Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4714/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3139/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanmasına görə hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Bir neçə aydır ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, onların təlim-tərbiyəsi ilə məşğul olmur. O, işləmədiyindən övladlarının saxlanılmasında çətinlik çəkir.
3. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək onun 300 manat məbləğində aliment ödəməyə imkanının çatdığını bildirmişdir.
4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 3139/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Ş.Qədirova) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və alimentin qazancın və başqa gəlirlərin 1/3 hissəsində tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqların saxlanması yalnız onun üzərinə qoyularaq 440 manat miqdarında aliment məbləğini müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyil. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Lakin məhkəmə qeyd olunan məsələyə düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh “Abadlaşdırma və X1 Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi”ndə bağ fəhləsi vəzifəsində işləməklə aylıq əmək haqqı 400,88 manat təşkil edir, həmçinin 3-cü qrup əlil olmaqla 150 manat pensiya alır. Bu isə ümumilikdə 550,88 manat təşkil edir. Məhkəmə tərəfindən isə 440 manat alimentin tutulması qət edilmişdir. Belə olan halda, qalan 110,88 manat məbləğlə özü necə dolanmalıdır. Onun başqa gəliri olmadığından hesab edir ki, aliment məvacibinin və təqaüdünün 1\3 hissəsi miqdarında tutulmalıdır. Halbuki, məhkəmə ərəfəsində məhkəməyə ərizə ilə müraciət edərək 300 manat dəyərində aliment ödəyə biləcəyini bildirmişdir. Lakin məhkəmə nə ərizəsinə, nə də ki, aldığı məvacibə hüquqi qiymət vermədən 440 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul etmişdir. Qeyd edir ki, arayışdan da görünür ki, birliyin Yasamal Rayon Mərkəzi Park yaşıllıq sahəsində bağ fəhləsi işlədiyindən ona 475 manat əmək haqqı hesablansa da, ona məxsus karta 400,88 manat əmək haqqı köçürülür.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 305.1.17. Məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3139/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iş üzrə icraata xitam verilməlidir.
11. Belə ki, hazırki iddia tələbi tərəflərin birgə nikahından olan uşaqların yetkinlik yaşınadək saxlanmasına görə hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 manat alimentin tutulması ilə bağlıdır. İddiaçı iddia tələbini belə əsalandırır ki, bir neçə aydır ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, onların təlim-tərbiyəsi ilə məşğul olmur. O, işləmədiyindən övladlarının saxlanılmasında çətinlik çəkir.
12. Halbuki, işdə olan tərəflər arasında mediasiya prosesində bağlanmış MŞB/8/2024-00505 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh Meyvalı oğlu birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 10-na dək hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür.
13. Belə olan halda, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi cavabdeh tərəfindən könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, iddiaçı hazırki iddia ərizəsi ilə iddia icraatı qaydasında deyil, barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsinin məcburi icrası üçün təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməlidir.
14. Belə ki, Mülki Prosesual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 3139/2024 nömrəli qətnaməsi ləğv edilsin, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsinin məcburi icrası üçün təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakimlər: