəticəyə gəlməyə imkan vermir. Çünki iddiaçı yaşadıqları evdən iddiaçının valideynlərinin evinə müalicə almaq üçün getmiş, həmin vaxt tərəflər arasında hər hansı münaqişəli vəziyyət olmamışdır. Onlar arasında münasibətlər iddiaçı valideynlərinin evinə getdikdən uzun müddət sonra pozulmuşdur. Belə ki, Cavabdeh1 iddiaçının valideynlərinin evində olarkən boşanma barədə iddia qaldırdıqdan və nikahın pozulması barədə məhkəmə qətnaməsini aldıqdan sonra onlar arasında mübahisə yaranmış və iddiaçı bundan sonra birgə yaşadıqları evə qayıtmaqdan imtina etmişdir.
55. İddiaçı mübahisədən sonra heç vaxt cavabdehlə birgə yaşadıqları evə qayıtmadığını bildirir, geyim və cehiz əşyaların bir qisminin cavabdehin, özünün nümayəndəsi və vəkili tərəfindən ona verildiyini iddia edir, cavabdehlər isə onlarda qızıl zinət əşyalarının olmadığını, iddiaçıya məxsus bütün əşyaların onun nümayəndələri tərəfindən akt əsasında onlardan götürüldüyünü bildirirlər.
56. Kollegiya hesab edir ki, cavabdehlərin bildirdiyi kimi, iddiaçıya məxsus cehiz əşyalarının onun nümayəndələri tərəfindən akt əsasında aparılması zamanı bu aktda qızılzinət əşyaları ilə bağlı heç bir qeydin aparılmaması özü-özlüyündə həmin qızılların cavabdehlərdə olmamasını təsdiq edən sübut kimi qəbul edilə bilməz.
57. Belə ki, qeyd edilən aktdan göründüyü kimi, həmin akt iddiaçıya məxsus olmuş cehiz əşyalarının Cavabdeh1 tərəfindən iddiaçını təmsil etmiş şəxslərə təhvil verilməsi ilə bağlı tərtib edilmişdir. İddiaçının tələb etdiyi qızıl zinət əşyaları isə, iddia ərizəsindən də göründüyü kimi, cehiz əşya deyil, cavabdehlər tərəfindən ona hədiyyə edilmiş əşyalardır. Bundan başqa, qeyd edilən aktda təhvil verilmiş əşyaların iddiaçıya məxsus olmuş bütün cehiz və qızıl zinət əşyalarını əhatə etməsi də göstərilməmişdir.
58. Bu səbəbdən məhkəmə kollegiyası cehiz əşyalarının verilməsinə dair təhvil-təslim aktının qızıl zinət-əşyalarına hər hansı bir aidiyyatının olmadığı qənaətinə gəlir.
59. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçıya məxsus olmuş qzıl-zinət əşyalarının cavabdehlərə məxsus evdə olması işin yuxarıda sadalanan halları ilə sübuta yetirilir.
60. Belə olan halda isə iddiaçının özünə məxsus qızıl-zinət əşyalarını evi tərk edərkən özü ilə apardığını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür.
61. Lakin cavabdehlər birinci instansiya məhkəməsində və apellyasiya baxışında icraat zamanı bununla bağlı heç bir sübut təqdim etməmiş, yalnız bu halla bağlı ziddiyyətli ifadə verməklə kifayətlənmişlər.
62. Məhkəmə kollegiyası cavabdehlərin bu məzmunda izahatını mötəbər sübut kimi qəbul etmir və bunu iddiaçıya qızıl-zinət əşyalarının qaytarılmasından yayınmaq cəhdi kimi qiymətləndirir.
63. Yuxarıda qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, iddia ərizəsində tələb olunan qızıl-zinət əşyalarının cavabdehlərdə olması sübuta yetdiyindən, onların cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə iddia əsaslı olmuşdur.
64. Bununla yanaşı, iddiaçı iddia ərizəsində qızılların dəyərini göstərsə də, bu halı təsdiq edəcək heç bir sübuta istinad edə bilməmişdir.
65. MPM-in 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
66. Tələb olunan əşyaların dəyəri ilə bağlı iddia ərizəsində göstərilən məbləğlərin yoxlanılması məqsədi ilə apellyasiya baxışı zamanı bu sahədə ixtisaslaşmış qiymətləndirici dəvət edilərək rəy alınmışdır.
67. "xxxx" MMC-nin mütəxəssislərinin xx.xx.2019-cu il tarixli, UNİ/N 12-643/22 saylı rəyi ilə müəyyən edilmişdir ki: sep-qolbaq dəsti – 1 ədəd boyunbağı (əyar 585, 25 qram), 1 ədəd qolbaq (əyar 585, cəmi 12 qram), ümumi çəkisi 37,0 qram (əyar 585) qiyməti 2400 manat, 2) üzük sırğa dəsti – 1 ədəd üzük (əyar 585,çəki 10 qram), 1 cüt sırğa (əyar 585, çəki 14 qram) – qiyməti 1560 manat 3) brilyant qaşılı təz üzük – 1 ədəd brilyant daşlarla bəzədilən üzük - əyar 750, çəki 5 qram, brilyant daşı – 0,20 karat – qiyməti 900 manat təşkil edir.
68. Rəy kifayət qədər əsaslandırılmışdır, onun məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur.
69. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qızıl-zinət əşyalarının tutulması hissəsində ləğv edilməli və iddia bu hissədə təmin edilməlidir.
70. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir.
71. Kollegiya həmçinin hesab edir ki, hazırkı apellyasiya baxışının predmeti olan hissədə iddianın qiyməti 5000 manatdan çox olduğundan, hazırkı qətnamədən iddiaçı kassasiya şikayəti verə bilər. Apellyasiya məhkəməsi tərəfindən təmin edilən hissədə isə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan (qızıl zinət əşyalarının dəyəri ümumilikdə 4860 manat təşkil edir) cavabdehə münasibətdə qətnamədən kassasiya şikayəti nəzərdə tutulmamışdır.
72. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(010)-563/2022 saylı qətnaməsi qismən, iddia tələbinin qızıl-zinət əşyalarına dair tələbin təmin edilməməsi hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dəyəri 2400 manat, çəkisi 37 qram olan sep-qolbaq dəsti, dəyəri 1560 manat, çəkisi 24 qram olan üzük sırğa dəsti, dəyəri 900 manat, çəkisi 5 qram olan brilliant qaşlı tək üzük, onlar olmadıqda isə dəyəri alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 93 manat dövlət rüsumunun 43 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 47 manat dövlət rüsumunun 27 manatı cavabdehlərdən tutularaq İddiaçı ödənilsin. İş üzrə əmlakların qiymətləndirilməsi üçün mütəxəssis rəyi üzrə tələb olunan 100 manat məhkəmə xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.