Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4743/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə borc tutulsun və tutma ipoteka predmetinə yönədilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DEN-0001-02/19A nömrəli kredit müqaviləsi ləğv edilsin. Həmin kredit müqaviləsi üzrə əsas borc kimi 34.470 manat, faiz borcu 3.876,8 manat, dəbbə borcu kimi 1.000 manat Cavabdeh1 tutularaq iddiaçıya verilsin, tutma Cavabdeh2 məxsus olan ipoteka predmetinə - Nizami rayonu, B.Nuriyev küçəsi, ev № 47də yerləşən 40 №-li mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti 85.700 manat müəyyən edilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəbbə borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin bir hissəsi, dəbbə borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. İddia ərizəsində 34.061,30 manat dəbbə borcunun ödənilməsi tələb olunub. Birinci instansiya məhkəməsində icraat zamanı kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün mühasibat ekspertizası keçirilib və xx.xx.2022-ci il tarixli, 9/8080 nömrəli ekspert rəyi verilib. Həmin rəydə qeyd olunub ki, xx.xx.2019-cu il tarixli, DEN- 0001-02/19A nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş ödəniş qəbzlərinə, hesabdan çıxarış məlumatlarına əsasən, kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə, penya hesablanmamışdır. Lakin bu hal dəbbə pulu barədə tələbin rədd edilməsinə əsas ola bilməz, öhdəliyin icrasının gecikdirilməsinə görə borcalanın dəbbə pulu ödəmək vəzifəsi kredit müqaviləsində müəyyən edilib. Ona görə də məhkəmə Mülki Məcəllənin 462-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, dəbbə pulu ödəmək borcalanın vəzifəsidir. Birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini 1.000 manat müəyyən edərkən dəbbə pulunun məbləğini düzgün müəyyən etməyib. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, Azərbaycan Respublikasında koronavirus (COVİD- 19) infeksiyasının yayılması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları əsasında sahibkarlıq fəqliyyəti məhdudlaşdırıldığı üçün faktiki hər hansı ödəniş etmək iqtidarında olmamışdır. Odur ki, məhkəmə qeyd olunan halı nəzərə alıaraq hesab edir ki, dəbbə pulunun məbləği azaldırlaraq 100 manat müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiymətinə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qərarında ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilib və ilkin satış qiyməti qiymətləndirmə hesabatına uyğun müəyyən olunub. Yenidən qiymətləndirmənin keçirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəbbə borcuna aid hissədə dəyişdirilsin, dəbbə borcunun məbləği 100 manat müəyyən edilsin. Həmin qətnamə üzrə tutulmalı olan əsas borcun məbləği 34.470 manat, faiz borcunun məbləği 3.876,8 manat, dəbbə borcunun məbləği 100 manat, cəmi borcun məbləği 38.446,8 manat müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4743/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4743/2022
02.09.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver