Məhkəmə qərarları › İş №2(103)-4699/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4699/2023

03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4699/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “qızıl-zinət əşyalarının qaytarılması, qızıl-zinət əşyaları olmadıqda onların dəyərinin ödənilməsi” tələbi dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(005)-738/2023 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(009)- 2682/2022 saylı qətnaməsi ilə X1 Zəhra Zakir qızı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. Hazırda İddiaçı iddia edir ki, nişan mərasimində eləcə də digər tədbirlərdə ona müxtəlif sayda qiymətli qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Lakin mübahisəli qızıl-zinət əşyaları tərəfindən götürülməmiş və hal-hazırda cavabdehin sahibliyindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X4 qarşı “qızıl-zinət əşyalarının qaytarılması, qızıl-zinət əşyaları olmadıqda onların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz sahibliyində olan, ona hədiyyə kimi verilmiş, nişan üzüyü (qiyməti təxminən 14.000 manat), bir dəst brilliant qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa) (qiyməti təxminən 35.000 manat), bir ədəd brilliant qaşlı qolbaq (qiyməti təxminən 4500 manat), bir ədəd brilliant qaşlı boyunbağı (qiyməti təxminən 1500 manat), bir dəst (brilliant qaşlı sırğa və üzük) qiyməti təxminən 1000 manat, və qiyməti təxminən 1000 manat olan brilliant qaşlı tək qaş üzükdən ibarət qızı-zinət əşyalarının, qızıl-zinət əşyaları olmadıqda onların dəyərinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 ilə 03 avqust 2019-cu il tarixdə nikaha daxil olmuşdur. Aralarındakı nikah xx.xx.2022-ci il tarixli, 2(005)-2682/2022 saylı qətnamə ilə pozulmuşdur. Birgə nikahlarından övladları yoxdur. O gəlin köçdüyü evdə keçmiş ərinin valideynləri ilə birlikdə yaşamışdır. Nikahda olduğu müddət ərzində təxminən 6 (altı) ay birlikdə yaşamışlar. Birlikdə yaşadıqları müddət ərzində ailəyə keçmiş qayınanası rəhbərlik etmiş, onun icazəsi olmadan o ata evinə belə normal gedə bilməmişdir. Birgə yaşadıqları dövr ərzində cəmi 3 dəfə atası evinə getmişdir. Bir dəfə qayınanası Safuranın bacısıgilə bir dəfə də cavabdehin qardaşı oğlunun Narşərab restoranında keçirilən ad gününə getmişdir. Keçmiş qayınanası ona ilk gündən dedi ki, qız atası evinə 3 ayda bir getməlidir. Nişan mərasimində ona qiyməti təxminən 14.000 manat olan brilliant qaşlarla bəzədilmiş nişan üzüyü, xınada üzəriləri yüksək karatlı brilliant qaşlarla bəzədilmiş, qiyməti təxminən 35.000 manat olan bir dəst qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa), ərəb qızılı deyilən üzəri qaşlarla bəzədilmiş qiyməti təxminən 4500 manat olan qolbaq, Narşərab restoranında keçirilən ad günündə brilliant qaşlarla bəzədilmiş, qiyməti təxminən 1500 manat olan boyunbağı, toydan bir neçə gün sonra evdə gündəlik istifadə etmək üçün brilliant qaşlarla bəzədilmiş, qiyməti təxminən 1000 manat olan dəst (sırğa, üzük) və qiyməti təxminən 1000 manat olan brilliant qaşlı təkqaş üzük hədiyyə şəklində ona verilmişdir. O ər evində olduğu qısa müddət ərzində bu qızıl-zinət əşyalarından yalnız 2 dəfə istifadə etmişdir. Bütün qızıl zinət əşyaları keçmiş qaynanasıgilin evlərində olan seyfdə saxlanılırdı. Onun icazəsi olmadan heç bir halda seyfdən hər hansı qızıl-zinət əşyalarını götürüb istifadə edə bilməzdi. Hətta gündəlik istifadə üçün ona alınmış qızıl-zinət əşyalarını da həmişə seyfdə saxlayırdı. O qızılı gündəlik istifadə etməkdə maraqlı olmamışdır. O artıq cavabdehlə birgə yaşamağın mümkün olmadığını görüb özü atasının evinə dönmüş və gələrkən də özü ilə heç bir əşya və qızıl-zinət əşyası götürməmişdir. Əslində istəsəydi belə bu mümkün deyildi. Yuxarıda qeyd etdiyi kimi bütün qızıl-zinət əşyaları cavabdehin ailəsinə məxsus dəmir seyfdə saxlanılırdı və həmin seyfin açarı isə cavabdehin anasında olurdu. O ata evinə gəldikdən sonra bir daha cavabdehin evinə qayıtmadı. Aralarındakı nikah məhkəmə qaydasında pozulduğu ərəfədə, 09 iyun 2022-ci il tarixdə cavabdehin obyektində işləyən, adını bilmədiyi bir oğlan 2 çamadan və 3-4 karton qutuya qablaşdırılmış əşyaları onlara gətirib vermişdir. Oğlan getdikdən sonra tərəfindən çamadanlar açılmış, çamadanda ona alınmış şuba və palto, bir neçə ayaqqabı, çantaları, cavabdehin evində işlətdiyi yarımçıq ətirlər, ona alınmış tək qaş brilliant üzük, cavabdehə atası tərəfindən alınmış nişan üzüyü və bir neçə qab olduğu aşkar edilmişdir. Cavabdeh hədiyyə kimi ona alınmış yuxarıda göstərdiyi heç bir qızıl-zinət əşyasını geri qaytarmamışdır. Cavabdehlə aralarında qohumluq-qudalıq əlaqəsi var. Belə ki, cavabdehin qardaşı onun bibisi qızının əridir. Ona alınmış hədiyyələrin geri qaytarılması barədə bir neçə dəfə cavabdehin ailəsinə xəbər göndərilməsinə baxmayaraq həmin hədiyyələri qaytarmaqdan imtina etmişlər. Hesab edir ki, ona hədiyyə edilmiş əşyalar onun mülkiyyəti olduğu üçün başqasının qanunsuz sahibliyindən geri alınaraq ona verilməlidir. Yuxarıda göstərilən qızıl-zinət əşyaları, qızıl-zinət əşyaları olmadıqda isə onların bazar dəyəri cavabdehdən alınaraq ona ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-738/2023 saylı xx.xx.2023-cü il tarixli Qiyabi-Qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı “qızıl-zinət əşyalarının qaytarılması, qızıl-zinət əşyaları olmadıqda onların dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Həmin qiyabi-qətnamədən cavabdeh etiraz vermiş məhkəmənin xx.xx.2023-cü il tarixli 2(005)-738/2023 saylı qərardadı ilə qiyabi qətnaməsi ləğv edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(005) 738/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, iddia ərizəsində qeyd olunan - nişan üzüyü (qiyməti 14.000 manat), bir dəst brilliant qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa) (qiyməti 35.000 manat), bir ədəd brilliant qaşlı qolbaq (qiyməti 4500 manat), bir ədəd brilliant qaşlı boyunbağı (qiyməti 1500 manat), bir dəst (brilliant qaşlı sırğa və üzük) qiyməti 1000 manat və qiyməti 1000 manat olan brilliant qaşlı tək qaş üzükdən ibarət qızıl zinət əşyalarının, qızıl-zinət əşyaları olmadıqda onların dəyəri 57000 manat cavabdeh X2 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 34.1, 152.1, 152.5, 157.2 eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88, 106.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandıraraq göstərmişdir ki, hazırda iddia tələbində qeyd olunan qızıl-zinət əşyalarının mövcudluğu, onun iddiaçıya mənsubluğu və hədiyyə edilməsi məhkəmədə mübahisələndirilmir. Ancaq hazırda qızıl-zinət əşyalarının cavabdehin valideynlərinin yaşadığı Bakı şəhəri, F.X.Xoyski küçəsi, ev 111, 16 saylı mənzilində qalması ilə bağlı hallar məhkəmədə mübahisələndirilir. Məhkəmə hesab etmişdir ki, bu növ mübahisələrdə tələb olunan qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qalıb-qalmadığını müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Belə ki, məhkəmə araşdırması zamanı aşkar edilmişdir ki, iddiaçı cavabdehin uzun müddət evə gəlməməsi ucbatından evdən çıxıb getmişdir. Tərəflər arasında mübahisə, dava-dalaş olmamışdır. Sonuncu isə iddiaçının öz ata evinə getməsinə heç bir etiraz etməmişdir. Mübahisədən sonra 09 iyun 2022-ci il tarixdə cavabdehin obyektində işləyən, adını bilmədiyi bir oğlan 2 çamadan və 3- 4 karton qutuya qablaşdırılmış əşyaları onlara gətirib vermişdir. Lakin həmin çamadanlarda iddiaçıya hədiyyə kimi verilmiş qızıl-zinət əşyaları olmamışdır. İşin faktiki hallarından görünüdüyü kimi, cavabdeh qiyabi qətnamənin ləğvini tələb etsə də, icraat təzələndikdən sonra da məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinin dəlillərinə münasibətdə təkzibedici izahatlar verməmiş, bununla yanaşı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə araşdırması zamanı təsdiq olunur ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Odur ki, tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğu tərəflərin və şahidlərin izahatlarının qarşılıqlı təhlili və işin mübahisəsiz halları ilə sübuta yetirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qızıl-zinət əşyalarının dəyərinin cavabdehdən tutulması hissəsində əsaslıdır. Məhkəmə qeyd etmişdir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh isə qızıl-zinət əşyalarının iddiaçıda olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd etmişdir ki, həmin qızıl-zinət əşyalarının dəyəri müəyyən edilmədiyindən, iddia ərizəsində qızıl-zinət əşyalarının hansı ölçüdə olan qızıl-zinət əşyaları olması barədə hər hansı bir məlumat göstərilmədiyindən, tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilərək, yaranmış mübahisənin tam, hərtərəfli araşdırılmasından ötrü nə iddiaçı tərəfindən, nə də ki, cavabdeh tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilməmiş, bu hissədə cavabdeh iddia tələbini mübahisələndirməmişlər. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır və o, qızıl-zinət əşyalarını qaytarılmasını tələb etmək hüququna malikdir. Həmin qızıl-zinət əşyaları cavabdeh tərəfindən könüllü olaraq iddiaçıya hədiyyə olaraq verilsə də, ailə münasibətlərinin pozulmasından sonra əşyaların cavabdehdə qalması qanunsuzdur və həmin əşyalar mülkiyyətçisi olan iddiaçıya qaytarılmalıdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh X6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə 2019-cu il tarixdə nikaha daxil olmuşlar, nikaha daxil olan zaman el adətinə görə cavabdeh tərəfindən iddiaçıya müəyyən zinət əşyaları hədiyyə verilmişdir. Lakin həmin əşyalar heç də iddiaçının iddia etdiyi əşyalar olmamışdır. Cavabdeh Tural Adgözəlzadə tərəfindən iddiaçıya verilən zinət əşyaları isə iddiaçının da etiraf etdiyi kimi 2022-ci il tarixdə qutuya qablaşdırılmış şəkildə ona təqdim edilmişdir. (İddiaçı tərəfindən ona içində əşyaları olan 3- 4 karton qutunun ona göndərildiyini etiraf etsə də, içərisində qızıl əşyalarının olmasını isə inkar edir.) Məhkəmə isə iddia tələbində qeyd olunan qızıl zinyət əşyalarının mövcudluğu, onun iddiaçıya mənsubluğu və hədiyyə edilməsini məhkəmədə mübahisələndirilmədiyini qeyd etmişdir. Halbuki, hər şeydən əvvəl baxılan iş üzrə iddiaçının tələb etdiyi qızılların mövcudluğu onun hədiyyə edildiyi, həmçinin tələb olunan qızıl zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməli idi. İddiaçı öz tələbini sübut edə bilməmişdir. Məhkəmə isə heç bir əsas və mötəbər sübut olmadan yalnız iddiaçının mülahizəsinə və iddiaçı tərəfindən məhkəməyə şahid kimi təqdim edilmiş yaxın qohumlarının həqiqətə uyğun olmayan ifadəsinə əsaslanmışdır.Halbuki, iddiaçının iddiası cavabdeh tərəfindən etiraf edilməmiş və edilə də bilməzdi, ona görə ki, iddia ərizəsində göstərilənlər tamamilə yalandır. Məhkəmə isə məhkəmə proseslərində cavabdehin iştirakını təmin etməyərək, iddiaya qarşı öz etirazlarını bildirməkdə, həqiqətləri məhkəmənin diqqətinə çatdırmaq imkanından cavabdeh tərəfi məhrum etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilənlərə əsasən qeyd edir ki, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsi: 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləüv edilməsi üçün əsasdır. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, məhkəmə bildirişinin cavabdehə çatdırılmasını (və ya təqdim edilməsini) təsdiq edən sübut növləri iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş bu halı birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməməsi və çəkişmə prinsipi qaydalarının pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməməsini tərəflərin bərabərliyinin, çəkişmə prinsipinin pozulması kimi qiymətləndirmiş, işdə yalnız məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlərin göndərilməsi deyil, həmçinin onların alınması barədə məlumatların olmasını da zəruri hesab etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun R.Zülfüqarovun şikayəti üzrə 20 noyabr 2008-ci il, M.Məmmədovun şikayəti üzrə 24 iyun 2016-cı il tarixli Qərarları). Tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun gəlsin. İşdə iştirak edən şəxslərin rəsmi (lazımi) qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur. “Larin və Larina Rusiya Federasiyasına qarşı” iş üzrə 7 iyun 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin məlumatlandırılmasının hansı üsulunun seçilməsinə baxmayaraq, məhkəmə bildirişi proses iştirakçılarına şəxsən imza edilməklə verilməlidir. Məhkəmə iclasının başlanğıcında iclasda iştirak etməyən şəxsə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişinin verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Bundan sonra məhkəmə iclasının təxirə salınıb-salınmaması haqqında qərar qəbul edilməlidir. İstənilən halda tərəf lazımi qaydada məlumatlandırılmamışdırsa, məhkəmə iclası təxirə salınmalıdır. Eyni zamanda, tərəflərin məhkəmə iclasında iştirak etməməsi, onların məhkəməyə çağırılma şərtləri və onların gəlməməsi səbəbləri məhkəmə aktında öz əksini tapmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdatr edir, onların prosessual hüquqlarının həyata keçirilməsinə köməklik göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir. (MPM-nin 9.1, 14.1, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 387.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Birinci instansiya məhkəməsi iddia tələbinin-qızıl-zinət əşyalarının dəyərinin cavabdehdən tutulması hissəsində qeyd etmişdir ki, həmin qızıl-zinət əşyalarının dəyəri müəyyən edilmədiyindən, iddia ərizəsində qızıl-zinət əşyalarının hansı ölçüdə olan qızılzinət əşyaları olması barədə hər hansı bir məlumat göstərilmədiyindən, tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilərək, yaranmış mübahisənin tam, hərtərəfli araşdırılmasından ötrü nə iddiaçı tərəfindən, nə də ki, cavabdeh tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilməmiş, bu hissədə cavabdeh iddia tələbini mübahisələndirməmişlər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi göstərilən mövqedən çıxış edərək iddiaçının tələb etdiyi qızıl-zinyət əşyaları olmadıqda iddia tələbində göstərilən təxmini qiymətlərinin cavabdehdən alınmasını qət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində qızıl-zinət əşyalarının hansı ölçüdə olan qızıl-zinət əşyaları olması barədə hər hansı bir məlumat göstərilməsə də həmin qızıl-zinət əşyalarının qiymətlərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən birinci instansiya məhkəməsi bu barədə qiymətləndiricinin təyin edilməsinin mümkünlüyünü müzakirə etməmişdir ki, bununla da növbəti prosessul pozuntuya yol vermişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi göstərinlən əsaslara görə ləğv edilməli və işə apellyasiya icraatı qaydasında mahiyyəti üzrə baxılaraq iddia tələbinə və apellyasiya şikayətinin digər dəlillərinə qiymət verilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(009)-2682/2022 saylı qətnaməsi ilə X1 Zəhra Zakir qızı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. Hazırda İddiaçı iddia edir ki, nişan mərasimində eləcə də digər tədbirlərdə ona müxtəlif sayda qiymətli qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Lakin mübahisəli qızıl-zinət əşyaları tərəfindən götürülməmiş və hal-hazırda cavabdehin sahibliyindədir. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, nikaha daxil olan zaman el adətinə görə cavabdeh tərəfindən iddiaçıya müəyyən zinət əşyaları hədiyyə verilmişdir. Lakin həmin əşyalar heç də iddiaçının iddia etdiyi əşyalar olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya verilən zinət əşyaları isə iddiaçının da etiraf etdiyi kimi 2022-ci il tarixdə qutuya qablaşdırılmış şəkildə ona təqdim edilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırda cavabdeh tərəf ilk olaraq iddiaçıya müəyyən zinət əşyalarını verilməsini qəbul etməklə həmin qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq etmiş, digər tərəfdən həmin qızıl-zinət əşyalarının qablaşdırılmış şəkildə iddiaçıya qaytarıldığını bildirmişdir ki, bununla da həqiqətən iddiaçının qeyd etdiyi qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması barədə sübut etmə yükünü üzərinə götürsə də bununla öz vəzifəsini icra etmiş hesab etmiş, lakin iddia ərizəsində göstərilən əşyaların tam olaraq qaytarılmasını sonuncu təsdiq etməmişdir. Belə ki, cavabdeh iddiaçıya verilən zinət əşyalarının 2022-ci ildə qutuya qablaşdırılmış şəkildə ona təqdim edilməsini göstərsə də, iddiaçı tərəfindən içində əşyaları olan 3-4 karton qutunun ona göndərildiyi, içərisində brilliant qaşlı tək qaş üzükdən və cavabdehə iddiaçının atası tərəfindən alınmış nişan üzüyündən başqa qızıl əşyalarının olmasını inkar etmiş, qalan qızılların qablaşdırmalarda olmamasını, belələklə də, ona qaytarılmamasını göstərmişdir. Kollegiya qeyd edir ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi ədəddə və qiymətdə, eləcə də, onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların iddiaçı tərəfindən evdən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir. Kollegiya hesab edir ki, cavabdeh iddiaçıya hədiyyə verilmiş olduğunu inkar etmədiyi qızıl-zinət əşyalarının iddiaçıya qaytarıldığını bildirsə də, brilliant qaşlı tək qaş üzük istisna olmaqla iddia edilən digər qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması barədə sübut etmə yükü ilə bağlı öz vəzifəsini tam icra etməmiş və bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin, qızıl-zinət əşyalarının sayı, çeşidi və dəyəri mübahisələndirilmədiyindən bununla bağlı əlavə araşdırma aparılmasına ehtiyac qalmamışdır. Cavabdeh tərəf apellyasiya baxışı zamanı üzük və komplektdən (ağ qızıldan olan boyunbağı, qolbaq, üzük-sırğa) ibarət qızıl-zinət əşyalarını məhkəmə zalında iddiaçıya təqdim etsə də, iddiaçı həmin əşyaları qəbul etməkdən imtina edərək bildirmişdir ki, cavabdehin təqdim etdiyi bu əşyalar ona hədiyyə edilmiş qızıl-zinət əşyaları olmamışdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları (brilliant qaşlı tək qaş üzük istisna olmaqla) cavabdehin yaşadığı evdə qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qızıl-zinət əşyalarının (brilliant qaşlı tək qaş üzük istisna olmaqla) qaytarılması hissəsində əsaslı olmuşdur. Apellyasiya baxışı zamanı iddianın predmetini təşkil edən nişan üzüyü, bir dəst brilliant qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa), bir ədəd brilliant qaşlı qolbaq, bir ədəd brilliant qaşlı boyunbağı, bir dəst (brilliant qaşlı sırğa və üzük), brilliant qaşlı tək qaş üzüyün bazar dəyərlərinin müəyyən edilməsi üçün qiymətləndirmə təyin edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 15 sentyabr 2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, mülki iş üzrə 5 adda müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2023-cü il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan ümumi dəyəri 24.750 (iyirmi dörd min yeddi yüz əlli) manat təşkil edir. O cümlədən, 1 ədəd brilyant qaşlı 750 əyar nişan üzüyü /1qr-130AZN/750 əyar / 1.000 manat; 1 dəst brilyant qaşlı 750 əyar komplekt/1qr-130AZN /750 əyar / 17.500 manat; 1 ədəd 25 qram rəngli qaşlı (rubin) 22 ayar qolbaq (ərəb qızılı) (təqribən)/ 1qr-150AZN/ 22k / 3.750 manat; 1 ədəd brilyant 750 ayar boyunbağı / 1qr-130AZN/ 750 ǝyar/1300 manat; 1 dəst brilyant 750 əyar sırğa və üzük / 1qr-130 AZN / 750ǝyar/1200 manat təşkil edir. Qeyd olunan qiymətləndirmə hesabatını şübhə altına alan eləcə də həmin qiymətlərlə razılaşmamaq üçün hər hansı hal müəyyən edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməsi xüsusi bilik tələb edən məsələnin aydınlaşdırılması üçün zəruri hərəkətləri etməməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehdən tutulmalı olan qızıl-zinət əşyalarının (brilliant qaşlı tək qaş üzük istisna olmaqla) dəyəri təqdim edilmiş qiymətləndirmə hesabatına uyğun müəyyən edilməlidir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis tərəfindən qiymətləndirilmiş qızıl-zinət əşyalarının ümumi dəyəri 24750 manat, o cümlədən bir dəst brilliant qaşlı sırğa və üzüyün qiyməti 1200 manat məbləğində qiymətləndirilsə də, iddiaçı tələbində həmin bir dəst brilliant qaşlı sırğa və üzüyün dəyərini 1000 manat göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası normanın tələbinə uyğun olaraq hesab edir ki, iddia yalnız irəli sürülən tələb üzrə qiymətləndirilə bilər. Başqa sözlə, mütəxəssisin müəyyən etdiyi qiymət iddiaçının özünün dəyərləndirdiyi qiymətlərdən artıq olmasına baxmayaraq kollegiya gəldiyi nəticəsini iddiada bir əşya üzrə göstərilən qiymət üzrə əsaslandırır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz tələbində qiyməti təxminən 1000 manat olan brilliant qaşlı tək qaş üzüyü tələb etsə də, apellyasiya baxışı zamanı həmin üzüyün cavabdeh tərəfindən iddia ərizəsində göstərildiyi kimi karopkalarda ona verildiyi müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi bu hissədə təmin oluna bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilərək, nişan üzüyü (qiyməti 1.000 manat), bir dəst brilliant qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa) (qiyməti 17.500 manat), bir ədəd brilliant qaşlı qolbaq (qiyməti 3750 manat), bir ədəd brilliant qaşlı boyunbağı (qiyməti 1300 manat), bir dəst (brilliant qaşlı sırğa və üzük) qiyməti 1000 manat ibarət qızı-zinət əşyalarının, həmin qızıl-zinət əşyaları olmadıqda onların dəyəri 24550 manat cavabdeh X2 alınaraq alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(005)- 738/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Nişan üzüyü (qiyməti 1.000 manat), bir dəst brilliant qarnitur (boyunbağı, bilərzik, üzük, sırğa) (qiyməti 17.500 manat), bir ədəd brilliant qaşlı qolbaq (qiyməti 3750 manat), bir ədəd brilliant qaşlı boyunbağı (qiyməti 1300 manat), bir dəst (brilliant qaşlı sırğa və üzük) qiyməti 1000 manat ibarət qızı-zinət əşyalarının, həmin qızıl-zinət əşyaları olmadıqda onların dəyəri 24550 manat məbləğində pulun cavabdeh X2 alınaraq alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar