Məhkəmə qərarları › İş №2(103)-4731/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4731/2025

14.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4731/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(004)-3239/2025 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci i tarixli, 2(004)- 2930/2021 nömrəli qətnaməsinə əsasən X6 ilə Cavabdeh arasında 28 mart 2012-ci il tarixdə bağlanmış nikahın pozulması, 22 avqust 2007-ci il təvəllüdlü X5, 21 avqust 2010cu il təvəllüdlü X9 və 26 may 2015-ci il təvəllüdlü X7 anası X2 yanında saxlanılması qət edilmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından anadan olmuş 22 avqust 2007-ci il təvəllüdlü X5, 21 avqust 2010-cu il təvəllüdlü X9 və 26 may 2015-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər uşağa sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin (248 manat), cəmi 3 uşaq üçün hər ay 744 manat sabit pul məbləğinin, eyni zamanda hər üç uşağa münasibətdə öncədən 2 il müddətində ödənilməmiş alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmış ki, o, nikahın pozulması barədə işə baxılarkən aliment tələb etməmişdir. Lakin uşaqların saxlanılmasında heç bir maddi dəstək verilməmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(004)- 3239/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq hər bir uşaq üçün yetkinlik yaşına çatana kimi saxlanılmasına görə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Qətnamənin əsaslarına görə, məhkəmə iddiaçının aliment tələbini qismən əsaslı hesab edərək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq bir hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir. Həmçinin iddiaçının hər üç uşağa münasibətdə öncədən 2 il müddətində ödənilməmiş alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə tələbinə dair hissədə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı daha əvvəl aliment tələbi ilə müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Cavabdehdən onun övladının saxlanılması üçün tutulmalı olan aliment iddiaçının aliment tələbi ilə məhkəməyə ilkin müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1., 78.1, 78.2, 78.3, 100.2-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayət verərək iddianın təmin olunmadığı hissədə ləğv olunması və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətinin dəlillərinə görə qətnamə Ailə Məcəlləsinin 110.2-ci maddəsi və təyin olunmuş yaşayış minimumu ilə ziddiyyət təşkil edir. Əlavə olaraq hər üç uşağa münasibətdə öncədən 2 il müddətində ödənilməmiş alimentin tutularaq ödənilməsi barədə tələb irəli sürsə də məhkəmə bu tələbi əsassız olaraq təmin etməmişdir. Halbuki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsində məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə biləcəyi qeyd olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti ilə qətnamə iddianın rədd olunduğu hissədə mübahisələndirildiyindən qətnamə həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün, toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

19. İşin halları ilə müəyyən olunur ki, cavabdeh hal – hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir.

20. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdeh cəzaçəkmə müəssisəsində olsa da, gəlir əldə edir və tələbdə qeyd olunan həddə aliment vermək imkanı vardır.

21. Lakin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim olunmamışdır.

22. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma və qiymətləndirmə ilə razılaşır.

23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(004)- 3239/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(004)- 3239/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar