Məhkəmə qərarları › İş №2(103)-4689/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4689/2021

25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4689/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı, Cavabdeh X7 nümayəndəsi və vəkili X8 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1073/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X9 qarşı “cavabdeh valideynin əlavə xərclərdə cəlb edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb edilməklə ondan iddiaçının xeyrinə 675 manat əsas borc, 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 705 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehla rəsmi nikahdadır. Həmin nikahdan 06 avqust 2007-ci il təvəllüdlü X10 və 04 fevral 2009-cu il təvəllüdlü X11 doğulmuşdur. Cavabdeh uşaqların saxlanılmasında və tərbiyəsində iştirak etmədiyindən o aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə qanunvericiliyin tələblərinə uyğun iddiaçıdan aliment tutulmuşdur. Uşaqların səhhətində problem olduğundan o tez-tez həkimə müraciət etməli olur. Belə ki, oğu Eminin xəstəliyi ilə əlaqədar 05.10.2020-ci il tarixdə İdeal Tibb Şirkətinə (Baku Clinic) 55 AZN, Emilin xəstəliyi ilə əlaqədar həmin tibb şirkətinə 20 avqust 2019-cu il il tarixdən 29 dekabr 2019-cu il tarixədək 409,98 qəpik, 04 mart 2019-cu il tarixdən 27 dekabr 2019-cu il tarixədək 540,97 manat, 04.02.2020-ci il tarixdə 252,99 manat, 18.09.2020-ci il tarixdə isə 56,99 manat ödəmişdir. Bütün bu vəsaitlər ona valideyni tərəfindən verilib. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1073/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 675 manat pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1073/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsini ləğv olunmalıdır. Belə ki, məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə ona vaxtında və lazımi qaydada məlumat verməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə sonuncu məhkəmə bildirişi ona təqdim edilməmiş, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarından istifadə etmək imkanından məhrum olmuş, bu hal qətnamənin apelyasiya şikayətinin digər dəlillərindən asılı olmayaraq birmənalı ləğvi üçün əsasdır. Əvvəla uşağı müayinəyə aparırdısa, bu barədə niyə ona məlumat verməmişdi? Bəlkə onun bahalı özəl klinikada uşağı müayinə etmək imkanı yoxdur, niyə pulsuz dövlət tibb xidmətindən faydalanmaq əvəzinə iddiaçı ona heç bir məlumat vermədən belə yola əl atmışdır. İkincisi isə, qeyd etdiyi kimi, uşaqların dövlət tibb müəssisələrində, uşaq poliklinikalarında müayinəsi ödənişsiz olduğu halda, hansı səbəbdən iddiaçı onları bahalı tibb müəssisələrində müayinə etdirmişdir ? Lakin bu suallara iddiaçı tərəfindən aydınlıq gətirilməmiş və sübut edilməmişdir. Eyni zamanda Binəqədi Rayon Məhkəməsi tərəfindən də dediyi məsələlər araşdırılmamışdır. İddiaçının yeganə məqsədi uşaqlardan istifadə edərək ondan pul almaq, onu və ailəsini incitməkdən başqa bir şey deyil. Göründüyü kimi iddiaçının iddiası əsassızdır. Hazırda uşaqlarla birgə bir evdə yaşayırlar, kommunal ödənişlər ödəmir, evin bütün kommunal xərcini o, çəkir. Həmçinin iddiaçı uşaqları həkim müayinəsinə aparmazdan əvvəl ona əvvəlcədən məlumat verməli idi, xərclərin yarısını sonradan ondan tələb etmək niyyəti var idisə bu barədə onunla əvvəlcədən razılaşmalı idi. Və belə məlumat vermiş olsaydı, o, uşaqları dövlət tibb müəssisələrində pulsuz müayinə etdirərdi və ya büdcəsinə uyğun daha münasib klinikalarda həkim müayinəsinə aparardı. Bütün qeyd edilənlərə əsasən, hesab edirəm ki, iddiaçının ondan pul vəsaiti tələb etməsi üçün hər hansı əsas mövcud deyil. İddia əsassız hesab edilməlidir. Lakin işin qeyd edilən hallarını nəzərə almayan məhkəmə iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1073/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh X7 nümayəndəsi və vəkili X13 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1073/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı cavabdeh Tahir Qubanov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərdiklərinə uyğun izahat verərək, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1073/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının yetkinlik yaşına çatmayan uşağının xəstə olmasını təsdiqləyən kifayət qədər sübutların mövcudluğunu, uşağı saxlamağın hər iki valideynin borcu olduğunu, iddiaçının haqlı olaraq xərclədiyi pul vəsaitinin yarısını cavabdehdən tələb etməsini nəzərə alaraq hesab edir ki, uşağın müalicəsi ilə bağlı çəkilmiş xərclərə görə 675 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir və gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 81-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 06 avqust 2007-ci il təvəllüdlü X4 və 04 fevral 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 22 may 2019cu il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğidə hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş matеriallarında olan, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2141/2020 saylı, 06.11.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qurbanova (Məmmədova) Arzu Adil qızı ilə Cavabdeh arasında 29 sentyabr 2007-ci il tarixdə bağlanmış və 1153 nömrə ilə Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahında doğulan yetkinlik yaşına çatmayan 06.08.2007-ci il təvəllüdlü X4 və 04.02.2009-cu il təvəllüdlü X5 anası Qurbanova (Məmmədova) Arzu Aqil qızının yanında qalması qət edilmişdir. İş matеriallarında olan, Azərbaycan Tibb Universiteti TədrisTerapevtik Klinikasının X1 tərəfindən verilmiş 05 oktyabr 2015-ci il tarixli X2 elektroensefaloqrafiya monitorinq müayinəsindən görünür ki, onun yüngül dərəcədə ifadə edilmiş ümumi beyin pozulmaları üzərinə beynin sağ mərkəzi, təpə, gicgah (orta nahiyyəsinin) dərin hissəsində (epileptiform mənşəli olan) ocaqlı paroksizmal maraqlılıq qeyd olunur. Bu fonda beynin arxa nahiyyəsinin dərin hissəsində periodik ləngimələr 3,5, 80 mkv qeyd edilir. Yayılma qeyd edilmir. İş matеriallarında olan, Baku Clinic tərəfindən verilmiş ödəniş çekindən görünür ki, X6 20.08.2019-cu il tarixindən 27.12.2019-cu il tarixinədək 409,98 manat dəyərində tibbi xidmət göstərilmiş; 13.01.2020-ci il tarixli ödəniş çekindən görünür ki, 35 manat pediatrın konsultasiya xidməti göstərilmiş; 17.09.2020-ci il tarixli ödəniş çekindən görünür ki, 252,99 manat dəyərində tibbi xidmət göstərilmiş; ödəniş çekindən görünür ki, 04.03.2019-cu il tarixdən 27.12.2019-cu il tarixədək 540,97 manat dəyərində tibbi xidmət göstərilmiş; 18.09.2020-ci il tarixli ödəniş çekindən görünür ki, 56,99 manat dəyərində tibbi xidmət göstərilmiş; 05.10.2020-ci il tarixli ödəniş çekindən görünür ki, 55 manat dəyərində tibbi xidmət göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən: 75.1. Valideyinlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən; 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, cavabdeh Tahir Qubanovun apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Belə ki, məhkəmə kollegiyası cavabdeh Tahir Qubanovun apelyasiya şikayətinin iddiaçının nə səbəbə dövlətin pulsuz səhiyyə xidmətindən istifadə etməməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, dövlət tibb müəssisələrində müalicə almaq vətəndaşın vəzifəsi deyil, hüququdur. Həmçinin iddiaçının məqsədi cavabdehi lüzumsuz xərclərə cəlb etmək deyil, uşağın müalicəsinin daha keyfiyyətli aparılmasından ibarətdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Tahir Qubanovun apelyasiya şikayəti formal olmaqla, xərclərdə iştirak etməkdən yayınmaq məqsədi daşıyır. Bundan başqa, cavabdeh Tahir Qubanov apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən sübutlar təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh Tahir Qubanovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1073/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, cavabdeh Tahir Qubanovun apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az, yəni 675 manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1073/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar