Məhkəmə qərarları › İş №2(103)-4735/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4735/2023

26.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4735/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı iş üzrə (Açar sözlər: tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Əbilova (Tekin) Arzu İxtibar qızına qarşı “tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2075/2023 nömrəli 24 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh (payçı) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış ********* nömrəli payçı müqaviləyə görə “MTK” pay qismində çıxış edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan 2 binasında, 1ci blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzili tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan 2 binasında, 1-ci blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin “MTK”-ya ödənilməsini və həmçinin ’’Kristal Abşeron” yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürür. Mənzilin hesablaşma sahəsi 69.4 kv.m təşkil edir. Mənzilin 1 kv.m. - 1525 AZN olmaqla, ümumi dəyəri 105835 AZN-dir. Müqavilənin ilkin ödənişi 0 faiz, yəni 0 AZN. “Payçı” Müqavilə qiymətinin qalan 105835 AZN-ə bərabər tutulan məbləğini, illik 10 faiz olmaqla, 240 aya “Payçı”, “MTK” və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK" "xxxx" ASC və "‘Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn “Payçı”-nın öhdəliklərini yerinə yetirməlidir. Cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni birtərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. “Payçı” tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda “Payçı” qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır (müqavilənin 1.1, 1.2, 2.1, 2.2, 2.3, 2.4, 4.2.7, 8.1, 8.11 bəndləri).

2. "xxxx" ASC (borcverən) ilə Cavabdeh (borc alan) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016 MA-Bİ nömrəli təminatlı kredit müqaviləsinə görə borc verən borcalana Borcalan ilə İddiaçı arasında imzalanmış 25 oktyabr 2016-cı il tarixli 459 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 105.835.00 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür, borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə (240 ay) və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri (illik 10%) Borc verənə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə ilə müəyyən edilən öhdəliklərin icrasının təminat üsulu ipoteka və 491-xx-xx-2016 MA-Bİ nömrəli, 25 oktyabr 2016-cı il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Borc alan tərəfindən müqavilənin 7.3cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün 25 oktyabr 2016-cı il tarixli 459 nömrəli İddiaçı və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan bina 2, blok 1, mərtəbə 10, ümumi sahəsi 69.4 kv.m. barət 2 otaqlı 73 nömrəli mənzil üzrə bütün hüquqlar Borc verənə keçir (müqavilənin 2.2, 2.3, 4.1,15.8 bəndləri).

3. "xxxx" ASC (borcverən) ilə Cavabdeh (borc alan) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016 MA-Bİ nömrəli təminatlı kredit müqaviləsinə 1 nömrəli Əlavəyə görə borcalan 25 noyabr 2016-cı il tarixdən başlayaraq 25 sentyabr 2036-cı il tarixə qədər hər ay 1021,4 manat, sonuncu ay isə (25 oktyabr) 969,11 manat olmaqla aylıq ödənişlər etməlidir.

4. "xxxx" ASC (borcverən), Cavabdeh (borcalan) və İddiaçı (zamin) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016-MA-Bİ nömrəli zaminlik müqaviləsinə görə kreditorla Borclu arasında bağlanmış 25 oktyabr 2016-ci il tarixli 491-xx-xx- 2016-MA-Bİ nömrəli Kredit Müqaviləsinə əsasən 105,835.00 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar va daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 105.835.00 manat, hesablanacaq faiz, cərimə faizləri (dəbbə pulu), həmçinin məhkəmə xərclərindən ibarətdir.

5. "xxxx" ASC (borcverən), Cavabdeh (borcalan) və X4 (zamin) arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016-MA-Bİ nömrəli zaminlik müqaviləsinə görə kreditorla Borclu arasında bağlanmış 25 oktyabr 2016-ci il tarixli 491-xx-xx- 2016-MA-Bİ nömrəli Kredit Müqaviləsinə əsasən 105,835.00 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar va daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 105.835.00 manat, hesablanacaq faiz, cərimə faizləri (dəbbə pulu), həmçinin məhkəmə xərclərindən ibarətdir.

6. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 25 may 2021-ci il tarixli birgə faəliyyət haqqında Sazişin təsdiq edilmiş surətindən görünür ki, bu Sazişin predmetini MTK tərəfindən inşa olunan mənzillərin satış həcminin artırılması məqsədilə Bank tərəfindən maliyyələşdirmənin təmin edilməsi ilə bağlı Bankla MTK-nın qarşılıqlı əməkdaşlıq etməsinə dair şərtlər təşkil edir.

7. İddiaçı Cavabdeh ünvanladığı 05 sentyabr 2022-ci il tarixli “mənzil kreditinə tutmanın yönəldilməsi” haqqında bildirişə görə MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri rəsəbəsi, 5025-ci məhəllə ünvanında inşa edilmiş 2-ci bina, 73 nömrəli mənzilin sahibi Cavabdeh "xxxx"-na olan aylıq ödənişləri 10.289 manat olmaqla 835 gün gecikdirmişdir. “Payçı” müqaviləsinin 8.1-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin 2 ay müddətindən artıq gecikdirildiyi halda, "MTK" müqaviləni birtərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda "MTK" həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ "Payçı"-ya qaytarılır. “Payçı” tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər.

8. "xxxx" ASC-nin İddiaçınə ünvanladığı 20 dekabr 2022-ci il tarixli məktuba görə 25 oktyabr 2016-cı il tarixində, 491-xx-xx-2016-MA-Bİ saylı kredit müqaviləsinə əsasən Əbilova İxtibar qızına verilmiş kreditin təminatı olaraq ABB ASC ilə İddiaçı MTK arasında bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği İddiaçı MTK-nın ABB ASC-də yerləşdirilmiş əmanətinə yönləndirilmişdir.

9. "xxxx" ASC-nin İddiaçınə və Cavabdeh ünvanladığı 22 dekabr 2022-ci il tarixli “mənzil kreditinə tutmanın yönəldilməsi” haqqında bildirişə görə Cavabdeh 5 (beş) iş günü müddətində Banka olan ödəniş cədvəli üzrə 9.580 manat məbləğində borcu ödəməsə, ABB borcu tələb etməklə 491-xx-xx-2016-MA-Bİ nömrəli nömrəli 25 oktyabr 2016-cı il tarixli Zaminlik müqaviləsinə əsasən Cavabdeh zamini İddiaçınə müraciət edəcək, o isə öz növbəsində Alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, bina 2, blok 1, mərtəbə 10, mənzil 73, 69.4 kv.m, 2 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir.

10. "xxxx" ASC tərəfindən verilmiş 10 may 2023-cü il tarixli maliyyə arayışına əsasən 25 oktyabr 2016-ci il tarixli 491-xx-xx-2016-MA-Bİ nömrəli Kredit Müqaviləsi üzrə 10 may 2023-cü il tarixinədək müştəri tərəfindən əsas borc 7773.64 manat, faiz borcu isə 59092.91 manat məbləğində vəsait ödənilmişdir. Hal-hazırda Cavabdeh ABB ASC “Binəqədi” filialı qarşısında 25 oktyabr 2016-ci il tarixli 491- xx-xx-2016-MA-Bİ nömrəli Kredit Müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borc 98061.36 manat, faiz borcu 7011.06 manat, ümumi 105072.42 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı 25 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsinin ləğv edilməsi Cavabdeh Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-cı bina, 73 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə arasında 25 oktyabr 2016-cı il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-cı bina, mənzil 73, sahəsi 69.4 kv.m olan, 2 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2016-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 105.835 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da, cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqavilənin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 25-i tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 9.580 manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MTK ilə "xxxx" ASC arasında X2 Saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTK-nın daşınmaz əmlakları və əmanəti girovundadır. Bundan başqa bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği MTK-nın ABB ASC-də yerləşdirilmiş əmanətinə yönəldirilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 105.835 manat kredit götürmüşdür. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTKdan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1 bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcə də kredit müqaviləsinin 7.3, 13.2, 13.9 maddələrinin şərtlərinin kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-cı bina, mənzil 73, sahəsi 69.4 kv.m olan, 2 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, mənzil 73, sahəsi 69.4 kv.m olan, 2 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Həmçinin ABB tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-cı bina, mənzil 73, sahəsi 69.4 kv.m olan, 1 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 may 2023-cü il tarixli 2(001)-2075/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ********* saylı 25 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsinin ləğv edilmiş hesab edilməsi, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-ci bina, 73 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçınə qaytarılması, iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmə hüququnu (subyektiv hüququ) tərəflər arasında bağlanmış Payçı müqaviləsinin 4.2.7-ci maddəsinə əsasən əldə etmişdir. Belə ki, cavabdeh 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016-MA-Bİ nömrəli təminatlı kredit müqaviləsi üzrə öz öhdəliklərinin icrasını pozmuş, bank bu barədə MTK-ya bildiriş göndərmiş və bank MTK ilə bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləğini İddiaçı MTK-nın bankda yerləşdirilmiş əmanətinə yönləndirmişdir.

15. Cavabdeh 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016-MA-Bİ nömrəli təminatlı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, hazırda cavahdehin "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 98061.36 manat, faiz borcu üzrə 7011.06 manat, ümumi 105072.42 manat borcu vardır. Həmin borca görə iddiaçı da zamin qismində bank qarşısında məsuliyyət daşıyır.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə, o cümlədən payçı müqaviləsinin ləğv edilməsi tələbini irəli sürməsi ilə birtərəfli iradə ifadəsini bildirmiş hesab edilir. Bu isə, müqavilənin həmin andan ləğv edilmiş olduğu mənasına gəlir. Bu konteksdə hər nə qədər iddiaçı iddiasında müqavilənin ləğv edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, qeyd edilənlər müqavilənin ləğv edilməsi barədə deyil, ləğv edilmiş hesab edilməsi barədə qətnamənin çıxarılmasına əsas verir və bu xüsusat heç də iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz.

17. Məhkəmə, iddiaçının digər tələbləri üzrə geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü payçı müqaviləsinin ləğv edilmiş hesab edilməsi həmin tələbdən törəmə digər tələblərin də (Cavabdeh Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə, 2-cı bina, 73 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması) əsaslı olduğunu göstərir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 739.1, 425.1, 425.2, 442, 443.1, 448.1, 448.2, 472.1, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyul 2009-cı il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsin və apellyasiya şikayətində göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətində göstərilmişdir ki, ağır xəstə olduğundan məhkəmə prosesində iştirak etməmiş və qeyd olunanlarla bağlı müvafiq ekspertiza təyin olunmalı olan halda təyin olunmamışdır. Məhkəmə tərəfindən cavabdehin müqavilə öhdəliklərini lazimı qaydada yerinə yetirə bilməməsi üçün əsas olmuş hallar lazimı qaydada araşdırılmamışdır. Məhkəmə qətnaməsi mülki hüquq öhdəliklərinin pozulması nəticəsində tərəfə vurulmuş ziyanla bağlı əhatə olunmuş, lakin fors major halları və qarşısı alınmaz hadisələr, cavabdehdən asılı olmayan hadisələrin baş verməsi faktları, bir sözlə işin faktiki halları araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

30. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

32. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

33. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

42. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli Payçı müqaviləsinə əsasən cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə olan 2 binasında, 1-ci blok, 10-cu mərtəbə, 73 nömrəli, 2 otaqlı mənzili almışdır. Həmin mənzilin ödənişi - 105.835 manat "xxxx" ASC ilə Cavabdeh arasında 25 oktyabr 2016-cı il tarixdə bağlanmış 491-xx-xx-2016 MA-Bİ nömrəli təminatlı kredit müqaviləsi əsasında ödənilmiş və sonuncu həmin kredit məbləğini (mənzilin dəyərini) 240 ay müddətinə, illik 10% faiz olmaq şərti ilə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin həmin tarixdə zaminlik müqavilələri də bağlanmış və zaminlər cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh bir müddət ödəniş etsə də, sonradan ödənişləri dayandırmış, nəticədə banka borcu yaranmışdır.

43. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.7-ci bəndinə əsasən Payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməkdə və yaxud lazimınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında Zaminlik müqaviləsindən irəli gələn “Payçı”-nın öhdəliklərini yerinə yetirməlidir.

44. Müqavilənin 8.1-ci bəndinə görə Cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda “MTK” müqaviləni bir tərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır.

45. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bank bu barədə MTK-ya bildiriş göndərmiş və bank MTK ilə bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləğini İddiaçı MTK-nın bankda yerləşdirilmiş əmanətinə yönləndirmişdir.

46. Həmçinin MTK tərəfindən cavabdehə müvafiq bildiriş göndərilməklə bildirilmişdir ki, ödənişlərin 2 ay müddətindən artıq gecikdirildiyi halda, "MTK" müqaviləni birtərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir.

47. Göründüyü kimi iddiaçı tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə iradə ifadəsi bildirilmişdir.

48. Məhkəmə də haqlı olaraq tərəflər arasında olan müqavilənin ləğv edilmiş hesab edilməsi qənaətinə gəlmişdir.

49. Belə olan halda payçı müqaviləsi ləğv edilmiş hesab edildiyindən cavabdehin həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq MTK-ya qaytarılmasına dair iddia tələbi də əsaslı hesab edilir.

50. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.

51. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2075/2023 nömrəli iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar