Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4681/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 26 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Cavabdeh2 ilə birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü Nuray və xx.xx.2016-cı il təvəllüdlü Zəhra adlı uşaqları, Cavabdeh1 ilə nikahından xx.xx.2019-cu il təvəllüdlü Akif və xx.xx.2022-ci il təvəllüdlü Tamerlan adlı uşaqları anadan olmuşdur.
2. Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(075)-2192/2017 saylı qətnaməsi ilə İddiaçı ilə cavabdeh İsayeva (Məmmədova) İqlimə Oruc qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 221 nömrəli nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmış, İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment alınaraq cavabdeh İsayeva (Məmmədova) İqlimə Oruc qızına verilməsi qət edilmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 591/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh1 ilə nikahdan olan uşaqlarının saxlanılması üçün İddiaçı hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir.
4. İddiaçı xx.xx.2009-cu il tarixdən Dövlət Gömrük Komitəsinin əməkdaşıdır və dövlət qulluğunun xüsusi növündə xidmət edir. Hal-hazırda Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsi Gömrük X1 şöbəsinin baş inspektoru vəzifəsində çalışır və onun orta aylıq gəliri 4854 (dörd min səkkiz yüz əlli dörd) manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üzərinə müvafiq məhkəmə qətnamələri ilə qoyulmuş aliment həcminin hər iki cavabdehə münasibətdə azaldılaraq ayrı-ayrılıqda Cavabdeh2 xeyrinə birgə nikahdan dünyaya gəlmiş qızları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının və gəlirlərinin ¼ hissəsi həcmində və Cavabdeh1 xeyrinə birgə nikahdan dünyaya gəlmiş oğulları xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının və gəlirlərinin ¼ hissəsi həcmində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, hal-hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinin Gömrük X1 şöbəsinin baş inspektoru vəzifəsində işləyir və aylıq qazancı 4300 - 5000 manat arasında dəyişir. Hal-hazırda o, faktiki olaraq 4 uşağın saxlanması üçün aylıq qazancının 2/3 hissəsi, yəni 66,66 faizi miqdarında, təxminən hər iki cavabdehə ayrı-ayrılıqda 1600-2000 manat miqdarında, ümumilikdə 3200-4000 manat miqdarında aliment ödəyir. Üzərində həddindən artıq çox yüksək miqdarda aliment yükü yaranır və eyni zamanda yuxarıda qeyd etdiyi icbari ödəmələrdən sonra onun əmək haqqı çox az məbləğ təşkil edir. Çox çətin və çıxılmaz vəziyyətdədir. Qeyd olunan hal, yəni hər iki nikahdan olan 4 uşağa görə alimentlərin ümumi məbləğinin aylıq qazancının 2/3 hissəsində, yəni 66,66 faizinin tutulması yaşamaq hüququnu da pozur və onu maddi cəhətdən həddindən artıq pis vəziyyətə salır. Uşaqlar onun ödədiyi aliment sayəsində özəl məktəb-litseylərə və özəl bağçalara gedirlər. Cavabdeh2 hal-hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Tarifləri və X6 Şöbəsinin böyük inspektoru vəzifəsində işləyir və təxminən onun qədər 4300 - 5000 manata yaxın aylıq qazancı var. Cavabdeh1 hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkim hematoloq vəzifəsində işləyir və onda olan məlumata görə 1000 manat əmək haqqı alır. Digər tərəfdən uşaqların saxlanılması vəzifəsi yalnız bir valideynin üzərinə qoyula bilməz.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1749/23 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddia təmin edilmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, məhkəmə aktları ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının aylıq qazancının 1/3 hisəsində aliment tutulmuş və göründüyü kimi iddiaçı hazırda dörd uşağa görə ayrılıqda aylıq qazancının 2/3 hisəsi miqdarında aliment ödəyir. Yaranmış vəziyyət Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunan normanın tələbinə görə iddiaçıdan aliment şəklində 4 uşaq üçün tutulan alimentin miqdarı onun aylıq qazancının yarısını təşkil etməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76, 78.1, 112-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, övladlarının əvvəlki təminat səviyyələrinin maksimal həddə saxlanmasını heçə sayaraq, onların özəl məktəbdə oxuduqlarını, iddiaçı tərəfindən ödənilən alimentin onların yalnız təhsil xərclərini qarşıladığını, yeməkləri, geyimləri, istirahətləri, əlavə məşğuliyyətləri kimi bütün tələbatlarının ananın üzərində olduğunu, cavabdehin evinin olmamasını, hazırda qardaşına məxsus evdə qaldığını, qardaşının isə yaxın zamanda xeyir işinin olacağı səbəbindən iki uşağı ilə birlikdə kirayə çıxmalı olduğunu, alimentin miqdarı azalacağı təqdirdə uşaqların təhsil aldığı məktəbləri dəyişməli olacaqlarını və butün bunların uşaqların psixoloji gərginlik keçirmələrinə səbəb olacağını nəzərə almadan (zatən uşaqlar ata qayğısından, nəvazişindən kənar böyüyürlər, atalarını tanımırlar və bu, onlar üçün bir travmadır), iddiaçının isə əmək haqqından vergilər tutulduqdan sonra hesablanmış olan alimentin əmək haqqından çıxıldığı zaman hər iki nikahdan olan uşaqlara ödədiyi aliment qədər özünə qalan dolanacaq xərclərinə (təxmini 1300 manat və daha çox edir) “400-500 manat benzin pulum edir, evdə köməkçi işləyir - 600 manat ona pul ödəyirəm və 200 manat mənə pul qalır, işləməyimə motivasiyam yoxdur” deyib gileylənməsini nəzərə alaraq, Ailə məcəlləsinin 76-cı maddəsini qanuna zidd təfsir etmişdir. Hətta yay tətilində uşaqların İngiltərəyə məktəblə birlikdə getməsi zərurəti yaranmışdır ki, iddiaçı alimentin azaldılmasına razılıq verilməsi qarşılığında, notariusda icazə vərəqəsi imzalayacağını bildirmişdir. Nəticədə isə onunla bağlı hazırda Mediasiya təşkilatına müraciət edilmiş, Şəki Rayon Məhkəməsinə iddia təqdim ediləcəkdir. Bir sözlə, iddiaçının yeganə məqsədi prinsipial şəkildə alimentin azaldılmasına nail olmaqdır. Həmçinin, Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələblərini pozaraq qətnamənin “qət etdi” hissəsində iddia tələbindən kənara çıxmaqla iddia tələbi Cavabdeh2 ilə olan nikahdan uşaqlar üçün ¼ hissədə, Cavabdeh1 ilə olan nikahdan uşaqlar üçün ¼ hissədə aliment tutulması olduğu halda Cavabdeh2 ilə olan nikahdan uşaqlar üçün 1/8 hissədə, Cavabdeh1 ilə olan nikahdan uşaqlar üçün 1/8 hissədə alimentin tutulmasını qət etmişdir.
12. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən hal-hazırda analıq sosial məzuniyyətdə olduğundan işləməməyi, valideynlərinin himayəsində valideynlərinə məxsus evdə qardaşının ailəsi ilə birgə yaşamağını, özünə məxsus mənzilinin olmaması, zaman keçdikcə kirayəyə çıxmasının labüd olacağı, uşaqlarının bütün maddi və mənəvi tələbatlarının üzərində olduğu (eləcə uşağın birinin özəl bağça xərci 500 manat təşkil edir), alimentin azaldılmasının indiki bahalıq və inflyasiya şəraitində uşaqlarının maddi tələbatlarının azalmasına əhəmiyyətli dərəcədə səbəb olacağı, əvvəlki təminat səviyyələrinin aşağı düşəcəyi və s. digər hallar araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz vermişdir.
15. Etiraz iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, birinci nikahından olan övladları üçün ödədiyi alimentlər cavabdehin adına açılmış hesabda yığılır, istifadə edilmir. Buna səbəb isə Cavabdeh2 orta aylıq 4800 manat əmək haqqı almağıdır. Vəzifə maaşına əlavələr artdıqca ödədiyi alimentin məbləği də avtomatik artır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdeh2 nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
17. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
18. Digər Cavabdeh1 məhkəmə kollegiyasına ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
19. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar;
20. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
21. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur.
22. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu
24. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli Qərarı
25. “...Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır.”
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8- 2/2016 saylı qərarı
26. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.
27. Bənd 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamışdır.
31. Belə ki, Ailə Məcəlləsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər (maddə 76).
32. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
33. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir.
34. Qanunvericilik, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tutulacaq alimentin miqdarı uşağın minimal təminat səviyyəsinin saxlanmasına imkan versin.
35. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz.
36. Hazırkı mübahisə üzrə iddiaçı 4 uşağına görə ümumilikdə 3200-4000 manat miqdarında aliment ödədiyini, üzərində həddindən artıq çox yüksək miqdarda aliment yükü yarandığını, icbari ödəmələrdən sonra onun əmək haqqının çox az məbləğ təşkil etdiyinə istinad edərək təyin olunmuş alimentin məbləğinin dəyişdirilməsini və hər nikahdan olan uşaqlar üçün ¼ hissədə müəyyən olunmasını xahiş etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə istinad etmişdir. Həmin maddəyə görə 3 və daha çox uşağa görə aliment valideynin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında tutulur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Ailə Məcəlləsinin 76.1.3-cü maddəsində nəzərdə tutulmuş qayda tətbiq oluna bilməz. Bu qayda o halda tətbiq oluna bilərdi ki, iddiaçının yalnız bir ailəsi olmuş olsun və yalnız bir nikahdan olan 3 və daha çox uşağın saxlanması üçün ondan aliment tələb edilsin. Hazırkı işdən göründüyü kimi, iddiaçı iki dəfə evli olub və hər evlilikdən iki uşağı olmuşdur və hazırda həmin uşaqlar üçün ayrılıqda, ayrı-ayrı məhkəmə qətnamələri ilə təyin olunmuş alimentlərin miqdarı mübahisələndirilir.
38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsi ilə əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən alimentlərin tutulması məbləği 70 faizdən çox ola bilməz. İddiaçının isə əmək haqqından tutulan alimentlərin ümumi məbləği özünün də qeyd etdiyi kimi hər iki nikahdan olan 4 uşağa görə cəmi 66,66 faiz təşkil edir.
39. Göründüyü kimi, məhkəmə qətnamələri ilə iddiaçıdan qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutulması onun əmək haqqının 70 faizini keçmir.
40. Kollegiya onu da nəzərə alır ki, həmin tələbin təmin olunması son nəticədə uşaqların əvvəlki təminat səviyyəsinin azalmasına gətirib çıxarır.
41. MPM nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1).
42. Ona görə də apellyasiya şikayətləri təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd olunmalıdır.
43. 36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.