Məhkəmə qərarları › İş №2(103)-4709/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4709/2020

10.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4709/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X5 və X2 ibarət tərkibdə Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-124/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-nə qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2014-cü il tarixli, 08K000000025 saylı Kredit Razılaşmasının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC-nin ünvan 1 ünvanında xx xxxx 2010-cu il tarixli, 08L000003398 saylı “X8” üzrə xx xxxx 2014-cü il tarixli, 08K000000025 saylı kredit razılaşması bağlanmışdır. Müqavilə (kredit razılaşması) üzrə iddiaçı, 36 ay müddətində 80.000 ABŞ dolları olan əsas borcla birlikdə, illik 20 faiz əlavə məbləğ ödəməlidir. Müqavilə üzrə borc və faizlərin hansı məzənnəyə uyğun olaraq, Azərbaycan manatı ilə ödənilməsi müqavilədə göstərilməmişdir. Buna baxmayaraq, 2015-ci ilin fevral ayından etibarən iddiaçıdan borc və faizlərin ABŞ dollarının yeni məzənnəsi ilə ödənilməsini Cavabdeh QSC tələb edir. 2015-ci ildə ölkədə devalvasiya baş verdiyindən o, banka olan borcunu ödəyə bilməyəcəyi üçün xx xxxx 2014cü il tarixli, 08K000000025 saylı kredit razılaşmasında bəzi dəyişikliklərin edilməsini, əks halda isə həmin müqavilənin ləğv edilməsini cavabdehə xx xxxx 2017-ci il tarixdə təklif etmiş və 10 gün müddətində təklifinin cavablandırılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən özünün 7233 saylı xx xxxx 2017-ci il tarixli məktubu vasitəsilə təklifinin qəbul edilməməsi haqqında cavab verilmişdir. Lakin o, yenə də maddi cəhətdən çətinlik çəkdiyi üçün banka olan borcunu qaytara bilməmişdir. O, əvvəlcədən devalivasiya olacağını bilsəydi müqaviləni fərqli şərtlərlə bağlayardə və ya ümumiyyətlə bağlamazdı. Qanunvericiliyintələbləri baxımından borc alan tərəf Azərbaycan vətəndaşıdırsa və kredit verən bank da yerli hüquqi şəxsdirsə, verilmiş borc yalnız manatla ifadə edilməlidir. Deməli, kredit müqaviləsində borc predmetinin xarici valyutada göstərilməsi qanuna ziddir. Bu qanun pozuntusunun özü də iddiaçının ödəmə qabiliyyətinə mənfi təsir etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-124/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-124/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı tərəfin “sübutların təmin edilməsi barədə” qanuni və əsaslı vəsatətini hakim R.Cavadzadə məhkəmənin əvvəlki iclasında rədd edməklə sonra isə cavabdehin natamam şəkildə də olsa təqdim etdiyi sənədə heç bir əhəmiyyət verməməklə məhkəmə araşdırmasını tam, hərtərəfli və obyektiv aparılmasının qarşısını qəsdən almışdır. Belə ki, hakim R.Cavadzadə “cavabdeh “Cavabdeh" QSC-yə özündə saxladığı və məhkəməyə bu günədək təqdim etmədiyi sənədlərin: yəni, ona (iddiaçıya) istehlak kreditverilərkən kreditin dəqiq təyinatı (hansı məqsəd üçün verilməsi (götürülməsi): təmir, mebel alınması və ya s.) barədə bank tərəfindən tərtib edilmiş sorğu vərəqlərinin, “Cavabdeh" QSC-yə bu günədək tərəfimdən edilmiş ödənişlərə dair müvafiq hesabdan çıxarışın və s. aidiyyatı sənədlərin tam həcmdə və qanuna uyğun qaydada təsdiqlənmiş şəkildə məhkəməyə təqdim edilməsi təmin edilsin; cavabdeh “Cavabdeh" QSC-yə bu günədək tərəfindən (iddiaçı tərəfindən) edilmiş ödənişlərə dair müvafiq hesabdan çıxarışın qanunauyğun qaydada təsdiqlənmiş əlavə bir nüsxəsinin ona (İddiaçı) verilməsi cavabdehə tapşırıl”ması barədə əsaslı və qanuni Vəsatətimi əsassız və qanunsuz olaraq rədd etmişdir. Hakim R.Cavadzadə məhkəmə araşdırmasının tam, hərtərəfli və obyektiv aparılması üçün zəruri olan sübutların əldə edilməsi istiqamətində iddiaçı tərəfinin bütün təşəbbüslərinin qarşısını almaqla iddiaçı tərəfə məhkəməyə bütün vəsatətlərini təqdim etməyə belə imkan vermədən dərhal işə mahiyyət üzrə baxılmanın qurtardığını bildirmiş və tələm-tələsik qətnaməsini elan etmişdir. Bir daha qeyd edir ki, hakim R.Cavadzadə məhkəmə araşdırmasının tam, hərtərəfli, obyektiv aparılması üçün zəruri olan sübutların əldə edilməsi istiqamətində iddiaçı tərəfinin bütün təşəbbüslərinin qarşısını qərəzli və qəti şəkildə almış, iddiaçı tərəfi üçün özünün iddia tələbini zəruri sübutlarla və dəlillərlə əsaslandırmaq üçün heç bir şans vermədən, həmçinin iddiaçı tərəfə məhkəməyə bütün vəsatətlərini təqdim etməyə belə imkan vermədən işə mahiyyət üzrə baxılmanın qurtardığını elan etmiş və özünün qətnaməsini elan etmişdir. Halbuki, hazırki işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfinin vəsatəti əsasında cavabdehə ünvanlandırılmış məhkəmə sorğusuna natamam şəkildə cavab olaraq cavabdeh xx.xx.2020-ci il tarixli 0863 saylı arayışında göstərmişdir ki, “xx.xx.2014-cü il tarixdə saat 17:13:59da Həbibov X4 filialından kassasında 49840 ABŞ Dolları məbləğində pulu Azərbaycan manatına konvertasiya etmişdir”. Beləliklə, faktiki hal özü özlüyündə onun bundan əvvəl dediklərinin həqiqət olduğunu və onun cavabdehdən ABŞ dolları ilə kredit almaq niyyətinin olmadığını, əksinə onun Azərbaycan manatı ilə pul kreditinə ehtiyyacı olduğunu təsdiq (sübut) edir. Hesab edirəm ki, aşağıdakı mətndə qeyd etdiyi dəlillərə (arqumentlərə) əsasən cavabdehlə aralarında yaranmış məhkəmə mübahisəsinin həlli üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxxxx 2018-ci il tarixli Qərarına istinad edilməsi Konstitusiyanın və qüvvədə olan digər aidiyyatı qanunların tələblərinə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırır ki, xx xxxx 2010-cu il tarixli, 08L000003398 saylı “X8” üzrə Cavabdeh QSC-nin Lənkəran filialı ona, 500.000,00 (səksən min) ABŞ Dolları məbləğində 120 (yüz iyirmi) ay müddətinə, həmin Müqavilə çərçivəsində X6 bağlanımaqla kredit verilməsi arzu edilmişdir. Lakin, həmin Müqavilənin konkret kreditin verilməsi məsələsini tənzimləmədiyi, deklarativ, yalnız mənim üçün birtərəfli öhdəlikli., sürüşkən, qeyri müəyyən xarakter daşıdığını, onun əsas aldadıcı mahiyyətinin açıqlaması Müqavilənin 1.1-ci bəndində aşağıdakı, kimi ifadə edilmişdir: “Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra “kredit” adlandırılacaq) Kredit alana 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xəttini (bundan sonra “kredit xətti” adlandırılacaq) açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşma (bundan sonra “Kredit Razılaşması”) əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir.” Göründüyü kimi həmin “sənəd” X8 adlandırılsa da, qüvvədə olan qanunvericiliyimizin imperativ (məcburi) tələblərinə zidd tərtib edilmiş, Cavabdeh QSC üçün hər hansı hüquqi nəticələr yaratması, dəyişməsi və ya aradan götürülməsinə xidmət etmir. Həmin “sənəd” yalnız görünüş üçün tərtib edilmişdir və onu bağlamaqda Bankın məqsədi istehlakçını (məni) inandırmaqdır ki, guya ona 500000 (beş yüz min) ABŞ dolları məbləğində fomal (yəni, növbətçi xarakterli) kredit xəttini açmaqla ola bilsin ki, onun həmin məbləğdə maliyyə resurslarından yararlanmaq “şansının” ola bilməsi ehtimalını təkrar ehtimal (xəyal) etməkdir. Ona görə də cavabdeh həmin “müqaviləni” "bağlamaqla” kifayətlənərək, həmin müqavilə ilə öz üzərinə ümumiyyətlə heç bir hüquqi öhdəlik götürmədən İSTEHLAKÇİNİ (yəni, məni) vicdansızcasına aldadaraq, istehlakçıya məxsus mümkün gədər böyük həcmdə və dəyərdə daşınmaz əmlakını özünün girovluğuna (İPOTEKASİNA) alıb, gələcəkdə müxtəlif maliyyə və digər fənləri vasitəsilə həmin əmlakımı özünküləşdirsin. Daha sonra, xx xxxx 2014-cü il tarixli, 08K000000025 saylı Kredit Razılaşması ilə o, Cavabdeh” QSC-nin Lənkəran filialından 36 ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 80.000,00 (səksən min) ABŞ Dolları məbləğində fərdi kiçik kredit verilibdir. Baxmayaraq ki, o, əslində Azərbaycanda manatla xərclənilməsi nəzərdə tutulan evinin təmiri üçün fərdi istehlak krediti Bankdan istəmişdim, bankın əməkdaşları ona ərizə yazdırmışlar və imzalatdırmışlar ki, güya o, fərdi kiçik kredit istəmişdir. Yeri gəlmişkən qeyd edir ki, hazırki iş üzrə məhkəmə araşdırmasında cavabdehin hər iki nümayəndəsi sadə suala cavab verə bilməmişlər ki, bəs ona verilmiş kredit hansı təyinat məqsəd) üçün, yəni nəyə xərcləmək (təmir, müalicə, səyahət və s.) verilmişdir. Onlar yalnız bildirmişlər ki, kredit fərdi kiçik kreditdir. Biz bildirəndə ki, bəs “fərdi kiçik kredit" kreditin təyinatını yox növ təsnifatını göstərir, bu halda nümayəndələr bildirmişlər ki, mübahisələndirilən kreditin təyinatı barədə suala cavab verə bilmirlər. Bu halda isə əsaslı sual meydana gəlir ki, bəs necə ola bilər ki, Kredit müqaviləsində dəqiq təyinatı göstərilməyən kredit verilir və bununla bərabər həmin müqavilənin 1.3-cü bəndində göstərilir: '‘Kredit alana kredit yalnız aşağıda göstərilmiş məqsəd üçün verilir və Kredit Alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: fərdi kiçik kredit. " Müqavilə üzrə borc və faizlərin kredit verilən valyutada ödənilməsi Müqavilədə göstərilməmişdir. Buna baxmayaraq, 2015-ci ilin fevral ayından etibarən ondan borc və faizlərin ABŞ dollarının yeni məzənnəsi ilə ödənilməsi “Cavabdeh" QSC tərəfindən tələb edilir. Bununla bağlı olaraq bir daha bildirir ki, Azərbaycanda devalvasiya xx xxxxxx 2015-ci ildə baş verdi. Mərkəzi bank manatın 1 dollara görə dəyərini 1.05 A.ZN təyin etdi. Devalvasiya 33.8% oldu. 21dekabr 2015-ci ildə isə manat üzən məzənnəyə keçdi və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdı, hazırda isə 1,70 manat səviyyəsindədir. Belə ki, Mərkəzi Bankın bu iki qərarı nəticəsində Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 99 faiz, hazırda isə 123 faiz dəyər itirməsindən dolayı, yaranmış yeni biznes şəraitini nəzərə alaraq, xx xxxx 2014-cü il tarixli, 08K000000025 saylı Kredit Razılaşmasına zəruri dəyişikliklərin edilməsini, əks təqdirdə müqaviləyə xitam verilməsini cavabdehə xx xxxx 2017-ci il tarixində təklif etdi və 10 (on) gün müddətində təklifinin cavablandırılmasını xahiş etdi. Lakin, Cavabdeh QSC-nin xx.xx.2017-ci il tarixli, 7233 saylı cavab məktubu ilə onun təklifinə rədd cavabı verilmişdir. Müqavilə bağlandıqdan sonra, Azərbaycanda “AÇİQ” (yəni, gözlənilməyən və kəskin) devalvasiya xx xxxxxx 2015-ci ildə baş verdi. Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovun manatın tam sabit olması barədə bir-iki gün əvvəl dediklərinin əksinə olaraq mərkəzi bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etdi. Devalvasiya 33.8% oldu. xx xxxxxx 2015-ci ildə isə manat üzən məzənnəyə keçdi və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 AZN səviyyəsində, hazırda isə artıq 1,70 AZN səviyyəsində qərarlaşmışdır. Belə ki, Mərkəzi Bankın bu iki qərarı nəticəsində Azərbaycan manatının ABŞ dolları qarşısında birdən- birə 99 faiz, hazırda isə 123 faizədək ucuzlaşmış və bu hal onun həmin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini qeyri-mümkün etmişdir. 2015-ci ilin fevralından başlamış 34 faizlik devalvasiyanı və 2015-ci ilin dekabrında üzən məzənnəyə keçidi nəzərə alsaq, manat faktik olaraq son iki il ərzində 123 faizədək dəyər itirib. O, həmin müqaviləni imzalayarkən, 1 dollar 0,78 manat idi, sonradan 1,05 manat, indi isə təxminən 1,70 manat oldu. Yəni, o, müqavilə öhdəliklərimi yerinə yetirmək üçün, müqaviləni imzaladığı vaxt mövcud olan bazar şərtlərini nəzərə almışdı və həmin şərtlər daxilində borcunu qaytarmaqda heç bir problemi yox idi. İndi isə, ABŞ dollarının dəyəri manata nisbətdə birdən-birə 123 faizədək qalxmış, daxili bazarda isə malların və xidmətlərin qiymətləri qalxmış, lakin, onun əmək haqqı və sair gəlirləri həmin faiz dərəcəsinə uyğun qalxmamışdır. Rəsmi dövlət orqanları da mal və xidmətlərin qiymətlərinin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə xəbərdarlıq etmişlər. Digər tərəfdən də, ABŞ dollarının dəyərinin artması xaricdən gətirilən malların qiymətinin artmasına, bu da öz növbəsində Respublikamızdakı mövcud biznes mühitinin əlverişsiz şəraitə düşməsinə səbəb olmuşdur. O, daha, əvvəllər olduğu kimi, yəni həmin müqaviləni bağladığım vaxt ümid etdiyi gəlirləri əldə edə bilmir. Beləliklə də, həmin müqavilə bağlanarkən əsas götürdüyü şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu dəyişikliyi isə, onun “ağlabatan şəkildə əvvəlcədən görə bilməyi” mümkün deyildi. Şəxsən o, əvvəlcədən milli valyuta olan manatın ABŞ dolları qarşısında belə qısa müddətdə, bir dəfəyə və 10 faizdən çox ucuzlaşacağını görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdı. Göründüyü kimi, burada Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu yalnız tərəflərdən birinin xarici fiziki və ya hüquqi şəxs olduğu halda pul öhdəliyinin, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilmələrini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-124/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-124/2020 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki qanunvericiliyinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-nin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2018-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, manatın məzənnəsinin dəyişməsi kredit münasibətlərinin tərəfləri üçün gözlənilməz hal kimi qəbul edilə bilməz. Belə olan halda manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir. Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır. Borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur. Nəzərə alınmalıdır ki, maliyyə bazarının bütün iştirakçıları (banklar, əmanətçilər, kredit müqaviləsinin tərəfləri və s.) üçün daim maliyyə riski mövcuddur. Bu risk maliyyə bazarının bütün iştirakçılarının maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Milli valyutanın məzənnəsinin dəyişməsi, faiz dərəcəsinin dəyişməsi və s. maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilənfaktorlardır. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, xx.xx.2014-cü il tarixli kredit ərizəsinə əsasən, İddiaçı 36 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit verilməsi xahişi ilə Cavabdeh QSC-yə müraciət etmişdir. Cavabdeh QSC-nin Lənkəran Filialı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, 08L000003398 saylı “X8” üzrə xx xxxx 2014cü il tarixli, 08K000000025 saylı kredit razılaşmasına əsasən, bank bu kredit razılaşmasının şərtlərinə uyğun olaraq kredit alana aylıq faiz dərəcəsi 1,67 olmaqla 36 ay müddətinə 80.000 ABŞ dolları məbləğində aktiv kredit xətti açmış və kredit limiti çərçivəsində kredit vermişdir. Kredit alan kreditdən tam və ya hissə-hissə istifadə etməyi, bu kredit razılaşması ilə müəyyən olunmuş şərtlərlə krediti, ona hesablanmış faizi banka qaytarmağı öhdəsinə götürmüşdür. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək, şəraitin dəyişməsi (manatın məzənnəsinin dəyişməsi) ilə əlaqədar xx xxxx 2014-cü il tarixli, 08K000000025 saylı Kredit Razılaşmasının ləğv edilməsini istəyir. Göründüyü kimi iddiaçı manatın məzənnəsinin dəyişməsini şəraitin dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi üçün əsas kimi göstərsə də, yuxarıda şərh olunanlardan göründüyü kimi, bu halın tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası əsaslı olduğu üçün, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə Kollegiyası cavabdehin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilmədiyindən həmin dəlillər əsassız olmaqla, qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-124/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar