Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4683/2025 29.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh1 MMC-nin nümayəndəsi (direktoru) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2920/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 MMC-nin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçnın nəvəsi (qızının oğlu) Saleh Quliyev xx.xx.2023-cü ildə ölüb. O, xx.xx.2015-ci il təvəllüdlü olub, ölərkən 7 yaşında olub. 2.Ölümə səbəb sürücü Anar Hüseynovun idarə etdiyi avtobusla yol hərəkəti qaydasını pozması olub. Sürücünün təqsiri məhkəmə hökmü ilə müəyyən edilib. Sürücü ilə Cavabdeh1 MMC-nin arasında əmək münasibəti olub. Avtobus digər Cavabdeh2 məxsus olub, onun tərəfindən Cavabdeh1 MMC-yə icarəyə verilib və hadisə baş verən vaxt Cavabdeh1 MMC-nin icarəsində olub. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 99.000 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. 4.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 40.000 manat Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Bundan başqa, qətnamədə qət olunub ki, dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 711 manatın 40 faizi, yəni 284 manat Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya ödənilsin, qalan 60 faizi, yəni 427 manat iddiaçıya aid edilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin və iddia tam təmin olunsun. 6.Cavabdeh1 MMC-nin apellyasiya şikayətində tələb olunub ki, qənamə ləğv edilsin və iddia rədd olunsun. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. 8.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi (direktoru) Nümayəndə cavabdehin apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. 9.Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.İddiaçı mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, 7 yaşlı nəvəsinin ölümü onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olub, nəticədə mənəvi sarsıntı keçirib və iztirab çəkib. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin göstərişlərinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməyə haqlıdır. Habelə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. 11.Cavabdeh1 MMC iddiaçıya vurulmuş mənəvi zərərin əvəzini ödəməlidir. Belə ki, ölümün baş verməsində cavabdehin işçisinin (avtobus sürücüsünün) təqsirkar olduğu məhkəmə hökmü ilə müəyyən edilib. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 12.Digər Cavabdeh2 iddiaçıya vuruluş mənəvi zərərə görə məsuliyyət daşımır. Belə ki, hadisə baş verən vaxt sürücünün idarə etdiyi avtobus Cavabdeh2 məxsus olsa da, icarə müqaviləsi əsasında Cavabdeh1 MMC-nin icarəsində olub. Mülki Məcəllənin 1108-ci maddəsinin göstərişi belə vəziyyətdə Cavabdeh2 məsuliyyətini istisna edir. 13.Mənəvi zərərin əvəzinin 40.000 manat müəyyən edilməsi mütənasiblik meyarlarına uyğun olmadığına görə, həmin məbləğ azaldılaraq 20.000 manat müəyyən edilməlidir. Belə ki, ölmüş şəxsin digər qohumları (valideynləri və s.) da mənəvi zərərə görə təzminat tələb etmək hüququna malikdir. Əgər baba üçün təzminat 40.000 manat müəyyən edilərsə, məntiqə görə, valideylər üçün təzminat bundan az ola bilməz, çünki baba ilə müqayisədə valideynlər daha çox mənəvi zərər çəkir. Mənəvi zərər çəkmiş bütün qohumların birgə iddiaçılar kimi bir iddia qaldırmasına maneə mövcud deyil. Belə iddianın qaldırılması tərəflərin və məhkəmənin vaxtına və məsrəflərinə qənaət etməyə imkan verir. İstisna edilmir ki, ilk növbədə babanın ayrıca iddia verməsində məqsəd ondan ibarət olub ki, babaya ödənilməli olan təzminatın məbləği qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyənləşsin, bundan sonra “valideynlərə babadan az mənəvi təzminat verilə bilməz” əsası ilə iddia verilsin. Bundan başqa, əgər bir babaya təzminat verilirsə, digər baba və nənələrin də eyni əsasla mənəvi təzminat tələb etməyəcəkəri bəlli deyil, onların heç biri təzminat tələb etmək hüququndan imtina etdiklərini bəyan etməyib. Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2920/2025 nömrəli qətnaməsi mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilsin, mənəvi zərərin məbləği 20.000 (iyirmi min) manat müəyyən edilsin. Həmin qətnamə məhkəmə xərclərinə aid hissədə dəyişdirilsin, dövlət rüsumunun əvəzi və hüquqi yardıma görə çəkilmiş 711 manatın 20 faizi, yəni 142 (yüz qırx iki) manat Cavabdeh1 MMC-dən tutularaq İddiaçı verilsin, qalan 80 faiz iddiaçının özünə aid edilsin. Həmin qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4683/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4683/2025
29.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver