Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4676/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı (X13, X9 və X12 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qimində cəlb edilməklə) “qərarın ləğvi, müqavilənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Müqavilənin ləğvi, notariat hərəkəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1493/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 13 dekabr 2003-cü il tarixli, 215655 saylı müqaviləyə əsasən, İddiaçı ilə X12 arasında bağlanmış və müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 69,0 kv.m. olan 5 otaqdan ibarət mənzili X2 və sonuncudan daşınmaz əmlaka görə ********* manat almışdır.
2. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, korpus 7-də istifadədə olan 0,02883 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 2 mərtəbəli binada 248,5 kv.m. ümumi, 147,1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 7 və 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrindən 347 nömrəli reyestr kitabında 32416 vərəqində qeydiyyata alınmışdır .
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarili, e-2(001)- 3015/2024 saylı Qətnaməsi ilə iddiaçı X6 cavabdeh X7 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
4. Bakı şəhəri 21 saylı Notariat Ofisinin “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” 09 dekabr 2024-cü il Qərarında əsasən, mülkiyyətçi İddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən 69m2 yaşayış sahəli, 5 otaqlı yaşayış sahəsinin X1 dair 13 dekabr 2003-cü il tarixində Bükı şəhəri 21 saylı Notariat kontorunda təsdiqlənmiş müqavilənin təsdiqlənməsindən imtina edilmiş və İddiaçı və R.Behrudiyə notariat hərəkətlərinin aparılmasından imtina edilməsindən maqraqlı şəxsin xüsusi notariusun yerləşdiyi yerin məhkəməsinə şikayət vermə hüququnun olması izah edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-5269/2025 aylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 21 saylı Notariat Ofisinin “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 1842 nömrəli Qərarının ləğv edilməsini, xx.xx.2003-cü il tarixli, 4Ə-370 reyestr nömrəli müqavilənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddiaçının çəkdiyi məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 3 ünvanda yerləşən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əmlakın alqı-satqısına dair X12 ilə onun arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 4Ə-370 reyestr nömrəli Müqavilənin ləğv edilməsi barədə Bakı şəhəri, 21 saylı notariat ofisinə 2024- cü ilin aprel ayında şifahi qaydada müraciət etmişdir. İddiaçı həmin müraciətində bildirdi ki, müqavilədə alıcının ona, guya, o vaxtın məzənnəsi ilə 246 000 000 manat ödədiyi göstərilsə də, müqavilə bağlandıqdan qısa müddət sonra alıcı həmin mənzilləri almaqdan vaz keçdiyinə görə, faktik olaraq pul ödənməyib və alıcıya hansısa pul məbləği qaytarılmalı deyil. Bu halı alıcının nümayəndəsi də şifahi olaraq cavabdehə bildirdi. Cavabdeh ( xüsusi notarius X16) özünün, xx.xx.2024-cü il tarixli, 504 nömrəli “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” Qərarı ilə iddiaçının müraciətini rədd etmişdir. Həmin Qərar belə əsaslandırıldı : “İddiaçı müqavilə xitam verilərkən alıcının ona ödədiyi satış qiymətini notariusun depozit hesabı vasitəsi ilə qaytarmaq niyyətinin olmadığını bildirmişdir. Qanunvericiliyin tələblərinə görə isə həmin pul məbləği notariusun depozit hesabı vasitəsi ilə qaytarılmalıdır. Göstərilənlərə əsasən alqı-satqı müqaviləsinin ləğv edilməsi qanuna ziddir və bununla bağlı notariat hərəkətlərinin edilməsindən imtina edilməlidir.” Cavabdeh bu Qərarını qəbul edərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74cü və 40-cı maddələrinə istinad etmişdir. Cavabdeh Qanunun bu hissəsinə istinad etməkdə haqlı olmadığını, çünki bu hissə həmin qanuna 15 noyabr 2018-ci il tarixli 1334- VQD nömrəli Qanunla əlavə edilib və iddiaçının vəziyyətini ağırlaşdırdığına görə, qarşılıqlı razılığa gələn tərəflərin münasibətlərinə şamil edilə bilməyəcəyini qeyd edib. Azərbaycan Respublikası Konstiyusiyasının 149-cu maddəsinin Vİİ.-ci hissəsinə əsasən, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.” Buna baxmayaraq, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli, 504 nömrəli həmin qərarından şikayət verməmiş və cavabdehin ona verdiyi şifahi məsləhət əsasında, xx.xx.2003-cü il tarixli, 4Ə-370 reyestr nömrəli Müqavilənin etibarsız elan edilməsi barədə Binəqədi rayon məhkəməsində iddia qaldırmışdır. Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-3015/2024 saylı Qətnaməsi ilə həmin iddia rədd edilmiş və xx.xx.2003-cü il tarixli, 4Ə-370 reyestr nömrəli Müqavilədə göstərilən pul məbləğinin ödənildiyi göstərildiyinə görə, bu müqavilə etibarsız hesab edilə bilməyəcəyi kimi qətnamədə əsaslandırılmışdır. Məhz Binəqədi rayon məhkəməsinin həmin qətnaməsindən sonra, İddiaçı və xx.xx.2003-cü il tarixli, 4Ə-370 reyestr nömrəli Müqavilə üzrə alıcı X12 birlikdə, yenidən, 09.12. 2024-cü il tarixli ərizə ilə, müqavilənin ləğv edilməsi xahişi ilə cavabdehə müraciət etmişdilər. Həmin müraciətdə iddiaçı və alıcı R.H. Behrudi göstərdilər ki: Mülki Məcəllənin 421-424-cü maddələrinin məzmunu və mahiyyəti tərəflərə aydındır. Həmin alqı-satqı müqaviləsi bağlandığı andan alıcı həmin mənzillərə faktik olaraq sahiblənməyib, o mənzillərdən istifadə etməyib və həmin mənzillərdə öz vəsaiti hesabına heç bir yaxşılaşdırma aparmayıb. . Həmin alqısatqı müqaviləsi bağlandıqdan sonra o mənzillərdə sonrakı yaxşılaşdırmalar, artırmalar və əlavə tikililər satıcının öz şəxsi vəsaiti hesabına aparılıb. Alıcı həmin müqaviləni bağlayarkən satıcının və onun ailə üzvlərinin həmin mənzillərdə daimi istifadə hüquqlarının saxlandığını bilirdi və Mülki Məcəllənin 158.3.-cü maddəsinin məzmunu və mahiyyəti (Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun), eləcə də, MM-nin 228.4-cü maddəsinin məzmun və mahiyyəti (Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir) ona aydın idi. Həmin alqı-satqı müqaviləsi ilə bağlı alıcının satıcıya qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74 -cü maddəsinə istinadən, cavabdehin irəli sürdüyü tələbə uyğun olaraq, iddiaçı, müqavilə məbləğini notariusun bankda açdığı depozit hesabına köçürməyə hazır olduğunu bildirdi. Bu dəfə isə, cavabdeh tamam başqa əsas göstərməklə, iddiaçının və alıcı R.H.Behrudinin tələbinin rədd edilməsi barədə “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” 09 dekabr 2024-cü il tarixli, 1842 nömrəli Qərar qəbul etdi. Qərar həmin gün iddiaçıya şəxsən təqdim edilmişdir.
8. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən üçüncü şəxs X9 iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmiş, izahatında qeyd etmişdir ki, iddiaçı bundan əvvəl notariusa müraciət edərək, müqavilənin ləğv edilməsini xahiş etmişdir. Notariat ofisini ilk dəfə müqaviləni ləğv etməkdən o əsasla imtina etmişdir ki, müqavilə ləğv edildikdə hər bir tərəf digərinə aldıqlarını qaytarmalıdır. Əslində bu da əsassız idi, çünki B.Rüstəm müqavilə bağlandıqdan qısa müddət sonra almaqdan vaz keçdiyinə görə faktiki olaraq pul ödənməyib. Lakin müqavilə tərəfləri bundan sonra ikinci dəfə notariat ofisinə müraciət edərək, hər iki tərəfin bir-birinə aldıqlarını qaytarmaq şərti ilə müqavilənin ləğvinə razı olduqlarını bildirsər də, notarius yenə də müqaviləni ləğv etməkdən imtina etdi. Bu dəfə qərarını onunla əsaslandırdı ki, mənzillər B.Rüstəm tərəfindən xeyli abadlaşdırılıb, böyüdülüb və s. Notariusun imtinasını qanunsuz və qərəzli hesab edirlər. Mənzil faktiki olaraq həmişə iddiaçının və onun ailə üzvlərinin istifadə və sahibliyində olub. Bütün abadlaşdırmalar onlar tərəfindən həyata keçirilib.
9. Digər üçüncü şəxs X12 elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizədə göstərmişdir ki, o və İddiaçı qarşılıqlı razılığa və sərbəst iradələrinə uyğun olaraq, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2003-cü il tarixli, 215655 saylı, 7-Ə-370 reyestr nömrəli müqavilənin ləğv edilməsi barədə razılığa gəlmiş, bununla bağlı 21 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, imtina cavabı almışdırlar. Notariusa ünvanladığı ərizədə qeyd etdiyi kimi, həmin alqı-satqı müqaviləsi bağlandığı andan o (alıcı) həmin mənzillərə faktiki olaraq sahiblənməmişdir, o mənzillərdən istifadə etməmiş və həmin mənzillərdə öz vəsaiti hesabına heç bir yaxşılaşdırma aparmamışdır. Həmin alqı-satqı müqaviləsi bağlandıqdan sonra o mənzillərdə sonrakı yaxşılaşdırmalar, artırmalar və əlavə tikililər satıcının (İddiaçı) öz şəxsi vəsaiti hesabına aparılıb. Alıcı həmin müqaviləni bağlayarkən satıcının və onun ailə üzvlərinin həmin mənzillərdə daimi istifadə hüquqlarını saxlandığını bilirdi və Mülki Məcəllənin 158.3-cü maddəsinin məzmunu və mahiyyəti, eləcə də MM-nin 228.4-cü maddəsinin məzmun və mahiyyəti ona aydın idi. Həmin alqı-satqı müqaviləsi ilə onun satıcıya qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. İddiaçı 21 saylı notariat ofisinə qarşı “alqı satqı müqaviləsinin ləğv edilməsi barədə” iddiasını qeyd-şərtsiz olaraq tam həcmdə müdafiə edir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1493/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 11.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı Notariat Ofisinin “müqavilənin ləğv edilməsinə dair müqavilənin təsdiqlənməsi” barədə İddiaçı və X5 ərizəsindən imtina edilməsindən narazıdır və qərarın ləğv edilməsini, müqavilənin ləğv edilməsi vəzifəsinin Bakı şəhər 21 saylı Notariat Ofisinin üzərinə qoyulmasını xahiş edir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, müqavilənin hər iki tərəfi müqavilənin ləğv edilməsinə razıdır, mənzil Behrudi Rüstəmin xüsusi mülkiyyətində olsa da, o faktiki olaraq mənzilə sahiblik və istifadə etməyib, təmir etdirməyib, yaxşılaşdırmayıb.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər 13 dekabr 2003-cü ildə bağlanmış, predmeti – mənzil hazırda mövcud olmayan müqavilənin ləğv edilməsini xahiş etsələr də, bununla bağlı hansı hüquqi nəticəyə nail olmaq istədikləri aydın olmamaqla, belə bir zərurətin uzun müddət keçdikdən sonra meydana çıxması ağlabatan deyil. İddiaçı və üçüncü şəxs Behrudi Rüstəm mənzilə sonuncunun heç vaxt sahiblik və istifadə etmədiyini, mənzillə bağlı hər hansı tələbinin olmadığını bildirsə də, mülki işin materiallarından görünür ki, o, mənzillə bağlı çoxsaylı mübahisələrdə tərəf, o cümlədən iddiaçı olmuş, hətta sökülmüş mənzilin yerinə tikilmiş binanın sökülməsini və mənzilinin naturada qaytarılmasını tələb etmişdir. Məhkəmə daha sonra vurğulayır ki, iddianın hüquqi əsası – müqavilənin ləğvi üçün qanuni əsas tapılmadığı kimi, iddiaçının nail olmaq istədiyi nəticə də aydın deil. Belə ki, müqavilə illər əvvəl icra edilib, daha sonra mənzil sökülüb, müqavilə predmeti artıq mövcud deyil. Buna görə də müqavilə ləğv edilmiş olsa belə, bu formal ləğv olmaqla, hər hansı hüquqi nəticə doğurmayacaqdır, belə ki, şəxsin mülkiyyət hüquqlarını realizə edə biləcəyi əmlak fiziki olaraq məhv olub, əmlakların bərpa edilməsi tələbi isə məhkəmə tərəfindən rədd edilmişdir (qətnamə qanuni qüvvəyə minməmişdir). Məhkəmə onu da əlavə etmişdir ki, tərəflərin arasında bağlanmış müqavilənin etibarlılığı da mübahisə predmeti olmuş, və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müqavilənin etibarlı olduğu təsbit edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, notariusun müqavilənin ləğvi barədə müqaviləni təsdiq etməkdən imtinası qanuni və əsaslı olmuşdur. Müqavilənin ləğvi üçün Mülki Məcəlldə göstərilən əsaslardan heç biri mövcud deyil. Tərəflərin arasında razılıq isə 22 il bundan əvvəl bağlanmış, predmeti məhv edilmiş, etibarlılığı məhkəmə qətnaməsi ilə təsbit edilmiş müqavilənin ləğvi üçün zəruri və kifayət edən əsas sayıla bilməz. Əks yanaşma mülki hüququn təməl prinsiplərinə ziddir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 153.3, 178.1, 203.1, 421.1, 421.2, 421.3, 422.1, 422.2, 422.4, 422.2.1-422.2.4, 422.3, 422.4, 423.1, 423.2, 424.1, 424.2, 424.3, 424.4, 424.5-ci; Notariat haqqında Azərbaycan Respublikası Qanununun 40 və 41-ci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 42-ci bəndi; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsi və Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 9.1, 9.3, 14.2, 77.1, 82.3, 88, 119.1, 217.4, 218.1 və 107ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən üçüncü şəxs X13 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Nərimanov rayon məhkəməsi, iddianın dəlillərinə heç bir qiymət vermədən, aşağıdakı “arqumentlərə” istinad edərək, iddianın rədd edilməsi barədə qərar qəbul etdi: a) Tərəflər 13 dekabr 2003-cü ildə bağlanmış, predmeti – mənzil hazırda mövcud olmayan müqavilənin ləğv edilməsini xahiş edirlər. Bununla bağlı hansı hüquqi nəticəyə nail olmaq istədikləri aydın deyil, belə bir zərurətin uzun müddət keçdikdən sonra meydana çıxması ağlabatan deyil. İddiaçı və üçüncü şəxs Behrudi Rüstəm mənzilə sonuncunun heç vaxt sahiblik və istifadə etmədiyini, mənzillə bağlı hər hansı tələbinin olmadığını bildirsə də, mülki işin materiallarından görünür ki, o mənzillə bağlı çoxsaylı mübahisələrdə tərəf, o cümlədən iddiaçı olmuş, hətta sökülmüş mənzilin yerinə tikilmiş binanın sökülməsini və mənzilinin naturada qaytarılmasını tələb etmişdir. -Məhkəmənin əsaslandığı bu dəlil tərəflərin real münasibətinə uyğun deyil. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mənzillər formal olaraq Behrudi Rüstəmin adında qeydiyyatda olduğu üçün, məhkəmələrə yazılan iddia ərizələri də, təbii ki, onun adından olmalı idi. Behrudi Rüstəm məhkəməyə yazdığı ərizəsində bu barədə aydın bir dildə qeyd edib. Eyni zamanda, hansısa məhkəmə sənədlərində Behrudi Rüstəmin adının keçməsi, onun həmin mənzillərə faktiki sahiblik etdiyini, ondan istifadə etdiyini sübut etmir. Hakim, canlı adamın məhkəməyə təqdim etdiyi ərizəsinə yox, hansısa formal sənədə istinad etməklə qərəzli olduğunu ortaya qoymuşdur. b) Məhkəmə daha sonra vurğulayır ki, iddianın hüquqi əsası – müqavilənin ləğvi üçün qanuni əsas tapılmadığı kimi, iddiaçının nail olmaq istədiyi nəticə də aydın deyil. Belə ki, müqavilə illər əvvəl icra edilib, daha sonra mənzil sökülüb, müqavilə predmeti artıq mövcud deyil. Buna görə də müqavilə ləğv edilmiş olsa belə, bu formal ləğv olmaqla, hər hansı hüquqi nəticə doğurmayacaqdır, belə ki, şəxsin mülkiyyət hüquqlarını realizə edə biləcəyi əmlak fiziki olaraq məhv olunub, əmlakların bərpa edilməsi tələbi isə məhkəmə tərəfindən rədd edilmişdir (qətnamə qanuni qüvvəyə minməmişdir). -Hakim qeyd edir ki, müqavilənin ləğvi üçün qanuni əsas tapılmayıb. Qanuni əsas MM-nin 421.1.-ci maddəsində göstərilib: “tərəflərin razılaşması”. Müqavilənin hər iki tərəfi 21 saylı dövlət notariat kontoruna ərizə verərək razılaşma ilə bağlı iradələrini ifadə ediblər. Daha hansı əsas lazımdır ki? Hakim qeyd edir ki, iddiaçının nail olmaq istədiyi nəticə də aydın deyil, müqavilə illər əvvəl icra edilib, mənzil sökülüb, müqavilə predmeti artıq mövcud deyil, müqavilə ləğv edilmiş olsa belə, bu formal ləğv olmaqla, hər hansı hüquqi nəticə doğurmayacaqdır, belə ki, şəxsin mülkiyyət hüquqlarını realizə edə biləcəyi əmlak fiziki olaraq məhv olub, əmlakların bərpa edilməsi tələbi isə məhkəmə tərəfindən rədd edilmişdir (qətnamə qanuni qüvvəyə minməmişdir). Göstərilən bu dəlillərin heç biri müqavilənin ləğvindən imtina üçün əsas deyil, çünki qanunda belə əsaslar nəzərdə tutulmayıb. Bütün bunlar hakimin şəxsi, subyektiv yanaşmasıdır. Ancaq hakimin özünün də etiraf etdiyi kimi, əmlakın bərpa edilməsi tələbi ilə məhkəmə araşdırması davam edir və qətnamə qüvvəyə minməyib. Əvvəla, müqavilənin ləğvi üçün tərəflərin nail olmaq istədiyi nəticə bu mübahisənin predmet deyil və ola da bilməz. İkincisi, hakimə yaxşı aydındır ki, iddiaçının məqsədi: mənzillər üzərində mülkiyyət hüququnu geri qaytarmaqla, hakimin özünün də qeyd etdiyi başqa bir məhkəmədə - “zərərin naturada bərpası haqqında” iddia üzrə işdə mülkiyyət hüququnu öz adından qorumaqdır. 3-cü şəxs Behrudi Rüstəm isə iddiaçının mülkiyyət hüquqlarına görə məhkəmələrdə vaxt itirmək istəmir. Bir sözlə, hakimin gətirdiyi dəlillərin heç biri MM-nin 421-ci maddəsinə uyğun deyil. c) Məhkəmə bu qənaətə gəlir onu da qeyd edir ki, tərəflərin arasında bağlanmış müqavilənin etibarlılığı da mübahisə predmeti olmuş, və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müqavilənin etibarlı olduğu təsbit edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, notariusun müqavilənin ləğvi barədə müqaviləni təsdiq etməkdən imtinası qanuni və əsaslı olmuşdur. Müqavilənin ləğvi üçün Mülki Məcəlldə göstərilən əsaslardan heç biri mövcud deyil. -X8 bu arqumenti isə, sadəcə, təəccüb doğurur. Sən demə, etibarlı müqaviləni ləğv etmək olmaz. Məhkəmə qaydasında etibarsız elan edilən müqavilənin ləğvi qaydası isə MM-də nəzərdə tutlmayıb. Etibarsız müqavilə niyə təkrarən ləğv edilməlidir ki?! d)Tərəflərin arasında razılıq isə 22 il bundan əvvəl bağlanmış, predmeti məhv edilmiş, etibarlılığı məhkəmə qətnaməsi ilə təsbit edilmiş müqavilənin ləğvi üçün zəruri və kifayət edən əsas sayıla bilməz. Əks yanaşma mülki hüququn təməl prinsiplərinə ziddir. Fiziki şəxslər müqavilə bağlamaqda, müqavilənin məzmununu müəyyən etməkdə azaddırlar və müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşir. “Müqavilənin ləğvi barədə” bağlanan müqavilə də eyni şərtlərlə bağlanır və burada ləğv edilməsi istənən müqavilənin nə vaxt başlanması, o müqavilənin predmetinin nədən ibarət olması və sair hallar heç bir hüquqi əhəmiyyət daşımır. Məhkəmə iddianı rədd etməklə, iddiaçı və 3-cü şəxs R.H.Behrudinin müqavilə azadlığı hüququnu pozmuşdur. Nərimanov rayon məhkəməsinin hakimi Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsəyərək, MM-nin 421.1.-ci maddəsinə əsassız olaraq geniş şərh vermiş, qanunvericinin nəzərdə tutmadığı, özünün şəxsi qənaətinə uyğun əlavə şərtlərə istinad edərək iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə MM-nin 421.1-ci maddəsini düzgün şərh etməməklə onu səhv tətbiq etmiş, bu da qanunsuz qərar qəbul edilməsi ilə nəticələnmişdir. Hakim bu qərarını Azərbaycan vətəndaşlarına məlum olan yazılı qanunlarla yox, heç yerdə dərc elməyən, yayılmayan, vətəndaşlara məlum olmayan xəyali qanunlarla əsaslandırmağa çalışıb. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsində notariat hərəkətlərini aparmaqdan imtina etmənin əsasları dəqiq göstərilib. Nə cavabdeh 21 saylı notariat kontoru, nə də Nərimanov rayon məhkəməsi qərar qəbul edərkən bu maddədə göstərilən əsaslara istinad etmişdir. Halbuki, qanunverici notariat hərəkətlərini aparmaqdan imtina etmənin əsaslarını konkret göstərib və qanunu heç kimin öz başa düşdüyü və ya arzuladığı kimi tətbiq etməyə haqqı yoxdur. Hakim ümumiyyətlə, əsas tətbiq edilməli olan bu maddi hüquq normasını tətbiq etməməklə qanunsuz qərar qəbul etmişdir. 2018-ci ildən İngiltərədə yaşayan iddiaçı və 3-cü şəxs Q.C.Məmmədov dəfələrlə vəsatət qaldıraraq tələb etsələr də, onların video konfrans yoluyla işdə iştirakları təmin edilmədi. Bu da Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan hüquqların pozulmasıdır. İddiaçının iddia ərizəsində və X5 Nərimanov rayon məhkəməsinə yazdığı xx.xx.2025-ci il tarixli, “İddiaçı 21 saylı notariat ofisinə qarşı olan “Alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə” iddiasını müdafiə etməyi və işə onun iştirakı olmadan baxılması barədə” adlı ərizəsi ilə müəyyən edildi ki, ünvan 5 ünvanda yerləşən daşınmaz əmlakın alqı-satqısına dair X12 ilə iddiaçı arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 4Ə-370 reyestr nömrəli Müqavilə heç bir faktiki nəticələr doğurmayıb, R.H.Behrudi həmin mənzillərə sahiblənməyib, istifadə etməyib, iddiaçıya pul ödəməyib, mənzillərdə həyata keçirilən bütün əlavə tikililər iddiaçı tərəfindən və öz pulu ilə icra edilib, mənzillərin faktik mülkiyyətçisi də məhz iddiaçıdır. O hal da müəyyən edildi ki, "xxxx" MMC həmin mənzilləri 2011-ci ildə söküb, iddiaçını və ailə üzvlərini daimi yaşayış və faktiki mülkiyyət hüquqlarından məhrum edib. Onlar arasında bu gün də davam etməkdə olan müxtəlif məhkəmə işləri var. Əlavə o hal da müəyyən edildi ki, mənzillər üzərində mülkiyyət hüququ formal olaraq, rəsmiyyətdə R.H.Behrudiyə məxsusdur, ona görə də, Nərimanov rayon məhkəməsində "xxxx" MMC-yə qarşı “zərərin naturada bərpası haqqında” iddia da R.H.Behrudinin adından qaldırılıb və həmin iş üzrə məhkəmələr davam edir. Həmin məhkəmələrdə R.H.Behrudinin vaxt, enerji, yol xərci və əsəb itirməməsi məqsədilə, iddiaçı həmin mülkləri rəsmən öz adına qaytarmaqla davam etməkdə olan məhkəmləri öz adıyla aparmaq niyyətindədir. Məhkəmənin, müəyyən edilən bu faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi qanunsuz qətnamə qəbul edilməsinə səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdərək, izahatında qeyd etdi ki, hesab edir ki, cavabdeh öz vəzifə səlahiyyətlərini aşaraq qərar qəbul etmişdir və həmin qərar qanunsuzdur. Müqavilə predmetinin olub-olmaması müqavilənin ləğv edilməsinə heç bir şəkildə maneə törətmir. Notariusun əsaslandırması bundan ibarət idi ki, müqavilə bağlandığı müddətdən sonra orada artırmalar aparılıb. Alıcı və satıcı hər ikisi müraciət edərək, bildirmişdir ki, müqavilənin ləğv edilməsi xahiş edilir. Notarius isə qeyd edir ki, müqavilənin ləğvi ancaq onun bağlandığı şərtlərlə ola bilər. Müqavilə predmetində dəyişikliklərin olub-olmaması, onun nəticələri notarisu maraqlandırmamalıdır.
18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinin nümayəndəsi və digər üçüncü şəxslər X13 və X12 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçı, cavabdeh və digər üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
20. Notariat haqqında Azərbaycan Respublikası Qanununun: Maddə 40. Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə Təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın:
42. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin dəyişdirilməsi həmin müqaviləyə əlavə olunan müqavilə, müqavilənin ləğv edilməsi isə müqavilənin bağlanıldığı qaydada yeni müqavilə ilə rəsmiləşdirilir. Müqavilənin ləğv edilməsinə dair müqavilə istənilən notariat ofisində müqavilə tərəflərinin iştirakı ilə təsdiq edilə bilər. Bu halda həmin məlumat dərhal “Elektron notariat” informasiya sisteminə daxil edilməli, daşınmaz əmlaka münasibətdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestri orqanına ötürülməlidir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 27.Kollegiya ilk olaraq qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. 28.Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir . Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 29.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. 30.Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 31.Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. 32.Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götür. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
33. İş materiallarından müəyyən olunur ki, 13 dekabr 2003-cü il tarixli, 215655 saylı müqaviləyə əsasən, İddiaçı ilə X12 arasında bağlanmış və müqaviləyə əsasən X11 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 69,0 kv.m. olan 5 otaqdan ibarət mənzili X2 və sonuncudan daşınmaz əmlaka görə ********* manat almışdır.
34. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, korpus 7-də istifadədə olan 0,02883 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 2 mərtəbəli binada 248,5 kv.m. ümumi, 147,1 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 7 və 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrindən 347 nömrəli reyestr kitabında 32416 vərəqində qeydiyyata alınmışdır.
35. Bakı şəhəri 21 saylı Notariat Ofisinin “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” 09 dekabr 2024-cü il Qərarına əsasən, mülkiyyətçi İddiaçı tərəfindən ünvan 6 ünvanda yerləşən 69 kv.m yaşayış sahəli, 5 otaqlı yaşayış sahəsinin X1 dair 13 dekabr 2003-cü il tarixində Cavabdeh bağlanmış müqavilənin ləğv edilməsinə dair müqavilənin təsdiqlənməsindən imtina edilmişdir.
36. Bakı şəhəri 21 saylı Notariat Ofisinin həmin qərarında qeyd olunur ki, “yuxarıda qeyd olunan sənədlərdən müəyyən edilir ki, müqavilə tərəfləri ünvan 7 ünvanında yerləşən 69 m2 yaşayış sahəli mənzilin alqı-satqısında dair müqavilə bağlamışlar, sonradan isə həmin yaşayış sahə dəyişilərək 147,1 m2 kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı daşınmaz əmlakı əldə etmiş və hüquqlarını dövlət qeydiyyatına aldırmış alıcı X12 alqı-satqı müqaviləsi ləğv edildiyi halda əldə etdiyi 69 m2 yaşayış sahəli əşya əvəzinə müqavilə üzrə aldığından iki dəfədən artıq 147,1 m2 yaşayış sahəsini əşyanı əldə edir. Belə ki, alqı-satqı müqaviləsinin predmeti – 69 m2 yaşayış sahəsi artıq mövcud deyil. Eyni zamanda alqı-satqı müqaviləsi üzrə müqavilə tərəfləri öz öhdəliklərini icra etmişlər, müqavilə üzrə alıcı əşyaya dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaqla mülkiyyət hüququnu əldə etmişdir və bununla bağlı müqavilə tərəflərinin öhdəliklərinə xitam verilmişdir. Belə ki, AR Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 13 dekabr 2003-cü il tarixiində mülkiyyətçi İddiaçı tərəfindən ünvan 6 ünvanda yerləşən 69 kv.m yaşayış sahəli, 5 otaqlı yaşayış sahəsinin X1 dair 13 dekabr 2003-cü il tarixində Cavabdeh təsdiqlənmiş müqavilənin təsdiq edilməsindən – 21 il ötməsi, eləcədə satılmış yaşayış sahəsinin 69 m2-dan iki dəfədən çox həcmdə 147,1 m2 dək dəyişilməsi ilə bağlı alqı-satqı müqaviləsinin predmeti mövcud olmadığı, o cümlədən öhdəliklərə xitam verilməsi nəzərə alınaraq müəyyən edilir ki, yuxarıda göstərilən müqavilənin ləvğ edilməsi haqqında müqavilənin təsdiqlənməsinə dair notariat hərəkətləri müqavilə tərəflərinin həqiqi niyyətinə uyğun deyil və qanunvericiliyin tələblərinə əsasən notariat hərəkətlərinin aparılmasından imtina edilməlidir.”
37. İddiaçı və üçüncü şəxslər ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 69,0 kv.m. olan 5 otaqdan ibarət mənzilin X7 özgəninkiləşdirilməsi barədə müqavilənin ləğv edilməsindən imtina barədə Notariat Ofisinin qərarını mübahisələndirir və apellyasiya şikayətini onunla əsaslandırır ki, hazırda həmin müqavilə predmeti olan əmlakın naturada bərpası barədə məhkəmə mübahisəsi gedir və həmin əmlakın formal olaraq mülkiyyətiçisi R.Behrudi olduğundan məcbur qalıb onun adından iddia ərizəsi verilmişdir. Artıq R.Behrudi məhkəmələrdə vaxt və enerji itirməsin deyə müqavilənin ləğvini tələb edir, R.Behrudinin buna razı olmasına istinad edərək müqavilənin ləğvindən imtinanı qanunsuz hesab edir.
38. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
39. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
40. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə.
41. Hazırki işin hallarından görünür ki, mübahisələndirilən 13 dekabr 2003-cü il tarixli, 215655 saylı müqavilə əsasında X11 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 69,0 kv.m. olan 5 otaqdan ibarət mənzili X2 və alıcı isə daşınmaz əmlaka görə ********* manat ödəniş etmişdir.
42. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışla müqavilə predmeti olan mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrindən 347 nömrəli reyestr kitabında 32416 vərəqində qeydiyyata alınmışdır.
43. İddiaçının dəlillərinə görə iddiaçının qeyd olunan müqavilənin ləğvində marağı müqavilə predmeti olan əmlakın naturada bərpası barədə məhkəmə mübahisəsində əmlakın mülkiyyətçisi olan R.Behrudinin hazırkı iş üzrə iddiaçı ilə əvəz edilməsidir. Belə ki, həmin əmlakın mülkiyyətçisi R.Behrudi olduğundan sökülən mənzilin bərpası üzrə iddia tələbini məcbur qalıb sonuncunun adından vermişlər, hazırda isə R.Behrudinin məhkəmələrdə vaxtını almaq istəmirlər. İddiaçı və üçüncü şəxs Behrudi Rüstəm mənzilə sonuncunun heç vaxt sahiblik və istifadə etmədiyini, mənzillə bağlı hər hansı tələbinin olmadığını bildirsə də, mülki işin materiallarından görünür ki, o, mənzillə bağlı çoxsaylı mübahisələrdə tərəf, o cümlədən iddiaçı olmuş, hətta sökülmüş mənzilin yerinə tikilmiş binanın sökülməsini və mənzilinin naturada qaytarılmasını tələb etmişdir.
44. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan müqavilə üzrə həm satıcının, həm alıcının öhdəlikləri tam icra edilərək alıcı tərəfindən mənzilin dəyəri ödənilmiş və mənzil alıcıya təhvil verilmişdir. Daha sonra alıcı mənzil üzərində hüquqlarını qeydə aldırmışdır. Hazırda işin mübahisəsiz halıdır ki, müqavilə predmeti olan mənzil sökülmüşdür. Deməli, müqavilənin predmeti olan mənzil mövcud deyildirsə, müqavilə də artıq yoxdur deməkdir. Belə olan halda olmayan müqavilənin ləğvi mümkünsüzdür.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, notariusun müqavilənin ləğvi barədə müqaviləni təsdiq etməkdən imtinası qanuni və əsaslı olmuşdur.
46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1493/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Sabit Bəhrəmzadə Fərrux Qasımov