Məhkəmə qərarları › İş №2(103)-4722/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4722/2022

18.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4722/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: istifadə edilməmiş əmək məzuniyyətinə görə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2146/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmamış əmək məzuniyyətinə görə 2028.61 manat, habelə hər gecikdirilmiş gün üçün əmək haqqının 1% miqdarında, yəni 2110.16 manat, ümumilikdə isə 4138.77 manat kompensasiyanın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 sentyabr 2016-cı il tarixdə Cavabdeh MMC-də mühasib vəzifəsinə təyin olunmuş, 06 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. 2016-2019-cu iş illəri üçün əsas əmək məzuniyyətindən istifadə etmiş, 2020-ci iş ili üçün isə əsas əmək məzuniyyətindən istifadə etməmiş, xx.xx.2020-xx.xx.2020-ci il ərzində hamiləliyə və doğuşa görə sosial məzuniyyətdə olmuşdur. Qeyd olunanlara əsasən 2020-ci iş ili üçün əsas əmək məzuniyyətindən istifadə etmədiyindən Cavabdeh MMC-dən 2028.61 manat, habelə 18 fevral 2021-ci il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1% miqdarında, yəni 2110.16 manat, ümumilikdə isə 4138.77 manat kompensasiyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək əvvəlcə cavabdehdən istifadə olunmamış əmək məzuniyyətinə görə 2028.61 manat, habelə qətnamə çıxarılan günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1% miqdarında hesablanmaqla kompensasiyanın tutulmasını, daha sonra yenidən ərizə təqdim edərək istifadə olunmamış əmək məzuniyyətinə görə 2028.61 manat, habelə xx.xx.2021-ci il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1% miqdarında hesablanmaqla 5113 manat dəbbə pulu, ümumilikdə isə 7141.61 manat məbləğində kompensasiyanın onun xeyrinə tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2146/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 2028,61 manat əsas borc, 300 manat cərimə borcu olmaqla, cəmi 2328,61 (iki min üç yüz iyirmi səkkiz manat altmış bir qəpik) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə aparılmış 140 (bir yüz qırx) manat məbləğində ekspertiza xərcinin Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbi üzrə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MMCdən tutularaq dövlət hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçının 2019-2020 iş ili üçün əmək məzuniyyətindən istifadə etməsi, habelə istifadə etmədiyi əmək məzuniyyətinə görə ona kompensasiyanın ödənilməsi iş materialları ilə təsdiq olunmadığından, həmin dövrə görə 2028.61 manat pulun tutulmasına dair iddia əsaslı olmuşdur. Bu ödənişin gecikdirilməsinə görə tələb edilən faiz məbləğinə dair iddianı da məhkəmə əsaslı hesab etmiş, lakin həmin faiz məbləğini tənasübsüz surətdə yüksək hesab etməklə, həmin hissədə iddianı qismən – yəni 300 manat məbləğində təmin etmişdir.

6. Məhkəmə öz mövqeyini AR Əmək Məcəlləsinin 83.2, 135.2, 138.2, 144.2, 172.5, 195-ci maddəsinin «d» bəndinə, habelə AR Mülki Məcəlləsinin 2.3 və 467-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.

8. İddiaçı apellyasiya şikayətində Yasamal Rayon Məhkəməsinin 12 avqust 2021-ci il e- 2 (004)-2146/2021 saylı qətnaməsinin qismən ləğv edilərək 2028,61 (iki min iyirmi səkkiz manat altmış bir qəpik) manat əsas borc, 5113 (beş min yüz on üç) manat cərimə borcu olmaqla, cəmi 7141.61(yeddi min yüz qırx bir manat altmış bir qəpik) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi, məhkəmə işi üzrə aparılmış 140 (bir yüz qırx) manat məbləğində ekspertiza xərcinin Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbi üzrə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MMCdən tutularaq dövlət hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsi Mülki Məcəllənin 2.3 və 467-ci maddələrinə istinad edərək tələb etdiyi cərimədən cəmi 300(üç yüz) manat təmin etmişdir. Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Onunla Cavabdeh MMC arasında olan münasibətlər əmək məcəlləsi ilə tənzimlənir və bu münasibətlərdə mülki qanunvericilik tətbiq edilməmişdir. Yasamal Rayon Məhkəməsi 12 avqust 2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində Mülki Məcəllənin heç bir maddəsinə (2.3 və 467-ci maddələri istisna olmaqla) istinad etməmişdir. Beləliklə, Yasamal Rayon Məhkəməsi qətnaməni qəbul edərkən mülki qanunvericilikdən istifadə etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla müəyyən edilən cərimə, maliyyə sanksiyası, habelə qanundan irəli gələn dəbbə pulunun (peniyanın) tətbiqi ilə yaranan hüquq münasibətləri mahiyyət etibarı ilə ümumi (publik) hüquq münasibətləridir və bu sahədə hüququn və ya qanunun analogiyası tətbiq edilə bilməz. Mövcud qanunvericilikdə gecikdirmə ilə bağlı dəbbə pulu (peniya) nəzərdə tutulmuşdursa, bu qanunvericinin müəyyən etdiyi normadır və məhkəmələr öz mülahizələrinə əsaslanaraq bu normanı dəyişdirə bilməzlər. Beləliklə, qanunvericilikdə cərimə, maliyyə sanksiyası və ya dəbbə pulu dəyişməz (sabit dərəcədə) faiz miqdarında nəzərdə tutulubsa həmin faizin azaldılması və ya artırılması qeyri-qanuni hesab edilməlidir.

10. Cavabdeh apellyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının qeyd edilən tarixdə əmək məzuniyyətində olmasını tərəflərin təqdim etdiyi iddiaçıya məxsus hesab kartının çıxarışından da müəyyən edildiyini bildirir. Lakin cavabdehin nümayəndəsi bu halı izah edərək bildirmişdir ki, Cavabdeh MMC-də məzuniyət pulu orta aylıq əmək haqqı ilə hesablandıqda məzuniyyət pulu aylıq əmək haqqından az olur. Bu səbəbdən də işçilər məzuniyyət hüququndan istifadə etmək istəmirlər. Ona görə də məzuniyyət pulu tam əmək haqqı şəklində ödənilir. Bu səbəbdən də bank hesabı barədə çıxarışda məzuniyyət haqqının ödənilməsini müəyyən etmək mümkün deyildir. Bununla da, məhkəmə tərəfindən Əmək Məcəllənin 195-ci maddəsinin “d” bəndi pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 172.5-ci maddədəsində bu hal fərdi əmək mübahisəsi yaratmadığı halda azı bir faizi məbləğində ödənc verilməsi qeyd olunur. İddiaçı ilə Cavabdeh MMC arasında fərdi əmək mübahisəsi mövcuddur. Bununla da, məhkəmə əmək qanunvericiliyinin tələblərini bir daha pozmuşdur. İddiaçı tərəfindən 2020-ci iş ili üçün əmək məzuniyyətindən istifadə etməsi ilə əlaqədar onun üç keçmiş həmkarı məhkəmə baxışında şahid qismində dindirilmişlər və qeyd olunan iş ili üçün iddiaçı tərəfindən əmək məzuniyyətindən istifadə etməsini təsdiq etmişlər. Həmin ifadələr işi düzgün həll etmək üçün əhəmiyyəti olan halları sübut etmişdir. Birinci instansiya məhkəməsi şahidlərin ifadələrinə hərtərəfli və tam olaraq düzgün qıymət verməmişdir. Məhkəmə qətnamənin 5-ci səhifəsinin 1-ci abzasında məhkəmə iddiaçının 2019-2020-ci iş ili üçün əmək məzuniyyətindən istifadə etməsi barədə cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş şahid ifadələrini heç bir əsas olmadan mötəbər hesab edilməmişdir. Nəticə olaraq, məhkəmənin işin mahiyyətini araşdırmadan və hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Bu da ədalət mühakiməsinin təməli olan "həqiqətin ortaya çıxarılması" prinsipinə zidd olmuşdur. Məhkəmə iddiaçının əmək məzuniyyətindən istifadə etmək üçün X3 MMC-yə müraciət etməsi ilə bağlı ərizənin olmasını və ərizənin nəticəsi olaraq əmrlərin mövcudluğu ilə bağlı dəlilləri araşdırmamışdır. İddiaçı tərəfindən əmək məzuniyyəti hüququndan istifadə edilmədiyi təqdirdə iş yerində olmaması ilə bağlı halları sübuta yetirilməmişdir. Belə ki, iddiaçının 2019-cu ildə iki dəfə yay fəslində vətoyu ilə əlaqədar sentyabr-oktyabr aylarında iş yerində olmadığını şahid və iddiaçının özünün ifadəsindən məhkəmə müəyyən edir, lakin bu hala münasibət bildirmir. Məhkəmə iş materiallarında olan 11 iyun 2021-ci il tarixli ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, iddiaçının adından yazılmış xx.xx.2019-cu il tarixli məzuniyyət ərizəsinin kserosurətində əks olunmuş əlyazma mətni və həmin ərizədəki “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bununla da məhkəmə hesab etmişdir ki, iddiaçı əmək məzuniyyəti hüququndan istifadə etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, mülki prosessual qanunvericiliyə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyil. Belə ki, faktiki olaraq iddiaçı tərəfindən əmək məzuniyyətindən istifadə etməsi digər sübutlarla, yəni şahid ifadələri ilə də iddiaçının əmək məzuniyyətindən istifadə etdiyi sübuta yetirilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

14. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin tam təmin edilməsinə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə yönəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

19. Maddə 68 (2-ci bənd). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

20. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

21. Maddə 87.5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir.

22. Maddə 113.3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

23. Maddə 131.3. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.

24. Maddə 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

25. Maddə 138.2. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.

26. Maddə 143.2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

27. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

28. Maddə 154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

29. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

30. Maddə 195 («d» bəndi). İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

32. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, İddiaçı apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2146/2021 saylı qətnaməsi 300 manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməli, qətnaməsi qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Belə ki, iş materiallarında olan X3 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı X3 MMC-də aylıq əmək haqqı 820,43 manat olmaqla mühasib vəzifəsinə işə qəbul olunmuş və əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir.

35. İş materiallarında olan ******* №li əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2016-ci il tarixdə X3 MMC-yə mühasib vəzifəsinə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən tutduğu vəzifədən (öz xahişi ilə) azad edilmişdir.

36. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC-nin direktoru Rauf Həsənova müraciət edərək xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

37. İş materiallarında olan X3 MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 36/2020 №li əmrə əsasən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən tutduğu vəzifədən (öz xahişi ilə) azad edilmişdir.

38. İş materiallarında olan xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli ərizələrdən və onlara müvafiq olaraq verilmiş eyni tarixli əmrlərə əsasən müəyyən olunur ki, İddiaçı əmək məzuniyyəti hüququndan istifadə etmişdir.

39. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı əmək məzuniyyətindən istifadə etmək üçün X3 MMC-yə müraciət etmiş və X3 MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 09/2020 №-li əmrdən görünür ki, İddiaçı xx.xx.2019 - xx.xx.2020-ci iş ili üçün 32 təqvim günü növbəti əmək məzuniyyəti verilmişdir.

40. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o X3 MMC-də menecer vəzifəsində işləyir və Nuranə həmin şirkətdə 2016-cı ildən işləmişdir. Hər il üçün məzuniyyət hüququndan istifadə etmiş, 2019-cu ildə 2 dəfə, hər dəfəsində 30 gün olmaqla ümumilikdə 60 gün məzuniyyətə çıxmışdır. Dəqiq tarixlər yadında qalmasa da, 1 dəfə yay fəslində, bir dəfə isə toyu ilə əlaqədar olaraq sentyabr-oktyabr aylarında məzuniyyətdə olmuşdur.

41. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X3 MMC-də X8 menecer vəzifəsində işləyir. Nuranə 2019-cu ildə 2 dəfə məzuniyyətə çıxmışdır. 1 may 2019 - 1 iyun 2019-cu il tarixlərində və toyu ilə əlaqədar olaraq sentyabr ayında məzuniyyət hüququndan istifadə etmişdir.

42. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, X3 MMC-də supervizor vəzifəsində işləyir. Nuranə 2019cu ildə 2 dəfə məzuniyyətə çıxmışdır. May və sentyabr aylarında hərəsində 30 gün olmaqla məzuniyyət götürmüşdür. Hətta yul ayında bayrama düşdüyünə görə əlavə günlər də istəmişdi. Nuranənin işlərinə o nəzarət etmiş və o, məzuniyyətə gedərkən Ülviyyə adlı işçi onu əvəz etmişdir.

43. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC həqiqətən də işçi ilə əmək müqaviləsinə xitam verərkən son haqq-hesabın ödənilməsini təmin etməmişdir. Nəticədə Cavabdeh MMC-nin direktoru Rauf Həsənov barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 4-cü hissəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilmişdir.

44. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarına əsasən müəyyən olunur ki, Cavabdeh MMC-nin direktoru Rauf Həsənov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati qaydada 800 manat cərimə tətbiq edilmişdir.

45. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarı Cavabdeh MMC-nin şikayəti əsasında mübahisləndirilmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilərək inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə icraata xitam verilmişdir.

46. İş materiallarında olan 11 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının adından yazılmış xx.xx.2019-cu il tarixli məzuniyyət ərizəsinin kserosurətində əks ounmuş əlyazma mətni və həmin ərizədəki “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

47. İş materialları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2020-ci il tarixədək Cavabdeh MMC-də mühasib vəzifəsində çalışmış, onlar arasındakı əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən (iddiaçının təşəbbüsü ilə) xitam verilmişdir. Həmçinin, tərəflər 2019-2020-ci illər üçün nəzərdə tutulmuş məzuniyyət haqqının 2028,61 manat təşkil etməsini də mübahisələndirməmişlər.

48. Hazırda tərəflər arasında mübahisəli məsələ ondan ibarətdir ki, İddiaçı 2019-2020-ci il üçün əmək məzuniyyətindən istifadə etmədiyini, lakin işdən azad edilərkən həmin müddət üçün ona kompensasiya ödənilmədiyini bildirir, cavabdeh MMC isə iddiaçının həmin müddət üçün nəzərdə tutulmuş məzuniyyətdən istifadə etdiyini və ona məzuniyyət haqqının ödənildiyini, bu səbəbdən də onun tələbinin əsassız olduğunu bildirir.

49. Cavabdeh tərəf iddiaya etiraz edərkən məhkəməyə təqdim etdiyi iddiaçının əməkhaqqı hesabına ödənişlərin edilməsinə dair bank hesabından çıxarışa, həmin dövr üçün əmək məzuniyyəti verilməsinə dair iddiaçının ərizəsinə və məzuniyyətin verilməsinə dair əmrə, habelə şahidlərin ifadələrinə istinad etmişdir.

50. Birinci instansiya məhkəməsində araşdırma zamanı iddiaçı tərəfindən verildiyi bildirilən məzuniyyət barədə ərizənin onun tərəfindən yazılmadığı və imzalanmadığı iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Həmçinin, iddiaçının özü də bu ərizənin onun tərəfindən yazılmadığını və imzalanmadığını göstərmişdir. İddiaçının məzuniyyətə çıxmasına dair 09/2020 saylı xx.xx.2019-cu il tarixli əmrin surətindən isə görünür ki, bu əmr qeyd edilən ərizənin əsasında verilmişdir. Deməli, həmin əmr iddiaçının xəbəri və razılığı olmadan verilmişdir.

51. Kollegiya həmçinin qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən işçi bir iş ilində yalnız bir dəfə əmək məzuniyyətindən istifadə edə bilər. Hazırkı halda, iddiaçının iş ili hər ilin sentyabr ayının 16-dan (onunla əmək müqaviləsinin bağlandığı tarix) başlamaqla, növbəti ilin sentyabr ayının 15-dək olan dövrü əhatə edir. İddiaçı xx.xx.2018-xx.xx.2019-cu iş ili üçün xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə məzuniyyətdə olması mübahisəsizdir. Onun növbəti əmək məzuniyyəti hüququ isə yalnız xx.xx.2019-cu ildən sonra yaranır (ƏM-nin 113.3-cü bəndi). Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçı xx.xx.2019-xx.xx.2020-ci illər üçün əmək məzuniyyətinə xx.xx.2019-cu ildən, yəni növbəti iş ili başlamamışdan əvvəl buraxılmişdir. Bununla da, iddiaçıya faktiki olaraq bir iş ili ərzində iki dəfə əmək məzuniyyəti verilmişdir.

52. Bundan başqa, cavabdeh xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək məzuniyyət müddəti üçün ona məzuniyyət haqqının ödənildiyini bildirsə də, cavabdehin özü tərəfindən təqdim edilmiş bank hesabından çıxarışdan görünür ki, iddiaçıya məzuniyyət əmrində göstərilən müddətdə, yəni xx.xx.2019-cu ildə 1765 manat (avqust ayı üçün) və xx.xx.2019-cu il tarixdə 1765 manat (sentyabr ayı üçün) əmək haqqı ödənişi edilmişdir. Cavabdeh bunu MMC-də formalaşmış qaydaya əsasən işçilərə məzuniyyət pulunun tam aylıq əmək haqqı şəklində ödənilməsi və burada məqsədin işçilərin maddi maraqlarının qorunması olması ilə izah etməyə çalışsa da, kollegiya hesab edir ki, əmək qanunvericiliyində əmək haqqının və məzuniyyətə görə ödəmələrin təyinatı və hesablanma qaydası müxtəlif olduğuna görə, cavabdehin bu dəlilləri iddianın rədd edilməsi üçün əsaslı hesab edilə bilməz.

53. Bütün yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı 2019-2020-ci iş ili üçün əmək məzuniyyətindən istifadə etməmiş və buna görə ona məzuniyyət haqqı ödənilməmişdir. Bu səbədən onun istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsini cavabdehdən tələb etmək hüququ yaranmışdır.

54. Ona görə də kollegiya hesab edir ki, cavabdehdən istifadə edilməmiş məzuniyyətə görə 2028,61 manat pulun iddiaçının xeyrinə tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

55. Bununla yanaşı, kollegiya hesab edir ki, həmin pul vəsaitinin ödənilməməsinə görə cavabdehin faiz ödəməli olması və bu faiz məbləğinin MM-nin 467-ci maddəsinə əsasən azaldılaraq 300 manat müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

56. Belə ki, iddiaçının bu tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 172.5-ci maddəsi təşkil edir. Həmin normanın dispozisiya şərtinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

57. Qeyd edilən maddənin dispozisiya şərtindən göründüyü kimi, qanunverici əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə faizin ödənilməsi imkanını bu halın əmək mübahisəsinə səbəb olmaması ilə şərtləndirmişdir.

58. Hazırkı işin mahiyyəti isə ondan ibarətdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra ona istifadə etmədiyi məzuniyyətə görə ödənilməli olan pul əvəzi hesablanaraq verilməmiş, bu hal tərəflər arasında fərdi əmək mübahisəsinə səbəb olmuş və nəticədə iddiaçı bu mübahisənin həlli üçün məhkəməyə müraciət etməli olmuşdur.

59. Göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, iddiaçının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad etməklə cavabdehdən ödənilməyən məbləğə görə faiz tələb etməsinə dair iddia tələbinin qanuni əsası mövcud olmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin həmin tələbi qismən əsaslı hesab etməklə iddianı həmin hissədə qismən təmin etməsinə dair gəldiyi nəticə səhv olmuşdur.

60. Kollegiya prosessual qənaət prinsipini rəhbər tutaraq hesab edir ki, iddia tələbinin 5113 manat faiz borcu tələbinə dair hissəsi əsassız olduğundan, həmin məbləğin qismən təmin edilməsinin qanuni əsaslarına dair apellyasiya şikayətinin dəlillərini yoxlamağa zərurət yoxdur.

61. Beləliklə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianı qismən təmin edərkən işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin tutulması hissəsində gəldiyi nəticə düzgün olsa da və həmin hissədə maddi hüquq normalarını düzgün tətbiq etsə də, faiz məbləğinin tutulması tələbinə dair hissədə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, bununla da həmin hissədə iş üzrə səhv nəticəyə gəlmişdir.

62. Göstərilənlərə əsasən kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız, cavabdehin apellyasiya şikayətinin dəlillərini isə qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi 300 manat məbləğində cərimənin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

64. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin və birinci instansiya məhkəməsinin qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın.

65. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.

66. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2146/2021 saylı qətnaməsi 300 manat cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməsin.

67. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2146/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın.

68. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar